28.07.2015 / 11:52 xeber –
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz sahibkarlıq və dələduzluqda təqsirləndirilən Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Şahid kimi ilk ifadə verən ailənin sürücüsü İlqar Ağayev heç nədən xəbərinin olmadığını bildirib: "Mən ailənin sürücüsü olmuşam. Harasa gedəndə məni çağırıblar. Ayda 300-350 manat əməkhaqqı alırdım. Qalan məsələrlə bağlı məlumatım yoxdur".
Bundan sonra şahid qismində Azərbaycanlı qadınların Cənubi Qafqazda Sülh Və Demokratiya Cəmiyyətinin həmtəsisçilərindən olan Adilə Manafova ifadə verib. O, ifadəsində deyib ki, 1999-cu ildən bəri cəmiyyətlə normal əlaqəsi olmayıb: "Son 5 ildə cəmiyyətin heç bir fəaliiyyətinin olmadığını bilirdim. Mən aktiv olan zaman Ermənistan və Gürcüstan nümayəndələri ilə sıx əlaqələrimiz var idi. Biz Qarabağ münaqişəsi barəsində diskussiyalar aparırdıq. Pul yardımları və qrant lahiyələri qazanmışıq. 1999-cu ildən sonra heç nədən xəbərim olmayıb. 2014-cü ildə məni çağırıb, cəmiyyətin heç bir fəaliyyəti olmadığı üçün buraxmağı qərar verdiklərini dedilər. Mən də gəlib qol çəkdim".
Bu zaman Leyla Yunus adı çəkilən təşkilatın hüquqi nümayəndəsi Şöhrət Allahmanovun ünvanına təhqiramiz ifadələr səsləndirib. Hakimlər onun sakitləşməsini istəyib.
İfadə vermək üçün cəmiyyətin təsisçilərindən olan Zemfira İsmayılova kürsüyə gəlib. O, ifadəsində Leyla Yunusu 20 ildən artıqdır görmədiyini bildirib: "Biz Leyla Yunusu Xalq Cəbhəsin dövründən tanıyırıq. O, zaman Opera və Balet teatrında görüşlər keçirirdi. O zamanlar vəziyyət pisiydi. Biz rusdilli idik deyə hər dəqiqə bizim pasportumuzu yoxlayırdılar. O zamanlar Leyla xanım bizə kömək edib. Biz sonra bildik ki, o, özünə cəmiyyət yaradıb. Cəmiyyətin təsisçilərinin sihahısında mənim adım yazılsa da, mənim bundan xəbərim olmayıb. Mənim yerimə qol çəkiblər. Mən bunu 2014-cü ildə bilmişəm. Həmin vaxt mənə dedilər ki, cəmiyyəti buraxırıq. Sənin qolun var. Təəccübləndim. Getdim, qol çəkdim ki, onsuz bağlayırıq. Mənim o təşkilata gələn pullardan, qazanılan qrantlardan xəbərim olmayıb".
Hazırda həbsdə olan jurnalist Rauf Mirqədirovun keçmiş həyat yoldaşı Zərifə Hacıyeva da şahid qismində ifadə verib. O, ifadəsində 2011-ci ildə Rauf Mirqədirovdan ayrıldığını bildirib: "O zamanlar Leyla və Arif Raufa zəng edib deyirdilər ki, Ermənistanda tədbir var ora getmək lazımdı. Bizim buna görə hər zaman davamız olub. Raufa deyirdim ki, sən niyə tez-tez Ermənistana gedirsən, axı onlar bizim düşmənimizdir?! Leyla və Arifi şəxsən görməsəm də telefon danışıqlarına qulaq asmışam. İstintaqa verdiyim ifadələri də təsdiqləyirəm".
Məhkəmə prosesi avqustun 3-də davam edəcək.
Qeyd edək ki, ötən il iyulun 30-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb. Arif Yunus isə ötən il avqustun 5-də həbs edilib. Ona qarş Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib. Onu da qeyd edək ki, bir müddət əvvəl istintaq orqanı tərəfindən hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.
mənbə :
lent.az
Şərh yaz.