Goycay korpusunde tehluke qalmaqdadir – FOTO – YENİLENİB

[r32]
xeber –

Göyçay çayı üzərindəki avtomobil körpüsünün dəmir-beton dayaqları güclü selin təsiri nəticəsində dağılmaq üzrədir. Onun yanındakı piyada körpüsünü isə sel aparıb.

 

APA-nın yerli bürosunun xəbərinə görə, Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Göyçay çayı üzərindən keçən körpüsündə bu gün günorta saatlarında nəqliyyatın hərəkəti dayandırılıb. Hələ də yol açılmayıb. Göyçay şəhərinin bir hissəsində yaşayan insanların və rayonun 30-dan çox kəndinin əhalisinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.

 

Selin təsiri nəticəsində çayın üzərindən keçən təbii qaz, elektrik, rabitə və içməli su xətləri qırılıb. Kəndlərə qaz verilişi dayanıb. Hazırda FHN-nin, Göyçay rayon Polis Şöbəsinin əməkdaşları, rayon fövqəladə hallar komissiyasının nümayəndələri hadisə yerindədir.

 

Körpünün hər an dağılmaq təhlükəsi artdığı üçün 7 saatdır ki, körpüdən nəqliyyatın keçidi tam dayandırılıb, bu səbəbdən böyük tıxac yaranıb. Təhlükə artdığı üçün bu dəqiqələrdə körpüdən insanların piyada keçidinə də qadağa qoyulub.  Hər iki tərəfdə polis mühafizəsi gücləndirilib. İnsanların körpüyə yaxınlaşmaması üçün tədbirlər görülür.

 

Sel fəlakəti səbəbindən Bakı-Şamaxı-Yevlax avtomobil yolundan istifadə edən sürücülər hazırda alternativ olaraq Göyçay-Ucar-Kürdəmir-Bakı yolundan istifadə edirlər.

 

 

**** 15.23

 

Çökmə təhlükəsi ilə üzləşmiş Göyçay çayı üzərindəki körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.

 

APA-nın yerli bürosunun xəbərinə görə, körpünün üzərindən nəqliyyat vasitələrinin keçməsinə icazə verilmir. Hələ ki körpüdən insanların fərdi şəkildə istifadəsinə qadağa qoyulmayıb. 

 

Körpüdə hərəkətin dayanması ilə əlaqədar Bakı-Şamaxı-Yevlax magistralında böyük tıxac yaranıb. Minlərlə avtomobil yolda qalıb.  

 

Hazırda Göyçay çayında sel davam edir. Körpünün dağılma təhlükəsi var.

 

Qeyd edək ki, iyunun 1-də axşam saatlarından başlayaraq Göyçay, İsmayıllı, Qəbələ rayonlarına yağan güclü yağışdan sonra əmələ gələn sel suları Göyçay çayında suyun səviyyəsinin xeyli artmasına səbəb olub.

 

Göyçay şəhəri, eləcə də Cəyirli, Potu, Çərəkə və başqa kəndlərin sakinləri üçün təhlükə yaranıb. Sel suları çay yatağının genişlənməsinə səbəb olub, ətrafdakı torpaq qatını yuyaraq aparıb, əkin sahələrinə, meyvə bağlarına zərər yetirib.

 

Sel suları Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərindəki piyada və avtomobil körpüsünə də ziyan vurub. Bu gün saat 13:00 radələrində selin təsiri nəticəsində çayın üzərindəki iki beton dayaqlı piyada körpüsü yararsız hala düşüb. Hazırda sel axını davam edir və avtomobil körpüsü çökmək təhlükəsi ilə üzləşib. Artıq körpünün altındakı beton plitələri və mühafizə bəndini sel yuyaraq aparıb. Körpünü üstündəki asfalt qatında iri çatlar əmələ gəlib. Sel suları körpünü silkələyir və insanlar öz avtomobili ilə körpünün üstündən keçməyə qorxur.

 

Polis əməkdaşları hadisə yerindədir və insanları ehtiyatlı davranmağı və körpünün üstündə qalmamağı məsləhət görür.



mənbə :
Lent.az

Azerbaycanda toy qezası: 3 ölü

23:48 xeber – Göyçayda 3 nəfərin ölümü, 5 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə 21.00 radələrində Bakı-Şamaxı yolunun 190-cı kilometrliyində, Göyçay rayonun Qaraməryəm kəndi ərazisində baş verib.

“Mercedes” markalı 10 UG 540 dövlət nömrə nişanlı və “VAZ 21015” markalı 90 XL 615 dövlət nömrə nişanlı minik avtomobillər toqquşması nəticəsində 3 nəfər dünyasını dəyişib, 5 nəfər ağır xəsarət alıb.

Məlumata görə, toy karvanında olan “Mercedes” əks istiqamətli hərəkət zolağına çıxaraq, qarşıdan gələn “VAZ 21015”-lə toqquşub.

Göyçay Mərkəzi rayon Xəstəxanasından APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə zamanı Göyçayın Şahsoltanlı kənd sakini 1961-ci il təvəllüdlü Kərimova Nərgiz Vəlimirzə qızı, Qaraməryəm kənd sakini 1954-cü il təvəllüdlü Aleksandr Xanbutov, İsmayıllının Quşencə kənd sakini 1982-ci il təvəllüdlü Kamilov Fizuli Slavik oğlu dünyasını dəyişib, Şahsoltanlı kənd sakinləri 1958-ci il təvəllüdlü Qəhrəman Yediyarov, onun həyat yoldaşı 1959-cu il təvəllüdlü Rəqibə Yediyarova, 1969-cu il təvəllüdlü İsrafilov Raqib Vəlimirzə oğlu, 1988-ci il təvəllüdlü İsayev Ramin Ələkbər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasının reanimasiya və travmatologiya şöbələrinə yerləşdirilib.

Hazırda yaralıların vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

mənbə :
anspress