Azerbaycanda pulsuz internet ola biler

22:35 xeber – Bu gün Beynəlxalq Təhlükəsiz İnternet günüdür. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu gün 110 ölkədə qeyd edilir.

Beynəlxalq Təhlükəsiz İnternet günü Avropa Komissiyasının qərarı ilə 2004-cü ildə təsis edilib.

Beynəlxalq Təhlükəsiz İnternet günü Azərbaycanda da qeyd edilir. Dövlət Statistika Komitəsinin ötən ilin iyul ayına olan məlumatına görə, ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 75-ə, genişzolaqlı internet istifadəçilərinin sayı 65-ə, kompüter istifadəçilərinin sayı isə 67.8-ə bərabərdir.

Ümumi statistik məlumatlara nəzər saldıqda azərbaycanlıların internetə marağının yüksək olduğu görünür. Amma ölkəmizdə interetlə tam təmin olunmayan ərazilər və bununla bərabər sosial qruplar da var. İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) sahəsində müxətəlif addımlar atılsa da, internetlə tam təminata hələ də nail olunmayıb. Azərbaycanda internetə ehtiyacı olan sosial təbəqələrdən biri də aztəminatlı ailələrdir.

Milli Elmlər Akademiyasının elmi işçisi, İKT üzrə ekspert Cahid İsmayıloğlunun sözlərinə görə, Azərbaycanda müəyyən sosial qruplar pulsuz və ya güzəştli internetlə təmin edilə bilər.

“Ölkəmizdə aztəminatlı ailələrlə sosial müavinətlər verilir. Bu müavinətlərin tərkibinə pulsuz internet paketinin də daxil edilməsi mümkündür. Azərbaycanın əksər dövlət orqanları öz xidmətlərini online həyata keçirir. Həmin sosial imkanları az olan insanların internetə əlçatımlığı üçün addımlar atılmalıdır ki, baş verən yeniliklərdən xəbərdar olsunlar. Pulsuz internetdən həmçinin tələbələr, şagirdlərdə yararlana bilərlər”, – deyə ekspert bildirdi.


Cahid İsmayıloğlu – İKT üzrə ekspert

Ekspert bildirdi ki, sosial vəziyyəti aşağı olan insalardan internetin qiymətinin maya dəyəri alına bilər.

“Burada əyləncəli saytlara girişə və videolara baxılmasına qadağa qoyula bilər. Bu xidmətin dövlət üçün də ucuz başa gəlməsi ilə nəticələnər. Şərait yaradılmalıdır ki, insanlar marifləndirici informasiyalar əldə etsinlər. Sosial yardım alan təbəqəyə pulsuz internetin verilməsi məqsədəuyğun olardı. Çünki ölkəmizdə internet tariflərinin qiymətləri çox yüksəkdir. Avropada 2 – 3 dollara sürətli internet əldə edildiyi halda, bu Azrəbaycanda 10 -15 manata başa gəlir”, – deyə Cahid İsmayıloğlu qeyd etdi.

Cahid İsmayıloğlunun sözlərinə görə, Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu layihəni həyata keçirə bilər.

Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə əlaqə saxlamağa çalışdıq. Amma hər iki nazirlikdən münasibət öyrənə bilmədik.

Artıq dünyanın bir çox dövlətlərində bu mexanizm tətbiq edilir. Avropanın əksər dövlətlərində interentin tariflərini ucuz olduğu üçün aztəminatlı ailələr belə rahat şəkildə trafik əldə edə bilirlər. Amma bununla belə bəzi sosial qruplara güzəştlər edilir. Məsələn, şagirdlər, tələbələr və digər qayğıya ehtiyacı olan insanlar üçün internetdən pulsuz və ya güzəştli şərtlərlə istifadə edilməsi üçün şərait yaradılır. Hazırda Türkiyədə də aztəminatlı ailələrin pulsuz internetlə təmin edilməsi istiqamətində işlər aparılır.

Türkiyənin ailə və sosial siyasət naziri Səma Ramazanoğlunun sözlərinə görə, evlərində internet olmayan uşaqlar əllərində planşet başqa məkanlara getməyə məcbur olduqları üçün bu layihə həyata keçirilir. O, bildirib ki, uşaqlar internet üçün getdikləri bir çox yerdə müxtəlif təhlükələrlə üzləşirlər.


Səma Ramazanoğlu – Türkiyənin ailə və sosial siyasət naziri

Məlumdur ki, Azərbaycanda internet tarifləri MDB və Avropa dövlətləri ilə müqayisədə çox yüksəkdir. Bu səbəbdən müxtəlif sosial qruplara belə bir imkanın yaradılması uğurlu addım olardı. Suni peykimizin olması isə Azərbaycanın özünü ucuz internetlə təmin etməsinə imkan yarada bilər.

mənbə :
anspress