03.05.2016 / 20:12 xeber –
GÜNÜN ŞƏRHİ
NATO-nun Moldovada hərbi təlimlərə başlaması Rusiyaya cavabdır. ABŞ-ın Gürcüstanda birgə hərbi təlimlərə başlaması da Rusiyaya cavabdır. Baltik dənizində Rusiyanın yaratdığı gərginliyə cavab. Rusiya sərhədləri boyunca NATO hərbi kontingentinin yerləşdirilməsi, hərbi alyansın şərq cinahını möhkəmlətməsi Moskvanı əməlli-başlı qıcıqlandırır. Amma Kremlin reaksiyası qıcıqlanmaqdan o yana getmir, zatən gedəcək yeri də yoxdur. Rusiyanın NATO-ya hərbi cavabı yalnız Kalininqrad vilayətində “İsgəndər” operativ-taktiki raket kompleksləri yerləşdirmək ola bilər. Siyasi cavab isə verilməyəcək, çünki NATO-nun öz şərq cinahını möhkəmlətməsi Rusiyanın Ukrayna ərazisində hərbi əməliyyatlar aparması və Krımı işğal etməsidir. Bu kontekstdə NATO-ya veriləcək cavab işğal faktorunu aradan qaldırmaq ola bilər ki, yaxın perspektivdə belə addımın atılacağı nonsensdir. Rusiyanın başqa bir cavabı da ola bilər – postsovet məkanında və digər regionlarda münaqişə ocaqlarında yenidən gərginlik yaratmaq. Bu mənada NATO-nun, daha doğrusu ABŞ-ın təzyiqi artarsa, konkret zonalarda, lap elə Dağlıq Qarabağda münaqişənin yenidən eskalasiyasının şahidi ola bilərik.
mənbə :
lent.az
Şərh yaz.