Azadliq.az
Azərbaycan Xəbərləri








Azadliq » Xeberler» Xeber

Qarabağı Azerbaycana qaytaracaq amerikalı

Qarabağı Azərbaycana qaytaracaq amerikalı

18/08/2015

13:40

13:33 xeber – Gələn il ABŞ-da keçiriləcək prezident seçkilərinə Respublikaçılar Partiyasının əsas namizədlərdən biri olan Donald Trampın bu yaxınlarda Krım haqqında dedikləri postsovet məkanında, o cümlədən Dağlıq Qarabağda seperatizm meyllərinin qarşısının alınması üçün Amerikanın köməyinə ümid bəsləyənlərin çoxunu məyus etdi.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, CNN telekanalına müsahibəsi zamanı Donald Tramp Krımın Rusiya tərəfindən ilhaqının ABŞ üçün problem olmadığını söyləyib: “Bu, bizdən çox Avropanın problemidir. Amma Avropa bizim qədər şikayət eləmir. Əgər avropalılar gəlib bizdən kömək istəsəydilər, mən bunu başa düşərdim, gerçəklikdə isə onlar bunu etmirlər. Onlar Rusiya ilə iş görməkdə davam edirlər, Rusiyadan neft, qaz alırlar. Siz özünüz bilirsiniz ki, bunu böyük problemə məhz biz çevirmişik”.

Amerikalı namizəd Krım məsələsi ilə Almaniyanın məşğul olmasını daha məqbul sayıb: “Niyə Almaniya bu məsələdə lider mövqe tutmasın? Bilirsiz, Almaniya çox varlı və güclü ölkədir. Niyə bu problemə daha çox diqqət ayırmır? Amma yox, Ştatlar hər şeyi öz üzərinə götürür – guya biz dünya polisiyik”.


Donald Tramp – ABŞ prezidentliyinə namizəd, milyarder

Təbii ki, Donald Trampın bu cür yanaşması Qarabağ məsələsində həmişə Demokratlar Partiyasına nisbətən Respublikaçılar Partiyasından daha obyektiv münasibət görmüş Azərbaycanı narahat etməyə bilməz. Müstəqillik dövründə ABŞ-ın erməni lobbisinə yaxın Demokratlar Partiyasının hakimiyyəti Ermənistana qarşı həmişə güzəştli mövqe nümayiş etdirib. Demokratlar Partiyasının ermənipərəst yanaşması 1996-cı ilin dekabr ayında ATƏT-in zirvə toplantısının keçirildiyi Lissabon şəhərində də özünü açıq biruzə verib. O vaxt ABŞ vitse-prezidenti olmuş Albert Qor Amerika nümayəndə heyətinin rəhbəri kimi Azərbaycan prezidenti Heydər Əliyevə təzyiq göstərərək Ermənistanın xeyrinə dəyişdirilmiş yekun sənədə imza atmasını israr edirmiş. O vaxtkı mətbuatın yazdığına görə, Albert Qor bir neçə dəfə mehmanxanaya gələrək ABŞ rəhbərliyinin istəyini Azərbaycan rəhbərliyinə şəxsən çatdırırmış. Bu söhbətlər o qədər kəskinləşib ki, onun sonuncu gəlişində Heydər Əliyev mühafizəsinə Qoru içəri buraxmamağı əmr edib və müzakirələri dayandırıb.

ABŞ rəhbərliyi Qarabağ münaqişəsinə obyektiv münasibəti yalnız 2001-ci ildə Corc Buşun prezident seçilməsindən sonra nümayiş etdirməyə başladı. Hakimiyyətə gələndən bir az sonra Corc Buş administrasiyası Dölət Departamenti adından Konqressdə sənəd yayaraq Azərbaycana məxsus Dağlıq Qarabağın və ətraf rayonların Ermənistan ordusu tərəfindən işğal olduğunu bildirmişdi. Ona qədər beynəlxalq səviyyədə Azərbaycan ərazilərinin Dağlıq Qarabağda mövqe tutmuş erməni qüvvələri tərəfindən işğal edildiyi bildirilirdi. Praktiki olaraq, beynəlxalq səviyyədə Ermənistanı işğalçı dövlət kimi ilk dəfə Corc Buş tanımışdı. Bu, münaqişənin həlli baxımından həddindən kəskin dönüş idi. O qədər kəskin dönüş idi ki, Buş administrasiyası tərəfindən ATƏT-in Minsk qrupuna həmsədr kimi təyin edilmiş Metyu Brayza Azərbaycanda bu fikri ilk dəfə ANS-in HESABAT jurnalına müsahibəsində bildirən zaman ABŞ-ın Azərbaycandakı səfirliyinin azərbaycanlı əməkdaşları sevinclərini gizlətməyərək bir-birlərini təbrik etmişdilər.

Təbii ki, belə olan şəraitdə ABŞ prezidentliyinə əsas namizədlərdən biri olan Donald Trampın Qarabağ münaqişəsinə bənzər Krım məsələsinə laqeydlik nümayiş etdirməsi Respublikaçılar Partiyasına ümid bağlayanları xeyli məyus edib. Praymeriz seçkiləri öncəsi “Reuters” agentliyinin keçirdiyi onlayn sorğu Donald Trampın populyarlığının sürətlə yüksəldiyini göstərir. Əgər o, namizədliyini yeni elan edəndə seçicilərin yalnız 2%-i onu dəstəkləyirdisə, son sorğuda onun populyarlığı 25%-ə qalxıb. Onun əsas rəqibi Cef Buş yalnız 12% səs toplayıb.

Demokratlar Partiyasında praymeriz öncəsi aparılan sorğular da Azərbaycan üçün elə də xoş yenilik vəd etmir. Keçmiş dövlət katibi Hillari Klinton Demokratlar Partiyasının prezidentliyə əsas namizədi kimi qalmaqdadır. ABŞ Federal Kəşfiyyat Bürosundan sızmış məlumatlardan görünür ki, ABŞ dövlət katibi işlədiyi ilk gündən Hillari Klinton Dağlıq Qarabağ münaqişəsini həmişə nəzarətdə saxlayıb. Amma xanım Klintonun nisbətən obyektiv görünən Qarabağ səylərində həmişə xüsusi bir ermənipərəst çalar olur. Məsələn, o, tələb edir ki, Ermənistan Dağlıq Qarabağ ətrafından ordusunu çıxarmalıdır və keçmiş muxtar vilayətin və Laçın dəhlizinin taleyi barədə lokal referendum keçirilməlidir. Bu, qaçqınların bir qisminin vətənə qaytarılması sayılsa da, bütövlüklə, Helsinki xartiyasının və Azərbaycan Konstitusiyasının pozulması, Dağlıq Qarabağın dinc yolla Ermənistana verilməsi deməkdir.


Hillari Klinton – ABŞ prezidentliyinə namizəd, keçmiş dövlət katibi

Amma bütünlüklə Respublikaçılar Partiyasına ümidləri tam itirmək olmaz. Ola bilər ki, Donald Trampın postsovet məkanının qaynar nöqtələrinə laqeydliyi ilkin təəsüratdır və Yeni Dünyanın ən xarizmatik iş adamı hakimiyyətə gəldikdən sonra partiyanın ümumi strateji çərçivəsinə uyğun siyasət yürüdəcək. Özü də, erməni mətbuatı narahatlıqla Donald Trampın Azərbaycanla biznes əlaqələrinin olmasından yazır. Hər halda, ilin sonunda Bakıda istifadəyə veriləcək 33 mərtəbəli lüks otelin üzərində ”Trump Tower” lövhəsi asılacaq.


”Trump Tower” oteli, Bakı

mənbə :
anspress


Copyright © 2018. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website