xeber –
Aprelin 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Türkiyənin ölkəmizdəki səfirliyinin dini işlər üzrə müşaviri Sadiq Əraslanı fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
ANS PRESS-in komitənin mətbuat xidmətinə istinadən məlumatına görə, görüş zamanı Sadiq Əraslan müşavir kimi fəaliyyəti müddətində ölkəmizdəki fəaliyyətinə yaradılan yüksək şəraitə görə minnətdarlığını bildirib.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Türkiyəyə rəsmi səfərindən, keçirdiyi görüşlərdən danışaraq, iki ölkə arasında bütün sahələrdə olduğu kimi, din sahəsində də əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirib.
O qeyd edib ki, bu əlaqələrin qurulmasında Türkiyənin ölkəmizdəki səfirliyinin, o cümlədən Din işləri üzrə müşavirliyin böyük xidmətləri vardır.
Dövlət Komitəsinin sədri ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, xüsusən din sahəsində daha da genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Türkiyə səfirliyinin din işləri üzrə yeni təyin olunmuş müşaviri professor Kamil Günəş də iştirak edib. Mübariz Qurbanlı müşavirə yeni işində uğurlar arzulayıb və bildirib ki, Dövlət Komitəsi bundan sonra da Türkiyə səfirliyinin din müşavirliyi ilə əməkdaşlığı yüksək səviyyədə davam etdirəcək.
Mənbə : Anspress.com
Şərh yaz.