“Vergilər nazirini parodiya etmişdik, bir az sonra…” – Tahir İmanov müğənnilərin başına gələcəkləri açıqladı


[r32]
Azərbaycan şou-biznesinin tanınmış simaları Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun fəaliyyətini kəskin tənqid edən klipin hazırlaması ictimaiyyətdə böyük marağa səbəb olub. Klipdə məşhur müğənnilərin etirazını Sevda Yəhyayeva, Manana, Elnarə Xəlilova, Samir Piriyev, Nadır Qafarzadə, Tünzalə Ağayeva, Çingiz Mustafayev, İlhamə Qasımova və başqaları musiqiyə çevirib. Nəticədə, H.Abutalıbovun bütün təşəbbüslərinin lağa qoyulduğu istehzalı mahnı alınıb.

Sonradan məlum olub ki, yayılan klip əslində “Planet Parni iz Baku” teatrının ötən ilin aprel ayında keçirdiyi konsertdən çıxarılıb. Qalmaqallı kliplə bağlı teatrın rəhbəri Tahir İmanov musavat.com danışıb:

– “Yaxşı ki, “Haqqın.az” saytı bizi yada salır, yoxsa bizi heç kəs xatırlamazdı. İki ildir ki, biz “qaralanmışıq”, biriniz də soruşmursuz ki, ay “Planet Parni iz Baku”nun kollektivi necəsiz, necə yaşayırsız, necə dolanırsız, ac-susuzsuz? Bir nəfər də zəng edib bu haqda soruşmur. Amma bir video çıxdı, hansı ki, bizim üslubumuza uyğundur və burda sensasiya yoxdur, 25 ildir ki, bu işlə məşğul olmuşuq, həmin formatdır, hamı başladı məni, bizim kollektivi axtarmağa… Nə oldu bəs birdən-birə?

– Klip nə zaman yaranıb?

– Bunu bilmək üçün ilk növbədə bizim sənətimizi daim izləmək lazımdır. Hər il aprel ayında tamaşa ilə çıxış edirik və bu ənənəyə sadiqik. Son illərdə tamaşalarımıza maksimum 1-2 xəbər saytı gəlir, hansı ki, onlara zəng edib özüm dəvət edirəm, bildirirəm ki, gəlin heç olmasa xəbəriniz olsun. Sanki bu haqda tapşırıq verilib ki, “Planet Parni iz Baku”nun kollektivini yaddan çıxardın, onların tamaşalarını işıqlandırmayın, ancaq “geydirmə” və bayağı yumoru təbliğ edin. Yəni, məndə bu cür təəssürat yaranıb və bu cür təəssüratımın yaranmasına haqqım var. Əgər müxbirlər bizim sonuncu, ötən ilin aprel ayında keçirilən tamaşamızda olsaydılar, bilərdilər ki, bu klip həmin tamaşadandır. Necə olub ki, zamanında bunu işıqlandırmayıblar? Yəqin ki, ya tamaşanı pis izləyiblər, ya da ki, onların yumordan, satiradan anlayışı yoxdur. Necə ola bilər axı, həmin klip tamaşanın ən yadda qalan, gurultulu alqışlarla qarşılanan nömrəsi idi.

– Necə düşünürsüz, niyə klip məhz iki gün öncə mətbuatda yayılmağa başladı?

– Mən düşünürəm ki, kimsə yenə də bizim münasibətlərimizi vurmaq, bizi pis görkəmdə təqdim etmək istəyir və s… Amma Hacıbala Abutalıbov bizim çox hörmət etdiyimiz merdir. Onun çox gözəl yumor hissi var, düşünürəm ki, provakasiya alınmayacaq. Təbii ki, onun ətrafında elə insanlar var ki, bizim aramızı həmişə vurmağa çalışıblar. Bu haqda mətbuata açıqlamalarımda da demişəm ki, Bakı Şəhər İcra Hakimiyyəti bir müddət bizim afişalarımızın şəhərdə asılmasına icazə vermirdi.

Bu parodiyalara görə idi?

– Yəqin ki… Və yəqin ki, kimsə Hacıbala Abutalıbovun qarşısında xal qazanmaq istəyirmiş. Mən belə düşünürəm, amma ola bilər ki, səhv edirəm. İndi də ola bilər ki, həmin qüvvələr bizim aramızı vurmaq istəyir, yaxud birbaşa bizə qadağa qoyan məmurlar bunu edir. Başqa heç kəsi günahlandıra bilmirəm. Bir daha qeyd edirəm, bu parodiyaların, tənqidlərin əsası 90-cı illərdən qoyulub. Əgər yadınızdadırsa, biz bütün məmurları parodiya etmişik. Hətta parodiya etdiklərimizin bir çoxu artıq dünyasını dəyişib. Məsələn, Natiq Əliyev… Halbuki mən onu dəfələrlə parodiya etmişəm. Parodiyalar həmişə olub və olacaq da… Və birdən-birə “ay “Planet Parni iz Baku” belə elədi… “, “Ulduzlar Hacıbala Abutalıbova qarşı çıxış etdilər” deyə başlıqlı yazılar dərc olunur. Bunu niyə edirlər, reytinq qazanmaq üçün? Bu birbaşa ulduzlarla Hacıbala Abutalıbov arasında münasibətlərə zərbədir. Ayrı vaxt heç onlara ulduz demirlər, indi birdən-birə ulduz oldular?

– Sizcə məlum klipdən sonra həmin ulduzlara qarşı da qadağalar qoyula bilərmi?

– Əgər ən çətin dövrlərdə Azərbaycanı təmsil edib, bayrağını yüksəldib, döyüş meydanında (səhnə bizim döyüş meydanımızdır – T.İ.) ermənilərə qarşı qalib gələn komandaya bu gün qadağalar qoyulursa, nə gözləyirsiz. Təbii ki, onlara da qadağa qoyulacaq. Bu bəhanə ilə olmasa da, başqa bəhanə ilə qadağa qoyulacaq.

– Klipin yayılmasından sonra Hacıbala Abutalıbov sizinlə əlaqə saxlayıbmı və ya münasibət bildiribmi?

– Dərhal münasibət bildirməz. Özü də etməsə köməkçisi, müavini, mətbuat katibi bildirəcək, amma başqa cür… Bilmirəm, nə cürsə münasibət bildirəcək. Nəsə olacaq, yəni başqa cür ola da bilməz. Məsələn, son zamanlarda biz vergilər nazirini parodiya etmişdik. Az sonra bizə yoxlama gəldi ki, sizin filan qədər borcunuz var. Yəni ki, bizə bu cür cavab veriblər. Amma düşünmürlər ki, hazırda televiziyalardan daha çox populyar olan sosial şəbəkələr var.

– Əvvəldə irad bildirdiz ki, jurnalistlər sizinlə maraqlanmır…

– Bu, irad deyil, bizim iradlarımız artıq arxada qalıb. Bu, sadəcə sıravi bir vətəndaşın gileyidir.

– Onda belə bir sualım olacaq, kollektivinizlə bağlı vəziyyət nə yerdədir, nə yeniliklər var?

– Kollektiv çətin olsa da yaşayır, şükürlər olsun. Və təəssüflər olsun ki, biz bir çox işlərimizi itirdik. Bilirsiz ki, işsiz yaşamaq indi çox çətindir. Ən azından insanlar ailələrini dolandırmalıdır. Bundan əvvəl kollektivimizin üzvləri hər ay maaş alırdı, indi isə vəziyyət çox çətindir. Buna baxmayaraq güc-bəla ilə olsa da teatrımızı yaşadırıq, ildə bir dəfə konsertlərimizi təqdim edirik, filmlərimizi çəkirik. Bilmirəm bunun axırı necə olacaq… Amma mən bədbin adam deyiləm. İnanıram ki, bu məsələ gec-tez öz həllini tapacaq və o məmurlar ki, qadağalarda birbaşa iştirak edirlər, onlar da başa düşəcəklər ki, səhv edirlər”.

Azərbaycanın Eurovision təmsilçisinin klipi təqdim edildi (VİDEO)


[r32]
Diana Hacıyeva müsabiqənin mayın 9-da keçiriləcək 1-ci yarımfinalında çıxış edəcək.

Azərbaycanı “Eurovision 2017” Beynəlxalq Mahnı Müsabiqəsində təmsil edəcək Diana Hacıyevanın mahnısı və klipi təqdim edilib.

Azadlıq.az-ın İctimai Televiziyanın saytına istinadən verdiyi xəbərə görə, “Dihaj” təxəllüsü ilə çıxış edəcək Diana Hacıyevanın “Skeletons” adlı mahnısının müəllifləri bəstəkar prodüser İsa Məlikov və Sandra Byormandır.

Qeyd edək ki, Diana Hacıyeva müsabiqənin mayın 9-da keçiriləcək 1-ci yarımfinalında çıxış edəcək.

Azadlıq.az

Tanınmış müğenni telekanal açır


28.02.2016 / 13:41 xeber –

Dünya şöhrətli türkiyəli müğənni Tarkan yeni telekanal yaradır.

 

 

Lent.az ANS-ə istinadən xəbər verir ki, ifaçının şəxsi telekanalı internet üzərindən yayımlanacaq. Kanalda Tarkanın klipləri, xüsusi reportajları və həyatının maraqlı anları nümayiş olunacaq. Həmçinin Tarkanın evindən canlı  yayım olacaq.

 

Türkiyədə bir çox tanınmış şəxslərin özəl  telekanalları var. Populyar ifaçı İbrahim Tatlısəs və məşhur şou aparıcısı Bəyaz həmin şəxslər sırasındadır. İfaçının  “Tatlıses Tv” , aparıcının isə “Beyaz Tv”  adlı kanalı fəaliyyət göstərir.

 

Daha əvvəl türkiyənin məşhur ulduzu, meqastar Tarkan tezliklə ailə quracağı sevgilisinəböyük hədiyyə etmək ilə gündəmə gəlib. Müğənni sevgilisinə 1,5 milyon lirəlik (təqribən 800 min manat) ev hədiyyə edib. Daha doğrusu, Tarkan o evi evləndikdən sonra Dilek Pınarla birlikdə yaşamaq üçün alıb. Müğənni evi sevgilisinin adına qeydiyyata salıb.

 

Tarkan ötən ilin son günlərində sürpriz şəkildə nişanlanıb. Onun nişanlısı P.Dilek Almaniyada bir türk ailəsində dünyaya gəlib. Cütlüyün toyu yayda – daha dəqiq iyun ayında baş tutacaq. Onlar həm Almaniya, həm də Türkiyədəki dostları üçün toy mərasimi keçirəcəklər.

 

Tarkanın gələcək həyat yoldaşı P.Dilek 1985-ci ildə anadan olub. Valideynləri türk olsa da, o, Almaniyada dünyaya göz açıb.

mənbə :
lent.az

Turist qızın Bakıda yaşadıqları


11.01.2016 / 22:53 xeber –

"Amarok" musiqi qrupu Azərbaycana “İncilər” adlı musiqi və klip həsr edib. Lent.az-ın məlumatına görə, musiqidə Fikrət Əmirovun "Kor Ərəbin mahnısı" və "Qarabağ inciləri" bəstələrindən parçalar və ritmik musiqilərdən istifadə olunub.  Həmin kompozisiyada zurna və tar aləti ilə müasir ritmlərin sintezi də əksini tapıb. Kompozisiyada həmçinin "Yallı" abu-havası var. Musiqinin həzin yerlərində Azərbaycanın  "Yanardağ", "Atəşgah" və digər tarixi məkanlarından da görüntülər nümayiş olunub.

 

Klipin süjet xəttində maraqlı görüntülər yer alıb. Belə ki, əcnəbi görünüşlü bir qız Bakı küçələrində gəzir və həmin məkanların şəkillərini çəkir. Bakını gəzdikcə özünü milli ab-havada hiss edir və milli geyimdə görünür.

 

Xatırladaq ki, klipin rejissoru Nail Naiboğlu, operatoru Rauf Qurbanəliyev, montajı Emin Muradov, layihənin rəhbəri isə Tural Hüseyndir.

 

Qeyd edək ki, bir neçə gün sonra Bakıda sözügedən klipin təqdimat mərasimi olacaq.

mənbə :
lent.az

Müğenni Samire Allahverdi: “Her şey adileşdi…”


05.11.2015 / 19:05 xeber –

“Hər bir sahənin adamı uğur əldə edəndə çox sevinir. Mən də sevinirəm”. Bu fikirləri APA TV-nin “Səhər zəngi” verilişində qonaq olan müğənni Samirə Allahverdi deyib.

 

İfaçı son zamanlar çox çalışdığını və xeyli iş gördüyünü bildirib: “İki mahnı yazdırdım, 1 klip çəkdirdim. Mənim üçün mahnı yazdırmaq çətindir. Çünki bu məsələyə çox ciddi yanaşıram. Hər mahnını, hər bəstəni bəyənmirəm. Yəqin bu ondan irəli gəlir ki, hər mahnını özəlləşdirə bilmirəm. Yazdırdığım mahnılardan biri illərlə sevilən Mətanət İsgəndərlinin repertuarından “Axtarma məni”dir. Bu mahnını hamı sevir. Hələ ki, gündəmə gətirməmişəm. Bu həftə sonundan etibarən bütün verilişlərdə səslənəcək. “Vəfasız həyat” adlı digər mahnının musiqisi, sözləri və aranjemanı Muxtar Abseynova aiddir. Cəmiyyətdə neqativin çox olması məni çox narahat edir. Bu səbəbdən də özüm ona müraciət etdim ki, belə bir mahnı yazsın və “Çarəsizəm” adlı mahnıya klip çəkdirdim”. Müğənni bildirib ki, sözügedən klip “Nərimanfilm” studiyası ilə ukraynalı rejissor Artyom Titeyevin birgə işidir: “Keyfiyyəti dünya standartlarına uyğundur. Yüksək keyfiyyətli yerli texnikadan istifadə olunmuşdu, amma bununla belə, rejissor bəyənməmişdi. İlk işbirliyimiz idi. O daha keyfiyyətli nəticə üçün kran çəkilişi də etmək istəyirdi. Amma buna baxmayaraq, bahalı klipdir. Onlar fərqli işləyirlər, paltara, makiyaja qədər hər şeyi bilməlidirlər”.

 

Samirə Allahverdi qeyd edib ki, klip çəkilən müddətdə bəzi hallarda rejissorla onun fikri üst-üstə düşməyib: “Bəzən çəkiliş prosesində fikir ayrılığı olurdu. Mənim xəbərim olmadan heykəltəraş olan səhnə çəkilmişdi. Klipin ən bahalı kadrı o idi. Amma məni qane eləmədi və həmin kadrı çıxartdım. Bundan başqa, məndə həmişə saçla bağlı problem olur. İstəyirəm, ürəyimcə olsun. Rejissor dedi ki, “istəyirəm, saçların uzun, havalı olsun”. Paltarıma qədər hər şeyə diqqət edirdi. Buna baxmayaraq, iş prosesində ortaq məxrəcə gəlməyi bacarırdıq. Çox xoş oldu onunla işləmək, mülayim, xoş insandır. İşini çox sevir. Bunu da deyim ki, razılıq vermədən öncə onun işlərinə baxdım”.

 

Xanım ifaçı mahnıların seçim prosesindən də bəhs edib: “Zəng edirlər, mahnı göndərirlər. Amma daha çox dəst-xəttini bildiyim bəstəkara müraciət edirəm. Son zamanlar ən çox Muxtar Abseynovla işləyirəm. Onun üslubunu bəyənirəm. Adətən, özüm ona müraciət edirəm. Tünzalə Ağayevanın 3 mahnısını ifa etmişəm. Amma işləri çox olduğu üçün tez-tez müraciət edə bilmirəm”. Müğənni həmçinin, son illər estrada musiqisində baş verən proseslərə münasibət bildirib: “10 il öncə hər şey fərqli idi. O zaman biz təqdimatlara həvəslə gedirdik. Bizə maraqlı idi ki, orada kimlər olacaq? Amma hər şey adiləşdi. Bundan əlavə də, ucuzlaşdı. Mahnıların janrı belə dəyişib. Estrada müğənnilərindən sırf gündəmdə qalmaq üçün tərzini dəyişən oldu. 6/8 ritmində mahnılar çoxaldı. El şənliklərində yalnız bu tərzdə ifalara tələbat var. Bu bizim qanımızda var. Amma belə olmamalıdır. Samirə 6/8 ritmində mahnı oxumur. Düzdü, məcbur qaldığım üçün ifa edirəm. Amma Samirə kimi öz mahnılarımı da oxumaq istəyirəm”.

 

Onun sözlərinə görə, bəzi aparıcıların qonaqlarla rəftarı heç də ürəkaçan deyil: “Bir çox aparıcılar düşünürlər ki, qonaqla istədikləri kimi danışa bilərlər. Adını müasirlik qoyublar. Amma bunu biz etmişik.  Əvvəllər verilişlərdə senzura var idi. Əgər məni 10 verilişə çağırırdılarsa və mən ora sevərək gedirdimsə, indi seçim edirəm. Kim inciyir, qoy incisin”.

 

mənbə :
lent.az

Milyonların sevimlisi qayıtdı (FOTO-VİDEO)

16:57 xeber – Adel 3 il sonra ilk mahnısını və klipini təqdim edib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, milyonların sevimlisi bu haqda özünü yenicə açdığı İnstaqram hesabında bildirib. “Üzrlü hesab edin ki, sizi bir az gözlətdim. Belə alındı”, deyə o yaradıcılığına 3 il ara verməsinin səbəbini açıqlayıb. “Hello” adlı mahnısının ilk cümləsi də bu cür başlayır:

“Salam! Bu mənəm. Yəqin sən heç nəyə baxmayaraq bir neçə il fasilədən sonra qayıtdığıma şad olarsan. Deyillər zaman insanı sağaldır, amma dəyəsən vaxt mənə kömək edə bilmir”.


Adelin “İnstagram” hesabı

Adel klipin rejissoru Xavyer Dolan haqda “Apple’s Beats1 Radio”sunun səhərki verilişində danışıb:

“Onunla işləmək möhtəşəmdir. Mən hədsiz dərəcədə təcrübə aldım. O, məni ağlamağa və oynamağa vadar etdi… Mən bu işimlə fəxr edirəm. Bu klip xüsusi effektlərdən ibarət deyil, lakin mən onunla fəxr edirəm”.

Adelin övladı dünyaya gəldikdən sonra sənətdən uzaqlaşmışdı. Onun 2011-ci ildə təqdim etdiyi “21” adlı albomu 11 milyondan çox nüsxə satılaraq “Bilboard” və “Rolling Stones” hit-paradlarının versiyası üzrə ilin albomu seçilib. Adel 10 “Qremmi”, 5 “Brit Awards” və həmçinin “Qızıl Qlobus” və “Oskar” mükafatlarının sahibidir.

Adel – “Hello”

mənbə :
anspress

Roza Zergerli klip çekdirib


17.10.2015 / 11:51 xeber –

Azərbaycanlı müğənni Roza Zərgərli ifa etdiyi “Qəmli nağıl” mahnısına klip çəkdirib. Lent.az-ın məlumatına görə, ekran işində ifaçının tərəf müqabili tanınmış model, “Best Model of the World”ün qalibi Rüstəm Cəbrayılov olub. Maraqlı görüntülərin yer alacağı klipin rejissoru ifaçının özüdür.

 

Xatırladaq ki, bəstənin sözləri Zülfi Bədəlova, musiqisi Elvin Musayevə məxsusdur. Ekran işininin təqdimatı yaxın günlərdə olacaq.

mənbə :
lent.az