Türklüyümüzə düşmən kəsilənlərə mərhum şairlərdən TARİXİ CAVAB


[r32]
“Vətən çörəyi sizlərə qənim olsun”
Son günlər bəzi şəxslər, xüsusən də mötəbər kürsülərdə əyləşdirdiyimiz, taleyimizi həvalə etdiyimiz deputatlar milli kimliyimizə, Türklüyümüzə kölgə salmağa çalışırlar. İsrarla bizim Türk yox, azərbaycanlı milləti olduğumuzu iddia edir. Əvvəlcə deputat Araz Əlizadə, ardınca Arif Rəhimzadə sanki sübut etməyə çalışdılar ki, biz Azərbaycanlı millətiyik. Ən pisi də odur ki, alim adlandırdığımız bəzi “ziyalılarımız” da həmin deputatlara dəstək çıxırlar, bir sözlə, züy tuturlar. Çingiz Qacar adlı bir “akademikimiz” məqam gözləyirmiş kimi Türklüyə qarşı aşırı nifrət sərgiləyir. “Mən “türk” sözünün də əleyhinəyəm. Mənim üçün ən əziz dil Azərbaycan dilidir. Gürcü bizə “tatar”, rus ayrı söz deyir. Bu baxımdan da türklər bizə çox ziyan gətirib”-deyir.

Moderator.az olaraq Çingiz Qacara və onun kimi düşünənlərə cavab məqsədilə mərhum Xalq şairlərimiz Bəxtiyar Vahabzadənin və Zəlimxan Yaqubun hələ illər öncə Türk dili ilə bağlı səsləndirdiyi fikirləri təqdim edirik. Əlavə olaraq da bildirmək istəyirik ki, Çingiz Qacar bu millətin Bəxtiyar Vahabzadələri, Zəlimxan Yaqubları yanında heç kimdir. Və bu millətə Çingiz Qacarların dedikləri, rəhmətlik Xəlil Rza demişkən “Vız gəliyor, vız!”
Bəxtiyar Vahabzadə: “Dilimiz Azərbaycan dilidir deyənlər, bir 30 ildən sonra da deyəcəklər ki, familyamızın sonundakı “ov” da bizimdir. Bizim dilimiz Azərbaycan türkcəsidir, milliyətimiz də Azərbaycan türküdür. Bəzi yazıçılar, alimlər iddia edəndə ki, amandır, biz Türkcə yazsaq, Anadolu türklərinin dilində danışmalı olacağıq. Amma bu qətiyyən belə deyil ki, biz konstitusiyamızda Azərbaycan türkcəsi yazsaq Anadolu türkcəsində danışacağıq. Savadsız adamlar bunu məndən soruşurlar, amma bu fikri alimlər deyəndə mənə çox qəribə gəlir. Yusif Səmədoğlu deyir ki, mən 40 faiz başa düşmürəm türk dilini.
O ki, qaldı boynuna xaç salanlar Kazım bəydən sitat gətirirlər, o, bizim üçün Zərdabilərin, Mirzə Cəlillərin, Füzulilərin, Sabirlərin yanında heç nədir. O, öz dilindən imtina edib, indi mənimçün meyyar ola bilməz. Rəhmətlik Füzuli 500 il bundan əvvəl deyirdi ki, “Deyirlər ki, türk dilində yazmaq çətindir, mən bu güşvari asan eylərəm”. Sabirin dövründə birisi Osmanlı türkcəsindən şeir çevirib və altına da yazıb ki, tərcümə edəni filankəs. Sabir də yazıb ki “Əcəb gülməlisən, türkcədən türcəyə də tərcümə olar”. Bu boyda həqiqəti biz necə inkar edə bilirik, başa düşə bilmirəm. Əgər bizim dədə babamız belə deyibsə, bizim nə haqqımız var ki, bundan çıxaq”.
Zəlimxan Yaqub: “ 12-ci əsrdən bəri “Biz dünyadan gedər olduq, qalanlara salam olsun, bizim üçün xeyir-dua qılanlara salam olsun” – Yunis İmrə, “Haqqımızda dövlət vermiş fərmanı, fərman padşahındır, dağlar bizimdir” –Dadaloğlu, “Dost-dost deyə neçəsinə sarıldım, Mənim sadiq yarım qara torpaqdır”- Aşıq Veysəl, “Bizə qalan əziz borc əsirlik zamanlardan tarixi təmizləmək saxta qəhrəmanlardan”- Nəcib Fazıl, “Mən bir ceviz ağacıyam Gülhanə parkında, nə sən bunun farqındasın, nə polis farqında”- Nazim Hikmət.“Çərşənbə günündə çeşmə başında  gözüm bir alagöz xanıma düşdü”- Aşıq Ələsgər, “Mübarizə bu gün də var, yarın da, mən də onun ən ön sıralarında”- Rəsul Rza, “Ey öz doğma dilində danışmağı ar bilən fasonlu ədəbazlar, Ruhunuzu oxşamır qoşmalar, telli sazlar. Bunlar qoy mənim olsun, ancaq Vətən çörəyi sizlərə qənim olsun”- Bəxtiyar Vahabzadə. Yüzlərlə belə misal çəkmək olar. İndi deyin görək burda bilindimi ki, hansı azərbaycan dilidir, hansı türk dilidir? Eyni kökdən, eyni qaynaqdan, eyni dayaqdan, eyni mayadan gələn dilin var. Bunu niyə bölürsən, niyə parçalayırsan, niyə ayırırsan? Biz Türk sözündən, Türk nəfəsindən, Türk dilindən imtina etməklə çox şeylərimizi itiririk. Min illik tarixi həqiqətləri 60 illik siyasi çaxnaşmalara qurban vermək olmaz.
Mən də təsdiqləyirəm Azərbaycan dili olsun, ancaq Azərbaycan dili ayrılıqda o qüdrəti ifadə etmir. Bizim kökümüzdə olan ağırlığı, şirəni, barlı budaqları ifadə eləmir. Ona görə Azərbaycan Türkü ifadəsi işlənsə və Konstitusiyamızda bu cür yazılsa, hamı tərəfindən razılıqla qarşılanar. Eyni zamanda nəzərə alın ki, Cənubi Azərbaycanda yaşayan 25 milyon xalq özünə Türk deyirsə, Türkiyədəki 60 milyonluq Türk xalqı vuran qolun, görən gözün səviyyəsində sənin taleyinlə məşğul-olursa, onsuz da itirə-itirə gələn Azərbaycan xalqı bu gün nəyə görə daha böyük itkilər yaşamalıdır?”

Azadlıq.az