Müğənni İlhamə Quliyeva köməkçisini necə bıçaqlayıb?

komekci
Mərhum İlhamə Quliyevanın köməkçisinin məhkəməsi yekunlaşır. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılan Mehriban Hüseynova sonuncu prosesdə geniş ifadə verib.

Azadlıq.az Musavat.com-a istinadən xəbər verir ki, İlhamə Quliyevanın köməkçisi və prodüsseri olmuş Mehriban Hüseynova mərhum xalq artistinin əmlakını hazırladığı saxta vəsiyyətnamə ilə mənimsəməkdə öz adına keçirməkdə təqsirləndirilərək həbs edilib. İlhamə Quliyevanın ölümündən 4 ay əvvəl həbs olunan köməkçisi özünü təqsirli bilməyərək xalq artistinin oğlu Orxan və onun dostu Vüqar tərəfindən şərləndiyini deyir.
İlhamə Quliyeva ilə ilk tanışlıq

M.Hüseynova deyib ki, İlahmə Quliyevanı 9 il əvvəl tanıyıb: “İlhamə Quliyevanı tədbirlərdə iştirak edəndə görmüşəm. Tanışlığımızdan sonra İlhamə xanım bir neçə dəfə bizim evdə qonaq da olub. İlhamə xanım təklif elədi ki, prodüser-köməkçi kimi onunla işləyim. Mən onun yanında işə başlayanda oğlu Orxanla belə münasibəti yox idi. Deyirdi ki, səndən başqasına etibarım yoxdur. Mən xahiş edirdim ki, oğlu və gəlini ilə görüşsün.
Sonra İlhamə xanımın vəziyyəti ağırlaşdı. Yanından ayrılmağımı istəmirdi. Evə getməyimə də icazə vermirdi. Mənim işlərim olduğu üçün mütləq getməli idim. Anam da xəstə idi. Ancaq məni buraxmırdı. Bir neçə dəfə zəng elədi ki, evdən üzüyü, qızılları oğurlanıb. Bunu mən evdən ayrılmayım deyə edirdi. Sonra evə qayıdanda baxırdım ki, itib dediyi üzüyü barmağındadır. Soruşanda da deyirdi ki, evdə qoyduğu yerdən tapıb.
Mənim anam rəhmətə gedəndən sonra İlhamə dedi ki, “mən də təkəm. Yanımda qal”. Vəziyyəti ağırlaşanda Mərkəzi Neftçilər Xəstəxanasına apardıq. Bir müddət orada saxladıq. Özüm aylarla onun müayinəsini etmişəm”.

“Hər gün ayaqlarına qulluq edirdim”

M.Hüseynovanın sözlərinə görə, İlhamə Quliyeva ilə arasındakı münasibətlər gün keçdikcə daha da yaxşılaşıb. Və bir müddət sonra İlhamə Quliyeva ona baş etibarnamə verərək bütün işlərini görməsini istəyib: “Mənə bacı deyirdi. Hər gün ayaqlarına qulluq edirdim. Məndən başqa etibar etdiyi heç kimin olmadığını dedi. Mənə baş etibarnamə vermək istədiyini dedi. Ancaq aramızda qalmasını, gizli olmasını istədi. Qohumları belə zəng edəndə telefonu açmırdı. Mənə deyirdi ki, “aç və burada olmadığımı de””.

“Dedilər ki, ayaqları kəsilməlidir”

Mehriban Hüseynova İlhamə Quliyevanın vəziyyəti ağırlaşdıqdan sonra Türkiyəyə getdiklərini və bir neçə ay orada yaşadıqlarını deyib: “Bakıda İlhaməni həkimə aparanda dedilər ki, vəziyyəti pisdir və ayaqları kəsilməlidir. Təcili Türkiyəyə apardıq. Orada müalicə almağa başladı. 3 dəfə əməliyyat olundu. Həkimlər deyirdi ki, Mehriban quluq etməsə idi vəziyəti daha da ağırlaşa bilərdi. İlhamə dedi ki, heç kimə xəstə olduğunu deməyim. Hər kəsə demişdi ki, Avropaya istirahətə getmişik”.

İlhamə Quliyevanın evi 330 minə satılıb
M.Hüseynova onu da bildirib ki, İlhamə Quliyevanın ona verdiyi etibarnamə əsasında xalq artistinə məxsus evi 330 min manata satıb. Həmin pulu evdə saxladıqlarını deyən M.Hüseynova hər gün pulu saydığını bildirib: “Pulu saymaqdan bezmişdim. Deyirdim ki, banka qoyaq”.
“Bakıya qayıdandan sonra Orxan öyrəndi ki, anası mənə baş etibarnamə verib və əmlakını mənə bağışlamaq istəyir. Bir müddət sonra onun dostu Vüqar zəng elədi. Dedi ki, İlhamə Quliyeva ilə görüşmək istəyir. Oğlunun dələduzluq etdiyini və 95 min borcunun olduğunu söylədi. Şantaj elədi ki, pulu verməsə, bu haqda məlumatı mətbuata ötürəcək. İlhamə ilə görüşəndə onu özünə inandıra bildi. Razılaşdılar ki, 10 min manatı İlhamə ona versin. Firuzə İbadovada İlhamə xanımın 10 min manatı var idi. Onu alıb Vüqara verdik. Sonra İlhamə xanım özü də Vüqardan şübhələndi. Mən də dedim ki, onu yoxlayaraq. Mən sonradan bildim ki, Vüqarla Orxan mənə qarşı plan qurub”

Mehriban Hüseynova tələ qurarkən tələyə düşüb

Müttəhimlər kürsüsündə olan M.Hüseynova deyir ki, Vüqarla bir neçə dəfə görüşüb. Məqsədi isə onun planlarını ifşa etmək olub.

“Mən Vüqarla görüşüb, nə istədiyini soruşdum. Mənə dedi ki, əlimdə olan baş etibarnamədən istifadə edərək vəsiyyətnamə düzəldək. Mən özüm onun işinin üstünü açmaq üçün razılaşdım. Dedi ki, 4 min pul lazımdır ki, notariusda saxta vəziyyətnamə düzəltsin. İlhamənin imzasını isə özü tanışına çəkdirəcəkdi. Məndən həmin etibanaməni imzalamağımı istədi. Mən də onunla görüşdə İlhamənin əleyhinə danışırdım ki, məqsədlərinin nə olduğunu öyrənim. Deməli Vüqar mənim bu dediklərimi diktafona yazıb. Mən onu tələyə salmaq istəyərkən, onun tələsinə düşmüşəm. Məni qabaqlayıb bütün bunları İlhamə Quliyevaya çatdırıb. Ona deyiblər ki, İlhamə sənin əmlakını ələ keçirmək üçün saxta vəsiyyətnamə hazırlayır. İlhamə Quliyevanı öldürmək üçün dərmanları da Vüqar təklif etmişdi. Ancaq səs yazısında mən danışan hissəsini İlhaməyə dinlətdiriblər”.

M.Hüseynova deyir ki, bundan sonra İlhamə Quliyeva onu evinə çağırıb və həmin qalmaqallı vidoegörüntü çəkilib. Onu döyüb və diz çökdürərək İlhamə Quliyevadan üzr istədiblər.

“İlhamə zəng edib məni yanına çağırdı. Dedi ki, mənim haqqımda ona məlumatlar veriblər. Mən də gözləməsini, səbr etməsini və hər şeyin üstünü açacağımı dedim”.
Vüqarın əməlləri barəsində DİN-də çalışan qohumu İlqar Nağıyevə də məlumat verib. Qohumu isə ona məsləhət görüb ki, Orxan və Vüqardan özünü qorusun.

“İlhamə bıçağı atdı, buduma girdi”

Yaşananların davamını danışan Mehriban Hüseynova İlhamə Quliyevanın onu evinə çağırdığını və orada bıçaqlandığını deyib.

“Evə gedəndə Orxan, Vüqar və İlhaməni gördüm. Vüqarla Orxan məni döydü. Orxan dedi ki, bunu evə yox, başqa yerə aparıb lüt soyundurmaq, videosunu çəkmək, sonra da internetdə camaata göstərmək lazımdır. Səs yazılarına qulaq asırdılar. Sonra İlhamənin yanında oturanda əlinə taxta bıçağı götürüb möhkəm başıma vurdu. Yanında qaçanda bıçağı atdı, buduma girdi. Bədənimdən isti qan axdığını hiss elədim. Özümü itirdim. Gecə saat 2-yə qədər orda qaldım. Orxanla Vüqar məni döydü. Evə qayıdanda ərim vəziyyəti gördü. Ona heç kimə heç nə deməməsini söylədim. Gələndə mənə demişdilər ki, nə olubsa, aramızda qalsın, yoxa məni tutduracaqlar. Sonra İlhamə ərimə zəng elədi. Ona dedi ki, Mehribanı öldür. Nə lazmdırsa, edəcək, onun arxasında duracaq”- deyə o, ifadəsinə əlavə edib.

“İlhamə mənə şillə vurduğu üçün onun əlindən öpdü”
Hadisədən bir neçə gün sonra İlhamə Quliyeva Mehribana zəng edərək evinə çağırıb. Mehriban deyir ki, xalq artisti onu barışıq üçün evinə dəvət edib. Ancaq gedəndə başqa mənzərə ilə qarşılaşıb: “Qapı açılan kimi Kəmalə qarşıma çıxdı. Sifətimə iki şillə vurdu. Özümü itridim. Vüqar çantamı alıb yerə boşaltdı. Telefonumu və pulumu götürdü. Faiq Ələkbərli, Orxan, Vüqar da orda idi. Yenə məni təhqir eləməyə başaldılar. İlhamə mənə şillə vurduğu üçün Kəmalənin əlindən iki dəfə öpdü. Məni bir otağa salıb, dedilər ki, diz çöküm. Vüqar diz çöküb, İlhamədən üzr istəməyimi istədi. Faiq də telefonla çəkirdi. Xahiş elədim ki, çəkməsin. Amma əl çəkmədilər. Həmin səs yazılarında İlhaməni söymüşdüm. Dedim ki, bir böyük kimi onu söydüyüm üçün diz çöküb, üzr istəyəcəm. Etdim də”.

M.Hüseynova evdən ayrıldıqdan sonra 26-cı Polis Bölməsinə gedərək şikayət etdiyini deyib. Onun sözlərinə görə, daha sonra İlhamə Quliyeva həmin vidoegörüntüləri mətbuata ötürüb.
“İlhamə məndən şikayət etdi ki, mən onun əmlakını ələ keçirmək istəmişəm. Məni həbs elədilər. Həbsimdən 4 ay sonra o, öldü. Amma istintaqda dəfələrlə dedim ki, gətirin üzləşdirin. Amma baxılmadı. 9 ay davam edən istintaqda heç bir şəxslə üzləşdirilməmişəm. Sadəcə 4 dəfə müstəntiq dəyişib. Məni şərləyən Vüqarın özünü dələduzluğa görə həbs ediblər”- deyə ifadəsində əlavə edib.

M.Hüseynova İlhamə Quliyevadan aylıq 500 manat əmək haqqı aldığını və son 3 ayın pulunu ona ödənilmədiyini də deyib.

Günahsız olduğunu deyən M.Hüseynova məhkəmədən ədalətli qərar çxıarılmasını və azadlığa buraxılmasını istəyib. Növbəti məhkəmə prosesi noyabrın 29-na təyin edilib.
Azadlıq.az

İlhamə Quliyevanın mirası açıqlandı -2 MİLYON

ılhame
4 ev, 50 sot torpaq, 2 avtomobil, qızıl-zinət əşyaları

Fevralın 25-də yaşadığı mənzildə qəflətən dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın 40 mərasiminə bir neçə gün qalıb. Aprelin 4-də baş tutacaq 40 mərasimindən öncə mərhumənin vəkili Elmira Məmmədova Lent.az-a müsahibə verib. O, müsahibəsində bir çox qaranlıq məqamlardan danışıb:

– Elmira xanım, İlhamə Quliyevanın qohumları ilə oğlu arasında miras mübahisələri nə yerdədir?

– İlk öncə onu deyim ki, mən İlhamə Quliyevanın vəkilindən savayı, onun ən yaxın adamlarından biri olmuşam. Onun ölümü mənim üçün çox gözlənilməz oldu. Mirası üstündə dava isə onun nəşi evə gəlməmişdən öncə başlayıb. Həmin dava bu gün də davam edir. Bildiyiniz kimi İlhamə xanımın bütün mirasına həbs qoyulub. Orxanın əlindən hər şeyi alıblar. Mən il yarım idi ki, İlhamə xanımgilə gedib, gəlmişəm. Amma qohumlarının olduğunu heç bir zaman dilindən eşitməmişəm. Mən İlhamə xanımdan dəfələrlə soruşmuşam ki, bacıdan və ya qardaşdan nəyiniz var? Dedi ki, oğlumdan, nəvəmdən başqa heç kimim yoxdur. İndi başa düşə bilmirəm ki, niyə qohumlarının hamısı ayağa qalxıb? İlhamə xanım düz iki ay yarım xəstəxanada yatdı, amma heç bir qohum-əqrəbasını orda görmədim.

Konkret olaraq İlhamə Quliyevanın hansı qohumları miras davası edir?

– Əsas iki bacısı, dayısı oğlu və Əli Mirəliyev. İnana bilmirəm ki, İlhamə xanım vərəsəlik qoymayıb. Məncə, vərəsəlik yazıb. Çünki İlhamə xanım ölən gün mən onlara getdim, gördüm ki, qohumları evdə sənəd axtarırlar. Hətta həmin gün Orxanı kənara çəkib dedim ki, bunlar kimdi? Orxanın doğma bacısı da yanımda idi. Ondan da soruşdum. Mənə elə gəlir ki, İlhamə Quliyevanın qohumları vərəsəlik kağızını tapıb, yox etmək istəyirdilər.

– Vəkil Habil Vəliyev açıqlama verib ki, xalq artistinin yaşadığı mənzil yalnız cümə axşamları keçirilməsi üçün açıq olur. Daha sonra Orxan bəy açarları təhvil verir…

– Habil müəllimin nə dediyini deyə bilmərəm, amma İlhamə xanımın qapısı bağlanmamalı idi. Amma eşitdiyim bir məlumatı da ilk dəfə sizə demək istəyirəm ki, İlhamə Quliyevanın bacısı Gülbahar artıq xalq artistinin yaşadığı evdə yaşayır. Bu, mənim eşitdiyim bir məlumatdır. Amma anlaya bilmirəm ki, Gülbahar xanım bu günə qədər harda idi? Hər kəs bilir ki, İlhamə Quliyevanın oğlu Orxan Nadirovdur. Amma qanunlarımıza inanıram. Məhkəmədə hər şeyə aydınlıq gələcək.

– İlhamə Quliyevanın mirası nələrdir?

– İki bağı var. Biri Mərdəkanda dövlət tərəfindən verilmiş, digəri isə Buzovna yolunun üstündə. 50 sot sənədli torpağı olub. Bakının mərkəzində 4 evi var. Onlardan biri vaxtı ilə Tükəzban xanımın İzmir küçəsində yaşadığı evdir. Nəvəsinə də ev almışdı. Hətta ölməmişdən qabaq mənə evlərin açarını göstərdi. Dedi ki, nəvəm Ruslana 2 otaqlı ev almışam. Ad günündə özünə təqdim edəcəm. Bundan başqa, onun 2 maşını var. Biri “İnfiniti” digəri isə “Luimizin”. Çox sayda da qızıl-zinət əşyaları var.

– Vərəsəliklə bağlı İlhamə xanımla söhbətiniz olmuşdu?

– Hə, bir dəfə bu barədə danışdım, dedi ki, hələ mən ölmək istəmirəm. 30-40 il yaşayacam. Sonra söylədi ki, bir vəkillə danışmışam, vərəsəliyimi kimə verəcəyimi ona demişəm.

– Yəni Orxana vərəsəlik verməyib?

– Hər zaman mənə deyirdi ki, nəyim varsa, oğlumla nəvəmindir. Bir dəfə də olsun bacılarının və ya digər qohumlarının adını çəkmədi.

– Bir çoxları iddia edir ki, Orxan Nadirov qanunla İlhamə Quliyevanın oğlu sayılmır.

– Orxan İlhamə Quliyevanın oğlu deyilsə, bəs hamı niyə ona başsağlığı verir? Bəs niyə bütün mətbuat onu İlhamə Quliyevanın oğlu kimi təqdim edir? Orxan İlhamə Quliyevanın oğludur. Miras da ona qalmalıdır. Bəziləri çıxıb deyir ki, İlhamə xanım Orxanı çox istəmirdi. İstəmirdisə, bəs niyə iki dəfə toy edirdi? Biri də çıxdı dedi ki, miras əsgərlərə və ya kimsəsizlərə qalsın. Bu, düzgün deyil.

– İlhamə xanımın bacıları vərəsəliklə bağlı özlərinə vəkil tutublar?

– Yəqin ki, hə. İlhamə Quliyevanın bu boyda var-dövləti qalıb. Heç boş-boşuna buraxarlar?

– Xalq artistinin ölümündən sonra müğənni Əli Mirəliyev də mətbuata bir çox açıqlamalar verdi. Hətta iddia edildi ki, o da miras davasına çıxıb.

– Əli müəllimin hərəkətlərindən başım çıxmır. Amma o da açıq-aşkar miras davasına çıxıb.

– Amma özü bu iddiaları rəd edərək bildirmişdi ki, onun İlhamə Quliyevanın mirasında gözü yoxdur.

– Əgər mirasda gözü yoxdursa, niyə aləmi bir-birinə qatıb? Onda çəkilsin kənara. Desin ki, nə varsa, Orxanındır. Bəs bunu niyə etmir? Əli İlhamə Quliyevanın dayısının qızının yoldaşıdır. İlhamə Quliyevanın qohumu deyil.

– Bir müddət öncə mətbuatda dərc olunmuşdu ki, Orxan Nadirov cinayət məsuliyyətinə cəlb edilə bilər.

– Orxanla bağlı Binəqədidə aparılan işlə bağlı deyirsinizsə, orada çox sirlər, söhbətlər var. Hazırda iş aparılır, istintaq gedir. Lazım gəlsə, mən bu barədə açıqlama verəcəyəm. Həbs olunma xəbərinə gəldikdə isə, niyə İlhamə Quliyevanın oğlu həbs edilməlidir?

– İlhamə Quliyevanın ölümündən sonra bir çox tanınmışlar sosial şəbəkədə xalq artisti barəsində tənqidi şərhlər yazdılar.

– İlhamə xanım sağ olanda niyə çıxıb sözlərini demədilər? Öləndən sonra bəzi şou əhli ayağa qalxıb. Çünki bilirlər ki, ölülər danışmır. İlhamə Quliyevanın ölümünə sevinənlərin cavabını bircə Nadir Qafarzadə verdi. Bir də onu deyim ki, əlimdə bir çox faktlar var. 40 mərasimini gözləyirəm. 40-dan sonra bir çox məsələlərin üstünü aça bilərəm. Amma mən hələ kənardan baxıram. Mənim əlimdə istintaqa da məlum olmayan faktlar var.

– Orxan Nadirov barəsində?

– İstər Orxan barədə, istərsə də İlhamə xanım barədə bir çox məqamları bilirəm.

– İlhamə Quliyevanın mirası qohumları arasında bölüşdürülə bilərmi?

– Bəli, ehtimal var ki, İlhamə xanımın mirası qohumlar arasında da bölüşdürülə bilər. Amma biz görmüşük ki, valideyn ölər, miras övlada qalar. Bu işlə vəkil Habil Vəliyev məşğul olur.

– İlhamə Quliyevanın mirası nə qədər dəyərləndirilə bilər?

– 2 milyon olar.
Azadliq.az

İlhame Quliyevanın meyiti Teze Pir mescidinden evine getirilib – YENİLƏNİB


25.02.2016 / 18:57 xeber –

Xalq artisti ilə vida mərasimi sabah saat 12-də keçiriləcək

Bu gün ürək çatışmazlığı diaqnozu ilə dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın nəşi Təzə Pir məscidində yuyuldan sonra ailəsinə evinə gətirilib. Bu barədə Lent.az-ın Təzə Pirdəki əməkdaşına xalq artistinin oğlu Orxan Nadirov xəbər verib. 

 

Xatırladaq ki, İ.Quliyeva ilə vida mərasimi sabah saat 12-də Rəşid Behbudov adına Mahnı Teatrıda olacaq. 

**

13:44

Xalq artistinin oğlu və bacıları onun evinə gəliblər. Müğənni Əli Mirəliyev jurnalistlərə deyib ki, ötən gecə İ.Quliyeva ilə danışıb. Xalq artisti onunla telefon danışığında səhhətindən heç bir şikayət etməyib. 

**

13:20

Hazırda İlhamə Quliyevanın dünyasını dəyişdiyi evin önündə olan jurnalistlərə açıqlama verən Əli Mirəliyev deyib ki, xalq artisti ürək çatışmazlığından vəfat edib. Müğənni deyib ki, səhər saatlarında vəziyyəti pisləşən İ.Quliyevanın üzərinə təcili yardım çağırılıb. Lakin həkimlər onu həyata qaytara bilməyib. Hazırda prokurorluq əməkdaşlarının olay yerinə gəlib ekspertiza aparmaları gözlənilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən də Lent.az-a bildirilib ki, bu gün İ.Quliyevanın köməkçisi təcili yardıma zəng edib. Səhər saat 10:30-da təcili yardım maşını İ.Quliyevanın evinə çatıb. Onun ölümü ilə bağlı ilkin olaraq ürək çatışmazlığı diaqnozu qoyulub. 

 

 

**

10:34

APA-nın xəbərinə görə, xalq artistinin vəziyyəti bu gün səhər qəflətən pisləşib.

 

Təcili yardım çağırılsa da, həkimlərin müdaxiləsi nəticəsiz qalıb, İ. Quliyeva dünyasını dəyişib. 

**

12: 24

 

Xalq artisti İlhamə Quliyeva dünyasını dəyişib. 

 

Bu barədə Lent.az-a onun qohumu, müğənni Əli Mirəliyev məlumat verib. Xalq artistinin telefon nömrəsinə zəng edən Lent.az əməkdaşına Əli Mirəliyev cavab verib. O belə deyib: "İlhamə xanım artıq yoxdur". 

 

İlhamı Quliyeva 17 avqust 1943-cü ildə Bakı şəhərində anadan olub.

 

Qeyd edək ki, bu barədə ilk xəbəri Sputnik.az saytı yazıb. 

 

İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Bakı şəhərində anadan olub.

 

1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin ("Azkonsert") solistidir. 

 

 

mənbə :
lent.az