“AZƏRBAYCAN BÖYÜK BORCLANMAYA GEDİR” –İqtisadçı Qubad İbadoğlu

benk
“Səhmlərinin 51 faizi İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsus olan “Cənub Qaz Dəhlizi” QSC tərəfindən Azərbaycan Respublikasının dövlət zəmanəti ilə buraxılan, gəlirlik dərəcəsi illik 6.9 faiz olan istiqrazlar hazırkı şərtlərlə bahalı borc öhdəlikləri hesab oluna bilər. Odur ki, beynəlxalq maliyyə kredit təşkilatlarından borc götürmək imkanlarının mövcud olduğu zamanda belə layihələrin icrası məqsədəmüvafiq deyildir”.

Bunları iqtisadçı Qubad İbadoğlu Azərbaycan dövlətinin xarici borclarının artması ilə bağlı sosial şəbəkədə yazdığı statusunda yazır. Q.İbadoğlu mövzu ilə bağlı daha sonra yazır:
“Sadəcə Azərbaycan hökumətinin bu siyasəti borclanmaya gedərkən qarşı tərəfin şərtlərini qəbul etməmək istəyindən irəli gəlir. Odur ki, hökumət digər ölkələrdən və istiqrazlardan borc cəlb etməyə üstünlük verir. Hesab edirəm ki, Dünya Bankı institutları ilə danışıqlar davam etdirilməli və onları hesabatlılıq, şəffaflıqla bağlı şərtləri nəzərə alınmaqla əməkdaşlıq imkanları nəzərdən keçirilməlidir.

Hazırda SOCAR-ın 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılan Trans-Anadolu Boru Kəmərinin (TANAP) tikintisinə yönəldəcəyi sərmayəni maliyyələşdirmək üçün kredit resurlarına ehtiyacı vardır. ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq və onun da təxminən 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. Azərbaycan qazının nəqli üçün maliyyələşmə ciddi əhəmiyyət kəsb edir. Qeyd edək ki, təxminən 10 milyard dollar başa gələcək TANAP layihəsində SOCAR-ın 58%, “BOTAŞ”ın 30%, BP-nin 12% payı var.

Avropa İnvestisiya Bankı (EIB) Azərbaycan qazının Türkiyə və buradan Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinin icrasına 1 mlrd. avro həcmində vəsait ayırmağı planlaşdırır. Ümumiyyətlə, Türkiyənin “Botaş” şirkəti Trans-Anadolu qaz boru kəməri -TANAP layihəsinin maliyyələşdirilməsi üçün 2 milyard dollar kredit götürəcək. Elə o qədər də kredit vəsaitini əldə etmək üçün hazırda Dünya Bankı ilə aparılan danışıqların ən yaxşı halda ilin sonunda nəticə verə bilər. Xatırladım ki, digər beynəlxalq maliyyə kredit təşkilatlarının Azərbaycana əlavə kredit resursları ayırmaq qərarı Dünya Bankının qərarından asılıdır.
Əgər Dünya Bankı müsbət qərar verərsə, o halda digər beynəlxalq maliyyə-kredit institutları da bu konsorsiuma qoşula bilər. Hesablamalara görə, Azərbaycan hökuməti yaxın illərdə 5 milyard dollaradək kredit cəlb etməyi planlaşdırır”.
Azadliq.az