16:30 xeber – Gürcüstanın baş naziri İrakli Qaribaşvili Bakıya qəfil səfərinin ardından noyabrın 6-da İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edəcək.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə “Vzqlyad” qəzeti xəbər yayıb.
Məlumdur ki, Gürcüstanın xarici işlər nazirinin müavini David Dondua və energetika naziri Kaxa Kaladze ölkəsinin İran və Rusiyadan qaz alışı barədə danışıqlar apardığı barədə xəbər yayıblar.
Gürcüstan tərəfi daha ucuz qiymətə qaz almağa can atır. Bu isə qonşu ölkənin qaza olan ehtiyacını ucuz qiymətə təbii qaz satan dövlətlərlə ödəmək məsələsini gündəmə gətirir. Belə bir məqamda Azərbaycan tərəfinin Gürcüstan ətrafində narahatlıqları təbii haldır. Çünki Gürcüstanın ən böyük qaz tədarükçüsü Azərbaycandır.
Gürcüstanın baş naziri İrakli Qaribaşvili və prezident İlham Əliyev
Qarşılıqlı səfərlərin hər ikisi Gürcüstanın İran və Rusiya ilə qaz alışına dair danışıqların ortaya çıxdığı bir vaxtda baş tutur.
Səfərləri şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, ölkələr arasında təbii qazın alış-satışı barəsində heç bir gərginlik yoxdur: “Gürcüstanın baş nazirinin Bakıya qəfil səfəri və İlham Əliyevin nəzərdə tutulan səfəri ölkələr arasında gərginliyin ifadəsi deyil.”
İlham Şaban-Neft Araşdırmaları Mərkəzinin rəhbəri
Məlumdur ki, Azərbaycan Gürcüstanın ən böyük qaz tədarükçüsü olmaqla yanaşı ən ucuz təbii qaz satan dövətdir. Amma Gürcüstanın rəsmi şəxsləri verdikləri bəzi açıqlamalarında daha ucuz qaz əldə etmək istədiklərinə işarə vurublar. Məsələn ölkənin energetika naziri Kaxa Kaladze mətbuata verdiyi açıqlamalardan birində Rusiyadan təbii qaz almaq fikirlərinin olduğunu deyib. Amma Kaladze şimal qonşularının onlara rəqabətə davamlı qiymətlər təklif etməsini istəyib.
İlham Şabanın fikrincə, bu çıxışın arxasında Gürcüstan tərəfinin Rusiya qazını Azərbaycandan aldığı təbii qazın qiymətinə uyğunlaşdırılması dayanır.
“Yəni ki, Gürcüstan Rusiyadan ucuz qaz istəyir. Amma Azərbaycan tərəfinin Rusiya ilə rəqabətə uyğun olaraq qazın qiymətini aşağı endirəcəyi ehtimalı yoxdur. İlham Əliyevin də Gürcüstan səfərində bu məsələnin müzakirə olunacağına inanmıram. Bu səfər çərçivəsində Bakı-Tiblisi-Qars və Gürcüstan-Azərbaycan sərhdində yeni sərhəd keçid məntəqəsinin açılması gündəmdə ola bilər.”
Bakı-Tiblisi-Qars dəmir yolunun keçdiyi ərazilər(qırmızı xətlə işarələnib)
Gürcüstan mətbuatı qaz alış-satışı ilə bağlı durmadan xəbərlər dərc edir və “Qazpromdan” daha ucuz təbii qaz almaq üçün təsir etməyə çalışır. Ölkənin energetika naziri Kaxa Kaladze mətbuata açıqlamasında bildirib ki, Rusiyadan təbii qazın tədarükü üçün kommersiya operatorları və bir sıra şirkətlərlə müzakirələr aparılıb.
“Gürcüstan ərazisindən keçən Rusiya təbii qazının həcminin artırılmasının mümkünlüyü barədə “Qazprom” şirkətinin rəsmiləri ilə Brüsseldə fikir mübadiləsi aparılıb. Bu bizim üçün çox vacib məsələlərdən biridir.”
Gürcüstanın xarici işlər nazirinin müavini David Dondua İranla qapalı görüşlər keçirildiyi barədə mətbuata açıqlama verib.
Ölkələr arasında təbii qaz mübarizəsi getdiyi bir vaxtda SOCAR Gürcüstan bazarında hökümranlığını saxlamaqdadır. ARDNŞ -nin törəmə şirkəti olan SOCAR Energy Georgia MMC 2006-cı ildə qurulub. Şirkətin bütün fəaliyyəti Gürcüstanda həyata keçirilir. SOCAR Energy Georgia MMC-nin əsas fəaliyyət sahəsi Gürcüstanda neftin topdan və pərakəndə satışı, neft və neft məhsullarının, həmçinin mayeləşdirilmiş qazın ölkəyə idxalı, neft terminalı və anbarlarının tikintisidir.
Şirkət Gürcüstandakı neft satışının 72%, dizel satışının isə 61%-nə nəzarət edir, bundan başqa Kulevi neft terminalı da şirkətin ixtiyarındadır. ARDNŞ Gürcüstana hər ay 20.000 ton neft məhsulu, həmçinin 15.000 ton benzin idxal edir. Şirkətin indiyə kimi Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyanın həcmi 700 milyon ABŞ dollarıdır. Qonşu ölkə təbii qazın 88%-ni Azərbaycandan alır. Digər hissəsini isə Rusiyanın payına düşür.
Baş verən hadislər fonunda ABŞ-in təsiri ilə İranla əməkdaşlıqdan çəkinən Gürcüstan höküməti digər tərəfdən Rusiya ilə gərgin siyasi münasibətlər baxımında hələki təbii qaz alışı ilə bağlı heç bir dövlətlə müqavilə barədə razılığa gələ bilməyib. Ümümilikdə isə Rusiya ilə Gürcüstan hakimiyyəti arasında siyasi baxış fərqlilikləri, diplomatik münasibətlərin yüksək səviyyədə olmaması iki ölkə arasında qaz müqaviləsinin bağlanacağını sual altında qoyur.
Həmçinin Gürcüstan höküməti bilir ki, Rusiya öz enerji mənbələrini çox vaxt siyasi məqsədləri üçün istifadə edir. Digər tərəfdən isə İranın təbii qaz ixrac etmək üçün Gürcüstanda heç bir infrastrukturu yoxdur. Bütün bunlar Azərbaycanın Gürcüstandankı şanslarını artırır.
mənbə :
anspress
Sorry, comments for this entry are closed at this time.