Azərbaycanda valyuta böhranını nə zaman aradan qaldırmaq mümkün olacaq?

bankir
Keçmiş sovet respublikaları arasında milli valyutası devalvasiyaya məruz qalan tək Azərbaycan deyil. Hələ Azərbaycanda manatın ABŞ dollarından baha olduğu vaxtlarda keçmiş sovet respublikalarının əksəriyyətində devalvasiya prosesləri gedirdi. Azərbaycan isə milli valyutaya qarşı xarici təzyiqlərə xeyli müddət davam gətirərək ancaq ötən ilin fevralında ilk devalvasiyanı həyata keçirdi. Lakin bu da manata təzyiqləri azaltmadı, əksinə ölkədə güclü dollar ajiotajı baş qaldırdı və Mərkəzi Bank ötən ilin dekabrında ikinci devalvasiyanı elan edərək tənzimlənən üzən məzənnə siyasətinə keçidi elan etdi.
Virtualaz.org saytı bundan əvvəl Ukrayna Milli Bankının yürütdüyü monetar siyasət barədə bu ölkənin baş bankiri Valeriya Qontarevanın müsahibəsini dərc etmişdi. Ukrayna Milli Bankının rəhbəri deyirdi ki, Yanukoviç hökumətinin fiksə edilmiş məzənnə siyasəti ölkə iqtisadiyyatına zərər vururdu. Bu ölkədə hakimiyyət dəyişikliyindən sonra Milli Bank üzən məzənnə siyasətinə keçib və qrivna üç dəfəyə yaxın dəyər itirsə də hazırda vəziyyəti stabilləşdirmək mümkün olub.
Qonşu Gürcüstan da Azərbaycandan daha əvvəl milli valyutanın dəyərdən düşməsi prosesini yaşamışdı. İndi Gürcüstan Milli Bankının keçmiş prezidenti, nüfuzlu iqtisadçı Roman Qotsiridze “Tabula” adlı nəşrə açıqlamasında deyir ki, Azərbaycanda tüğyan edən valyuta böhranı hökumətin belə vəziyyətlərdə nə etməli olduğunun bariz nümunəsidir.
bankır
Keçmiş baş bankirin sözlərinə görə, bu mərhələni bütün postsovet respublikaları keçiblər. Lakin Azərbaycan bu proseslərdən düzgün nəticə çıxarmadı. Qotsiridzenin sözlərinə görə, Azərbaycan hökumətinin buraxdığı səhv, yəni vaxtında sərbəst üzən məzənnə siyasətinə keçməməsi nəticəsində hazırda ölkədə dollar qara bazarı formalaşır və ötən dövrlərdə oduğu kimi valyutanın iki kursu formalaşıb. Mərkəzi Bank tərəfindən müəyyən edilmiş kurs və qara bazar kursu. “Lakin Azərbaycan Mərkəzi Bankı axırda lazım olanı etməyə məcbur olacaq”-Qotsiridze deyib.
Azərbaycan Gürcüstanın əsas ticarət partnyorlarından biri olduğuna görə iqtisadçı hesab edir ki, manatın sürətli devalvasiyası Gürcüstanın da idxal-ixrac balansına təsir edəcək. “Azərbaycan milli valyutasının kəskin devalvasiyasının qarşısını ala biləcəyinə dair illüziyalarla qidalanan sonuncu ölkə oldu. Manatın dramatik şəkildə dəyərdən düşməsində daxildə yol verilən iqtisadi səhvlərin də rolu olub”-Qotsiridze deyib.
Milli Bankın eks-prezidenti hesab edir ki, Gürcüstan Milli Bankının prezidentinin mövqeyinin nə dərəcədə düzgün olduğu Azərbaycanın nümunəsində bir daha təsdiq olunur. “Parlament, hökumət,formal və qeyri-formal hakimiyyətyönlü qüvvələr, onların muzdla tutduğu ekspertlər tərəfindən göstərilən təzyiqlərə baxmayaraq Milli Bankın prezidenti Georgi Kadaqidze sərbəst üzən məzənnə siyasətinə keçdi və bu, əvvəldən düzgün addım idi”-Qotsiridze bildirib.
Bəs Azərbaycanda valyuta böhranını nə zaman aradan qaldırmaq mümkün olacaq? Ekspert hesab edir ki, hökumətin və Mərkəzi Bankın düzgün, uzlaşdırılmış fəaliyyətini təmin etmək mümkün olsa bu böhranı təxminən il yarım sonra aradan qaldırmaq olar.

“Azərbaycanda valyuta böhranını nə zaman aradan qaldırmaq mümkün olacaq?” için bir yorum

  1. Kərəminə şükür, İlahi! Hamı bizə öz mənafeinə
    görə ağıl öyrədir.Etibarsız qonşumuz manatın
    qiymətdən düşməsinin əsas səbəbini əla bildiyi
    halda ağzımızı boza verir.Bu,əlbəttə,onlara əl
    verir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir