Bakıda ermeni çöreyi yeyenler

18:37 xeber – Bu ilin yanvar-sentyabr aylarında Rusiyanın Novosibirsk vilayətindən Azərbaycana gətirilən kartof məhsulları 4 dəfəyə qədər artıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu göstərici Rusiyanın Qərbi Sibir Dəmir Yolunun mətbuat xidməti tərəfindən yayılıb. Qurum bildirib ki, əgər 2014-cü ilin ilk 9 ayında dəmir yolu xətti ilə Azərbaycana 1,9 min ton kartof göndərilmişdisə, 2015-ci ilin müvafiq dövründə bu rəqəm 7,4 min ton, yəni 3,9 dəfə artıq olub.

Oxşar artım göstəricisi ümumilikdə ölkəyə meyvə-tərəvəz idxalında müşahidə edilir. Dövlət Gömrük Komitəsinin (DGK) statistik göstəricilərinə görə. 2015-cü ilin yanvar -sentyabr aylarında Azərbaycana 42 milyon 794 min dollarlıq meyvə-tərəvəz məhsulu idxal edilib. Bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur. Ötən ilin yanvar-sentyabr aylarında ölkəyə 17 milyon 915 min dollarlıq meyvə-tərəvəz idxal edilib.


Bakıya gətirilən Ermənistan əriyi

Həmin dövrdə ölkədən meyvə-tərəvəz ixracı isə azalıb. Əgər 2014-cü ilin yanvar-sentyabr 168 milyn 269 min dollarlıq meyvə-tərəvəz məhsulları ixrac edilmişdisə, 2015-ci ilin yanvar-sentyabr aylarında ölkədən kənara yalnız 162 milyon 441 min dollarlıq meyvə-tərəvəz göndərilib. Göründüyü kimi, ixracatda 3,46% azalma qeydə alınıb.

Bakı bazarlarını araşdıran zaman yalnız kartofun deyil, turş alçadan tutmuş subtropik meyvələrə, soğan və kartofdan tutmuş yerkökünə, kələmə qədər bütün növ meyvə-tərəvəz məhsullarının geniş səviyyədə idxal olunduğunu görmək olur. Özü də həmin məhsulların çoxu Azərbaycanda həmin meyvə və tərəvəzin mövsümü zamanı gətirilərək yerli malın satılmasına problem yaradır.

Bəzən bu meyvə-tərəvəz məhsulları Ermənistandan da gətirilir. İşbazlar Gürcüstanın Sadaxlı bazarından ermənilərdən ərik, kartof və s. məhsulları alaraq Bakıya gətirlər. Hüquq-mühafizə orqanları yeşiklərə sərilmiş qəzetlərin ermənicə olduğundan şübhələnərək dəfələrlə belə məhsulları aşkar ediblər.

Bir neçə ay əvvəl Ermənistandan elit sortdan olan ərik məhsulları xüsusilə çox gətirilirdi. İşbazlar Gürcüstandan kiloqramı 50 qəpiyə aldıqları ərikləri Ordubad əriyi adı altında 1,5 – 2 manata satırdılar. Nəticədə, Azərbaycanın daha keyfiyyətli olan, amma Bakıya nəqli baha başa gələn Ordubad ərikləri satıla bilmirdi. Bu isə Ordubadda və başqa rayonlarda kəndlilərin meyvə-tərəvəz istehsalına marağını azaldır.

İqtisadi Tədqiqatlar Mərkəzinin aqrar islahatlar üzrə eksperti Vahid Məhərrəmov yerli məhsulun bazarda xarici analoqlarına uduzmasını loqistika problemi ilə əlaqələndirir: “Azərbaycanlı fermer istehsal etdiyi məhsulu bazara çıxara bilmir. Məhsul əldən-ələ keçərək bir neçə dəfə bahalaşır. Ona görə də analoji xarici məhsullarla rəqabətə duruş gətirə bilmirlər. Kəndlidən məhsulu alaraq birbaşa Bakı piştaxtalarına gətirən strukturların qurulmasına ehtiyac var”,- deyə Vahid Məhərrəmov ANS PRESS-ə bildirib.


Vahid Məhərrəmov – İqtisadi Tədqiqatlar Mərkəzinin əməkdaşı

Aqrar ekspert həm də Azərbaycandakı əkin mədəniyyətinin çağdaş tələblərə uyğun gəlmədiyini vurğulayır: “Müasir dünyada toxumlardan tutmuş əkin mədəniyyətinə qədər qat-qat artıq və keyfiyyətli məhsul verən texnologiyalar tətbiq edilməyə başlayır. Artıq region ölkələri – Rusiya, Gürcüstan, Qazaxıstan və Özbəkistan da bu texnologiyalara yiyələnməyə başlayır. Buna görə də bizim məhsullar rəqabətdə bu ölkələrdən idxal edilən mallara uduzurlar. Kənd Təsərrüfatı Nazirliyi (KTN) mütləq bu məsələlərə diqqət yetirib, təcili tədbirlər görməlidir. KTN ilk öncə, kiçik fermer təsərrüfatlarını birləşdirməli, daha sonra onların çağdaş texnologialarla təchizi barədə düşünməlidir”.

Təbii ki, koperasiya bu probelmin həlli variantlarından biridir. Bu yol İsraildə və keçmiş SSRİ-də sınaqdan çıxmış yoldur. İsrail kibusları da sovet kolxozlarına xatırladır, indi də yüksək məhsuldarlıqlı və keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsal edir.

Amma qərbdə supermarketlərlə birbaşa işləyən ərzaq istehsalı da var. İri supermarket şəbəkələri illik satış səviyyəsini nəzərə alaraq yerli istehsalçılara məhsul sifarişi verir. Bu zaman supermarketlər keyfiyyətli məhsul istehsalı üçün müəyyən çağdaş texnologiyalar da təklif edirlər. Bu üsulun Azərbaycanda da tətbiq örnəkləri var və təxmini hesablamalara görə, belə şəbəkə şəhərlərin istehlak bazarının 40 faizinə qədərini əhatə edir. Hökumət bü cür şəbəkələrin bütün istehlak bazarını əhatə etməsini və yalnız yerli istehsala əsaslanan texnologiyalar tətbiq etməsini təmin etməlidir.

mənbə :
anspress