06.06.2015 / 10:27 xeber –
“İdman həmişə mənim üçün maraqlı olub. Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə isə çox sevinirəm”. Lent.az-ın məlumatına görə, bu sözləri Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə qafqazinfo.az saytına müsahibəsində deyib. Müxalif partiya sədri bu fikirləri Avropa Oyunlarının boykot edilməsi barədə bəzi müxalif təşkilatların mövqeyinə münasibət bildirərkən söyləyib.
Millət vəkili hesab edir ki, bu oyunlardan iqtidar heç nə qazanmır: “Avropa strukturları, beynəlxalq təşkilatlar oyunları müzakirə edir, bununla da iqtidarın üzərinə gedir. Amma millət olaraq qazanclarımız odur ki, bu oyunlar iqtidarı Avropanın parçası olmağa məcbur edir. Bu da Avropa coğrafiyasına bizi bir addım daha yaxınlaşdırır. İkincisi, biz həmişə Avropanı dərdimizi bilmir, mədəniyyətimizi tanımır deyə fəryad etmişik. Bu oyunlar xalqımızın mədəniyyətini tanıtmağın bir nümunəsidir. Müxalifət olaraq bizim bu qədər xarici jurnalisti dəvət etmək imkanımız olmayıb, etsək də gəlməyəcəklər. Amma indi gələn jurnalist hökmən insan haqları, demokratiya ilə də bağlı soruşacaq. Bizim xaricə çatdıra bilmədiyinizi onlar çatdıracaq. Nədən buna narazı olmalıyıq?”
İqbal Ağazadə oyunlara xərclənən maliyyə barədə də danışıb: “Düşünmürəm ki, bu oyunların keçirilməsinə aşırı maliyyə sərf olunub. Büdcəylə tanış olan biri kimi hesab etmirəm ki, pulu kimsə çömçə ilə götürüb ora tökür. Pul ya büdcədən, ya da ki Neft Fondundan götürülür, başqa pul götürülmə yeri yoxdur. Büdcədən infrastruktur layihələrinə 970 milyon vəsait ayrılıb ki, bunun da 540 milyonu stadionun, idman qurğularının tikintisinə sərf olunub. Bu da normal bir rəqəmdir. 8-10 milyard pul xərclənib deyənlər o rəqəmləri haradan götürüblər, bunu bilmirəm”.
Mənbə : Lent.az
Şərh yaz.