Mehsul istehsalında artım elde olunub – Nazirlik

26.10.2016 / 15:24 xeber –

Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində 2016-cı ilin doqquz ayının yekunlarına həsr edilmiş səyyar kollegiya keçirilib.

 

Nazirlikdən Lent.az-a verilən məlumata görə, nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclasda nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edilib.

Kollegiyanın sədri Y. Camalov bildirib ki, dünyada əlverişsiz iqtisadi proseslərin davam etdiyi, regionda silahlı münaqişələrin və qanlı terror aktlarının baş verdiyi bir dövrdə ölkədə sabitlik qorunub saxlanılır, iqtisadi islahatlar getdikcə dərinləşir, dövlətin gücü və beynəlxalq nüfuzu durmadan artır.

İclasda diqqətə çatdırılıb ki, 2016-cı ilin doqquz ayında nazirliyin müəssisələrində istehsal olunan məhsulların ümumi həcminin 81 faizini müdafiə və xüsusi təyinatlı, 19 faizini isə mülki təyinatlı məhsullar təşkil edib. İstehsal olunaraq sifarişçilərə təhvil verilən müdafiə təyinatlı məmulatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6 faiz, çeşidlərinin sayı isə 2 dəfədən çox artıb.  Eləcə də, ötən ilin müvafiq dövrü ilə müqayisədə mülki məhsul istehsalında 8,2 faiz artım əldə olunub.

 

Bundan başqa, bildirilib ki, cari ilin Yaradılma Proqramına uyğun olaraq Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 115 mövzu üzrə 198 mərhələni əhatə edən təcrübi konstruktor işləri aparılır. Nazirliyin Elmi-Tədqiqat İnstitutunda cari ildə dövlət sifarişi xətti ilə 14 mövzu üzrə elmi-tədqiqat və təcrübi konstruktor işləri  davam etdirilib.  Nazirlikdə fəaliyyət göstərən Elmi-Texniki Şuranın müvafiq bölmələrinin üç iclası keçirilib,  iş planına daxil edilmiş müxtəlif səpgidə mövzular üzrə müzakirələr aparılıb, konkret təklif və rəylər qəbul edilib.

 

Hesabat dövründə nazirliyin qarşısında qoyulan tapşırıqların vaxtında təmin edilməsi üçün dünyanın inkişaf etmiş dövlətlərinin hərbi sənaye kompleksinə daxil olan şirkət və qurumlarla hərbi-texniki sahədə əməkdaşlıq davam etdirilib.

 

Kollegiyada qeyd olunub ki, 2009-cu ildən beynəlxalq sərgilərə qatılan  Müdafiə Sənayesi Nazirliyi “ADEX-2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisinin keçirilməsini yüksək səviyyədə təşkil edib.

Cari ilin 27-30 sentyabrında Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən “ADEX-2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində dünyanın 44 ölkəsindən 250-yə yaxın  şirkət və rəsmi heyət iştirak edirdi.

"ADEX-2016" sərgisində ekspozisiya meydançasının 1000 kvadratmetrlik sahəsini əhatə edən Milli Pavilyonda Azərbaycan müdafiə sənayesinin yenilikləri nümayiş etdirildi.

İki il öncə “ADEX-2014” birinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində 168 adda məmulat nümayiş etdirən Müdafiə Sənayesi Nazirliyi “ADEX-2016”  sərgisində 260 adda məmulat nümayiş etdirdi.

Sərgidə ilk dəfə nümayiş etdirilən məmulatlardan mina əleyhinə “İldırım” və “Qasırğa” zirehli maşınları, “AZAD Sistemlər” müəssisəsi tərəfindən hazırlanan pilotsuz uçuş aparatların ən yeni tipli təkmilləşdirilmiş variantları, yeni növ atıcı silahlar, tank əleyhinə idarə olunan raketlə təchiz edilmiş “Gürzə” nəzarət patrul maşını, döyüş sursatları və onların partladıcı başlıqları sərgini ziyarət edənlər tərəfindən böyük maraqla qarşılandı.

Sərgi çərçivəsində hərbi-texniki əməkdaşlığın müxtəlif istiqamətləri üzrə danışıqlar aparıldı və bir sıra yeni layihələrin reallaşdırılması məsələləri müzakirə olundu.

Sərgi zamanı Müdafiə Sənayesi Nazirliyi ilə Müdafiə Nazirliyi arasında yeni növ kamikadze tipli “Zərbə” və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatlarının istehsal edilib Silahlı Qüvvələrin istifadəsinə verilməsinə dair memorandum imzalandı.

 İclasda prezident İlham Əliyev tərəfindən ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı verilən tapşırıqların yerinə yetirilməsi istiqamətində struktur bölmə, birlik və müəssisə rəhbərlərinə göstərişlər verilib.

 

mənbə :
lent.az

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir