Maşın qiymətinə semestr imtahanı – Seyidovun sələfi ADU-da “narıncı inqilab” edir?


[r32]
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Əfqan Abdullayevin universitetdə gördüyü işlərlə bağlı ilginc məlumatlar yayılıb. BakuPost.az-a daxil olan məlumata görə, sabiq rektor, deputat Səməd Seyidov tərəfindən vaxtilə “qələmi qırılmış” Ə.Abdullayevin ADU-da iqtidara gəlişi keçmiş dekanın əl-qolunu əməlli- başlı açıb. O, universitetdə ciddi “islahat”lara başlayıb.Ə.Abdullayevin “narıncı inqilabı” ilk dövrlərdə birbaşa S.Seyidova qarşı jestlərlə müşayiət olunub.

Rektor xələfinin işdən qovduğu kadrları yenidən ADU-ya qaytarıb, kadr islahatlarında anti-seyidovçu qruplaşmanı gücləndirib və yanına alıb, üstəgəl elmi şura iclaslarında gözlənilmədən təyinatlar verib, dekan və kafedra müdirləri təyin edib.

Hazırda bu şəbəkənin formalaşması nəticəsində ADU artıq “Kooperasiya”, “ABU, “Təfəkkür”, “Bakı Biznes” kateqoriyalı təhsil müəssisələrinin gününə düşməkdədir. Rektorun yaratdığı mühit universitetdə semestr imtahanlarının keçirilmə mexanizminə ciddi təsir edir.

Məsələn, ADU-da çalışan nüfuzlu müəllimlərdən birinin redaksiyamıza dediklərinə diqqət edək:Xarici Dillər Universitetində imtahanın qiymətləri 3000-5000 manat civarında dəyişir. Fanastik rəqəmdir. Yəqin ki, kimsə buna inanmayacaq. Çünki bu dövrdə hansı tələbə 3000 manat semestrdə pul xərcləyər deyə soruşa bilərsiniz.
Amma inanın ki, tariflər belə müəyyən edilib və tələbələr arasında da xeyli sayda uşaq var ki, həmin məbləği gətirib verirlər. Adam dəhşətə gəlir ki, valideyn də buna etiraz eləmir və təxminən işlənmiş ortabab bir maşının pulunu imtahanda xərləyirlər”.
Müəllimin sözlərinə görə, ADU-da bir neçə il qabaq 10 milyonlarla manat vəsaitin mənimsənilməsi faktının sirri indiyə qədər açılmayıb və ola bilsin ki, semestrlərdən yığılan pullar oğurlanan həmin maliyyənin yerini doldurmağa yönəldilir.
BakuPost.az xatırladır ki, ADU-da maxinasiyalar S.Seyidovun rəhbərliyi dönəmində həyata keçirilmişdi və Hesablama Palatası ilə digər qurumların yoxlamaları nəticəsində bu faktlar aşkarlanmışdı.
Sonra S.Seyidov 2015-ci ildə deputat seçildiyi üçün rektor ola bilmədi, onu əvəzləyən mərhum Dünyamin Yunusov də təhsil ocağında hər hansı islahatlarla yadda qalmadı.

Ən nəhayət Səməd Seyidovun qəzəbinə tuş gələndən sonra Təhsil Nazirliyində özünə iş tapa bilmiş Əfqan Abdullayevin 2016-cı ilin sentyabrında arzuları qismən gerçəkləşdi.
Təhsil naziri onu Tədris işləri üzrə prorektor təyin etdi. Elə universitetin “qara günləri” də bundan sonra başladı. O, nazirlikdəki yüksək vəzifəli şəxslərin adından istifadə edərək Dünyamin Yunusovun işlərini pozmağa başladı.
Nəhayət, nazirliyə ötürdüyü informasiyalarla rəhbərliyin Yunusova qarşı rəyini dəyişdi. Və M. Cabbarov onu rektor əvəzi təyin etdi.
Ə.Abdullayevin gəlişi ADU-nu təhsil bazarına çevirdi: intriqalar, özbaşınalıq, dostbazlıq, qohumbazlıq, sessiya zamanı maxinasiyalar
Deyilənə görə, rektorun qəribə xasiyyəti var. O, Elmi Şuranın, fakültənin iclaslarında qəfildən hansısa xanımı təqdim edir ki, sizə dekan, yaxud kafedra müdiri qoyuram.
Bunlara Zarina və Vüsalə adlı xanımları (hər ikisini dekan təyin edib) misal çəkmək olar. Və yaxud struktur islahatları keçirir, hansısa fakültələri birləşdirir, adlarını dəyişir. Bu azmış kimi, vəzifələrə təyinatda ixtisas və elmi dərəcələr nəzərə alınmır.
Əldə etdiyimiz digər informasiyalara görə, son məlumatlardan biri universitetə təzə işə götürülmüş mühəndis Adil Balayevin hansısa saxta tender sənədinə imza atmaqdan imtina edərək istefa verməsidir.
Maraqlıdır ki, vaxtilə geniş maxinasiyalara görə S.Seyidovun qovduğu Təsərrüfat işləri ürə prorektor Tahir Hüseynovun qardaşının kürəkəni İlkin Ələkbərli üçün Hüquq şöbəsi yaradıb və onu həmin şöbəyə müdir təyin edib.
İ.Ələkbərov son olaylarda MTN-dən işdən çıxarılmış kadrlardan biridir. Adil Balayev də vaxtilə Tahir Hüseynovun yaxın adamlarından biri olub.
Bütün bu proseslər ADU-dakı nüfuzlu müəllimlərin ölkə rəhbərliyinə müraciət etməsi zərurəti yaradıb.
Eyni zamanda Bakı Slavyan Universiteti ilə Azərbaycan Dillər Universitetinin birləşdirilməsi mövzusu yenidən aktuallaşıb.
Təhsil eksperti Əjdər Ağayev də mətbuata bildirmişdi ki, bu iki universitetdə bir aspekt var, o da dildir. Yeni dillər də tədris olunmaqla iki universiteti birləşdirib, daha geniş və böyük Azərbaycan Dillər Universiteti yaratmaq olar.

Universitetdən qovulan IV kurs tələbəsindən I Vitse Prezidentə ŞİKAYƏT…


[r32]
Azərbaycan Respublikasının I Vitse Prezidenti xanım Mehriban Əliyevaya

Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakultəsinin IV kurs, 869 N-li qrup tələbəsi Şirinov Şahmar Rəsul oğlundan

SDU rektorunun mənim tələbələr sırasından xaric edilməyim barədə verdiyi əsassız əmrindən

Ş İ K A Y Ə T

Mən, 2013-cü ildə Azərbaycan Müəllimlər İnstitunun Sumqayıt Filialının Tarix və Coğrafiya fakultəsinə daxil olmuşam. Burada iki il əyani təhsil aldıqdan sonra filialın bağlanması baş verdi. Biz tələbələri Təhsil nazirinin əmrinə əsasən Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakultəsinə təhsilimizi davam etdirmək üçün köçürdülər. 2015/2016-cı tədris ili üçün tələb olunan illik 1300AZN təhsil haqqını hissə-hissə, 2016-cı ilin sentyabrın 7-də 800AZN, 25 noyabr 2016-cı ildə isə 300AZN pul ödəmişdim. 2016/2017-ci tədris ili üçün də 12.01.2017-ci il tarixində əvvəl 700AZN, 04.04.2017-ci il tarixində isə 800AZN təhsil haqqı ödəməklə III və IV kurslara görə cəmi 2600AZN olmaqla, təhsilhaqqımı tam ödəmişdim.(İllik təhsil haqqı 1300AZN-dir)

Lakin bu ödənişlərə baxmayaraq fakultə dekanı rektorun adına guya təhsil haqqını ödəmədiyim barədə xəbərim olmadan təqdimat yazmışdır. Bu təqdimatın əsasında da SDU rektoru Elxan Hüseynovun 12.04.2017-ci il tarixli, T-29/4 nömrəli əmrinə əsasən təhsil haqqını ödəmədiyimə görə tələbələr sırasından xaric edilməyim barədə əmr verilmişdir. Rektorun belə bir əmri barədə mənə aprelin sonunda məlumat verilmiş və mayın 2-dən dərsə gəlməməyim bildirilmişdir.

Xatırladım ki, hələ AMİ-nin Sumqayıt Filialında təhsil alarkən ailə vəziyyətimizin ağır iqtisadi durumunu nəzərə alan H.Əliyev Fondunun tövsiyəsilə həm mənim 1-ci və 2-ci kurslarda təhsil haqqımın, həm də atasız yaşadığımız ailəmizə məxsus Sabunçu rayonu, Anaşkin küçəsi, döngə 1 ünvanında yerləşən damı uçuq daxmamıza yerli icra hakimiyyəti tərəfindən 40 ədəd şifer yardımı edilmişdir.

Çox hörmətli Mehriban xanım! Əvvəlcə Sizə 2 il öncə kasıb ailəmizə göstərdiyiniz qayğıya görə şəxsən təşəkkürümü bildirir və çox xahiş edirəm ki, min bir əziyyət və zülmlə əldə edərək SDU-ya son 2 il üçün ödədiyimiz 2600 manat təhsil haqqının Universitetdə necə yoxa çıxmasının araşdırılmasına və mənim təhsilimi davam etdirmək üçün Təhsil Nazirliyinə və SDU rəhbərliyinə göstəriş verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildirirəm.

Redaksiyadan: Şikayətçi Banka ödəniş qəbzlərinin surətlərini və rektorun 12.04.2017-ci tarixli əmrinin surətini də göndərib.

Dekan müavini tələbələri yenə hədələdi: “Deyəsən ipinizi çox boş buraxmışıq” – VİDEO


[r32]
Dekan müavini Aytəkin Zeynalova:”Mən ultimatumu təkcə Farizə göndərməmişəm. Mən ultimatumu bütün fakültənin tələbələrinə göndərmişəm. Eşitdiniz sizə nə dedim mən? Sizin deyəsən ipinizi çox boş buraxmışıq. Lağa qoyacaq dərəcədə qalxmısınız artıq…”.

Abzas.net xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalova tələbələrə səsli mesaj göndərəndə bildirib.Gənc dekan müavini tələbələrdən birinə səsli mesaj göndərərək həmin mesajı digər tələbələrin də olduğu qrupa atmağını istəyib.

“Abırınız olsun biraz!”

O qrupunuzun ağzı göyçək tələbələri Farizi lağa qoyublar, can, bəh-bəh elədiyin müəllimən sənə ultimatum göndərir, can, bəh-bəh elədiyin müəllimən səni tənqid edir, təhqir edir… Mən ultimatumu tək Farizə göndərməmişəm. Mən səsli mesajımda göndərib demişəm ki, (nə dediyimi də çox gözəl bilirəm) dünən axşam məni Fariz, Leyla, Qoşqar əsəbləşdiriblər. Deməmişəm ki, ay Farizə töhmət verəcəm, ay Leylaya töhmət verəcəm, ay Qoşqara töhmət verəcəm. Demişəm ki, bundan sonra fakültənin mətbəxini sosial şəbəkəyə çıxardanın hamısının izahatını alıb, birinci xəbərdarlıq, ikinci töhmət verdirəcəm. Uşağa da bəsdirin mənçün orda lağa qoyub can-can, bəh-bəh elədiyin müəllimən sənçün bunları deyir… Abırınız olsun biraz!”
Daha sonra dekan müavini səsli mesajında təkrar bildirib ki, göndərdiyi mesajı tələbələrin olduğu whatsapp və ya facebook’dakı qrupa atsın və hamı da dinləsin.

Qeyd edək ki, Aytəkin Zeynalova bundan öncə də tələbələrə səsli mesaj ataraq hədələmişdi. Tələbələrə xəbərdarlıq edərək bildirmişdi ki, bir nəfər dekanlıq, hətta tutorlar haqqında facebook-da tənqidi fikirlər paylaşdıqda onlarla bağlı ciddi tədbir görüləcək.

Bakı Dövlət Universitetinin mətbuat xidməti məsələ ilə bağlı araşdırma başladıldığı bildirilib. Amma ondan sonra hadisənin araşdırılmasının əksinə tələbələrə təzyiqlər olub. Onlardan kimin saytımıza məlumatı ötürdüyünü öyrənməyə çalışıblar.

Aytəkin Zeynalova kimdir?

O, 1982-ci ildə Bakıda şəhərində anadan olub. 1999-2004-cü illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bakalavr, 2004-2006-cı illərdə isə həmin universitetin magistratura təhsilini alıb. 2007-ci ildə BDU-nun beynəlxalq jurnalistika kafedrasının doktorantı olub.
Aytəkin Zeynalova əmək fəaliyyətinə də BDU-da başlayıb. O, 2006-cı ildə Beynəlxalq jurnalistika kafedrasında baş laborant kimi fəaliyyətə başlayıb, 2011-ci ildə həmin universitetin “TEM-də Tyutorların əlaqələndirilməsi və nəzarət qrupu”nun rəhbəri olub, 2013-cu ildə isə universitetin Jurnalistika fakültəsində dekan müavini təyin olunub.

Media qurumlarından xahiş edirik ki, məlumatı yayarkən Abzas.net-ə istinad edin, bu və bundan əvvəlki səs yazısını saytımız əldə edib, sosial şəbəkələrdən götürülməyib.

Türk əsgərinə sataşan dekan istefa verdi (FOTO)


18.01.2015 12:10 xeber –

Türkiyə universitetlərindən birində tibb fakültəsi dekanı “Twitter” sosial şəbəkəsindəki yazısına görə istefa verib.

ANS PRESS-in məlumatına görə, dekan sosial şəbəkədə Türkiyə prezidentinin rəsmi iqamətgahı “Ak Saray”dakı 16 türk dövlətini təmsil edən əsgərlərdən birinə aid yazı paylaşıb. O, “Qızıl Orda” əsgərinə işarə edərək, “bu xalatla olan adam hansı bəyliyi təmsil edir, görəsən?” yazıb.

Dekan tezliklə öz yazısını silsə də, sosial mediada geniş müzakirə mövzusuna çevrilib. Bəziləri onun hətta rektor seçkilərinə təsir etmək üçün belə bir yazı paylaşdığını da deyib.

O isə bu sözləri yazmaqda heç bir xüsusi, düşünülmüş niyyətinin olmadığını bildirsə də söz-söhbət səngiməyib. Professor “gördüyüm işlər əvəzinə bir paylaşımla xatırlanmaq kədərləndirir” deyə bildirib.

Mənbə : Anspress.com