11:50 xeber – Polkovnik Nuşirəvan Səfərovun “azpolitika.info” saytının rəhbəri Elnur Məhərrəmliyə qarşı qaldırdığı iddia üzrə məhkəmənin növbəti iclası keçirilib.
Azadlıq.az xəbər verir ki, anspress-in avtosfer.az saytına istinadən verdiyi məlumata görə, Xətai Rayon Məhkəməsində Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİDYPİ) rəisi, polkovnik Nuşirəvan Səfərovun “azpolitika.info” saytının rəhbəri Elnur Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı məhkəmə prosesi hakim Habil Məmmədovun sədrliyi ilə keçirilib.
Prosesdə N.Səfərovun nümayəndəsi çıxış edib.Vəkil: ““Nuşirəvan və “bayquşlarının” sərgüzəştləri adlı yazıda Nuşirəvan Səfərovun təhqir olunduğunu, ona böhtan atıldığını deyib. O, bir neçə ifadəni və fikri əsas gətirərək, məhkəmədən iddianın təmin olunmasını xahiş edib”.
Sayt rəhbəri isə dindirilən zaman sözügedən yazının təhlil xarakterli olduğunu, məqsədinin N.Səfərovun şəxsinə hücuma keçmək, onu təhqir etmək olmadığını deyib:
“DYP-yə qarşı rüşvət ittihamına görə özünü təhqir olunmuş sayan Nüşrəvan Səfərovun ötən ilin aprel ayında 2 500 manat rüşvət alarkən saxlanılan və işdən uzaqlaşdırlan bacısı oğlunun məsələsinə aydınlıq gətirilməsini istədim. Bu məsələdə Nuşirəvan Səfərovun bir rəis və dayı kimi məsuliyyət payının aydınlaşdırılmasını məhkəmədən xahiş etdim”.
Hakim Habil Məmmədov E.Məhərrəmlidən məhkəməyə xüsusi ittiham qaydasında müraciət edən şəxsin – Nuşirəvan Səfərovun məhkəmədə iştirak etməsini istəyib-istəmədiyini soruşub.
Vəkil E.Sadıqov isə BPİDYPİ rəisinin məhkəmədə iştirak etməsini istədiklərini bildirib. Məhkəmənin növbəti iclası oktyabrın 12-nə təyin edilib.
Bu il avqustun 31-də “azpolitika.info” saytında “Nuşirəvan və “bayquşlarının” sərgüzəştləri – DYP mafiyası məğlubedilməzdir?!” adlı yazı yayımlanıb.
N.Səfərov məhkəməyə müraciət edərək yazıda təhqir olunduğunu iddia edib. O, məhkəmədən E.Məhərrəmlinin Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (Təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edib.
Qalmaqala səbəb olan həmin xəbər
mənbə :
anspress
Sorry, comments for this entry are closed at this time.