12:10 xeber – Son günlər havaların şaxtalı keçməsi Bakının qarlı-buzlu yollarında qəzaların sayının artmasına səbəb olub.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, ötən gün baş verən yol nəqliyyat hadisələri zamanı ciddi xəsarət alan olmasa da , avtomobillərə maddi ziyan dəyib.
Qəzalardan biri də Ağdam rayonunun Quzanlı qəsəbəsində yol-nəqliyyat qəzası baş verib. Qəza nəticədə hər iki maşına ciddi ziyan dəyib. Qəzalara səbəb kimi isə hava şəraitinə uyğun sürət həddinin seçilməməsi göstərilir.
Ağdam rayonunun Quzanlı qəsəbəsində yol qəzası
Havaların kəskin dəyişdiyi günlərdə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) və digər müvafiq qurumlar sürücülərə yollarda ehtiyatlı olmağı tövsiyə edir. Amma buna baxmayaraq bəzi sürücülər bu tövsiyələrə məhəl qoymur. Sürücüləri düşündürən əsas məsələ isə qəzalarda dəyən ziyanın sığorta hesabına ödənilməsi ilə bağlıdır.
Azərbaycanda fəaliyyət göstərən özəl şirkətlərdən birinin rəhbəri, sığorta mütəxəssisi Xəyal Məmmədxanlının sözlərinə görə, qarlı – şaxtalı havalarda baş verən yol – nəqliyyat hadisələri zamanı toqquşan avtomobillərin hər ikisində kasko sığortası varsa, heç bir tərəf bir – birinə qarşı iddia qaldırmır:
“Hər şirkət özünün sığortaladığı avtomobilin xərclərini öz üzərinə götürür. Bu hal təkcə qarlı – şaxtalı hallara deyil, adi günlərdə də baş verən qəzalara aiddir. Amma mütləq hər iki avtomobilin kasko sığortası olmalıdır. Adətən belə hallarda sığorta şirkətləri təqsirli tərəfi axtarmır”,-deyə sığorta mütəxəssisi bildirdi.
Xəyal Məmmədxanlnın sözlərinə görə, kasko sığortası olan tərəf digərinin avtomobilinə ziyan vurursa, bu zaman icbari sığortasından istifadə edə bilər:
“Qəzanı törədən kaskolu avtomobil təqsirini üzərinə götürüb, icbari sığorta (məsuliyyət sığortası) imkanlarından istifadə etməklə qarşı tərəfin nəqliyyat vasitəsini təmir etdirməlidir. Əgər təqsirli tərəfin ya icbari sığortası yoxdursa, bu zaman mübahisə yarana bilər. Adətən belə hallarda qəzanın törədilməsində təqsirli bilinən tərəf xərcləri cibindən ödəməyə məcbur olur”,-deyə Xəyal Məmmədxanlı bildirdi.
Xəyal Məmmədxan – sığorta mütəxəssisi
KASKO – könüllü sığorta növüdür, yəni sizin istəyinizdən asılı olaraq avtomobilinizi sığortalayan bir sığorta məhsuludur ki, siz bu sığorta növü ilə yalnız nəqliyyat vasitələrini sığortalaya bilərsiniz. Kasko sığorta avtomobil sahiblərini könüllü şəkildə oğurluqdan, yol qəzalarından, hətta avtomobil sahibinin təqsirli olub-olmamasından asılı olmayaraq, əşyaların düşməsindən, atılmasından və s. risklərdən sığortalaya bilməyiniz üçün hazırlanmış sığorta növüdür.
2015-ci ilin oktyabr ayına olan məlumata görə, sığorta ödənişlərinin məbləği fərdi qəza və xəstəlik sığortasında 17,8% azalaraq 833 min manat, əmlakın yanğından və digər risklərdən sığortasında 21,3% azalaraq 4,8 mln. manat, kasko sığortasında 10,5% azala 18,4 mln. manat təşkil edib.
Kasko sığortası xarici dövlətlərdə, xüsüsilə də Avropada geniş yayılıb. Almaniya, İngiltərə, ABŞ və Avropanın digər inkişaf etmiş dövlətlərində demək olar ki, kasko sığortasız avtomobilə rast gəlmək mümkün deyil. Qonşu Türkiyədə isə avtomobillərin 90-95 faizi kaskodan yararlanır. Azərbaycanda olduğu kimi xarici dövlətlərdə də avtomobil qəzalarında təqsirkarı müəyyən etmək mümkün deyilsə, o zaman hər sığorta şirkəti öz müştərisinin xərclərini üzərinə götürür.
Amma Azərbaycanda bu sığorta növü geniş yayılmayıb. Azərbaycanda əsasən bank vasitəsi ilə alınan avtomobillərdə kasko sığortası verilir. Amma bəzi hallarda sürücülər kredit müqaviləsi başa çatdıqdan sonra kasko sığortasını ləğv etdirirlər. Qalan pulu isə geri götürürlər. Bu səbəbdən qəzalar zamanı əksər hallarda sürücülər arasında mübahisələr baş verir. Amma kasko sığortasının olması baş verən qəzanın nəticələrinin mübahisəsiz və tez bir zamanda ortadan qaldırılması ilə nəticələnə bilər.
mənbə :
anspress
Şərh yaz.