09.03.2016 / 17:49 xeber –
Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olan Qafqaz Albaniyası Mehranilər sülaləsinin ən görkəmli nümayəndəsi hesab edilən Cavanşirin hakimiyyəti illərində nəinki Cənubi Qafqazın, bütövlükdə Yaxın Şərqin qüdrətli dövlətlərindən birinə çevrilmişdi. Tarixi mənbələr göstərir ki, o vaxtlar Cavanşirin, habelə onun babası Cəsur Vardanın hakimiyyəti illərində çoxsaylı müdafiə istehkamları, o cümlədən bir sıra möhtəşəm qalalar tikilib.
İsmayıllı rayonunun Talıstan kəndi yaxınlığında, Ağcaçayın sağ sahilində yerləşən Cavanşir qalası da həmin müdafiə qalalarından biridir. Sözügedən qalanı yaxından görmək istəyən yerli və xarici turistlər Talıstan kəndinə qədər minik avtomobili vasitəsi ilə rahat gələ bilər. Qalaya qədər olan sonuncu 4 kilometrlik dağlıq yol isə narahat olduğundan, həmin məsafəni piyada və ya müxtəlif minik vasitəsindən istifadə etməklə çıxmaq olar.
Tikili əsas hissə və iç qaladan ibarətdir. Əsas hissənin cənub divarlarının qalınlığı 2 metr, hündürlüyü isə 10 metrdən çoxdur. Düzgün olmayan çoxbucaqlı "iç qala" dağın ən hündür yerində tikilib. Qalanın şimal qurtaracağında eni 2 metr, uzunluğu isə 50 metr olan divar çıxıntı var. Yerli sakinlərin sözlərinə görə, Cavanşir qalasından təqribən 7 kilometr aralı məsafədə yerləşən Qız qalasına yeraltı yolun olması güman edilir. Qalanın həyətində nadir güllər və bəzək ağacları bitir. Albaniyanın qüdrətli dövründə ən möhtəşəm müdafiə istehkamlarından biri olan Cavanşir qalası indiyədək arxeoloji baxımdan tədqiq olunmayıb. Qala ərazisində, xüsusilə iç qalada arxeoloji qazıntılar Azərbaycanın dövlətçilik tarixinin və hərb tarixinin tədqiqi baxımından son dərəcə mühüm aktuallıq kəsb edir. Yerli sakinlər hesab edir ki, bu ərazilərdə arxeoloji qazıntılar və tədqiqat aparılsa, xeyli faktlar üzə çıxar.
Qalanın ümumi sahəsi 1,5-2 hektardır. Qala üç tərəfdən Ağcaçayın dərin keçilməz dərəsi ilə əhatə olunub. Burada eni 2,5 metr olan darvaza yeri aydın görünür. Cənub divarları daha möhkəm olub. Həmin hissədə qala divarlarının qalınlığı 2, hündürlüyü isə 10 metrdən çoxdur. Bundan başqa, qalanın şimal-şərq tərəfində gizli yol olub ki, bu da uzun çəkən mühasirə zamanı qalanın xarici aləmlə əlaqə saxlamasına imkan verib. Ümumilikdə qala üçün seçilən yer müdafiə baxımından idealdır. Oraya çox böyük qüvvə ilə hücum etmək mümkün olmayıb.
Qalanın əzəmətli və unikal olması ilin bütün fəsillərində bura turistlərin gəlməsinə də səbəb olur. Onlardan biri də Asiman Səfayevdir: "İsmayıllıya hər il minlərlə turist gəlir. Yerli və xarici turistlərin əksəriyyəti gəlib istirahət mərkəzində dincəlirlər. Amma mən istəyərdim ki, onlar həm də gəlib Cavanşir qalasını görsünlər. Bura çox maraqlıdır. Mən motosikletimlə gəldim bura. Buraları görmək mənə çox yaxşı təsir bağışladı".
İsmayıllı rayon Mədəniyyət Və Turizm Şöbəsinin müdiri Azər Abbasovun sözlərinə görə, rayonda 233 tarixi mədəniyyət abidəsi var ki, onlardan biri dünya, qalanları isə yerli əhəmiyyətli tarixi abidələrdir: "Bu abidələrin içində 10-dan çox qala mövcuddur. Onlardan Qız qalası, Xan qalası, Qasımxan qalası və Cavanşir qalası turistlər üçün daha maraqlıdır. İl ərzində yüzlərlə turist gələrək Cavanşir qalası ilə tanış olur. Bu qalanın təmir-bərpa işləri də plana salınıb. Hesab edirəm ki, təmir-bərpadan sonra ora daha çox turistlər gələcək".
Cavanşir qalasının tarixi, onun memarlıq xüsusiyyətləri, bütövlükdə dövlətçilik tariximizdəki yeri barədə tarixi-sənədli filmlərin çəkilməsi, burada təmir-bərpa işlərinin və arxeoloji qazıntıların aparılması da qarşıda duran mühüm vəzifələrdəndir.
mənbə :
lent.az
Şərh yaz.