18.01.2016 / 17:25 xeber –
Rusiyanın ayrı-ayrı şəhər və bölgələrində keçirilən zəka yarışlarından sonra Aleksandr Voroşilov tərəfindən “Çto? Qde? Koqda?” adlı televiziya verilişi yarandı. Bu əyləncəli-intellektual şou proqram kazino şərtləri üzərində qurulmuşdu. Televiziya tamaşaçıları və bilicilər arasında gedən bilik yarışmasının əsasında eynən, kazinodakı kimi pul uduşları durur. Burada uduşa qoyulan pullar intellektual kazinoya sponsorluq edən ayrı-ayrı müəssisələrin və bankların hesabından ödənilir.
Getdikcə təkmilləşən şou-proqram, Rusiyanın ən bilikli insanlarını milyonlara tanıtdırmaqla məşğul idi. Beynəlxalq status qazanmış bu verilişə dünyanın hər yerindən suallar ünvanlanır. Sovetlər dağıldıqdan sonra da əksər postsovet respublikalarında bu teleşou oynanılır.
Məşhur intellektlər arasında ən dolğun bilgiyə malik, itizəkalı və aydın məntiqli hesab olunanlardan biri, bəlkə də birincisi Aleksandr Druzdur. Rusiyada bu dahi haqda belə deyirlər: “Druz hər şeyi bilir”, “Druzdan gizlin heç nə yoxdur”.
“Çto? Qde? Koqda?” oyununu maraqlı edən şərtlərdən biri də odur ki, verilən suala altı nəfər bilicidən ibarət olan komanda bir dəqiqə ərzində cavab verməlidi.
Bundan başqa, oyunda iki cür “bliss” və “super bliss” sualları qoyulur. “Bliss” sektorunun üç sualının hər birinə cavab vermək üçün komandaya 20 saniyə vaxt verilir. “Super bliss”də isə üç sualı bir dəqiqəyə cavablandıracaq ən güclü oyunçu təkcə oynayır. Belə gərgin vəziyyətlərdə komanda, adətən, “super bliss” qarşısına ən çox güvəndiyi oyunçunu – Druzu çıxarır. İndiyə qədər “super bliss”lərin hər 20 saniyəsində göstərdiyi çevik zəka və iti məntiq onu milyonların sevimlisinə çevirib.
Aleksandr Druz 1955-ci ildə, Rusiyanın Sankt-Peterburq şəhərində yəhudi ailəsində anadan olub. O, hələ uşaq ikən, atasının evdəki şəxsi kitabxanası ilə tanış olub, oradakı bədii ədəbiyyatdan tutmuş, ensiklopedik kitablara qədər hamısını oxumuşdu.
İndiki müdrik və təmkinli görünüşünə baxmayaraq, Aleksandr uşaqlıqda nadinc, dalaşqan uşaqlardan biri kimi xatırlanır.
Valideynləri balaca Saşanı uşaq bağçasına qoymurlar, onun məktəbəqədər təhsili ilə anası evdə məşğul olur.
Anasının dediyinə görə, Saşa uşaq vaxtı küçədə velosiped sürərkən yıxılır və böyük yük maşınının altında qalma təhlükəsi yaşayır. Bu qorxulu hadisədən sonra onun yaddaşında aydınlanma və zəkasında itilik müşahidə olunmağa başlayır. Belə ki oxuduğu, gördüyü, eşitdiyi hər bir şey dəqiqliyi ilə onun hafizəsinə həkk olunur.
Aleksandr əlaçı şagird sayılmasa da, orta məktəb olimpiadalarında fəal iştirak edir. Məktəbi bitirdikdən sonra, Sənaye Pedoqoji Texnikumunun texnik-elektrik ixtisası şöbəsinə qəbul olur. Texnikumu bitirdikdən sonra akademik Obraztsov adına Leninqrad Dəmiryol Mühəndisləri institutunda təhsil almağa başlayır.
Aleksandr Druz “Çto? Qde? Koqda?” telelaihyəsində ilk dəfə 1981-ci ildə görünür.
GlamLemon.ru jurnalının əməkdaşı Cenifer Morrison Druzun evində olmuş, məşhur bilicinin özü və ailə üzvləri ilə söhbətləşmişdi.
Söhbət əsnasında Druz “Çto? Qde? Koqda?” telelayihəsinə gəlişini belə xatırlayıb:
– Məktəbli olduğum zamanlardan bilik yarışlarında iştirak etməyi sevirdim. Doqquzuncu sinifdə oxuyanda, “Sən Leninqradlısan” adlı bilik yarışmasında bizim komanda birinci yerə çıxmışdı. Sonralar “Çto? Qde? Koqda?” verilişini televiziyadan izləyərkən, gördüm ki, oradakı suallara iştirakçılardan daha tez cavab tapıram. İnstitutun V kursunda olanda həmin verilişdə iştirak etmək üçün ətrafıma komanda yığdım və teleproqrama məktub yazdım. Məktubuma müsbət cavab verildi. Mən öz komandamla Moskvaya dəvət olundum. Cənab Voroşilov bizi xoş qarşıladı və biz ilk dəfə böyük auditoriya qarşısına çıxdıq. O vaxtdan etibarən “Çto? Qde? Koqda?” mənim üçün doğma məkana çevrildi, mən öz həyatımı və karyeramı bu telelayihə üzərində davam etdirdim.
Aleksandrın həyat yoldaşı Yelena Druz ilk tanışlıqlarını belə xatırlayır:
– Biz Saşa ilə eyni sinifdə oxumuşuq. Mən səs-küylü, çoxdanışan, o isə sakit, ağıllı bir oğlan idi. İkinci sinifdən sonra biz ailəlikcə başqa yerə köçdüyümüzə görə, mən məktəbimi dəyişəsi oldum. Yeni məktəbimdə keçmiş sinif yoldaşlarımı, o cümlədən, Saşanı da demək olar, unutmuşdum. Heç ağlıma gətirməzdim ki, nə vaxtsa, Aleksandr mənə zəng edər.
Aleksandr:
– 9-cu sinifdə oxuyanda 8 Mart Qadınlar Günü münasibətilə, tanıdığım bütün qızları təbrik etmək qərarına gəldim. Evdə telefon kitabçamı vərəqləyərkən, Yelenanın nömrəsini gördüm. Zəng edib, onu da təbrik elədim. Bir az söhbətləşdikdən sonra görüşməyi qərara aldıq.
Yelena:
– Görüşdüyümüz gün Saşa o qədər lətifə danışdı ki, gülməkdən başım ağrıdı. Beləcə, tez-tez zəngləşib görüşürdük. Fizika və riyaziyyatdan ev tapşırıqlarını həll etməkdə çətinlik çəkdiyim üçün Saşanı tez-tez axtarmalı olurdum. Birlikdə şəhəri gəzir, muzeylərə, teatra gedirdik.
Hərdən də qayıqla Neva çayını gəzintiyə çıxırdıq.
Aleksandr:
– 23 yaşımız olanda hiss etdik ki, romantik dövrünü bitirib, evlənməyə qədəm qoymalıyıq.
Yelena:
– İnna və Marina adlı qızlarımız dünyaya gəldi. İndi onlar da ataları ilə birlikdə, “Çto? Qde? Koqda?” intellekt oyununda çıxış edirlər. Biz uşaqlarımızı kitablarla böyütmüşük, 3 aylıqlarında onlara kitab oxuyurduq. Saşa deyirdi ki, intellekt riyazi bilgi və məntiqlə inkişaf edir. Ona görə, övladlarımızı riyaziyyat təmayüllü məktəbə qoyduq.
İnna:
– Biz valideynlərimizdən heç vaxt “o tərəfə dur”, “mane olma”, “bilmirəm” sözlərini eşitməmişik. Yadımdadı, yap balaca idim, atamdan soruşdum ki, “kovboy” nə deməkdir. O, mənə lüğət kitabını verib dedi, burda izahı var, özün oxu, anlayacaqsan. Oxuduqdan sonra dedi, indi mənə izah elə görüm, “kovboy” nə deməkdi. Bax beləcə, valideynlərim həmişə çalışıblar ki, hər şeyi öz ağlımız, məntiqimizlə dərk edək.
Yelena:
– Marina İnnadan sonra oyuna başlamasına baxmayaraq, “Büllur Bayquş” mükafatını böyük bacısından əvvəl qazanıb.
İnna:
– Bacımın bu uğuruna çox sevindik. Atamın büllur və brilyant “quş”larının sırasına biri də əlavə olunmuşdu.
Aleksandr:
– Marina 2000-ci ildə, “Çto? Qde? Koqda?”nın 25 illiyində həmin prizi qazandı. Bu oyunda bütün yaş nəslindən olan oyunçular iştirak edirdi. İnna isə 2003-cü il qış sessiyası oyunçuları arasında ən yaxşı iştirakçı adına layiq görüldü və özünün “Büllur Bayquş”unu evimizə gətirdi.
Şəxsən mən 6 büllur, 2 brilyant “Bayquş” qazanmışam.
Bu, mənim həyatımdı. Hər şeyi bilmək xəstəliyim var. Eşitmişəm, haqqımda belə bir lətifə söyləyirlər:
Aleksandr Druz yatmır ki, nəyisə öyrənməkdən qalar.
Marina:
– Birini də mən eşitmişəm: Aleksadr Druz həyat yoldaşına ad günü münasibətilə əlavə bir dəqiqə hədiyyə elədi.
Aleksandr:
– Maraqlı qurublar. Doğrudan da oyun zamanı bizim üçün o bir dəqiqənin hər bir saniyəsi dünyalar qədər qiymətli olur. Təbii ki, söhbət pul udmaqdan getmir, sadəcə, bu da bizim xəstəliyimizdi, hər suala düzgün cavab vermək xəstəliyi. Ən çox sevdiyim sual cavabı məntiqlə tapılan sualdı. Bəzən beynində bir sualın bir neçə cavab versiyası olur. O anda doğru olanı təyin etmək üçün beynim həmin sözləri işıq sürəti ilə bütün bilgilərimin arasından keçirir. Cavab o prosesdən salamat çıxan söz olur. Bu çox ağır, psixoloji olaraq gərgin bir prosesdi. Əlbəttə, beynimizdə gedən o gərginliyini tamaşaçı görə bilmir. Bəzən ağlımı o qədər sürətlə işlədirəm, az qalır içəridə alov yaransın. Bir neçə dəfə fikirləşmişəm ki, indicə başımdan tüstü çıxacaq…
mənbə :
lent.az
Şərh yaz.