19.03.2016 / 00:49 xeber –
Daşkəsən rayonunda Novruz bayramı münasibətilə bayram tədbiri keçirilib.
APA TV-nin xəbərinə görə, Heydər Əliyev meydanında düzənlənən şənlikdə xalqımızın qədim adət-ənənələri nümayiş etdirilib.
Müxtəlif xalçalar üzərində nəhrənin çalxalanması, cəhrədə yunun əyrilməsi, yuxa bişirilməsi, bayram xonçalarının hazırlanması tədbir iştirakçılarının marağını daha da artırıb. Sonra bayram tonqalı çaparların gətirdiyi məşəllə alovlanıb. Rayonun folklor kollektivlərinin ifasında bahar və əmək nəğmələri, pəhləvanların çıxışları, böyük maraqla qarşılanıb. Keçəllə kosanın şən zarafatları tədbir iştirakçılarının bayram əhval-ruhiyyəsini daha da artırıb. İdmançıların nümunəvi çıxışları da yaddaqalan olub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin boks əlcəkləri geyinərək döyüşməsi tədbiri daha da yaddaqalan edib.
Novruz bayramı tədbirləri N saylı hərbi hissədə davam edib. Ucqar dağ rayonu olan Daşkəsəndə qarlı-şaxtalı hava olmasına baxmayaraq, rayon ictimaiyyətinin nümayəndələri əsgərlərin görüşünə gedib. Hərbi hissənin xidmətdə fərqlənən bir qrup əsgərlərinə qiymətli xatirə hədiyyələri təqdim olunub. Daha sonra bayram xonçaları və hədiyyələr hərbi hissənin şəxsi heyətinə verilib.
Bayram tədbiri şən mahnı və rəqslərlə davam edib.
mənbə :
lent.az
Şərh yaz.