29.08.2016 / 17:14 xeber –
Əməkdar artist Aygün Bəylərin yaxın qohumunun öldürülməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 1991-ci il təvəllüdlü Hümmətov Elnur Ağasəf oğlunun 2013-cü ildə öldürülməsi faktını ilk olaraq Suraxanı polisi müəyyənləşdirib. Belə ki, digər bir cinayətə görə saxlanılmış şəxsin ifadəsi onun bir qrup şəxslə birgə 2013-cü ilin mayında itkin düşmüş Elnur Hümmətovun qətlində iştirakını göstərib. Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində cinayətdə iştirak etmiş digər 4 nəfər də müəyyən edilərək saxlanılıb.
Bildirilir ki, faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir. Saxlanılanların hamısı qətldə iştirak etməsə də, onların cinayətin gizlədilməsində rol oynadığı bildirilir.
Bu arada o da məlum olub ki, qətl hadisəsi Xəzər rayonunda baş verməyib. Boğularaq qətlə yetirilən E.Hümmətovun meyiti sonradan Qala qəsəbəsinə gətirilib və buradakı torpaq sahəsində basdırılıb. Meyit basdırıldıqdan sonra onun üstü betonlanıb ki, bu da eksqumasiya zamanı müəyyən çətinliklər yaradıb.
Lent.az-ın əldə etdiyi digər məlumata görə, faktla bağlı başlanmış cinayət işinin materialları artıq Bakı şəhər Prokurorluğuna verilib və istintaq burada aparılacaq.
**
16:50
Əməkdar artist Aygün Bəylərin əmisi nəvəsi Elnur Hümmətovun ölümünə görə tutulan şəxslərdən biri müğənninin qohumudur.
Lent.az “Report”a istinadən xəbərinə görə, tutulan şəxslərdən Abbas Hümmətov Aygün Bəylərin qardaşıdır.
Qeyd edək ki, hadisə üç il əvvəl baş verib. Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümmətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilib basdırılması müəyyən edilib.
E.Hümmətovun meyiti eksqumasiya edilib, qeyd edilmiş şəxslər tutulublar.
Araşdırmalar davam etdirilir.
**
12:09
Bakıda 3 il əvvəl itkin düşdüyü barədə xəbər yayılmış şəxsin öldürüldüyü üzə çıxıb.
Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümmətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilib basdırılması müəyyən edilib.
E.Hümmətovun meyiti eksqumasiya edilib, adı çəkilən şəxslər isə tutulub.
Qeyd edək ki, Elnur Hümmətov əməkdar artist Aygün Bəylərin əmisi nəvəsidir.
mənbə :
lent.az
Şərh yaz.