20.06.2015 / 11:50 xeber –
Kitab həvəskarlarının ən çox toplandığı məkanlardan biri olan kitabevim.az-da millət vəkili Qənirə Paşayevanın oxucularla görüşü və imza günü keçirilib. Lent.az-ın məlumatına görə, ziyalılar, media nümayəndələri başda olmaqla, daha çox gənc kitab həvəskarlarının iştirak etdiyi görüş maraqlı söhbət və fikir mübadiləsi ilə yadda qalıb. “Hədəf Nəşrləri “ MMC-nin rəhbəri, yazıçı, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq Kitabevim.az marketin yarandığı gündən oxucuların, kitabsevərlərin, eləcə də yazıçıların üzünə açıq olduğunu, bir çox tanınmış və gənc yazıçılarla görüşlərin artıq ənənə halını aldığını vurğulayıb. Qənirə Paşayevanın ictimai-siyasi fəaliyyəti ilə yanaşı, həm də yazar, jurnalist olaraq, fəaliyyətindən söhbət açan Şəmil Sadiq onun qələmindən çıxan bir sıra kitabların oxucular tərəfindən maraqla qarşılandığını vurğulayıb.
Kitabsevərlərlə bir arada olmaqdan məmnun olduğunu dilə gətirən Qənirə Paşayeva müsəlman dünyasının müqəddəs bir ayında – on bir ayın sultanı Ramazan ayında oxucularla, xüsusilə də gənc kitab həvəskarları ilə görüşü əhəmiyyətli hesab etdiyini vurğulayıb. O qeyd edib ki, cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual ,vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və dünyagörüşümüzün formalaşmasında mütaliə xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan da bu cür görüşlərin keçirilməsi cəmiyyətdə kitaba və mütaliəyə olan marağın artırılmasında mühüm rol oynayır.
O bildirib ki, kitablar yazıçının beyin məhsulu olmaqla yanaşı, onun satışından əldə edilən gəlir də halal zəhmət hesab edilir. Bu dəfə bu halal zəhmətdən əldə edilən gəlir imkansız bir ailənin sosial durumunun həllinə yönəldiləcək. Belə ki Qənirə Paşayevanın kitablarının satışından əldə edilən gəlir imkansız ailənin xəstə körpəsinə bağışlanıb. Oxucularla yaradıcılığı və kitablarla bağlı müzakirə aparan Qənirə Paşayeva həmçinin onları maraqlandıran sualları da cavablandırıb. Sonra Qənirə Paşayeva tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, öz imzası ilə kitablarını oxuculara təqdim edib.
Mənbə : Lent.az
Şərh yaz.