28.04.2016 / 12:00 xeber –
ReAl Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublunun apellyasiya şikayətinin qərarının açıqlanacağı vaxt məlum olub.
Lent.az-ın məlumatına görə, Şəki Apellyasiya Məhkəməsin mayın 3-də, saat 12-də işlə bağlı qərarı elan edəcək.
Xatırladaq ki, “REAL” hərəkatının həbsdə olan sədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun apellyasiya şikayətləri üzrə məhkəmə aprelin 22-də keçirilmişdi. Hakim qərarı elan etmək üçün müşavirəyə getmiş və məhkəmə qeyri-müəyyən vaxta saxlanmışdı.
Ötən prosesdə vəkillər İlqar Məmmədov və Tofiq Yayublu barəsində olan hökmlə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi qərarlara uyğun olaraq onların barəsində bəraət hökmü çıxarılmasını xahiş ediblər.
Dövlət ittihamçısı isə çıxışında birinci instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanmasını istəyib.
İlqar Məmmədov çıxışında 90 saylı Ağdaş Seçki Dairəsindən Milli Məclisə keçiriləcək təkrar seçkilərdə namizədliyini irəli sürmək istədiyini, lakin saxlandığı cəzaçəkmə müəssisəsində bununla bağlı sənədlərini qəbul etmədiklərini deyib.
O, həmçinin məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını istəyib.
Prosesdə çıxış edən Tofiq Yaqublu da barəsində bəraət hökmü çıxarılmasını istəyib.
T. Yaqublu eyni zamanda ona dəyən ziyana görə 500 min avro təzminat istədiyini açıqlayıb.
Qeyd edək ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməyib. Bundan sonra onlar Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət ediblər. Kassasiya şikayətində onların barəsində olan hökmün ləğv edilməsi, həmin şəxslərin azadlığa buraxılması barədə məsələlər qeyd olunub.
Ali Məhkəmə kassasiya şikayətini qismən təmin edib. Şəki Apellyasiya Məhkəməsinin İ. Məmmədov və T. Yaqublu barəsindəki qərarı ləğv edilib, iş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb.
Xatırladaq ki, İ. Məmmədov və T. Yaqublu İsmayıllı hadisələrinə görə həbs olunublar. T. Yaqublu prezident İlham Əliyevin mart ayında imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.
mənbə :
lent.az
Şərh yaz.