21:45 xeber – Azərbaycan OPEK ölkələri ilə əməkdaşlıq etməyə hazırdır və bu, təşkilatın bəzi üzv ölkələri ilə danışıqların bir hissəsi olub.
Bunu Prezident İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində keçirilən “The new energy equation” adlı sessiyada çıxışında deyib.
Ölkə başçısının sözlərinə görə, OPEK iştirakçıları və təşkilatın üzvü olmayan iri istehsalçılar arasında hasilatın azaldılması məsələsində böyük koordinasiya olarsa, nəticə əldə etmək olar. Prezident vurğulayıb ki, bu olmasa mövcud vəziyyət qalacaq və hamı neftin qiymətinin nə vaxt dibə düşəcəyini gözləyəcək: “Hazırda OPEK-in hər görüşündən sonra neftin qiyməti yalnız azalır”.
İlham Əliyev bildirib ki, neftin qiymətinin azalması psixoloji baxmından da qıcıqlandırıcı təsir göstərir: “Mən hələ ölkənin təkcə neft-qaz sektoruna deyil, ümumiyyətlə, sərmayə qoymaq məqsədilə vəsaitə malik olmaq üçün öz büdcəsini balanslaşdırmalı olduğunu demirəm. Şirkətlər və dövlətlər arasında fərq bundan ibarətdir. Ölkələr sosial, sənaye infrastrukturuna sərmayə qoymalı və hasilatın səviyyəsini saxlamaq üçün neft-qaz sektoruna investisiya yatırmalıdır”.
Prezident əlavə edib ki, eyni zamanda bu, Azərbaycan üçün islahatlar aparmaq baxımından yaxşı vaxtdır və ölkə maliyyə sektorunda fundamental islahatlar, iqtisadi islahatlar aparmağa, ixrac yönümlü qeyri-neft məhsullarının istehsalına başlayıb.
Dövlət başçısı Azərbaycanın böhranın öhdəsindən gələcəyinə əmin olduğunu bildirib və diqqətə çatdırıb ki, Azərbaycanda iqtisadi vəziyyət sabitdir, xarici borc ÜDM-in cəmi 12 faizini təşkil edir, xarici valyutada böyük ehtiyatlar var.
…20:52…
“Hesab edirəm ki, neftin qiyməti daha 2-3 dollar düşəcək. Lakin ilin ikinci yarısında bazar inkişaf edəcək”.
Bunu Azərbaycan prezidenti İlham Əliyev Davos Forumu çərçivəsində keçirilən “The new energy equation” panelində çıxışında deyib.
Dövlət başçısının sözlərinə görə, neftin qiyməti ilə bağlı vəziyyət dövri xarakter daşıyır: “Mən xatırlayıram ki, biz 1994-cü ildə böyük neft layihələrinə başlayanda neftin qiyməti 12 dollar idi. İnkişaf layihələri hazırlayanda neftin qiymətinin 22 dollar olacağına ümid edirdik. İndi qiymət həmin rəqəmə yaxınlaşır. Ümid edirəm ki, bazar stabilləşəcək. Çünki neft sektoru investisiyaya ehtiyac duyur. Aydındır ki, neftin qiyməti qalxacaq. Proqnoz vermək istəmirəm, amma ümid edirəm ki, gələn il neftin qiyməti 60-70 dollar olacaq. Bu ilin ikinci yarısının isə stabilləşmə dövrü olacağına ümidvaram”.
…18:35…
Prezident İlham Əliyev Davos Forumu çərçivəsində “Yeni enerji tarazlığı” adlı panel müzakirəsində çıxış edib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, İlham Əliyev çıxışında neftin qiymətinin düşməsindən danışıb. Prezident bildirib ki, dünya birjalarında neftin qiymətinin daha da ucuzlaşması təəccüblü olmayacaq.
Prezident neftin qiymətinin bu səviyyədə düşməsini gözlənilməz adlandırsa da, Azərbaycanın iqtisadiyyatının stabil olduğunu deyib.
“Bizim kifayət qədər ehtiyatlarımız var. Mövcud vəziyyəti kompensasiya edə bilərik. Amma uzun zaman belə davam etsə, bizim büdcəyə böyük təsiri olacaq”.
Prezidentin Davosda çıxışı
İlham Əliyev Davosda baş nazir, şirkət rəhbərləri ilə görüşdü (YENİLƏNİB)
Davosda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb. Görüşdə Azərbaycan ilə İsrail arasında münasibətlərin inkişafından məmnunluq ifadə olundu, əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra prezident “Procter and Gamble Europe” şirkətinin prezidenti Geri Edrü Kumbe ilə bir araya gəlib. Görüşdə “Procter and Gamble Europe” şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi qeyd edilib, Azərbaycan ilə bu şirkət arasında əməkdaşlığın daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət başçısının növbəti görüşü “Microsoft Corporation” şirkətinin vitse-prezidenti xanım Syuzan Hauserlə olub. Görüşdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sisteminin uğurla inkişaf etdiyi və bu sahənin böyük önəm daşıdığı qeyd olunub. Söhbət zamanı Azərbaycan ilə “Microsoft Corporation” şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
İlham Əliyev və Syuzan Hauser
Saat 13:15
Davosda keçirilən İqtisadi Forumda iştirak etmək üçün bu şəhərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu gün bir sıra görüşlər keçirib. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, dövlət başçısının Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə görüşü olub.
Görüşdə Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilib, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar barədə fikir mübadiləsi aparılıb. Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensialın olduğu vurğulanıb, bu baxımdan yeni imkanlar müzakirə edilib.
Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə
Dövlət başçısı bu gün həmçinin Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun önəmi qeyd edildi, bu baxımdan “Cənub qaz dəhlizi” layihəsinin əhəmiyyəti vurğulanıb. Həmçinin “Cənub qaz dəhlizi” layihəsinin uğurla reallaşdırıldığı qeyd olunub, bu layihənin həyata keçirilməsinə Avropa Komissiyası tərəfindən tam dəstəyin göstərildiyi bildirilib.
İlham Əliyev Maroş Şevçoviç ilə
Davos forumu ötən gün başlayıb. Forum yanvarın 23-dək davam edəcək. Bu gün Azərbayacan prezidentinin forumda çıxışı gözlənilir.
mənbə :
anspress
Şərh yaz.