Şekerli diabeti olanlar böyrekleri nece qorumalıdır? – DİQQƏT!


15.02.2016 / 20:36 xeber –

“Yüksək təzyiq böyrək probleminin əsas əlamətidir”

 

“Əsas faktorlardan biri duzlu qidaların daha çox qəbul olunmasıdır”

 

“Hazırda şəkərli diabet dünyada ən çox yayılan xəstəliklərdən biridir. Azərbaycanda da belədir, şəkərli diabet gündən-günə gəncləşir. Xəstəliyin ən ağır fəsadlarında biri də diabetik nefropatiya, yəni böyrəklərin zədələnməsidir”.

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında həkim-nefroloq, tibb üzrə fəlsəfə doktoru, Mərkəzi Neftçilər Xəstəxanasının əməkdaşı Elnur Fərəcov deyib.

 

Ümumilikdə müxtəlif böyrək xəstəliklərinin olduğunu deyən mütəxəssis bildirib ki, onların əsas müalicə prinsipi səbəbi, yəni böyrək toxumasını zədələyən, orada çapıq yaradan halı aradan qaldırmaqdır: “Böyrək zədələnməsi davam etdikcə böyrək çatışmazlığı yarana bilər.

 

Böyrək xəstəlikləri iki mərhələdən ibarət olur. Birincisi, böyrək çatışmazlığına qədər olan mərhələ, ikincisi, böyrək çatışmazlığı diaqnozu qoyulan mərhələ. İkinci artıq  geri dönməyin mümkün olmadığı bir mərhələ olur. Ona görə də xəstələrin, onların yaxınlarının, ümumiyyətlə, bütün insanların diqqətini birinci mərhələyə yönləndirmək lazımdır.

 

Birinci və ikinci tip, yəni insulinə bağlı olan və olmayan şəkərli diabet xəstələrinin hamısında qanda şəkərin miqdarı yüksək olur. Şəkərin miqdarının yüksək olması ilk növbədə böyrəklərdə filtrasiyanı artırır. Şəkərli diabeti olanlarda filtrasiya sürətlənir, nəticədə böyrək toxuması öz unikal strukturunu itirir.

 

Belə olan halda qanda olan maddələr, ələlxüsus zülallar filtrasiya olunaraq sidikdə aşkarlanır. Ona görə də şəkərli diabetin böyrəyi zədələməsinin ilk işartısı sidiyin ümumi müayinəsi zamanı də zülalın təyini, yəni sidikdə zülalın aşkarlanmasıdır.

 

Təbii ki, sidikdə zülalın təyini təkcə diabet xəstələrində ortaya çıxmır. İstənilən halda sidikdə zülal təyin olunandan sonra ciddi müayinələrdən keçmək lazımdır.

 

Onu da deyim ki, birinci tip şəkərli diabet xəstələrində şəkərli diabet diaqnozu qoyulandan ən geci beş il sonra böyrək həkimlərinə müraciət olunmalıdır. İkinci tip şəkərli diabet xəstələri isə diaqnoz qoyulandan dərhal sonra endokrinoloq kimi böyrək həkimi, yəni nefroloqların müşahidəsi altında olmalıdırlar. Nəzərə almaq lazımdır ki, bu xəstəlik 4-5 il gizli keçir və 4-5 il sonra artıq böyrək tərəfindən zədələnmələr başlayır”.

 

Həkim təəssüflə qeyd edib ki, Azərbaycanda bir çoxları böyrəklərdə ciddi zədələnmələr başlayandan sonra nefroloqa müraciət edirlər: “Onda isə çox gec olur. Yəni bu  mərhələlərdə tədbir görmək çətinləşir. Sidikdə zülal aşkarlanan kimi tədbirlər görülməsə, xəstə müşahidə altına alınmasa, müalicə edilməsə, proses çox ağır fəsada böyrək çatışmazlığına qədər inkişaf edir.

 

Bütün bunlar baş verməsin deyə ilk növbədə şəkərli diabet xəstələrində qanda şəkərin miqdarını kontrolda saxlamaq zəruridir. Ən başlıca tədbir bu olmalıdır. Hansı xəstələr ki,   daim qanda şəkərin miqdarını normada saxlayırlar, onlarda nə böyrəklərdə, nə də digər orqanlarda ciddi fəsadlara rast gəlinir. Hətta şəkərli diabetin yaranmasından 30-35-40 il keçsə belə. Amma qanda şəkərin miqdarına nəzarət etməyən, yaxud düzgün nəzarət etməyən şəxslərdə şəkərli diabet aşkarlanandan 10-15 il sonra böyrək çatışmazlığı yaranır. Bu isə elə bir prosesdir ki, bu zaman böyrəyi qorumaq, prosesi geri qaytarmaq mümkün olmur. Əfsuslar olsun ki, belə hallar hemodializ müalicəsi və böyrək transplantasiyası ilə nəticələnir.

 

Bizim əsas məqsədimiz orqanımızı qorumaq, onun düzgün fəaliyyətinə nail olmaqdır.

Elə etmək olar ki, öz böyrəklərimiz ömrümüzün sonuna qədər düzgün şəkildə bizə qulluq etsin”.

 

Mütəxəssis vurğulayıb ki, qanda şəkəri normada saxlamaq üçün ilk növbədə pəhriz rejimi və həyat tərzində dəyişiklik zəruridir: “Az aktiv həyat tərzi keçirən insanlar fiziki aktivliklərini artırmalıdırlar. Təbii ki, artıq çəki varsa, ürək fəaliyyəti imkan verirsə, həm də idman hərəkətləri etmək lazımdır. Bunlarla ciddi nəticələr əldə etmək mümkündür.

 

Problem aşkarlanan kimi xəstəni tez bir zamanda dərmanlara yönəltmək lazım deyil.

Təbii ki, qanda şəkərin miqdarı yüksəkdirsə, fəsadlar yaranmasın deyə dərmanlar təyin olunur, amma məsələni tamamilə dərmanların üzərində qurmaq lazım deyil.

Zamanında tədbir görülsə, demək olar ki, 80-90 faiz hallarda böyrəklərdə zədələnmələr yaranmır. Yəni bu problemlə bağlı profilaktika çox önəmli bir yer tutur”.

 

E. Fərəcov onu da deyib ki, problem zamanı ən önəmli məqamlardan biri arterial təzyiqlə bağlıdır. Şəkərli diabet xəstələrində, xüsusilə stajlı xəstələrdə arterial təzyiq probleminin də inkişaf etdiyini bildirən mütəxəssis bunun səbəblərindən birinin diabetin böyrəkləri zədələməsi olduğunu vurğulayıb: “Əsas faktorlardan biri isə duzlu qidaların daha çox qəbul olunmasıdır. Ona görə də ən önəmli məsələ həm də duzsuz pəhriz məsələsidir. Duzdan mümkün qədər az istifadə olunmasına diqqət etmək lazımdır. Azərbaycan şəraitində gündəlik olaraq duzu qida rasionundan çıxarmaq lazımdır. Çünki bizim gündəlik qəbul etdiyimiz bəzi məhsullarda, məsələn, çörəyin tərkibində yetərincə duz var və duza olan ehtiyac da bununla ödənilir.

 

Əlavə olaraq duz qəbul olunmasa, bədən çəkisi normada olsa, ciddi nəticələr əldə etmək olar. Aparılan bəzi araşdırmalar göstərir ki, çəkinin bir kiloqram itirilməsi təzyiqi bir vahid aşağı salır. Yəni insan 10 kiloqram arıqlayanda təzyiq də 10 vahid aşağı düşür.

 

Yəni həm qanda şəkərin miqdarını, həm arterial təzyiqi nəzarətdə saxlamaqla böyrəklərin zədələnməsinin qarşısını almaq, ən azı bu prosesi ləngitmək olar.

 

Böyrəyi zədələyən faktorlardan biri də sidik yolları infeksiyasıdır. Daha çox xanımlarda bu problemlər yarana bilər. Bu da böyrəyi zədələyən faktordur. Ona görə də mütəmadi olaraq sidiyin müayinəsi aparılan zaman orada leykositlər, bakteriyaları, eləcə də infeksiyaya yol açan faktorlara baxmaq lazımdır. Əgər problem varsa, müalicə aparmaq lazımdır ki, onlar da əlavə olaraq böyrəyi zədələməsin”.

 

Şəkərli diabet xəstələri üçün daha bir risk faktorunun böyrək daşı xəstəliyi olduğunu bildirən nefroloq Azərbaycanda böyrək daşı probleminə çox geniş rast gəlindiyini deyib: “Çox zaman şəkərli diabetin risk faktoru kimi artıq çəki ortaya çıxır və bu zaman böyrək daşı problemi də yaranır və daş böyrəklərin zədələnməsinə zəmin yaradır. İnfeksiyalaşmış böyrək daşı ciddi fəsadlar yarada bilər. Ona görə də böyrək daşı infeksiya riski yaradıb, fəsadlaşarsa, əməliyyat edib, onu xaric etmək lazımdır”. 

 

E. Fərəcov onu da deyib ki, susuzluq, tez-tez sidiyə getmə kimi hallar varsa, ələlxüsus gecə saatlarında sidiyə getmək üçün oyanma, halsızlıq yaranırsa, nəsildə şəkərli diabet xəstələri varsa, mütləq qanda şəkərin miqdarını yoxlamaq lazımdır: “Belə hallara laqeyd yanaşmaq olmaz, bir qədər diqqətli olmaq lazımdır. Qanda şəkər təyin olunubsa və göstərici yüksəkdirsə, o zaman paralel olaraq sidiyin ümumi analizi də olmalıdır. Ümumiyyətlə, hər kəs ən azı iki ildən bir sidik müayinəsi aparmalıdır. Çox ucuz bir müayinədir və bunu hər yerdə etmək mümkündür. Sidikdə bəzi parametrlər, məsələn, zülal, qan təyin olunursa, bəzi duzlar varsa, o zaman mütləq həkim nəzarətində olmaq lazımdır.

 

Hər kəs bilməlidir ki, böyrək xəstəliyinin əsas əlaməti yüksək təzyiqdir. Əgər bir insanda heç bir problem olmayıbsa və birdən-birə yüksək arterial təzyiq müşahidə olunursa, böyrək problemindən şübhələnmək lazımdır. İkinci əsas şikayət isə göz altında və ayaqlarda şişkinliklərin olmasıdır. Böyrək xəstəliyinin 90-95 faizi tam müalicə olunur, burada erkən müraciət əhəmiyyətlidir".

 

Mütəxəssis uşaqlarda artıq çəki və çəkinin sürətlə itirilməsinin şəkərli diabetin əlaməti ola biləcəyini də vurğulayıb.

mənbə :
lent.az