05.05.2015 / 15:06 xeber –
Bakıda keçmiş məmurun həyat yoldaşı tərəfindən qətlə yetirilməsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb. İsgəndərovlar ailəsinə yaxın olan şəxs Lent.az-a bildirib ki, uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində işləmiş Füzuli İsgəndoruvun qətlində qızı Əmanə iştirak etməyib və onun həbs edilməsi ilə bağlı informasiya doğru deyil. Belə ki, F.İsgəndərovun həyat yoldaşı, 1969-cu il təvəllüdlü İsgəndərova Xalidə İsmixan qızı avqustun 31-nə keçən gecə həyat yoldaşını bıçaqlayaraq öldürüb.
Cinayətin üstünün açılmasına gəlincə, hadisəni törədən X.İsgəndərova geridə qalan 8 ay müddətində dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət edərək ərinin qətlinin açılmasını tələb edirmiş. Aparılmış istintaq tədbirləri nəticəsində əslində qatilin elə X.İsgəndərova olmasını sübuta yetirib və o, həbs edilib.
*****
13:23
Bakıda keçən il törədilmiş dəhşətli qətlin üstü açılıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, sentyabrın 1-nə keçən gecə Nizami rayonu Babək prospekti ev 17-nin yaxınlığında 1964-cü il təvəllüdlü İsgəndərov Füzuli Haqverdi oğlunun amansızlıqla öldürülməsi faktı ilə əlaqədar onun həyat yoldaşı həbs edilib. Aparılmış əməliyyat-axtarış, eləcə də istintaq tədbirləri nəticəsində F.İsgəndərovun qətlinin planlaşdırılmasında və həyata keçirilməsində iştirak edən həyat yoldaşı X.İ saxlanılıb. Cinayət işinin istintaqının aparılması Nizami rayon Prokurorluğundan alınaraq Bakı şəhər Prokurorluğuna verilib.
Cinayətdə başqa şəxs və ya şəxslərin iştirakı istisna edilmir, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, keçən il avqustun 31-də naməlum şəxs və ya şəxslər F.İsgəndərova məxsus qarajın yaxınlığında dayanıb və onu gözləyib. F.İsgəndərov qaraja tərəf yaxınlaşan zaman qatil ona bir neçə bıçaq zərbəsi endirib, daha sonra isə onun boğazını kəsib. Bundan sonra cinayətkar F.İsgəndərovun evinə girib. Hadisə şahidinin dediyinə görə, qatil 20-25 yaşlı şəxs olub. Lakin həmin şəxsin cinayəti tək törədib-törətməməsi hələlik dəqiqləşməyib.
Onu da qeyd edək ki, keçən il avqustun 29-da F.İsgəndərov qızına toy edib.
Mənbə : Lent.az
Şərh yaz.