Ateistlə ilahiyyatçının əbədi söhbətlərindən

niyazi

Niyazi Mehdi

Biri belə deyəndə o birisinin elə deməsi

Üçüncü dəfədir belə bir soruya cavab tapmaq istəyirəm: mən nədən dindar olsam da ateizmi sevirəm, nədən müsəlman olsam da İudaizmə, Xristianlığa, Buddizmə və s., belə heyranam?

Ötən yazımda mərhum dostum Vaqif İbrahimoğlunun «əbədi söhbət» terminindən istifadə edərək yazmışdım ki, din və ateizm arasında bitməyən (yəni əbədi) söhbət var. Biri bunu deyəndə o biri onu deyir. Kimsə söhbəti ateistin tənqidində şaxlaya bilər. O zaman belə görünəcək ki, ateizm qarşı tərəfi qatlayıb yerə çökdürüb. Başqası həmin əbədi söhbəti dinin irəli sürdüyü ittihamdan sonra kəsə bilər. O zaman elə görünəcək ki, ateistin deməyə sözü qalmayıb.

Bir örnək. Ötən dəfə söylədim ki, namazdan, Quranı sinəyə qoymaqdan, pirlərə getməkdən adamın sağalmasını möcüzə kimi sayanlara ateist gülüb deyir ki, möcüzə deyil, özünətəlqindir. Söhbəti burada kəssən ateist qalib görünəcək. Ancaq cavabında idealist filosof deyə bilər ki, özünətəlqin Tanrının insana əta etdiyi vasitədir.

Söhbəti burada kəssən, ilahiyyatçı qalib görünəcək. Burada kəsməsən, ateist filosof Karl Popperin ilahiyyatçıya cavabı gələcək. Bu filosof söyləmişdi ki, elmi diskursların (deyimlərin) qeyri-elmi diskurslardan fərqi odur ki, elmi cümlələr falsifikasiya olunurlar. Yəni elə şərtlər və şəraitlər sistemi var ki, orada elmi diskurs yalanlaşır. Qeyri-elmi diskurslar isə heç vaxt falsifikasiya olmurlar, yəni yalanlaşmırlar. Dini diskurslar, – Popper yazmışdı, – falsifikasiya olmayan deyimlərə parlaq örnəklərdir. Dinlə bağlı heç bir düşüncəni təkzib etmək olmur. Ən azı ilahiyyatçını çox dirəyəndə ya «Allah bilir» deyəcək, ya da Allahın sirlərindən danışacaq. Söhbəti burada saxlasan, Popperin sayəsində ateizm udmuş kimi görüncək. Ancaq ateist Popperin dediyini söyləyəndə ilahiyyatçı qayıda bilər ki, nəyə görə dini diskursun elmi olmaması onun eyibidir?! Elmin o qədər eyibləri var ki. Elm o qədər ideyaları elmdən dişarıda olan sənətdən, fəlsəfədən, mifolojidən alır ki. Söhbəti burada dayandırsan, ilahiyyatçı udmuş görünəcək. Ancaq elmləri dindən qabağa çıxaracaq başqa arqumentlər də var.

Din məskən kimi

Mənə din yaxındır. Hətta belə deyərdim, İslam mənə ruhumun məskəni, oylağı olduğu üçün yaxındır. Baxın, demirəm, İslam doğru din olduğu üçün mənə yaxındır. Deyirəm ruhumun məskəni olduğu üçün yaxındır. İranda yüzlərlə adam var ki, ruhanilərin mənəvi zülmü üzündən İslamdan məskən kimi üz döndəriblər. Onlara ateizm mənəvi məskən olub.

Kimlərsə krişnaçılığı, buddizmi seçəndə onlara elə gəlsə də ki, doğru dini seçirlər, əslində, mənəviyyatları üçün xoş, gözəl məskəni seçirlər. Bu məskəni, oylağı mən başqa yazılarımda «model» sözü ilə anladırdım və deyirdim ki, İslam, Xristianlıq hərəsi başqa-başqa dünya modellərini verirlər. Bunu Fərabi kimi Ortaçağ filosoflarımız belə söyləyirdilər: üstün din, aşağı din yoxdur. Allah hər irqə onun ruhuna uyğun din verib. Allaha yollar ayrı-ayrı olsalar da son mənzil birdir.

Şəhər metaforası

Dinlərlə bağlı düşündüklərimi aydın etmək üçün şəhər metaforasına keçim. Hər bir din sanki başqalarından fərqlənən şəhərdir. İnsanın onda bulunması bu şəhərdə yaşamaq kimidir. Şəhər sənə qonşuları verir. Yaşamını küçələr, bağlar, meydançalar strukturlarına yazır. O dincəlmək üçün, işləmək üçün, bazarlıq üçün yerlər, dükanlar verir. Doğma şəhər rahatlığına, gözəlliyinə ekolojisinə görə başqa şəhərə uduzmursa, ya da az uduzursa, sən oranı buraxmaq istəmirsən, hətta hansısa ayıblarını da başqa üstünlüyünə görə bağışlayırsan. Bu şəhər sənə dost-tanış, qohum-qardaş, söhbət mühitini verir. Sənin ondan dərin inciməyin yoxdursa, başqa şəhərə köçüb yaşamaq ağlına da gəlmir.

Bax, beləcə, hər bir din möminlərinə öz şəhərini, mühitini, məskənini verir. Bir şəhəri o biri şəhərdən əhalisinin sayına, suyuna, çayına, havasına görə fərqləndirib yaxşı və ya pis saymaq olar. Ancaq gerçək, həqiqət baxımından tutuşdurmaq düz olmaz. Düzdür, daha dərində gerçək/yanlış qatı var. Tutalım, ildırımı necə yayındırmaq haqqında bilik doğrudursa, onun binalarında yayındırıcı qurğu düz işləyəcək, yanlışdırsa, düz işləməyəcək. Ancaq başlıca məsələ şəhərin özünə qoyduğu məqsədə cavab verib-verməməsidir.

Bax, dinlər də elədir. İnsan necə olmalıdır, ailə necə olmalıdır, icma necə olmalıdır kimi ilişgilərə öz kurallarını verir. Bu qaydalar həmin necəlik baxımından çox yararlıdırsa, toplumu yaxşı edir. Harada kurallar köhnəlirsə, peyğəmbərlər, mənəvi atalar gəlib daha yaxşılarını qoyurlar. Peyğəmbərlər dönəmi bitəndən sonra belə işləri din islahatçıları yerinə yetirirlər. Duruma dini yanaşanlar necə dəyişmək məsələsinin qaynaqlarını vəhydə, Allahdan gələn soraqlarda tapırlar. Allah ideyası islahat ideyasını daha güclü, daha etkili edir.

Öz baxışımın izahı

İndi özümə qayıdım. Mən İslamı sevirəm öz dünyam, öz şəhərim kimi. Sevdiyim üçün başqa dinlərdən mənə əzizdir. Ancaq bilirəm ki, başqa «şəhərlər» də var. Hətta hansı məsələdəsə, tutalım, küçələrin səliqəsində mənim şəhərimdən işləri yaxşı qurublar. Bu durumda başqa şəhərin uğurlarını mənimsəməkdə ayıb heç nə olmadığı kimi dinlərin də bir-birinə etkisi normaldır.

Ateizmin verdiyi «şəhər» dinlərdən tam başqa məskən tipidir. Onun öz məskunları var, nələrisə yaxşı qurublar, nələrdəsə insanın mənəvi məsələlərini nəzərə alırbar. Mən başqa ölkələrə, başqa şəhərlərə səyyah olmaqdan ləzzət aldığım kimi İudaizmə, Xristianlığa, Buddizmə «turist səfərinə» çıxmağı sevirəm. Səyyah qırımım varsa, ateist dünyasına da gedib baxmağı istəyirəm.

Bax, “dinlər və bizlər” məsələsi budur.
Azadliq.az