16:04 xeber – Bakıda daha bir nüfuzlu beynəlxalq idman yarışı keçiriləcək.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, sentyabrın 10-dan oktyabrın 5-dək Bakıda Ümumdünya şahmat federasiyasının ən əhəmiyyətli yarışlarından biri olan şahmat turniri keçiriləcək. Şahmat üzrə dünya Kubokunda dünyanın müxtəlif ölkələrindən 128 şahmatçı iştirak edəcək. Ölkəmizi bu ilki Dünya Kubokunda 6 şahmatçı – Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov və Vasif Durarbəyli təmsil edəcəklər. Bu haqda Azərbaycanın Şahmat Federasiyası açıqlama verib.
Püşkatmaya görə ilk raundda Şəhriyar Məmmədyarov İranli İdani Pouya, Teymur Rəcəbov ABŞ təmsilçisi Samuel Sevianla, Rauf Məmmədov Rusiya şahmatçısı Yevgeni Nayerlə, Qədir Hüseynov Rusiyalı Maksim Matlakovla, Vasif Durarbəyli Ukrayna şahmatçısı Anton Korobovla və nəhayət Eltac Səfərli isə Macarıstan təmsilçisi Ksaba Balogla qarşılaşacaq.
Qaydalara əsasən qalib iki klassik oyunun nəticəsinə görə müəyyən olunur və növbəti raunda vəsiqə qazanır. Əgər hər iki görüşün nəticəsində qalib bilinməsə növbəti gün tay-brekdə müəyyən olunur.
Şahmat-2015 dünyanın Kubokunun (Chess World Cup-2015) mükafat fondu 1600000 ABŞ dolları təşkil edir. Dünya çempionlarına turnirdə iştirak üçün xüsusi göndərişlər veriləcək.
Şahmat-2015 dünya Kubokunun loqosu
Dünya Şahmat Federasiyasının (DŞF) prezidenti Kirsan İlumjinov Şahmat-2015 üzrə Dünya Kubokunun Azərbaycanda keçirilməsini yüksək qiymətləndirərək, ölkəmizin gələcəkdə bu idman növü üzrə inkişaf edəcəyini vurğulayıb.
Kirsan İlumjinovun sözlərinə görə, prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqətin sayəsində ölkədə bütün idman növləri inkişaf edir.
Bakı şahmat olimpiadasının Təşkilat Komitəsinin və Dünya Kubokunun direktoru Mahir Məmmədov bildirib ki, bir neçə gün sonra dünya şahmat ailəsinin diqqəti Bakıda keçirilən yarışa yönələcək. “Ölkəmizə bu yarışların işıqlandırılması üçün Avropanın müxtəlif şəhərlərindən çoxsaylı jurnalistlər gələcək. Biz çalışırıq ki, həmişə olduğu kimi, bu dəfə də iştirakçılar və qonaqlar ölkəmizdən razı qalsınlar”, – deyə Məmmədov qeyd edib.
Mahir Məmmədov – Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin və Dünya Kubokunun direktoru
mənbə :
anspress
Şərh yaz.