26.10.2015 / 16:52 xeber –
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən respublikada işaxtaran və işsiz vətəndaşların səmərəli məşğulluğunun təminatı məqsədilə cari ilin 9 ayı ərzində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş hesabat iclası keçirilib.
ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli son 12 ildə respublikamızda 1,4 milyonadək, cari ilin 9 ayında 87 min iş yerinin açılması, əmək bazarında sabitliyə və işsizlik səviyyəsinin 4,9 faizə enməsinə dair məlumat verib.
Tədbirdə çıxış edən Dövlət Məşğulluq Xidmətinin Əmək bazarının təhlili və statistika şöbəsinin müdiri İsa Həsənov bildirib ki, cari ilin 9 ayı ərzində Xidmət tərəfindən ümumilikdə 22470 nəfər işaxtaran və işsiz vətəndaş münasib işlərlə təmin olunub. Məşğulluq orqanlarında qeydiyyata alınan və xüsusi peşə hazırlığı olmayan işaxtaran və işsiz şəxslərdən 1200 nəfərə yaxını idarə, müəssisə və təşkilatlarla bağlanmış müqavilələr əsasında ödənişli ictimai işlərə cəlb edilib. Xidmətin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərindəki “Əmək Birjaları” vasitəsilə 3089 nəfər müvəqqəti xarakterli işlərə göndərilib. Bununla yanaşı, qeyd olunan dövrdə 2878 nəfərə işsiz statusu verilib, 3142 nəfərə isə işsizlik müavinəti təyin edilib.
Cari ilin 9 ayında 2776 nəfər isə Xidmətin tabeliyindəki Bakı Regional Peşə Tədris Mərkəzində və Göyçay Regional Peşə Tədrisi Mərkəzində, eyni zamanda ayrı-ayrı müvafiq tədris bazalarında təşkil edilmiş peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub.
Bundan başqa, əsasən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət 72857 nəfər vətəndaşa peşəyönümü məsləhətləri verilib.
İclasda o da qeyd olunub ki, bu ilin ötən dövründə Xidmət tərəfindən ölkəmizin bölgələrində keçirilən 54 Əmək yarmarkasında 4119 nəfər işsiz və işaxtaran vətəndaşa boş (vakant) iş yerlərinə göndərişlər verilib. Onlardan 3641 nəfəri (88,4 %) göndərişlər üzrə münasib iş yerləri ilə təmin olunublar. Həmçinin bu tədbirlərdə 440 nəfər peşə hazırlığı kurslarına, 229 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib. Tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərlərindəki bir sıra ali təhsil müəssisələrində «Karyerada ilk addım» devizi altında keçirilən aktiv məşğulluq tədbirlərində isə 1477 nəfər məzun və tələbənin şəxsi məlumatları işəgötürənlər tərəfindən qəbul olunub, 254 nəfərə boş iş yerlərinə göndəriş verilib, 58 nəfər əlavə təhsil kurslarına cəlb olunmaları üçün qeydiyyata alınıb.
İclasda Bakı Regional Peşə Tədrisi Mərkəzində təmir və yenidənqurma işlərinin yekunlaşması, yeni sinif otaqları və emalatxanaların istifadəyə verilməsinə dair müzakirə aparılıb.
Qeyd edək ki, hazırda Göyçay rayonunda yerləşən Regional Peşə Tədrisi Mərkəzinin də maddi-texniki bazasının gücləndirilməsi, Gəncə şəhərində isə Regional Peşə Tədrisi Mərkəzinin yaradılması istiqamətində işlər aparılır.
Həmçinin hesabat dövründə İsmayıllı rayon Məşğulluq Mərkəzi fəal əmək bazarı Proqramlarının həyata keçirilməsi üzrə pilot rayon kimi seçilib və bununla əlaqədar Mərkəzin yeni binası müasir tələblərə uyğun yenidən qurulub. Tədbirdə sosial cəhətdən həssas qruplara aid şəxslərin kvota üzrə iş yerləri ilə təminatı, onlar üçün peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili, dövlət məşğulluq strategiyasının icrasında işəgötürənlərlə əməkdaşlığın gücləndirilməsi və s. sahələrdə görülən işlərdən də bəhs olunub.
mənbə :
lent.az
Şərh yaz.