15.09.2016 / 17:50 xeber –
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 15 sentyabr 2016-cı il tarixində “Bilik günü” münasibətilə tədbir keçirilib.
Lent.az-ın məlumatına görə, tədbirdən əvvəl Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti və kursantlar Fəxri Xiyabana gələrək Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib. Şəhidlər Xiyabanında uyuyan Vətən oğul və qızlarının məzarları üzərinə gül-çiçək dəstələri düzüblər.
Akademiyanın rəisi general-mayor Pənah Süleymanov tədbir iştirakçılarını “Bilik günü” münasibətilə təbrik edərək tədbiri açıq elan edib.
Sonra Azərbaycan Respublikasının dövlət himni səslənib, dövlət bayrağı meydana gətirilib. İlkin hərbi hazırlığı başa vurmuş kursantlar təntənəli şəkildə vətənə sədaqət andı içiblər.
Andiçmə mərasimi başa çatdıqdan sonra fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Akademiyanın 2016-cı il məzunlarına “leytenant” hərbi və xüsusi rütbələrinin verildiyi diqqətə çatdırılıb və məzunlara ali təhsil ocağını bitirmələri barədə diplomlar təqdim edilib.
Akademiyanı əla qiymətlərlə bitirmiş məzun Nicat İsmayılov xatirə lövhəsini simvolik “Yaş kötüyü”nə vurub.
Mərasimdə iştirak edən fövqəladə hallar nazirinin müavinləri – tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və general-leytenant Etibar Mirzəyev kursant və məzunları, onların ailələrini FHN rəhbərliyi adından təbrik edib.
Qeyd olunub ki, hərbi and içərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarına daxil olan kursantlar Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmrinə həmişə hazır olmalı, əcdadlarımızdan bizə əmanət qalmış vətənimizi və bayrağımızı göz-bəbəkləri kimi qorumalıdırlar.
Akademiyanın rəisi general-mayor Pənah Süleymanov da I kurs kursantlarını təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. O, Azərbaycanda təhsilin inkişafına göstərilən dövlət qayğısından danışmış və bu sahənin ölkə rəhbəri tərəfindən daim diqqətdə saxlanıldığını vurğulanıb..
Valideynlər adından çıxış edən Kamil Süleymanlı kursantları təbrik edib, onlara uğurlar arzulayıb.
FHN Akademiyasına yüksək – 616 balla qəbul olunmuş Nihad Səfərli kursantlar adından çıxış edərək FHN Akademiyasında təhsil alacağından qürur hissi duyduğunu bildirib.
Mərasim kursant və məzunların təntənəli marş keçidi ilə yekunlaşıb.
+15
mənbə :
lent.az
Şərh yaz.