5-ci mikrorayonda ağacları qıranlar niye tapılmır?


02.11.2015 / 15:30 xeber –

Nəsimi rayonu, 5-ci mkr,  “20 yanvar” küçəsi, bina 32 ünvanda yaşayan sakinlər evlərinin qarşısındakı yaşıllıqların məhv edilməsindən narahatdırlar.

Sakinlərin Lent.az-a bildirdiyinə görə, həmin binanın qarşısındakı ağaclar naməlum şəxslər tərəfindən dəfələrlə yerindən çıxarılıb, yaşıllıqların əkildiyi ərazidə çoxmərtəbəli binanın tikintisi nəzərdə tutulur.  

32 nömrəli binanın sakinlərinə Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfatı Departamentindən bildiriblər ki, sözü gedən ərazi satın alınıb və ərazidə hündür mərtəbəli bina tikiləcək.

 

Bakı Şəhər Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşları isə sakinlərin şikayətinə baxaraq, ərazidə heç bir tikinti işlərinin aparılmadığı və aparılmayacağını bildiriblər.

Ancaq bütün bunlara baxmayaraq, əraziyə əkilən yaşıllıqlar gecə ilə yenidən yerindən çıxarılır və boşluqlar doldurulur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 47 ədəd yeni əkilmiş sərv cinsli tinglərin çıxarılıb aparıldığı təsdiq edilib. Araşdırma zamanı, təqsirkar şəxsləri müəyyənləşdirmək mümkün olmayıb. Yaşıllığı məhv edənlər barəsində 36691 nömrəli akt tərtib edilib, barələrində qanuna müvafiq tədbirlərin görülməsi, təqsirkar şəxslərin müəyyən edilməsi üçün Nəsimi rayon Polis Şöbəsinə məktub ünvanlansa da, hələ nəticə yoxdur.

Yaşıllıqların məhvi isə davam edir. 

mənbə :
lent.az