Vladimir Putin niyə dayanmadan qızıl alır? – “Aqressiv xarici siyasətin göstəricisidir…”

putin
İndi hamı sakitcə qüdrətli dollara tərəf cumur. Amma buna baxmayaraq, müstəqilliyin gizli deklorasiyası kimi, Rusiya prezidenti Vladimir Putin qızıl alır və həm də çox böyük miqdarda. Təkcə yanvar ayında bu ölkənin qızıl ehtiyatı 20 ton artıb. Hazırda Rusiyanın qızıl ehtiyatı 1300 tondur. Bu arada isə siyasi dairələr Moskva ilə Qərb arasındakı yeni soyuq müharibənin başlamasından ehtiyat edirlər. Maliyyə sektorunda bu cür müharibə, demək olar ki, artıq başlayıb.

Kim ki, qızıl alır, o, Qərb valyutasının öncüllüyünə mane olur. Putinin apardığı hesablamalar da, elə məhz bunun üzərində qurulub. 1990-cı illərdən sonra Rusiya iqtisadiyyatı bir daha çətin böhranla üzləşib. Rublun qiyməti aşağı düşür və elə ona görə də, hər bir dolların hesabı gedilir.

Lakin hər necə olsa da, Putin qızıl ehtiyatını artırmağa üstünlük verir. 2005-ci ildən indiyədək Rusiyanın qızıl ehtiyatı, təxminən dörd dəfə, son 12 ayda isə 200 ton artıb. Putin nəyin bahasına olursa–olsun, dollardan yaxa qurtarmaq istəyir. Amerikanın “Eurasia Analitik Mərkəzi”nin rəhbəri Yan Bremmerın fikrinə görə, pulu bir silah kimi görmək lazımdır. Həqiqətən də Vaşinqton keçmişdə Rusiyaya təzyiq göstərmək üçün dollardan istifadə edib.
Krımın ilhaq edilməsi ilə bağlı olaraq, Qərbin tətbiq etdiyi sanksiyalar Rusiya müəssisələrinin beynəlxalq kapital bazarına çıxışını mümkünsüz hala salıb. Çünki həmin bazarda pul dövriyyəsi əsas etibarı ilə dollar vasitəsilə həyata keçirilir. İndi Putin öz ölkəsinin aparıcı dünya valyutasından asılılığını aşağı salmağa çalışır.

– Rusiya böhranlardan qorunmağa can atır

Son illərdə, Rusiya bir çox silahlı münaqişələrə girişib. Gürcüstanda Putinin ordusu dünya ictimaiyyətinin diqqətini çəkməmək üçün, öz ölkəsinin sərhəddini yavaş-yavaş, kilometlərlə qonşu ölkəyə tərəf sürüşdürüb. Rusiya sonradan Ukraynanın ərazısinə soxuldu, Suriyada İŞİD-in neft anbarlarını və Bəşər Əsədi müdafiə etmək məqsədi ilə müxalifət mövqelərini də bombaladı.

Belə bir vəziyyətdə, qızıl, Putin üçün təminat rolunu oynayır. Qızıl bir metal kimi dünyada hamı tərəfindən yüksək dəyərləndirilir və həm də onun miqdarını süni şəkildə artırmaq mümkün deyil. Onu da vurğulamaq gərəkdir ki, qızıl alan dövlət, öz maliyyəsinin axıcılığının bir hissəsini itirir. Çünki səhmlər kimi qızıl külçələrindən yaxa qurtarmaq asan olmur. Yəni onu istənilən vaxt asanlıqla satmaq çətindir. Digər tərəfdən isə, qızıl külçəsi kağız pullar kimi faiz formasında gəlir gətirmir. Ancaq buna baxmayaraq, qızıl, öz sahibini dünya valyuta bazarındakı məzənnə dalğalanmalarından qoruya bilər. Beləliklə, qızıl Rusiya üçün böhrandan qorunma mexanizmidir. Görəsən belə bir həvəslə qızılın alışı, Putinin irəlidə də aqressiv xarici siyasət aparacağına bir işarədirmi?

“Qazaxıstan ilə Qırğızıstan da qızıl eytiyatı yığır”

2008-ci ildə Qafqazdakı müharibədən sonra, Moskva mütəmadi olaraq, öz qızıl ehtiyatını artırmağa başlayıb. O zaman rus əsgərləri Gürcüstanın bir hissəsini zəbt etmişdilər. Ukrayna böhranında isə, Rusiya qızıl bazarında yenidən aktivləşmişdi. Maraqlıdır ki, Putinin təsir dairəsinə düşən digər ölkələr də öz qızıl ehtiyatlarını artırırlar. Putin tərəfindən yaradılmış Avrasiya İqtisadi İttifaqının üzvü olan Qazaxıstan artıq 40 aydır ki, durmadan qızıl alır. Aydındır ki, onun üzərində Moskvanın təsiri güclüdür.

Qazaxıstanın hərəkətlərində iqtisadi motivlər görünmür. Qazaxıstanın valyutası – təngə bir il ərzində dollara nisbətdə 47,1% geriləyib. Bir neçə gün bundan öncə “Standard & Poors” Qazaxıstanın kredit etibarlılığı reytinqini “BBB” səviyyəsinə endirib. Bu isə “zibil” reytinqindən bir pillə yuxarıdır. Qazaxıstanın “zibil” reytinqi səviyyəsinə düşməsi sadəcə olaraq zaman məsələsidir.

Avrasiya İqtisadi İttifaqının üzvlərindən biri olan Qırğızıstan da özünün qızıl ehtiyatını artırır. Rusiyaya nisbətən daha aktiv şəkildə qızıl alan yeganə ölkə Çindir. Keçən il Çinin ehtiyatı 62% yüksələrək, 1600 tona çatıb. Qızıl ehtiyatına görə, Çin dünyada beşinci, Rusiya isə altıncı yerdə gedir. Siyahıda birinci yeri Amerika tutur. Onun ardınca isə Almaniya, İtaliya və Fransa gəlir.

– Qiymətli metala olan etibarlılığın göstəricisi

Qızıl bazarı üçün Rusiya və Çinin aktiv fəaliyyəti, bu metala olan etibardan irəli gəlir. Hətta Rusiyanın, Çinin və digərlərinin heç də yaxşı iqtisadi vəziyyətdə olmamalarına və qızılın alınması üçün xeyli pul xərclənməsinə baxmayaraq, bu, onu göstərir ki, qızıla tələbat var.

Rusiyadan gələn xəbərlər qızılın qiymətini “qanadlandırıb”. Hal-hazırda bir troya unsiyasının qiyməti 1250 dollara kimi yüksəlib. İlin əvvəlindən indiyədək onun qiyməti təxminən 18 % artıb.

Görünür ki, çinlilər də rusların fəaliyyət motivləri ilə razıdırlar və maksimal şəkildə dolların və əlbəttə, eyni zamanda da Amerikanın asılılığından qurtulub sərbəstləşmək istəyirlər.

(Die Welt – Almaniya)