02:00 xeber – Rejissor Vahid Mustafa Yevin “Qanlı Yanvar” filmi Monreal festivalında nümayiş olunub.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, filmin nümayiş premyerasında festivalın prezidenti Serxio Lis, kommunikasiya direktoru Henri Velş və digər nümayəndələr də iştirak ediblər. “Qanlı Yanvar” filmi festivalın xüsusi diplomuna layiq görülüb. Həmin diplomu prezident Serxio Lis Vahid Mustafayevə şəxsən təqdim edib.
39-cu dəfə keçirilən beynəlxalq Festivalın kommunikasiya direktoru Henri Velş bildirib ki, Monreal Beynəlxalq Film Festivalında 65-dən çox ölkə öz filmlərini nümayiş etdirəcək: “Onların arasında kinorejissor Vahid Mustafayevin lentə aldığı “Qanlı Yanvar” filmi də var. Biz burada “Qanlı Yanvar” filminin premyerasını keçirdik. Çox bəyəndik və filmin festivalda nümayiş olunacağına görə çox qürurluyuq”.
Kann və Venesiya festivalları ilə eyni statusa malik Monreal festivalında bu il 2 milyondan çox tamaşaçı iştirak edəcəyi gözlənilir. Bu baxımdan rejissorun şahidi olduğu faktlar əsasında çəkilən “Qanlı Yanvar”ın burada nümayişi böyük əhəmiyyət kəsb edir.
Filmin beynəlxalq festivalda nümayişi Azərbaycan xalqının azadlıq mübarizəsinin, onilliklər boyu gizlədilən tarixi həqiqətlərin dünyaya çatdırılması baxımından da xüsusilə əhəmiyyətlidir.
İstər ölkə daxilində, istərsə də xarici ölkələrdə nümayiş zamanı olduğu kimi, “Qanlı Yanvar”ın bu dəfəki nümayişi də tamaşaçılarda dərin təəssürat, Azərbaycanın azadlıq mübarizəsinə qarşı böyük maraq yaradıb.
mənbə :
anspress
Şərh yaz.