Vladimir Putin psixi xəstədir! – “Mütəllibov tipli birini hakimiyyətə gətirməyə cəhd edir”


[r32]
“Putin psixi xəstədir. O, bu günə qədər imperiya xəstəliyindən qurtara bilməyib, Sovet imperiyasını bərpa etmək ən böyük arzusudur”.

“AzPolitika.info”nun məlumatına görə, bunları Azərbaycan parlamentinin sabiq sədri Rəsul Quliyev ovqat.com saytına müsahibəsində deyib. Eks-spiker əlavə edib ki, Putin Azərbaycan dövləti üçün ən böyük təhlükədir.

“Məsələn, Krımı işğal etmək, Donbass və Luqanskda Ukraynaya qarşı müharibə etməklə, Putinin Rusiya Federasiyasına, onun vətəndaşlarına vurduğu ziyan fantastikdir. Heç bir ağlı başında olan insan ərazisinin 90 faizinin 100 illərlə boş qalacağını bilə-bilə kiçik əraziləri işğal etməklə, ölkəsini bu səviyyədə izolyasiyaya salmazdı. Ona görə Rusiya həmişə olduğu kimi, bu gün də Azərbaycan üçün ən təhlükəli dövlətdir. Ölkəni işğal etməkdən çox, ləzgi, talış, və erməni faktorlarından istifadə etməklə, Mütəllibov tipli birisini hakimiyyətə gətirməyə cəhd edəcəkdir. Ancaq Suriyadan fərqli olaraq, Azərbaycanın qonşuları İran və Türkiyənin reqionda öz maraqları var və bu, rusları açıq təcavüzdən saxlayan faktorlardır”.

R.Quliyev deyib ki, Qərb ölkələri də Rusiyanın Azərbaycanı işğal etməsi cəhdinə qətiyyətli müqavimət göstərər.

Əli Kərimliyə, Cəmil Həsənliyə müraciət …” – Siyavuş Novruzovdan müxalifətə ŞOK MÜRACİƏT


[r32]
“İndi məni vurmaq istəyirsən, vur, mənimlə mübarizə apar! Amma o yolla yox! O, yol deyil…Mübarizəni biz kişi kimi aparırıq”

YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Musavat.com vasitəsilə sensasion müraciət edib. Hazırda Avropada mühacir həyatı yaşayan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin onun, ayrı-ayrı YAP funksionerlərinin, həmçinin dövlətin rəhbərliyində olan şəxslərin özü, yaxınları barədə səsləndirdiyi fikirlərə etiraz məqsədi daşıyan müraciəti təqdim edirik: “Mən musavat.com vasitəsilə Milli Azadlıq Hərəkatında, Meydan Hərəkatında iştirak edənlərə müraciət edirəm, desinlər, görək bu adamı o proseslərdə görüblər? Azərbaycanın müstəqilliyi, ya Qarabağ uğrunda mübarizədə onun iştirak etdiyini görən olubmu? Mən müraciət edirəm, Əbülfəz Elçibəyin ailə üzvlərinə! Allah onun özünə qəni-qəni rəhmət eləsin! Ailə üzvləri desin, bir dəfə bizim onlar haqqında təhqiramiz ifadə işlətdiyimizi eşidiblər?

Ayaz Mütəllibova müraciət edirəm. Etibar Məmmədova, İsa Qəmbərə, Sabir Rüstəmxanlıya müraciət edirəm. Milli azadlıq hərəkatında olanlara bir-bir müraciət edirəm. Heç o bunların ad-familiyasını da yaxşı bilmir, amma mən adbaad hər birinə müraciə edirəm. Onu bu hərəkatda görüblərsünüzsə, deyin! Yaxud sizin haqqınızda, ailə üzvləriniz haqqında bir kəlmə söz deyilibsə, deyin! Nemət Pənahlıya müraciə edirəm. Cəmil Həsənliyə müraciət edirəm, indi onun adından müraciət edirlər, sənin ailən, uşaqların, qohumların haqqında Yeni Azərbaycan Partiyası, yaxud dövlət tərəfindən bir kəlmə söz deyən olub? Heç kəs heç nə deməyib. Kimsə deyib, o, özü bilər, özü aydınlaşdırsın, bu, dövlətin fikri deyil”.

S.Novruzov daha sonra hərəkat yolu keçmiş, indi də siyasi arenada olan digər şəxslərə müraciət ünvanlayıb: “Arif Hacılıya, Əli Kərimliyə müraciət edirəm. Hər biri dursun, cavab versin ki, mənim ailəm, mənim evim haqqında filan söz deyilib. Mübarizəni biz kişi kimi aparırıq. Qüdrət Həsənquliyev, Fazil Qəzənfəroğlu, Fərəc Quliyev, Fəzail Ağamalı, Xanhüseyn Kazımlı, Sabir Hacıyevə, bunların hər birinə müraciət edirəm. Biri desin ki, birinin özü, ailə üzvü haqqında indiyə qədər nə isə deyilib. Kimsə bir dənə fakt, sənəd çıxarıb ortaya qoysun, mən gedim, ondan üzr istəyim.

Tahir Kərimi məhkəmə sədri ola-ola milli azadlıq hərəkatına qoşulub, sən hardaydın onda? Görmüsənmi onu? Yaxud bu dövlətin, YAP-ın nümayəndələri sənin ail üzvlərin barədə nə vaxtsa pis bir söz deyibmi?”

YAP funksioner dedi ki, bu adamlara iki sualı var: “Birincisi, Milli Azadlıq Hərəkatında, Qarabağın azad olunmasında, döyüşlərdə bu adamı görmüsünüz, yoxsa görməmisiniz?

İkincisi, 28 ildir bir-birinizlə siyasi mübarizə aparırsınız. Hüquq müdafiə təşkilatlarının hamısına, başda Novella Cəfəroğlu olmaqla müraciət edirəm. Novella xanım, sənin ailən, uşaqların, nəslin-nəcabətin haqqında mən – neçə ildir mübarizə aparırıq – bir kəlmə demişəm? Sən hüquq müdafiəçisi olanda o, adamları tutub dama qoyurdu, prokurorluq orqanlarında işləyirdi. Xahiş edirəm, mövqeyinizi bildirin! Mənə mövqe lazımdır!

Ondan sonra, Sərdar Cəlaloğlu ilə Qurban Məmmədovun adını çəkmirəm, onlar mənim qohumlarımdır, hər ikisi xalanəvəmdir. Adlarını çəksəm, deyəcəklər qohum-əqrabasını yığır. Qurban müəllimin atası Cəlal müəllim müharibə iştirakçısı olub, güllə yarası alıb, sonra da müəllimlik fəaliyyətini davam etdirib. Bizim müəllimimiz, ağsaqqalımız olub. Mənim də iki babam vuruşub. Biri, Qurban müəllimin qohumu 1943-cü ildə Ukraynada həlak olub. O biri babam Berlinə qədər gedib çıxıb. Özüm iki müharibə qəhrəmanıyam. Qəhrəman deyəndə ki, qəhrəmanlığımız bir şey deyil. Torpağımız əgər işğal altındadırsa, nə qəhrəmanlıqdan danışa bilərik? İki müharibənin iştirakçısıyam. Vikipediaya gir, orda mənim orden və medallarım haqqında gör. Elə orden var ki, onu mənə Qorbaçov verib, Allah ona lənət eləsin! Onu bir tərəfə qoyuram. Həm də mənim əxlaqım, tərbiyəm ona yol vermir ki, kimisə söyəm. Cəmil Həsənliyə, Əli Kərimliyə, digərlərinə müraciət edirəm, biri desin ki, bəli, bizi söyüb. Bəli, tənqid eləmişəm, biz siyasi mübarizə aparırıq”.

S.Novruzov bir daha Azərbaycanın ictmai-siyasi həyatında olanların hamısına müraciət etmək istədiyini vurğuladı: “Zərdüş, Araz Əlizadə qardaşlarına, Əli Əliyevə müraciət edirəm. Bu adamı görmüsünüzmü? O cümlədən bizim blogerlərin hamısına müraciət edirəm, birincisi, görmüsünüzmü? İkincisi, görmüsünüzmü ki, mən bir adam haqqında hörmətsiz bir söz deyim? Siyasi mübarizə mübarizədir. Siyasi mübarizə təhqir deyil”.

S.Novruzov Musavat.com-a açıqlamasında dedi ki, onu bu müraciəti etməyə vadar edən səbəb V.İsgəndərlinin onun, dövlət başçısının və digər şəxslərin ünvanına həqarətlər səsləndirməsidir: “Dünən youtube-də mənim haqqımda söyüş söyüb. İddia edir ki, atamın qəbrini Yeni Azərbaycan Partiyasının nümayəndələri təhqir edib. Ən müqəddəs kitabımız Qurandır. Mən də əlimi Qurana qoyuram, sən də qoy. ATƏT-ə də, Avropa Şurasına da, digər qurumlara da müraciət edirəm, xahiş edirəm, araşdırılsın. Yuxarıda silsilə ilə dedim, bir adam desin ki, 1988-ci ildən başlamış, bu günə qədər onların atasına, anasına, övladlarına qarşı kimsə çıxış edib. İndi kim çıxış edib, get, onunla mübarizə apar!

Mənim, dövlət başçısını, ümummilli liderin, Mehriban xanımın adını çəkir. Mehriban xanımın dəstək verdiyi insanların sayı-hesabı yoxdur. Nə qədər adamın ürək əməliyyatı ilə məşğuldur. Nə qədər adama köməklik edib. Hətta müraciətlər gəlir ki, evimdə televizor yoxdur, Mehriban xanımdan xahiş edirəm, mənə televizor versin, dərhal göndərilir. Bəs, sən bu cəmiyyət üçün neyləmisən?! Bax, görürsünüz, mən söyüşlə danışmırar, səmimi münasibətlə sözümü deyirəm. Həmçinin adlarını çəkdiyim adamlardan xahiş edirəm. Eyni zamanda bütün jurnalistlərdən, blogerlərdən, bütün internet istifadəçilərinə müraciət edirəm, bunu tanıyan var, ya yox?

Avropada yaşayanlardan Qəniimət Zahidə müraciət edirəm: Qənimət bəy, sən necə, nə vaxtsa özün, necə, bu adamı hərəkatda görmüsənmi? İkincisi, sənə, ailə üzvlərinə qarşı bu dövlətdən təhqir eşitmisənmi?

YAP təmsilçisi V.İsgəndərlinin atasının məzarının təhqir olunması ilə bağlı məlumatların da əsassız olduğunu vurğuladı: “Belə şey olmayıb. Bu, özü-özündən düzəldir, bütün bunlar öz-özünü məşhurlaşdırmaq istəyindən irəli gəlir. Mən bundan əvvəl də sizin qəzetə demişdim, ola bilər kiminsə səbri dözməyib. Hüquq-mühafizə orqanları da bu işlə məşğuldur. YAP-ın özü də istəyir ortaya çıxaraq ki, bunlar kimdir? Biri bir kəlmə desin, gedim, ondan üzr istəyim. Bunların ən qatı müxalifətçisi Cəmil Həsənli deyil? Bir kəlmə desin ki, mənim evim, ailəm, uşaqlarım haqqında Siyavuş Novruzov, ya Əli Əhmədov, ya YAP-ın digər nümayəndəsi bir kəlmə söz deyib. Mən gedərəm, ondan üzr istəyərəm. Özü də mən parlamentdə dini komitənin sədriyəm, əgər bu cür mövqedən çıxış etsəm, camaat mənə nə deyər? Xəlil Rzanın, Ziya Bünyadovun, İsmayıl Şıxlının, Bəxtiyar Vahabzadənin, İmam Mustafayevin ailəsinə müraciət edirəm, onlar Azərbaycanın ağsaqqal ziyalıları olublar. Qoy ailə üzvləri münasibət bildirsin”.

Sonda YAP-çı deputat V.İsgəndərlinin özünə xitab etdi: “Sən kimi təmsil edirsən? İndi məni vurmaq istəyirsən, vur, mənimlə mübarizə apar! Amma o yolla yox! O, yol deyil. Məni nə qədər söyəcəksən, mən susacağam. Neçə illər ərzində mən kiminsə evi, ailəsi haqqında bir kəlmə danışmışam? İndi durmusan orda, mənim haqqımda nə gəldi, danışırsan… Xaricdə yaşayırsan, başa düşürəm. Gəlmək istəyirsən, gəl! Gəlməyəcəksənsə, mən gəlim. Mən seçkidən sonra bu söhbəti davam etdirəcəyəm. Amma indi seçki vaxtı sən bu camaatı çaşdırırsan…”

“Rəsul Quliyev mövzusu qapandı…” – “Ayaz Mütəllibov kimi sakit oturacağına təminat…”


[r32]
“Rəsul Quliyev özü kompromisə getməyə hazır ola bilər, bu istiqamətdə açıq və gizli mesajlar da Bakıya göndərə bilər. Bunun xatirinə müxtəlif siyasi qüvvələrə qarşı doğru və ya qeyri-doğru çıxışlar da edə bilər. Amma hakimiyyətin Rəsul Quliyevlə barışacağına və onun ölkəyə dönüşünə yaşıl işıq yandırılacağına inanmıram”.

“AzPolitika”nın məlumatına görə, bunları keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli eks-spiker Rəsul Quliyevin hakimiyyətlə razılıq əsasında Azərbaycana dönməsinin mümkünlüyünü şərh edərkən bildirib.

O, “musavat.com” saytına açıqlamasında Ayaz Mütəllibov kimi, R.Quliyevə də belə bir güzəştin ediləcəyinə inanmadığını deyib: “Rəsul Quliyevin ölkəyə gəlib Ayaz Mütəllibov kimi sakit oturacağına təminatın olmadığını hakimiyyət bilməmiş deyil. Hesab edilir ki, Rəsul Quliyev gələndən sonra sakit oturacağına söz versə belə, bir müddət sonra sözünə əməl etməyəcək. Çünki o, təbiət etibarilə elə adamdır ki, mütləq siyasi aktivliyə və ya hər hansı bir siyasi karyera uğrunda mübarizəyə qoşulmağa həvəsli olacaq. Bu isə iqtidar üçün müəyyən problemlər yarada bilər. Bu və ya digər məsələlərə görə hesab edirəm ki, Rəsul Quliyevin qayıdışı reallaşmayacaq, bu mövzu qapanmışdır”.

Q.Hüseynli hakimiyyətdə olduqları dövrdə R.Quliyevin aktiv tərəfdarı olub. O, hakim komanda daxilində eks-spikerin prezidentlik təbliğatını apardığı, həmçinin, dönəmin AzTV sədrinə bu istiqamətdə gizli tapşırıqlar verdiyi üçün vəzifəsindən uzaqlaşdırılmışdı.

Lakin indi o, tamamilə haqlıdır. Hakimiyyətin nə vaxtsa R.Quliyevlə anlaşaraq, onu ölkəyə buraxacağı inandırıcı deyil. Heç buna hər hansı zərurət də yoxdur. Digər tərəfdən isə, Nyu-York kimi bir şəhərdə ailəsinin, yaxınlarının əhatəsində kifayət qədər təminatlı həyat sürən Rəsul Quliyevə də Ayaz Mütəllibov kimi Bakıya qayıtmaq lazım deyil. O, Bakıya birmənalı şəkildə məhz özünün siyasi ambisiyalarını reallaşdırmaq üçün dönmək istəyir. Hakimiyyət də bunu yaxşı bilir. Ona görə də, heç vaxt güzəştə getməyəcək.

Yeganə yol R.Quliyevin heç nədən çəkinmədən, adi reyslə, sakitcə ölkəyə dönməsi və hakimiyyəti fakt qarşısında qoymasıdır. Həbs təhlükəsi qarşısında bunu heç vaxt etməyəcəyini isə eks-spiker dəfələrlə nümayiş etdirib.

“Mənim adımdan camaatı aldadıb…” – İcra başçısı ifadə verib


[r32]
Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş prezident Ayaz Mütəllibovun mətbuat katibi işləmiş, dələduzluqda təqsirləndirilən Teylor İbrahimovun cinayət işi üzrə məhkəmə prosesinə cəlb edilən Ağdam rayon icra başçısı Raqub Məmmədovun ifadəsi məlum olub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar Mikayılovun icraatında olan prosesdə R.Məmmədov dəfələrlə məhkəməyə ifadə vermək üçün çağırılsa da, o, bundan imtina edərək teleqram göndərib və istintaqa verdiyi ifadəsini təsdiqlədiyini bildirib.

Bəs icra başçısı R.Məmmədov istintaqa nələr danışıb?

Rayon başçısı şahid kimi dindirildiyi epizodlarla bağlı prosesdən məlumatlı olduğunu deyib və T.Fətişoğlunu sayt rəhbəri kimi tanıdığını bildirib: “Teylor rayondakı tədbirlərdə iştirak edib, bunu saytında yayımlayırdı. Sonrada eşitdim ki, mənim adımdan camaatı aldadıb. Bir dəfə İsmayıl Məmmədovla birgə mənim yanıma gəldi. Onu anasının qohumu kimi təqdim edib İmamqulubəyli qəsəbə nümayəndəliyində ona iş verməyimi xahiş etdi. Mən də ona bir iş tapacağımı dedim. Bir müddət sonra İsmayıl tək gəlib məndən işi soruşdu, hələlik vakant yer olmadığını dedim. Sonra eşitdim ki, Teylor mənim adımdan ondan pul alıb. İsmayılı İcra Hakimiyyətinə çağırdım, ətrafdakıların yanında soruşdum ki, Teylor Fətişoğluna vəziyə üçün pul vermisənmi? İsmayıl “xeyr” dedi, mən də ona xəbərdarlıq etdim ki, bu məqsədlə kiməsə pul versə, ona heç bir vəzifə verməyəcəyəm. Bu məsələ beləcə qapandı.

Bir müddət sonra rayonun Üçoğlan kənd sakini Rafil Hətəmov gəlib mənə dedi ki, Su-kanal idarəsinə rəis təyin olunmaq üçün Teylora 35 min manat verib. Ondan əvvəl Teylordan telefonla mənə zəng edərək bunu xahiş etmişdi. Mən ona cavab verib demişdim ki, həmin idarəyə “Azərsu” rəhbərliyi Vüqar Qəhrəmanovu təyin edib. O ərəfədə Teylor öz saytında Vüqar haqda xoşagəlməz məlumatlar yayırdı. Teylor Rafilə də deyib ki, 35 mini guya mənə verib. Məsələyə aydınlıq gətirmək üçün elə Rafilin yanında Teylora zəng etdim. Ona dedim ki, Rafili niyə aldatmısan, o da mənə dedi ki, pulu onu vəzifəyə təyin etdirmək üçün yox, borc kimi alıb və 10 günə qaytaracaq. Mən Rafilə məsləhət görmüşdüm ki, hüquq-mühafizə orqanlarına müraciət etsin. Teylorun dediklərini Rafilə çatdırdım. O vaxtdan da Teylorla münasibətlərim pisləşdi, onun haqda rayon prokuroruğuna məlumat verdim”.

Qeyd edək ki, T.İbrahimov (Fətişoğlu) sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibi olub və bir neçə il Moskvada mühacirətdə yaşayıb. Teylor Fətişoğlu külli miqdarda pul aldığı şəxsləri vəzifəyə düzəldəcəyini vəd edirmiş. Zərərçəkənlərdən biri, İsmayıl Məmmədov icra nümayəndəsinin müavini təyin olunması müqabilində T.İbrahimova 5 min manat verib: “Dəfələrlə başçının qəbulunda oldum, mənə “sən öl” vurub dedi ki, Teylor işi həll edəcək. Raqub Məmmədov deyirdi ki, məni müavin yox, elə nümayəndə qoyacaq”.

Rəhim Qazıyevdən Ayaz Mütəllibova VİDEO-lu CAVAB


[r32]
Azadlıq.az moderator.az-a istinadən yayımlanmış “Ayaz Mütəllibov Nizami Bəhmənova deyib ki, hazırlaşın -Mayın 15-də Şuşaya dönürük…” sərlövhəli yazıya sabiq müdafiə naziri Rəhim Qazıyev bu gün videolu cavab verib.

R.Qazıyev cavab olaraq Nizami Bəhmənovun həm ibtidai istintaqa, həm də Qobustan həbsxanasında (2002-2003-cü ildə) Şuşa-Laçının işğalı üzrə gedən məhkəmə prosesındə verdiyi ifadələrin video görüntüsünü təqdim edib:

Nizami Bəhmənovun dedikləri kimin cəfəngiyyat, kimin isə doğru danışdığını ortaya qoyur. Hesab edirəm ki, əlavə izaha heç bir ehtiyac yoxdur! Nəinki nə vaxtsa ölkə Prezidenti olmuş şəxs, hətta şəxsiyyətinə zərrə qədər hörməti olan kimsə uydurmağa məcbur olduğu yalanı həqiqi fakt kimi cəmiyyətə sırımağı ləyaqətinə sığışdırmaz!”

“Ayaz Mütəllibov Nizami Bəhmənova deyib ki, hazırlaşın -Mayın 15-də Şuşaya dönürük…”


[r32]
Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov sabiq müdafiə naziri Rəhim Qazıyevin dediklərinin uydurma olduğunu söyləyir…
25 il öncə Şuşa və Laçının işğalı günlərində müdafiə naziri olmuş Rəhim Qazıyev Moderator.az-a açıqlamasında yenə də bu strateji bölgələrimizin 1992-ci il martın 5-də hakimiyyətdən kənarlaşdırılmış Ayaz Mütəllibov və AXC liderləri arasındakı hakimiyyət davasının qurbanı olduğunu ifadə edib.

“1992-ci il mayın 12-də prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədov istefa vermiş keçmiş prezident Ayaz Mütəllibovu qəbul edir. Yaqub Məmmədov Mütəllibovu yola salarkən qəbul otağında Şuşanın o vaxtkı icra başçısı Nizami Bəhmənovla qarşılaşırlar. Yenidən birlikdə Yaqub müəllimin otağına qayıdırlar. Söhbət zamanı Mütəllibov Nizami Bəhmənova deyir ki, maşınları hazırlayın, mən mayın 14-də hakimiyyətə qayıdıram, 15-də də sizi Şuşaya qaytaracam… Bunu sonradan Şuşa və Laçının işğalıyla bağlı məhkəmədə ifadə vermiş Nizami Bəhmənov özü söyləyib. Deməli, Şuşa və Laçın nəyin qurbanı olub? Hakimiyyət alverinin! Və o zaman bunların qarşısına kim çıxdı? Rəhim! Mən isə bunların heç birinin qarşısında baş əyməmişəm. Mənim Allahım var!..”
Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov isə keçmiş müdafiə nazirinin dediklərini “cəfəngiyyat” adlandırır. Eks-prezident 1992-ci il mayın 12-də Yaqub Məmmədovla görüşdüyünü, lakin Şuşanın keçmiş icra başçısı Nizami Bəhmənovu görmədiyini və ona belə sözlər söyləmədiyini bildirir. “Bu deyilənlər cəfəngiyyatdır. Özlərindən hoqqa çıxarmasınlar. Doğrudur, mən Prezident Aparatında Yaqub Məmmədovla görüşmüşəm. Və məqsədim yalnız Xocalı faciəsini araşdıran komissiyanın gəldiyi nəticəyə görə mənim bu faciədə günahsız olduğum barədə məsələni Ali Sovetdə qaldırmaq barədə Yaqub müəllimə müraciət etmək olub. Meydanlarda mitinqlər gedirdi. İstəmirdim ki, ölkədə gərginlik olsun… Həm də Xocalı faciəsinin günahının mənim boynumda qalmasını da istəmirdim Amma mən Şuşanın başçısı Nizami Bəhmənovla görüşməmişəm və ona elə sözlər deməmişəm… Bunlar hamısı cəfəngiyyatdır. Bilirsiz, hər kəs özünə bəraət qazandırmaq istəyir. Onların dedikləri uydurmadır. Mənim söylədiklərim isə həqiqətdir…”

Şuşanın işğal edildiyi günlərdə Azərbaycanın prezidenti səlahiyyətlərini icra etmiş Yaqub Məmmədovla telefon əlaqəsi yarada bilsək də, tədbirdə olduğu üçün sualımıza cavab verə bilməyəcəyini söylədi…

Lakin 2014-cü il mayın 15-də əməkdaşımızın “Həftə içi” qəzeti üçün götürdüyü müsahibədə Yaqub Məmmədovun dediklərindən belə çıxır ki, o, həqiqətən qeyd edilən tarixdə Ayaz Mütəllibovu Şuşanın keçmiş rəhbəri Nizami Bəhmənovla birlikdə qəbul edib:

”…Mayın 12-də elə şərait yarandı ki, Ali Sovetdə Ayaz Mütəllibov və Nizami Bəhmənovla birlikdə söhbət etdim. Nizami Bəhmənov qayıtdı ki, Ayaz müəllim, Xocalı faciəsini törətdilər, səni yıxmaq üçün, Şuşanı da Yaqub Məmmədovu yıxmaq üçün qəsdən verdilər. Sonra A.Mütəllibov çıxıb getdi, ancaq Nizami Bəhmənov qaldı və Şuşanın işğalı barədə əhatəli məlumat verdi. O dəqiqə baş prokuror Murad Babayevə zəng elədim ki, Nizami Bəhmənovun ifadəsini al və dərhal cinayət işi qaldırılsın. M.Babayev elə də edib cinayət işi başlatmışdı, amma iki gün sonra hakimiyyət dəyişdi və AXC bu işləri açmağa imkan vermədi…Yəni, aləm qarışdı və Şuşa yaddan çıxdı…”

AXC-nin keçmiş rəhbərlərindən Ayaz Mütəllibova cavab


[r32]
Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovun “Yeni Müsavat”a verdiyi geniş müsahibə bir sıra müzakirələr doğurub. Eks-prezident açıq şəkildə olmasa da, AXC hakimiyyətinin ünvanına üstüörtülü ittihamlar səsləndirib. Onun əsas diqqətçəkən ittihamı hakimiyyətdən gedişi ilə bağlıdır.

Mütəllibov bildirib ki, hakimiyyətdən getməyi Dağlıq Qarabağın itirilməsinə səbəb olub. Bu fikirlərlə sabiq dövlət başçısı onu istefaya getməyə məcbur edən AXC hakimiyyətini günahlandırıb. Əksəriyyət onun fikirlərinə qarşı çıxsa da, A.Mütəllibovun fikirlərini müdafiə edənlər də var. Sabiq prezidentin dediklərində həqiqətlər axtaranların əsas arqumentləri ondan ibarətdir ki, həmin dövr üçün Rusiyanın adamı sayılan bir şəxsin hakimiyyətdə qalması Azərbaycan üçün daha sərfəli idi.

AXC hakimiyyəti dövründə daxili işlər naziri olmuş İsgəndər Həmidov A.Mütəllibovun yaşlandığına görə nə dediyinin fərqində olmadığını söylədi: “Dünənki tarixdir, baxın görək, biz hakimiyyətə gələnə qədər hansı ərazilər itib, biz hakimiyyətə gələndən sonra hansı ərazilər işğal olunub. Əksinə, Dağlıq Qarabağ Ayaz Mütəllibovun vaxtında itirildi. Ondan sonra hakimiyyətdə Yaqub Məmmədov oldu və onun dövründə də Şuşa və Laçın itirildi. Ayazın dediyi yalanlara insan necə cavab verəcəyini bilmir. O yaşlanıb, şıltaqlanıb və bir az da uşaq olub. Hərəkətlərinə, danışdıqlarına fikir vermir. Sənədlər durur, işğal olunmuş torpaqların tarixi ortadadır. Ona baxanda cəbhə hakimiyyəti dövründə hansı torpaqların işğal olunduğunu görmək olar. Guya Ayaz Mütəllibov Dağlıq Qarabağa gedə bilirdi ki. 1991-ci ildə sessiya keçirdilər və qərar qəbul etdilər ki, Dağlıq Qarabağ Ermənistan ərazisidir, bu günə qədər də həmin sənəd durur, ləğv olunmayıb. Onun dedikləri absurddur, Allah ona ağıl versin. Ayaz Rusiyanın adamı idi, amma Rusiyada elə bir şəxs hakimiyyətdə idi ki, araqdan başqa heç nədən xəbəri yox idi. Araqdan içib, yıxılıb yatırdı. Hətta Bakıya gələndə qonaq yerinin yataqxanasında yata bilməmişdi, skamyada yatmışdı. O zaman Rusiyanın kimisə hakimiyyətdə saxlamaq, gedən proseslərə təsir etmək imkanları yox idi. Ayaz Mütəllibov Rusiyanın adamı idi və onlara arxalanırdısa, o zaman Xocalı faciəsi rus alayının iştirakı ilə törədilib. O zaman belə çıxır ki, o, Rusiya ilə birləşib, Xocalı soyqırımını törədib”.

Sabiq nazir Ayaz Mütəllibovun olmadığı tarixdə cəbhə hakimiyyətinə qədər itirilən Şuşa və Laçın məsələsinə də toxundu: “Yaqub Məmmədov Ayaz Mütəllibovun nümayəndəsi idi. Mayın 8-də Şuşa işğal olunanda hakimiyyətdə Yaqub Məmmədov idi, Milli Məclisin sədri kimi prezident səlahiyyətlərini icra edirdi. Tarixə baxsınlar, sonra danışsınlar. Yaqub Məmmədovun vaxtında itirilən ərazilər birbaşa Ayazın ayağına yazılmalıdır. Şuşa Dağlıq Qarabağa aiddir, amma Laçın yox. Burada cəbhə hakimiyyətinin nə günahı var? Yazıq çox yaşlanıb və nəticədə ağlını itirməkdədir. O boşuna Bakıya gəlməyib. Ona missiya verdilər ki, gəlsin Bakıya. Cəbhə hakimiyyəti 24 ildir gedib, qalanlar nə edib?”

Elçibəy iqtidarında Azərbaycanın Rusiyada səfiri işləmiş Hikmət Hacızadə eks-prezidentə daha sərt cavab verdi: “Ayaz yatır, yatır, səsi çıxmır, Xocalı faciəsinin zamanı gələndə özünü tərifləməyə başlayır, sanki yuxudan oyanır. Başqa mövzularda danışsa, daha yaxşı olardı. Qarabağ onun vaxtında getdi, Xocalı faciəsi onun vaxtında törədildi. O ordu yaratmağımıza mane oldu. Onun fikri-zikri o idi ki, Moskva ona kömək edəcək. Rusiyada sonda ona kömək etmədi. Nə qədər Rusiyaya yalvarsa da, xeyri olmadı. Ona görə də, ermənilər addım-addım torpaqlarımızı işğal edirdi, sonda da Xocalı faciəsi baş verdi. Nəticədə istefaya göndərildi”

AXC idarə heyətinin sədri olmuş, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev bunları dedi: “O zaman parlamentin üzvü idim və milli ordunun yaradılmasını təklif edəndə, onlar şəxsən mənə etiraz etdilər. Ayaz Mütəllibov heç cürə ordunun yaradılmasından söhbət gedə bilməz kimi ultimatum verdi. Yalnız qvardiya yaratmağın mümkünlüyündən danışırdı. Qvardiya da onun özünə lazım idi, özünü qorumaq üçün. Qərbi Azərbaycandan gələnlər Qarabağa yerləşdirilmişdi. Birbaşa onun göstərişi ilə həmin insanlar oradan çıxarıldı. Bütün hallarda o, rusların burada qalmasında maraqlı idi. Rusiyanın müstəmləkəsi altında qalmağımızda Ayaz Mütəllibov maraqlı idi. Hakimiyyətindən sonra Rusiyaya sığınması onu göstərdi ki, Kremlin oyuncağı idi. Yaş fərqimiz olduğuna görə onun dediklərinə dərinliyi ilə cavab vermək istəmirəm. Yaşımız uyğun olsaydı, hansısa bir görəvi daşısaydı, fərqli münasibət bildirərdim. Azərbaycan xalqının başına gələn faciələrdə Ayaz Mütəllibovun birbaşa rolu var, Xocalı və 20 Yanvar faciələrini misal çəkə bilərik. Ya bilərəkdən, ya da bilməyərəkdən böyük faciələrə səbəb oldu. O dövrdə AXC onu hakimiyyətdən bir az da tez uzaqlaşdırmasaydı, daha ciddi fəsadlar baş verə bilərdi. De-fakto olan hadisələr de-yure şəklində ermənilərin xeyrinə doğru gedə bilərdi. Azərbaycanda rus ordusunun qalmasında çox maraqlı idi, ordumuzun olmamasını istəyirdi. Ayaz Mütəllibovun danışıqlarına Azərbaycanda kiminsə inanacağına inanmıram”.

Ayaz Niyazoviç: “Qarabağın itirilməsini Rusiyanın adıyla bağlamaq düzgün deyil”


[r32]
Xocalı soyqırımına görə məsuliyyəti azərbaycanlıların üstünə atan “eks-prezident”dən daha nələr gözləmək olar?
Hər il Xocalı soyqırımının ildönümü yaxınlaşanda Azərbaycanda hakimiyyət dərəbəyliyinin əsasını qoyan Ayaz Mütəllibovun mətbuat səhifələrində peyda olması ənənəvi hal alıb.

Təəssüf ki, bu il də həmin ənənə pozulmadı – yenə 1992-ci ilin fevralında camaatı əliyalın, köməksiz vəziyyətdə erməni-rus birləşmələrilə üz-üzə qoyaraq qırğına verib, başı özünə bəzək-düzək verməyə qarışan birisi bugün utanmadan günahı kimlərinsə üstünə atır, Rusiya və İrana mədhiyyələr yağdıraraq göylərə qaldırır, bu faciədə özünün az qala heç bir günahının olmadığını söyləyərək, hətta Xocalı qətliamında bizimkilərin rolu olduğuna işarə vurmaqla, camaatın gözünə kül üfürür. Bu rəzil mənzərəyə baxıb düşünürsən ki, doğrudanmı belələri üçün müqəddəs heçnə yoxdur?

“Apreldə Rusiya müharibəni dayandırdı və…”
Mütəllibov mətbuatda gedən son müsahibəsi ilə yerini kifayət qədər bərkitdiyini göstərir və hətta onu ölkəyə buraxıb imtiyazlar verən hakimiyyətə ağıl verməkdən də çəkinmir. Azərbaycanın tutduğu siyasi xəttə münasibətdə deyir: “Biz Azərbaycan-Rusiya münasibətlərini düzgün qiymətləndirməyib, başqa partnyor seçdik, məsələn, NATO ölkəsi Türkiyəni”. Sözünü guya cəbhə hakimiyyətinə yönəltsə də, əslində Azərbaycanın indiki hakimiyyətinin də Türkiyə ilə münasibətlərini və tutduğu siyasi xətti bilməmiş deyil.

“Biz Avrasiya və Şanxay ölkələri birliyindən kənarda qalmışıq. Ancaq bu birliklərdən kənarda qalmamalıyıq”. Fikir verin, Azərbaycanın indiki hakimiyyətinin hər vəchlə müstəqilliyini və neytrallığını qorumağa, regionda söz sahibi olmağa çalışdığı, Türkiyə ilə münasibətlərə böyük prioritet qazandırdığı bir dönəmdə, bu “eks-prezident” titulunun və “rus-iran məddahlığı” virusunun daşıyıcısı ölkəni yenə boyunduruğa layiq bilir. Onun daha bir fikri: “Aprel döyüşləri onu göstərdi ki, Qarabağda müharibənin getməsinin tərəfdarları nə Rusiya, nə də İrandır. Odur ki, Rusiya tərəfi müharibəni dayandırdı və Azərbaycana bu məsələnin tezliklə sərhədlərinin dəyişdirilməyəcəyi prinsipi əsasında həll edəcəyinə söz verdilər. Rusiya və İran Cənubi Qafqazda sülhün təmin olunmasını istəyəcəklər. Odur ki, müharibənin olacağına inanıram”.

Yoldaş Mütəllibovun dediyi həmin aprel döyüşlərindən artıq bir il ötür. Özü də etiraf edir ki, Azərbaycanın irəliləməsinin qarşısını məhz Rusiya aldı və məsələnin tezliklə həll olunacağına söz verdi. Bəs hanı nəticə? Özü uzun müddət milləti rusun quyruğuna bağlayıb aldadandan sonra, indiki hakimiyyəti də eyni yola çəkir – yəqin yeni Xocalı arzusundadır! Fikirlərindəki ziddiyyətlərə baxın – “Rusiya və İran Cənubi Qafqazda sülhün təmin olunmasını istəyəcəklər. Odur ki, müharibənin olacağına inanıram”. Bu nə erməni-rus-iran budaq cümləsidir görəsən? Demək bunlar nə vaxt regionda sülh istəsələr, (hansı ki, heç vaxt istəməyiblər) müharibə olacaq… İndi özü bilər, ancaq kaş hakimiyyətdə olduğu dövrdə bu adam Rusiya və İranı sevdiyinin mində biri qədər Azərbaycanı sevəydi…

Ayaz Niyazoviç: “Xocalı qırğınında iştirak edənlərin arasında satqınlarımız da olub…”

Heydər Əliyev bunun ayağını ölkəyə basmağa qoymadı. Sözsüz ki, düz elədi. Ancaq indi bu özü və hətta parlamentdə oturdulan tör-töküntüləri gündə ağzından bir əyri avaz çıxarıb millətin ürəyini bulandırmaqla məşğuldurlar. Həmin müsahibədə Rusiyanın azərbaycanlılara iş verdiyinə eyham vurur və bunu əlində bayrağa çevirir. Ancaq özü də gözəl bilir ki, Azərbaycana rəhbərlik edənlərin, deməli həm də elə özünün hökmranlığı dövründəki “səyləri” nəticəsində çöllərə səpələnən həmvətənlərimiz Rusiyanın özü üçün böyük gəlir mənbəyidir. Rus məmuru və polisini rüşvətlə, dolanışıqla təmin edən görəsən kimlərdir? Tənbəl rusun görmədiyi ən qara və əziyyətli işlərə qatlanan görəsən kimlərdir? Rusiya cəmiyyətində yaranan mənfi emosiyaları ən rahat şəkildə kimlərin üzərinə yönəltmək olar? Əlbəttə ki, həm də bizimkilərin. Yəqin Rusiyada gündə onlarla, bəlkə də yüzlərlə rusun törətdiyi bir cinayət əməlinə yol verən (əgər o törədibsə…) Orxan Zeynalovun əli qandallı daxili işlər nazirinin qarşısına gətirilməsi və alçaldılması səhnəsini Ayaz Niyazoviç özü də müşahidə edib. Cinayətkardısa haqq qazandırmırıq – ancaq məhz azərbaycanlı olduğuna görə onun ətrafında şou düzəldilməsi qəbuledilməzdir. Ancaq bunlar siyasi şoumen və stilyaqa “eks-prezident” üçün heç bir əhəmiyyət kəsb etmir. Bunun kimiləri ancaq öz rahatlığı və məsuliyyəti kimlərinsə üzərinə atmaq düşündürür.

Qul-beçəsi olduğu Rusiyanı müdafiə edərək, öz millətini belə alçaltmağa razı olan bu şəxs görün nə deyir: “Qarabağın itirilməsini Rusiyanın adıyla bağlamaq düzgün deyil. Bizim torpaqlarımızı ermənilər zəbt ediblər”. Deməli, sayca bizdən dəfələrlə az, qeyrəti, şərəfi bütün dünyaya bəlli olan erməni öz gücünəmi bizim torpaqlarımızı zəbt edib? Biz millət olaraq bu qədərmi cılız, aciz və qorxağıq? Öz millətini bu qədər təhqir etmək və alçaltmaq olarmı? Ermənilər özləri Rusiya olmasa, Azərbaycanın ayaqları altında əzilib məhv olacaqlarını etiraf edərkən, bu şəxs kimlərin mahnısını oxuyur görəsən?

Nəhayət, Xocalı qətliamı ilə bağlı dedikləri: “Çingizin çəkdiklərindən xəbərim var. Onun çəkdiklərindən belə çıxırdı ki, Xocalı qırğınında iştirak edənlərin arasında satqınlarımız da olub. Ancaq mənə imkan vermədilər ki, Çingizin gətirdiyi faktları hərtərəfli təhlil etdirim. Yaxşı olar ki, Çingizin göstərdiklərini Azərbaycanın müvafiq orqanları təhlil etsin. Çünki söhbət milli xəyanətdən gedir”.
“Utan!” demək istəyirsən, ancaq kimə deyirsən… Bu millətin hansısa nümayəndəsinin körpə meyitini təhqir etməsinə inanmaq üçün, gərək bu millətdən olmayasan! Baxın, adam ermənilərin dediklərini deyir və az qala bu qətliamı bizimkilərin törətdiyinə eyham vurur. Doğrudan da mərhum Heydər Əliyev bilib, beləsinin Azərbaycan torpağına ayaq basmasına izin verməyib… Onun dediyi milli xəyanət isə doğrudan da olub, ancaq Xocalıda yox, Bakıda! Və bunu kim edibsə, hamı gözəl bilir! Görəsən, Azərbaycanda yerlibazlığın ilk toxumunu səpən, gədə-güdəni qudurdub millətin başına çıxaran və iki sözündən biri rus-iran olan birisinin Azərbaycanın yetim-yesirindən yığılan vergilər hesabına imtiyazlarla və pul-para ilə təmin olunması bizim üçün növbəti xəcalət nümunəsi deyilmi?

Təəssüf ki, tarixi silmək olmur və bu şəxs doğrudan da, nəvaxtsa Azərbaycana rəhbərlik edib…(AzPolitika.info)

“Təpədən dırnağa türk düşmənidir” Deputat Araz Əlizadənin müəllimi


[r32]
Əlizadələr ailəsi tək Əbülfəz Elçibəyə yox, ümumilikdə Türkçülüyə, Azərbaycançılığa düşməndilər. Mən onları çox gözəl tanıyıram, atasını da, anasını da, qardaşını da, özünü də. Atası Mübariz Əlizadə, anası Zinyət Əlizadə ilə dəfələrlə mübahisələrim, konfliktlərim olub”.

Bunu Moderator.az-a açıqlamasında deputat Araz Əlizadənin orta məktəbdə müəllimi olmuş Aydın Abbasov deyib.

A.Abbasov Nuru Paşa, Qafqaz İslam ordusu və Osmanlı ilə bağlı mübahisəli fikirlər səsləndirən deputat haqqında bunları bildirib: “Araz özü də mənim şagirdim olub. Onuncu sinifdə ona dərs keçmişəm, attestatını da mən yazmışam. Onun məzmununun nə olduğunu əla bilirəm, məzmun etibari ilə sıfırdı, heç kimdi. Tərbiyəsiz, mənliyi olmayan, satqın insandı. Heç özü də bilmir nə istədiyini, istədiyi tək şey karyeradı. Bir müddət Ayaz Mütəllibova yaltaqlandı, indi də guya Heydərçi olub. Ancaq bunda da səmimi deyil.

Bu adamın əslində Azərbaycanda yaşamağa haqqı yoxdur. Təpədən dırnağadək Türk düşmənidi, kimə, hansı agenturaya qulluq etməsi də bilinmir. Arazın oriyentasiyası Azərbaycanın milli dövlətçiliyinə, Azərbaycan Türklüyünə qarşıdır. Türklüyə nifrət edir. Araz sabah hətta Atatürkün haqqında da yaramaz fikirlər işlədə bilər. Ondan bunu da gözləyirəm”.

Aydın Abbasov daha sonra Araz Əlizadənin deputat seçilməsi haqqında da danışıb: “Onu bilmirəm ki, Arazı hansı göstəricilərinə görə deputat seçiblər. Axı kimdi o? Hakimiyyətin başbilənləri bilmirlərmi ki, Araz kimdir? Ondan nə deputat düzəldirlər? Beləsini Milli Məclisə çıxardanda elə ağzına gələni də danışar. Azərbaycanda bu dəqiqə əclaflıq o qədər böyük bir ölçü alıb ki, ağıllı adamların söz deməyə heç gücü də çatmır. Desələr də, o sözə əhəmiyyət verən belə yoxdur. Mən belə hadisələri eşidəndə, görəndə çox əsəbləşirəm, ancaq əhəmiyyət verən olmayacaq deyə cavab vermirəm”.

“Səfirlikdə demokrat, küçədə iranlı, evdə isə rus”- O biri Əlizadə də Əbülfəz Elçibəyə dil uzatdı


[r32]
“Amerika bundan əvvəl də həddindən artıq sərt siyasət aparırdı. “Çatana çatırdı, çatmayana bir daş atırdı”. İndi Tramp peşəkar siyasətçi deyil. Küçədən gəlmiş adamdır, indi gəlib oturub hakimiyyətdə. Yadınıza salın Azərbaycanın o vaxtki tarixini. Ə.Elçibəy də hakimiyyətə küçədən gəlmişdi. Başlamışdı Çini, Hindistanı, İranı parçalamağa. Baykala qədər türk dövləti qururdu. Bir ildən sonra çala-çala getdi. İndi də, Donald Tramp gəlib. Onun çox böyük iddiaları var. Onu hədələyir, bunu hədələyir. Elə bilir ki, bundan əvvəlki peşəkar siyasətçilər heç nə bacarmırdılar, indi bu bütün problemləri həll edəcək”. Mənim sözlərim deyil, hamınızın tanıdığı politoloq Zərdüşt Əlizadənin bu yaxınlarda səsləndirdiyi fikirləridir.

Demokratiyadır, heç kəs onu məcbur edə bilməz ki, politoloq dediklərinə düzəliş etsin. Amma bir məsələ də var. İnsan nə qədər istəyir tanınsın və yaxud tanınmasın, fərqi yoxdur, səhvsiz yaşamaq olmur. Mən də Zərdüştün dediklərini səhv adlandırıram. Onun əvvəllər də işlətdiyi “küçədən gəlmiş adamlar” ifadəsini birinci dəfə eşitmirəm. Amma bir şeyi dərk edə bilmirəm. İnsan politoloq ola, ölkəsində gedən milli azadlıq hərəkatında iştirak edə və keçmişi də bilərəkdən yalnış çatdıra. O kəslərə ki, böyük əksəriyyəti Zərdüşt Əlizadəni yaxşı tanıyır, onun dediklərinə heç bir ehtiyacları da yoxdur. Nəyin yalan, nəyin doğru olduğunu az-çox bilirlər, Zərdüşt yeni heç bir şey kəşf etmir. Yenə də milli azadlıq hərəkatına elmi-nəzəri cəhətdən yanaşsaydı dərd yarı idi. Məntiqlə başa salsaydı ki, Sovet imperiyası niyə dağıldı, dünyadakı hansı siyasi və iqtisadi amillər buna təsir göstərdi və o vaxtki yeni liderlər necə ortalığa çıxdı sözüm olmazdı. Elə buna görə də Zərdüştün Donald Trampın, mərhum Elçibəyin hakimiyyətə gəlməsinə münasibəti çayxana müzakirələrinin yekun nəticəsindən başqa bir şey deyil. Nə qədər eşitmək olar, 25 ildir ki, politoloq eyni fikirləri saqqız kimi çeynəyir, çala-çala danışır.

Mən mərhum Əbülfəz Elçibəylə bir yerdə işləmişəm. Ona görə də yazacaqlarım hərədə bir şübhə yarada bilər. Deyə bilərlər ki, bəlkə də bu səbəbdən politoloqun bostanına daş atıram. Elə deyil. Əvvəla, bildirim ki, milli azadlıq hərəkatında iştirakıma görə bu gün də qürur duyuram. Əgər bu dövlətin müstəqilliyinin qazanılmasında nəzərə çarpmayan bir xidmətim belə varsa kifayətdir. Səhv etmirəmsə, o vaxtlar elə Zərdüştün özü də küçələrdə, çayxanalarda dolaşırdı. Mənsə milli azadlıq hərəkatı başlamazdan öncə jurnalist idim, Xaçmazda bir gizli təşkilat yaradıb redaksiyadan idarə edirdim. AXC yaranandan sonra bu hərəkata qoşulmuşam. Zərdüşt isə indi lağa qoyduğu AXC-ni idarə edənlərdən biri olub. Vallah, əvvəllər başa düşmürdüm. Əgər AXC pis idisə Zərdüşt niyə bu təşkilatın rəhbərliyinədək gəlib çıxmışdı? Çox keçmədən anladım ki, onu bura gətirib çıxardıblar… Sonralar da qardaşı ilə birləşib Sosial Demokrat Partiyasını yaratdı. Bir ara da sözləri düz gəlməyib dartışdılar. Zərdüşt getdi, Arazsa eks-prezident Ayaz Mütəllibovu bu partiyaya həmsədr etdi. Fikirləri başqa idi. Amma anlamadılar ki, dünya dəyişişsə də Moskva göz yaşlarına inanmır. Sonra Ayaz müəllim də ambissiyalarının alınmamasını görəndə partiyadan çıxdı. İndi də vaxtilə bəyənmədiyi Əliyevlər hakimiyyətindən mənzil və pul alır, rahatca evində oturub hakimiyyəti dövründə Xocalıda baş verənləri soyuqqanlılıqla televiziya ekranlarından seyr edir. Arada yaddan çıxmasın deyə müsahibələr də verir. Özü də elə danışır ki, sanki sırağagün bu dövlətin başında oturan özü deyildi.

Milli azadlıq hərəkatının yüz minlərlə üzvü vardı. İçərisində alimi də, müəllimi də, həkimi də, bəstəkarı da, müğənnisi də, Zərdüşt bəy demişkən küçədən keçənləri də olub. Bunlar o insanlar idi ki, Qarabağ dərdi ətrafında birləşərək üsyan edirdilər. Əslində dərd dərdə qarışmışdı. Kreml çökmüşdü, imperiya can verirdi və özünü saxlamaq üçün hər cür hiyləyə əl atırdı. Yolunu tapdı da. Azərbaycanda, Gürcüstanda, Moldovada və digər bölgələrdə Kreml saatı ilə idarə olunan münaqişə ocaqları yaratdı. Bəzilərimiz bunu bildik, bəzilərimiz bilmədik. Ona görə də milyonlarla insan küçələrə axışdı. Bir fərli-başlı ölkə başçısı da yox idi ki, ətrafına yığılaydılar. Moskvanın bir bambılısı ermənilərin Bakıya qayıtmasından həvəslə danışa-danışa milləti 20 Yanvarda qırğına verdi.

Digəri isə, özündən “bakılı milləti” adlı millət düzəldib başladı ölkədə bölücülük aparmağa, işlədiyi müddətdə, ermənilər ruslarla əlbir olub Xocalı soyqırımı kimi bir qətliam törətdilər, bu adamsa utanmadan çala-çala, bala-bala aradan çıxıb Moskvaya qaçdı. Bu şəxslərin hər ikisi vəzifə kürsüsünə pillə-pillə gəlmişdilər. Oktyabryat, pioner, komsomol və partiya sıralarında əyilə-əyilə özlərinə kürsü əldə etmişdilər. Əgər Ayaz Mütəllibov xalqını dar gündə atıb qaçaraq düşmən ocağına sığındısa, bu xalq daha kimdən imdad diləməli idi ki? Hələ bu harasıdır? Moskvada oturub Azərbaycanın əleyhinə cızmaqaralar yazmağı da unutmadı. İndi deyəcəksiniz ki, mərhum Əbülfəz Elçibəy də cəmi bir il işləyə bildi. Bu belədir.

Amma həqiqətlər var ki, mütləq deyilməlidir. Etdiklərinə nəzər salaq. Bu bir ildə 75 minlik işğalçı sovet qoşunu Azərbaycandan çıxarıldı, milli valyutamız dövriyəyə buraxıldı, Milli Ordunun təməli qoyuldu, sərhədlərimiz bilindi və s. Bu adamın bir ildə bacardığı bu oldu. O işləri gördü ki, milli mənafeyimizə uyğun idi. Ona görə də daha çox Moskva və Tehranın qəzəbinə tuş gəldi. Və o da getdi. Gedəndə də düşmən ocağına getmədi. Azərbaycanda qalıb öz dədə-baba kəndinə sığındı. Mən iddia etmirəm ki, Əbülfəz Elçibəy səhvsiz idi. Bir prezident kimi onun da xətaları vardı. Amma o, Böyük Türk Millətinin vətənpərvər oğlu idi. O millətin ki, Zərdüştün onu görməyə gözü yoxdur. Onun gözünə yalnız rusbaşlılar və əmmaməli farslar görünür.

Mətləbdən uzaq düşsəm də yazmalıyam. Həyatımda ağır günlər çox olub. Onlardan biri də hakimiyyətdə olduğumuz dövrdə Kəlbəcərin işğalı günü idi. Bunu nədənsə özümə bağışlaya bilmirəm. Elə-belə xatırlamadım, səhvimiz idi.Gərək bəzi qonşu dövlətlərin fətvası ilə bizi məğlubiyyətə aparan içimizdəki satqınlara yaşamaq haqqı verməyəydik.

Bəli, Elçibəy Çindən, İrandan və digər ölkələrdə yaşayan türklərin acı taleyindən danışırdı. Bütün türk dünyasını bir araya gətirmək onun amalı idi. Arzulayırdı ki, dünya türkün gücünü görsün. Burada pis nə var ki? Necə olur ki, “Böyük Ermənistan”ın xəritəsini əllərində bayraq edən erməni liderləri hətta ayaqlarını yaladığı Rusiyadan da torpaq iddiasına düşüblər. Amma bir türk balası Elçibəy qonşu İranda yaşayan azərbaycanlıların adını çəkdiyinə görə indiyədək ittihamlara məruz qalır. Bu şəxs ideya adamı idi. Prezidentlik məqamı da çətin vaxta düşmüşdi. Amma Elçibəy heç vaxt xalqına arxa çevirmədi, onu düşmən ayağına vermədi. Dostla dost kimi, düşmənlə düşmən kimi davrandı. Bəlkə də bir prezident üçün bu yolverilməzdir. Gərək amerikansayağı gülməyi, yerindən durub gələnə dost-qardaş deməyi, müxtəlif siyasi jestlər nümayiş etdirməyi bacarasan.

Həə, Əbülfəz Elçibəy hakimiyyətdə olanda da elə özü kimi qaldı. Bu da onun növbəti “səhvi”. Çünki əsl türk kişisi idi. O kişilərdən ki, Zərdüştün onları görməyə gözü yoxdur. Ona görə də, mərhum eks-prezidenti ittiham edir ki, hakimiyyətə küçədən gəlib. Həə, küçədən gəlib. Nə olsun ki? O küçədən sən də, mən də, özünü dahi siyasətçi adlandıranlar da keçib. Amma bu küçə onları liderə çevirmədi, ayaqları ilişib kanalizasiyaya düşdülər… O isə normal bir insanın belə arzulamadığı vaxtda millətinə qısa müddət də olsa sahib çıxdı. Gedərkən də bu dövləti onun düşmənlərini çoxdan və dərindən tanıyan ləyaqətli şəxsə verdi. Tarix göstərdi ki, düz etdi. O şəxsə ki, sonralar Elçibəy rəhmətə gedəndə cənazəsi qarşısında baş əydi, layiq olduğu yerdə dəfn etdirdi. Bu da Onun böyüklüyü idi. Zərdüşt bəy, sən bunu başa düşməzsən. Ona görə yox ki, savadın çatmır. Politoloqsan, filologiya elmləri namizədisən, yəqin ki, əfsanələri və rəvayətləri yaxşı quraşdırırsan, dünyanın gəliş-gedişindən xəbərin var. Sənin içində sanki bir “naxçıvanlı, qarabağlı, ermənistanlı, nə bilim haralısa qəzəbi” var. Budur səni çaşdıran. Sən bu milləti bütöv görmək istəmirsən. Odur ki, ironiya ilə danışırsan. Sənin əqidədaşların Kremldə və Tehrandadır. Bu məqamda bir əhvalatı da danışmaq yerinə düşər. 2000-ci ilin əvvəllərində bir amerikalı diplomatla görüşdüm. Söhbət Azərbaycandakı vəziyyətdən düşdü. Zərdüştün də adını çəkib maraqlı bir fikir söylədi: “Cənab Əlizadə səfirlikdə demokratdır, küçədə iranlıdır, evdə isə rus.” Məncə vaxtilə hamının yaxşı tanıdığı amerikalı diplomat politoloqu çox düzgün təsvir edib. Nə isə…

İndi keçirəm Trampa. Zərdüşt yazır ki, onun çox böyük iddiaları var, onu-bunu hədələyir. Deməyə söz tapmıram. Amerika böyük və güclü dövlətdir, təbii ki, iddiaları da belə olmalıdır. Respublikaçılar partiyası da ən nüfuzlu siyasi təşkilatdır. Yəni bu adamların Zərdüşt qədər də ağlı yoxdur ki, Trampı dəstəklədilər? Üç əsrə yaxındır ki, demokratiyanın hakim olduğu ölkənin vətəndaşları ağılsızdırlar? Zərdüşt bəy də özünü demokrat sayır. Amma amerikalıların seçiminə də ironiya ilə baxır. Nə olsun, amerikalılar aktyor Reyqanı da, qaradərili Obamanı da özlərinə başçı seçiblər. Təəccüblü nə var ki? Amma gör dünyanı idarə edən nəhəng bir dövlət və onun seçiciləri nə günə qalıblar ki, Zərdüşt bəy prezidentlərini küçə adamı adlandırır. Artıq amerikalılar öz sözlərini deyiblər, Tramp Ağ Evin sahibidir. Daha necə idarə edəcək, bu Zərdüştlük və bizlik deyil. Çünki cənab Əlizadə Amerika cəmiyyəti üçün küçə səviyyəli bir politoloq sayıla bilər. O küçə ki, Moskvadan başlayıb Tehranda qurtarır. Zərdüşt bəy yalnız burada addımlayır. Dünyaya baxışları da bu küçənin səviyyəsindən o yana keçmir. O küçədən ki, orada həm də türkün yeri yoxdur, türk düşüncəsi düşmən sayılır.

Səndən bir xahişim var Zərdüşt ağa! Öz küçəndə qal. Bilirəm, oralarda bizlərə yer yoxdur. Amma Azərbaycan Türkünün Yolu adlanan Böyük Küçəni keçib ona həqiqi sahib çıxanlardan əlini çək!

Müqəddəs Mehdiyev
“Şimal xəbərləri” qəzetinin baş redaktoru