14:40 xeber – Milli Məclisdə bu gün müzakirə olunan məsələlərdən biri də Vergi Məcəlləsinə dəyişikliklər edilməsi də daxildir. Azadlıq.az xəbər verir ki, anspress-ini məlumatına görə, dəyişikliklər konkret olaraq olaraq gələn ilin dövlət büdcəsində vergi daxilolmalarının payının artırılması məqsədi ilə aparılır.
Məsələn, dəyişikliklərdən biri kimi sadələşdirilmiş vergi dərəcəsinin indiki 4%-dən şəhərdə yerləşən ticarət obyektləri üçün 6%-ə, iaşə obyektləri üçünsə 8%-ə qaldırılması nəzərdə tutulur.
Məsələ bundadır ki, gələn il ümumi büdcə gəlirlərində vergi gəlirlərinin payı 9 faizə qədər artıb. 2015-ci il budcəsinin proqnozlarına görə, vergi daxilolmaları büdcə gəlirlərinin 36 faizini təşkil edir. Yəni bu il 19,4 milyard manata bərabər büdcə gəlirlərinin yalnız 7,1 milyard manatının Vergilər Nazirliyinin xətti ilə təmin edilməsi nəzərdə tutulur.
2016-ci il üçün təqdim edilən büdcə layihəsinə görə isə 14,6 milyard manata bərabər büdcə gəlirlərinin 6,6 milyard manatını Vergilər Nazirliyinin daxilolmaları təşkil etməlidir. Yəni büdcə gəlirlərində vergi daxilolmalarının payı 45 faizə bərabər olacaq.
2015-ci və 2016-cı illərin büdcə gəlirləri proqnozlarının müqayisəli təqdimatı
Sadələşdirmiş vergi dərəcəsinin qaldırılmasının nəzərdə tutulması təsadüfi deyil. Gələn il sadələşdirmiş vergi üzrə daxilolmaların 25 milyon manat (17,5 %) artırılması nəzərdə tutulur. Yəni bu vergi növü üzrə büdcə gəlirlərinin 145 milyon manatdan 170 milyon manata qədər qaldırılması proqnozlaşdırılır.
Bundan başqa, yol vergisinin 20 milyon manat (40%), əmlak vergisinin 11,2 milyon manat (7,6%), torpaq vergisinin 2 milyon manat (4,2%) artırılması nəzərdə tutulur. Qalan vergi növləri üzrə isə daxilolmalar azalacaq ki, dövlət investisiyaların azalacağı təqdirdə bu, normal sayılır. Çünki ayrılan dövlət sərmayələrinin bir hissəsi vergi daxilolması kimi büdcəyə qayıdırdı.
Lakin İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Azər Mehdiyev sadələşdirmiş vergi üzrə dərəcələrin qaldırılmasına baxmayaraq, bu vergi növü üzrə də nəzərdə tutulan artıma nail olunacağına inanmır. “Sadələşdirilmiş vergi üzrə vergi ödəyiciləri əsasən məhəllə dükanları və kiçik yeməkxanalardır.
Onlar üçün vergi dərəcələrinin iki dəfəyə qədər artırılması ağır nəticələr verəcək və iş yerlərini bağlayacaqlar. Müştərilər isə supermarketlərə və fast-fud yeməkxanalarına üz tutucaqlar ki, onlar da sadələşdirilmiş vergi ödəyicisi deyil”,- deyə Azər Mehdiyev ANS PRESS-ə bildirib.
Azər Mehdiyev – İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri
İqtisadçı alim əmlak və torpaq vergisi üzrə daxilolmaların artımında bütün potensialdan istifadə edilmədiyi qənaətindədir: “Bu sahədə bütün potensialdan istifadə edilmir. Büdcə proqnozlarındakı artım hüquqi şəxslərə məxsus əmlak və torpağa şamil edilir. Bu sahədə isə məlumatlar çox qapalıdır. Yəni buna nəyin hesabına nail olunacağı anlaşılmır.
Amma fiziki şəxslərə malik əmlak və torpaqlar ümumiyyətlə artımdan kənarda qalır. Çünki bu vergi növləri bələdiyyələrə aiddir. Amma bizim ölkədə yüz minlərlə fərdi ev var ki, onları da vergi nəzarətinə cəlb eləmək mümkün olar. Bunun üçün fərdi evlərə mülkiyyət sənədlərinin verilməsində yaranmış problem həll edilməlidir.”
Sabiq millət vəkili, iqtisadiyyat üzrə fəlsəfə doktoru Nazim Məmmədov isə ümumiyyətlə ölkə üzrə ciddi vergi islahatlarının aparılmasının vacib olduğunu düşünür. İqtisadçı alimin fikrincə, ilk öncə hazırda paralel şəkildə vergi yığmaqla məşğul olan bir sıra qurumlar ləğv edilərək onların funksiyası Vergilər Nazirliyinə tabe edilməlidir:
“Götürək Dövlət Gömrük Komitəsini (DGK), bu qurum iş adamlarından mal idxalı zamanı sərhəddə əlavə dəyər vergisi (ƏDV) tutur. İş adamları həmin vergini sonradan geri ala bilmirlər. Buna görə də malı müşayiət edən sənədləri dəyişməli olurlar, yaxud da vergidən yayınırlar. DGK Vergilər Nazirliyinə birləşdirilməlidir ki, bu cür yayınmalar olmasın”,- deyə Nazim Məmmədov ANS PRESS-ə bildirib.
Onun fikrincə, Dövlət Sosial Müdafiə Fondunu (DSMF) da ləğv edərək, yığım funksiyalarını Vergilər Nazirliyinə tabe eləmək lazımdır: “Onsuz da DSMF özünü maliyyələşdirə bilmir. Onun xərclərinin əsas hissəsi büdcədən ayırlır. Buna görə də həmin ödənişləri də büdcəyə yönəltmək lazımdır ki, keçid dövrü üçün vətəndaşların pensiya təminatı etibarlı olsun.”
Nazim Məmmədov – iqtisadiyyat üzrə fəlsəfə doktoru
Əslində, dünyanın əksər ölkələrində dövlətə ödənən bütün vergi və yığımlar eyni quruma ödənir. Yəni ayrıca nazirlik səviyyəsində gömrük qurumu və ya sosial təminat fondu yoxdur. Avropa ölkələrində bu funksiyaları eyni dövlət qurumu yerinə yetirir. Əksər Avropa ölkələrində səhiyyə nazirliyi ilə sosial təminat qurumu vahid nazirlikdə birləşdirilir.
Azərbaycan da vergi və rüsum yığan bütün qurumları vahid mərkəzdə birləşdirməlidir ki, iqtisadiyyata vergi nəzarətini dərinləşdirə bilsin. “Vahid pəncərə” sistemi sahibkarların vergi nəzarətində yayınma səviyyəsini aşağı sala bilər. Nəticədə, Azərbaycan büdcəsi də tamamilə vergi ödənişlərindən maliyyələşə bilər.
Halbuki, indi Azərbaycan büdcəsinin yarıdan çoxu birbaşa neft gəlirlərinin hesabına formalaşır. Yaxın perspektivdə Azərbaycanın neft hasilatı azalacaq və daxili istehlak səviyyəsinə düşəcək. Bu isə büdcə gəlirlərinin avtomatik azalmasına səbəb olacaq və büdcə yalnız vergi gəlirlərinin ümidinə qalacaq. Hökumət həmin illərə hazır olmalıdır.
Azərbaycana yeni iqtisadi təhlükə
mənbə :
anspress
Sorry, comments for this entry are closed at this time.