Problemli kreditlərin həlli gündəmdə – Güzəştlər və şərtlər necəh olacaq?


[r32]
Problemli kreditlər məsələsi Milli Məclisin aprel ayının 3-də baş tutan plenar iclasında bir daha gündəmə gətirilib. Artıq iqtidaryönlü deputatlar belə bu problemin ciddiliyini vurğulayıb, bir an öncə həllini tapması üçün təkliflər səsləndiriblər.

Milli Məclisin deputatı Siyavuş Novruzov çıxışında bildirib ki, insanların nə üçün kredit götürdükləri məsələsi araşdırılmalıdır: “Burada hesabat verilsin ki, nə qədər insan maşın almaq üçün kredit götürüb? Nə qədər insan krediti fermer təsərrüfatı üçün götürüb? Bunlar araşdırılmalıdır. Biri özünə maşın almaq üçün götürübsə, gedib kreditini ödəsin. Bəziləri yas mərasimi təşkil etmək üçün kredit götürüb. Bu insanlar nəzərə alınmalıdır. Məcburiyyətdən kredit götürmüş insanlara güzəşt olunmalıdır. Bu kreditlər insanların maddi vəziyyətinə uyğun dəyərləndirilməlidir. Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb, amma problemlərin həlli ilə bağlı bir iş yoxdur”. Digər deputatlar da məsələ ilə bağlı təkliflər səsləndiriblər.

Müzakirələrin bu cür intensivləşməsi onu deməyə əsas verir ki, problemli kreditlər məsələsi ilə bağlı yaxın zamanda konkret qərar verilə bilər. Bəs görəsən, bu güzəştlər necə və hansı əsaslarla tətbiq olunmalıdır? Problemin həlli mexanizmi necə qurulmalıdır ki, bu həm dövlət, həm vətəndaş, həm də banklar üçün sərfəli olsun?

İqtisadçı ekspert Rəşad Həsənov “Yeni Müsavat”ın suallarına cavab olaraq bildirib ki, baş vermiş devalvasiyadan sonra hansı sosial qrupa aid olmasından asılı olmayaraq, həm iqtisadi subyektlər, həm də vətəndaşlar zərər görüb: “Əgər biz müəyyən qruplaşdırma aparsaq və burada hansısa sosial qruplara hədəflənən güzəşt mexanizmləri tətbiq etmək istəsək, bu növbəti dövrlərdə diskriminasiya kimi izah oluna bilər. Ancaq mövcud vəziyyət onu deməyə əsas verir ki, faktiki olaraq hökumət bu istiqamətdə əhəmiyyətli bir addım atmaqda o qədər də qərarlı deyil. Daha çox konkretləşdirmə aparmaqla, əhatə dairəsini müəyyən qədər kiçiltməklə hökumətdən bu güzəşti qoparmaq olar. Belə olan halda məhdudiyyətlər də tətbiq oluna bilər. İlk olaraq bu məhdudiyyətlər müxtəlif kateqoriyalar üzrə qruplaşdırılmalıdır. Birincisi, valyutada olan kreditlər əsas güzəştli kateqoriya olaraq müəyyənləşdirilməlidir. Mən digər kreditlərlə bağlı da güzəştin edilməsi fikrini dəstəkləyirəm. Çünki təkcə məzənnə dəyişikliyi yox, ölkədə iqtisadiyyatın geriləməsi, gəlirlərin azalması səbəbindən də insanlar kreditləri ödəyə bilmirlər. Lakin birbaşa dövlət tərəfindən qəbul edilmiş qərar nəticəsində ədalətsiz şəkildə borc yükü ilə üzləşmiş insanlara güzəştin verilməsi dövlətin borcudur. Buna görə də mən ilkin olaraq valyutada olan kreditlərin önə çəkilməsini vacib hesab edirəm”.

İqtisadçı onu da vurğuladı ki, ötən 3 il ərzində bu kreditlərin əhəmiyyətli bir hissəsi ödənilib və bağlanıb: “2016-cı ildən əvvəl götürülmüş kreditlərin əksər hissəsi realizə olunub. Hazırda toksik aktivlərə çevrilən kreditlərin isə ödənilməsi heç bir halda mümkün olmayıb. Ona görə də, güzəştlərin tətbiqi zamanı ilk növbədə valyutada olan kreditlər əsas götürülməlidir. İkincisi, 2015-ci ilin 22 dekabrına qədər olan kreditlərdən söhbət gedir. Burada da qruplaşdırma aparmaq olar. Güzəştlər verilərkən, dolların 0.78 məzənnəsi ilə götürülən kreditlərə daha çox, 1.05 məzənnəsi ilə götürülən kreditlərə isə bir qədər az güzəşt edilməsi yanaşmasını ortaya qoymaq olar. Səbəb isə odur ki, 0.78 məzənnəsi ilə kredit götürən vətəndaşlar daha çox zərər çəkiblər. Ona görə də onlara daha çox güzəşt edilməsi məsələsi gündəmə gələ bilər.

Bundan başqa, kreditlərin təyinatı üzrə qruplaşdırma aparmaq olar. İstehlak məqsədli kreditlərlə biznes məqsədli kreditləri ayırmaq olar və hər iki istiqamətdə edilən güzəştlər üzrə faiz fərqi qoyula bilər. İstehlak məqsədli kreditlərə daha artıq güzəştin tətbiq edilməsinə ehtiyac var. Bu vəsaitlər hər hansı tələbatın ödənilməsi üçün götürülüb, bu səbəbdən növbəti mərhələdə əlavə dəyər yaratmayıb. Bu baxımdan məzənnə dəyişikliyindən sonra o borcun ödənilməsi daha ciddi çətinlik yaradır. Ancaq biznes üçün götürülən kreditlər növbəti mərhələdə əlavə dəyərin yaranmasına imkan verir və dəymiş zərərin təsirini nisbətən azaldır”.

R.Həsənov vurğuladı ki, daha çox parametrlər tətbiq etməklə prosesi çətinləşdirmək də olar, ancaq o da son nəticədə borcluların güzəştlərdən yararlanma imkanını məhdudlaşdıra bilər: “Digər bir məsələ isə odur ki, Azərbaycanda kreditlər çox zaman təyinatı üzrə istifadə olunmur. Ona görə də qruplaşdırma bu mexanizm üzrə aparılarsa əslində güzəştlərin düzgün olmayan hədəf qruplarına yönəlməsinə səbəb ola bilər. Çünki bəzi hallarda istehlak məqsədilə götürülən kreditlər biznesə yönəlib, bəzi hallarda biznes kreditlərini kimsə özünə ev almağa xərcləyib. Bu baxımdan məsələnin ədalətli həlli üçün çox da dərinə getmədən, qeyd etdiyim parametrləri nəzərə almaqla güzəşt mexanizmləri hazırlana bilər.

Adətən vəzifəli şəxslər kredit götürənləri ittiham edirlər ki, insanlar gələcəkdə onu necə qaytarmağı planlaşdırmırlar. Ancaq bu açıqlamalar hazırkı situasiyada yanlışdır. Çünki indiki situasiyada zərər birbaşa dövlət qurumunun qəbul etdiyi devalvasiya qərarından qaynaqlanır. Proqnozlaşdırmanı həyata keçirmək istəyən vətəndaşlar heç də bu həddə devalvasiya olacağını müəyyənləşdirə bilməzdilər. Vətəndaşlara doğru informasiya belə verilmirdi. Devalvasiyadan bir neçə gün əvvəl belə AMB sədri yanlış informasiyalar verməklə insanlarda düzgün olmayan qərar formalaşdırdı. Bu baxımdan vətəndaşların ittiham olunması doğru deyil. Hökumət bütün bu nöqsanlarının cavabını güzəşt və kompensasiyaların tətbiq olunması ilə verməlidir”.

Zərərin dövlət, bank və vətəndaş arasında 3 bərabər hissəyə bölünməsi məsələsinə gəlincə, R.Həsənov bildirdi ki, bu, mövcud vəziyyətdən yola çıxaraq gəlinmiş nəticədir: “Mənim bu məsələdə mövqeyim belədir ki, dövlət qurumunun verdiyi qərar əsasında vətəndaşa və ya biznes subyektinə dəymiş zərər birmənalı olaraq dövlət vəsaiti hesabına ödənilməlidir. Ədalətli olan budur. Lakin biz görürük ki, hökumət ötən 3 ildə bu istiqamətdə qərar qəbul etməyib. Biz indiki vəziyyətdə dövlət gəlirlərinin azalmasını, büdcə yükünü və sairi də nəzərə alaraq, məcburən bərabər bölgü mexanizmini təklif edirik. Çünki bankları da birbaşa zərbə altında qoymaq olmaz. Bu cür xilas yolu banklara da müəyyən qədər sərf edir. Vətəndaşların də ödəmə imkanı yoxdur, gəlirləri artmamaqla yanaşı, son iki il inflyasiyanın yüksək olması da gəlirləri ”yeyib”. 2016-2017- ci illərdə təkcə ərzaq məhsullarının qiymətində 40 faizdən çox bahalaşma olub. Bu baxımdan bütün yükü vətəndaşın da çiyninə qoymaq olmaz. Son çarə olaraq mən zərərin üç tərəf arasında bərabər bölünməsini təklif edirəm. Ancaq ilkin variant mümkün olsaydı, mən təklif edərdim ki, bu zərər birbaşa dövlət tərəfindən ödənilsin”.

Banklardan 100 milyonlarla kredit alıb talayanlar VƏ…


[r32]
Prezident Administrasiyasının Humanitar şöbəsinin sabiq müdiri Fatma Abdullazadə barədə yayılan son məlumatlar diqqətləri bir daha tutduğu mövqedən istifadə edərək müxtəlif şəxslərdən, banklardan iri həcmdə pul alaraq qaytarmayan məmurlara yönəltmiş oldu.
Xatırladaq ki, son günlər F.Abdullazadənin şöbə müdiri olan zaman sabiq vergilər naziri Fazil Məmmədovdan 1 milyon dollar alaraq, indiyədək qaytarmadığı barədə məlumatlar yayılıb. Hətta onun külli miqdarda pul mənimsədiyi də yayılan məlumatlar arasındadır.

F.Abdullazadənin Beynəlxalq Bankdan götürdüyü 50 milyon dollar krediti ödəmədiyi bildirilir. Axar.az isə yazıb ki, onun ölkədən çıxışına Azərbaycan Beynəlxalq Bankına olan külli miqdarda kredit borcuna görə qadağa qoyulub.

Musavat.com-un məlumatına görə, tutduğu postun imkanlarından istifadə edərək özünün, yaxud yaxın çevrəsinin adına müxtəlif yerlərdən borc adı ilə pul alaraq sonra qaytarmayan sabiq və indiki məmurlar, deputatlar çoxdur.

Azərbaycanda “Beynəlxalq Bank işi” adını almış cinayət işinin istintaqı zamanı çoxsaylı belə faktlar üzə çıxdı. Məlum oldu ki, Diaspora ilə iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Hacı İbrahim Nehrəmli Beynəlxalq Bankdan 800 milyon dollar kredit götürüb, qaytara bilmir. Onun məşhur “Xəzər adaları” layihəsi isə faktiki olaraq batıb…

O da məlum oldu ki, sabiq deputat, hazırda həbsdə olan Dünyamin Xəlilov da Cahangir Hacıyevlə olan yaxın qohumluq münasibətlərindən istifadə etməklə Beynəlxalq Bankdan rekord sayıla biləcək məbləğdə – 1,7 milyard manat götürərək qaytarmayıb. Qeyd edək ki, Dünyamin Xəlilovun Beynəlxalq Banka borcu ilə bağlı qalmaqal 2011-ci ildən başlayıb. Dünyamin Xəlilov 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub. 2005-2010-cu illərdə parlamentin deputatı olmuş D.Xəlilov Cahangir Hacıyevin qohumudur və işçisi olub. C.Hacıyevə məxsus “Şəki Bazar” və “Şəki Ət Kombinatı” ASC-ni uzun müddət D.Xəlilov idarə edib.

“Beynəlxalq Bank işi”nə görə saxlanılanlardan biri də baş nazirin sabiq birinci müavini Abbas Abbasovun qardaşı Nadir Abbasov olub. Mətbuatda yer alan məlumatlara əsasən, Nadir Abbasov Gəncədə keçmiş Yeyinti Ticarəti İdarəsinin bazasında soyuducular tikmək üçün Beynəlxalq Bankdan kredit götürüb. Kreditin 10 milyon manat olduğu və son ödəmə müddətinin 2018-ci il olduğu bildirilir. İddiaya görə, onu DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə çağırıblar. Ondan krediti dərhal qaytarması tələb olunub. Krediti geri qaytara bilməyən N.Abbasov həbs olunub.

“Beynəlxalq Bank işi” üzrə tutulan şəxslər arasında Orta Asiya ölkələrindən birində Azərbaycanın səfiri olan şəxsin qardaşı da olub. Kamal adlı həmin şəxs Beynəlxalq Bankdan 32 milyon manat kredit götürüb və qaytarmayıb. Xaricdə tutularaq ölkəyə gətirilən həmin iş adamı pulları qaytarmaq iqtidarında olmadığını bildirib. Aparılan araşdırmalar zamanı məlum olub ki, iş adamı Beynəlxalq Bankdan götürdüyü krediti təyinatı üzrə xərcləməyib. Kredit götürərkən Beynəlxalq Banka təqdim etdiyi biznes-plana uyğun hər hansı bir iş görmədiyi də məlum olub.
İş adamı kredit hesabına Azərbaycanda və ölkədən kənardan daşınmaz əmlaklar alıb. Həmin əmlakları icarəyə verməklə pul qazanıb. Lakin götürdüyü krediti geri qaytarmaq üçün addımlar atmağa tələsməyib.
Borclu məmur qohumlarından biri də Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun qardaşı – biznesmen Şahin Mövsümovdur. O, bağlanmış olan “Bank Standard”dan 100 milyon manat kredit götürüb, hələ də qaytarmayıb.

Maraqlıdır ki, hazırda vəzifədə olan məmurlardan da banklardan kredit götürənləri var. Belə ki, bir müddət əvvəl mətbuatda gedən məlumatlardan Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun da “kredit oliqarxı” hesab edilməsi üçün əsaslar olduğu aydınlaşdı. Həmin məlumatlara görə, E.Rüstəmov birinci devalvasiyadan bir neçə həftə əvvəl Gürcüstanın inşaat sektoruna 700 milyon manat vəsait qoyub. Devalvasiyadan əvvəlki məzənnə ilə bu, təxminən 1 milyard dollar təşkil edir.

Bank mənbələrinin məlumatına görə, E.Rüstəmov həmin məbləği “Respublikabank”dan, Beynəlxalq Bankdan və Azərbaycanın daha bir neçə bankından götürüb və hələ də qaytarmayıb(virtualaz.org).
Göründüyü kimi, tutduğu postdan, onun verdiyi imkanlardan, əlaqələrindən hansısa şəxs və ya banklardan borc almaq üçün yararlanan məmurlar çoxdur. Yazdıqlarımız hələ ictimaiyyətə açıqlanan faktlardır. Açıqlanmayan faktlar isə bundan dəfələrlə çoxdur. Bu problemi ölkənin bank sektorunda yaranan böhran üzə çıxardı. İndiyədək Azərbaycanda 12 bankın lisenziyası geri alınıb. Ekspertlər gələn il ərzində daha bir neçə bankın eyni aqibətlə üzləşəcəyini proqnozlaşdırırlar. Bu isə növbəti ildə borclu məmur və ya məmur yaxınları barədə daha yeni məlumatların açıqlanacağı deməkdir.

“HAFKA”nın bankını belə boşaldıblar – Ziya Məmmədov 15 milyon, “Şərurlu İsfəndiyar” 1.1 milyon….


[r32]
“Hafka” kimi tanınan iş adamı, hazırda müflis vəziyyətdə olan oliqarx Hafiz Məmmədovun bankının (“Bank of Azerbaijan”) müflis olaraq bağlandığı, lisenziyasının alındığı məlumdur. Virtualaz.org xəbər verir ki, “Bank of Azerbaijan”la bağlı problemin səbəbləri haqda müxtəlif məlumatlar yayılıb. Bir vaxtlar nəqliyyat naziri Ziya Məmmədovla biznes ortağı olan “Hafka”nın digər biznes aktivləri kimi həmin bankın da bu ortaqlığın pozulmasının nəticəsi olaraq çökdüyü haqda danışılıb

Lakin virtualaz.org-a daxil olan bank sənədləri göstərir ki, “Bank of Azerbijan”ın müflis olmasının əsas səbəbi Ziya Məmmədov da daxil olmaqla bir çox oliqarxların götürdükləri milyonlarla dollarlıq krediti ödəməkdən imtina etməsidir. Yəni məsələ əslində sadədir-“Hafka”nın keçmiş ortaqları və digər oliqarxlar onun bankından pulları daşıyıblar, sonra isə qaytarmaqdan imtina ediblər.

Məsələn, “Bank of Azerbaijan”ın borcluları arasında keçmiş nəqliyyat naziri Ziya Məmmədovun şirkətlərinin və yaxın adamlarının adlarına rast gəlirik. Məlum olur ki, Z.Məmmədovun ailə şirkəti olan ZQAN Holding-in (sonradan adını “Garant Holding” olaraq dəyişdi) tərkibində olan müxtəlif şirkətlər qısa müddət ərzində bankdan 5 milyon dollar və elə o qədər də manat kredit götürüblər.

Bu da yetməyib, ZQAN Holding-in maliyyə direktoru Kamran Niftəliyev öz adına bankdan 1.65 milyon manat kredit götürüb. Habelə Z.Məmmədova və “Azəryolservis”in rəhbəri olduğu dövlərdə Cavid Qurbanova bağlı olan tikinti şirkətləri “Hafka”nın bankından dollar və manatla cəmi 2.5 milyona yaxın kredit alıblar. C.Qurbanovun bir başqa tikinti şirkəti isə 3 milyon manat kredit alıb.

Ziya Məmmədovun İlqar Əliyev adlı qohumu isə bankdan 1 milyon (manat və dollarla) götürüb. Habelə keçmiş nazirin oğlu Anar Məmmədov özünün nəqliyyat şirkəti üçün bandan 4 milyon dollar kredit alıb.

SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov isə “Bank of Azerbaijan”dan öz şirkətlərindən biri üçün 1.5 milyon, digəri üçün 2.5 milyon manat kredit alıb. “Şərurlu İsfəndiyar” kimi tanınan tikinti biznesmeni “Hafka”nın bankından 1.1 milyon manat götürüb, krediti hansısa Şahnisə Məmmədovanın adına rəsmiləşdirib. Üstəlik “Bank of Azerbaijan”ın filiallarından biri ancaq “Şərurlu İsfəndiyar” və onun qohumları üçün işləyirdi.

Siyahı davam edir və belə məlum olur ki, hazırda “Bank of Azerbaijan”ın geri qaytarılmayan kreditləri 160 milyon dollardır. Başqa sözlə, “Hafka”nın bankını əməlli-başlı talayıblar və indi onun keçmiş sahibinin harayını eşidən, həmin borclulardan pulları alıb qaytaran yoxdur. Üstəlik “Hafka”nın bankını boşaldanların heç birinin barəsində cinayət işi qaldırılmayıb

Zamin durdu, peşman oldu… Video


[r32]
Cəlilabad sakini pensiya kartı ilə qohumuna zamin durub və kredit götürüblər. Krediti götürən şəxsin özü isə başqa bir nəfərə zamin durub.

“Qafqazinfo” XezerXeber.az-a istinadən xəbər verir ki, indi 3-cü şəxs krediti ödəyə bilmədiyi üçün hər iki zamin çətin vəziyyətə düşüb.

Krediti ola-ola başqasına zamin durub. İndi həm özünü, həm də zaminini çətin vəziyyətə salıb.

Cəlilabadın Uzuntəpə kənd sakini Elman Şahmarov bir il əvvəl qohumuna zamin durub və bankdan kredit götürüblər.
Bir müddət sonra Elman Şahmarov bankomatdan pensiyasını çıxarmaq istəyərkən sürprizlə üzləşib.Kartdakı pulun zamin durduğu kreditə tutulduğu ortaya çıxıb. banka müraciət etdikdə isə məlum olub ki, krediti götürən şəxsin özü də başqa birinə zamin durub. Problem də bundan sonra yaranıb. Elman Şahmarov banka müraciət etsə də, heç bir nəticəsi olmayıb.

Hüquqşünas Anar Ramazanov deyir ki, bu məsələdə bank yanlışlığa yol verib. Bank krediti olan şəxsi zamin kimi götürməməli idi. Anar Ramazanovun sözlərinə görə, Elman Şahmarov zaminliyini ləğv etdirə bilməz. Borclu krediti ödəmədiyi müddətdə borc Elman Şahmarovun hesabından çıxılacaq.

Keçmiş deputat dövlətin 50 MİLYONUNU necə mənimsəyib? – Cinayət işinin detalları


[r32]
“Azərbaycan Beynəlxalq Bank” ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov və Rauf Əliyevin cinayət işinin detalları məlum olub.
“Report”un əldə etdiyi məlumata görə, cinayət işinin ibtidai istintaqı zamanı müəyyəın olunub ki, D.Xəlilov “Azərbaycan Beynəlxalq Bank” ASC-nin İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevlə yaxın münasibətdə olub.

İttiham aktında göstərilib ki, həmin şəxslər bir neçə cinayətin törədilməsi üçün “Səbail Mebel” ASC-nin baş direktoru Seyfulla Seyfullayev, “Aqora” MMC-nin direktoru Fərhad Əmiraslanov, “Kondor Qrup” MMC-nin direktoru Mənsur Zeynalov və qeyriləri ilə qabaqcadan birləşib yaratdığı və rəhbərlik etdiyi sabit cinayətkar qrup – mütəşəkkil dəstənin tərkibinə daxil olmaqla külli miqdarda özgə əmlakı vahid niyyətlə əhatə olunan qəsdlə və təkrarən talayaraq mənimsəyib israf etməklə “Azərbaycan Beynəlxalq Bank”ına külli miqdarda ziyan vurublar.

Belə ki, D.Xəlilov C.Hacıyev, F.Əmiraslanov və qeyriləri ilə birlikdə bankın sabiq İdarə Heyətinin sədrinin göstərişi ilə “Aqora” MMC yaradıb və fəaliyyətinə özü nəzarət edib. Həmin MMC-yə kreditlərin rəsimləşdirilməsinə dair C.Hacıyev özü və digər şəxslər vasitəsi ilə qanunsuz göstərişlər verib. Sabiq deputat qanunsuz göstərişləri icra edərək, öz növbəsində bu barədə F.Əmiraslanova da qanunsuz tapşırıqlar verib. Bundan sonra F.Əmiraslanov “Aqora” MMC ilə ABŞ-da yerləşən “CARGİLL İNCORPORATED” şirkəti arasında, həmin şirkətdən 10402.38 ton qarğıdalı məhsullarının alınması və dəyərinin 365 gün müddətinə ödənilməsi barədə 13 aprel 2007-ci il tarixidə müqavilə imzalayaraq, “Azərbaycan Beynəlxalq Bank” ASC-nin Mərkəzi filialına təqdim təqdim edib. “CARGİLL İNCORPORATED” şirkətinin akkreditiv açılması haqqında ərizəsi əsasında “Aqora” MMC qeyd olunan filial ilə 1 milyon 999 min 999 ABŞ dolları məbləğində pula dair 24 aprel 2007-ci il tarixli, 1960 nömrəli kredit müqaviləsi bağlanılıb. Lakin “CARGİLL İNCORPORATED” şirkəti ilə hər hansı mal mübadiləsi aparılmayaraq, akkreditiv açılması haqqında ərizədə və kredit müqaviləsində nəzərdə tutulan 1 milyon 999 min 999 ABŞ dolları məbləğində pulu 18 aprel 2008-ci il tarixdə “Azərbaycan Beynəlxalq Bank” ASC-nin Mərkəzi filialının aidiyyati əməkdaşı vasitəsi ilə həmin ABŞ şirkətinin Norveçin Oslo şəhərində yerləşən “SKANDİNAVİSKA ENSKİLDA BANKEN” bankında olan hesabına köçürülüb.

Bundan başqa, D.Xəlilov C.Hacıyevin göstərişi əsasında, F.Əmiraslanova qanunsuz tapşırıqlar verməsi nəticəsində, sonuncu “Aqora” MMC ilə İsveçrədə yerləşən “CARGİLL İNTERNATİONAL SA” şirkəti arasında həmin şirkətdən 9620.149 ton soya-paxla məhsullarının alınması və dəyərinin 365 gün müddətində ödənilməsi barədə 20 aprel 2007-ci il tarixli, GPS1926-X nömrəli müqavilə bağlanaraq, “Azərbaycan Beynəlxalq Bank” ASC-nin Mərkəzi filialına təqdim təqdim edib. Həmin filialda iki şirkət arasında 3 milyon 299 min 999 ABŞ dolları məbləğində pula dair 26 aprel 2007-ci il tarixli, 1969 nömrəli kredititə imza atılıb. Lakin “CARGİLL İNTERNATİONAL SA” şirkəti ilə hər hansı mal mübadiləsi aparılmayaraq, akkreditiv açılması haqqında ərizədə və kredit müqaviləsində nəzərdə tutulan 3 milyon 299 min 999 ABŞ dolları 21 aprel 2008-ci tarixdə “Azərbaycan Beynəlxalq Bank” ASC-nin Mərkəzi filialının aidiyyati əməkdaşı vasitəsi ilə həmin İsveçrə şirkətinin Fransanın Paris şəhərində yerləşən “NATİXİS” bankında olan hesabına köçürülüb.

Qeyd edək ki, 2015-ci ilin yayından “Azərbaycan Beynəlxalq Bank”ına kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox işadamı və digərləri saxlanılıb. D.Xəlilov və digərləri ümumilikdə 50 milyon manat mənimsəmədə təqsirli bilinirlər. Həmin şəxslər ötən ilin fevral ayında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Daha sonra Nərimanov Rayon Məhkəməsinin qərarı ilə D.Xəlilovun barəsində həbs qətimkan tədbiri və digər şəxslərin barəsində isə isə başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.
Həmin şəxslər Cinayət Məcəlləsini 179.3.1-ci (mənimsəmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə), 213.2.1-ci (vergi ödəməkdən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) 32.4,308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ilə ələ alma) və 32.4,309.2-ci (vəzifə səlahiyyətlərini aşma ilə ələ alma) maddələri ilə ittiham olunurlar.
Hazırda təqsirləndirilən şəxslərin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baxılır.
Xatırladaq ki, ötən il “Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Azadlıq.az

Keçmiş deputatın əmlaklarına həbs qoyuldu


[r32]
“Azərbaycan Beynəlxalq Bank” ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov, Rauf Əliyevin əmlaklarına həbs qoyulub.
“Report”un əldə etdiyi məlumata görə, məhkəmə həmin şəxslərin ev və torpaq sahələrinə həbs qoyulması barədə qərar çıxarıb.

Sabiq deputat D.Xəlilovun Bakıda yaşadığı mənzilinə və iki torpaq sahəsinə, həmçinin digər təqsirləndirilən şəxslərin əmlaklarına həbs qoyulub.
Qeyd edək ki, 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox işadamı və digərləri saxlanılıb. D.Xəlilov və digərləri ümumilikdə 50 milyon manat mənimsəmədə təqsirli bilinirlər. Həmin şəxslər ötən ilin fevral ayında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılıb. Daha sonra Nərimanov Rayon Məhkəməsinin qərarı ilə D.Xəlilovun barəsində həbs qətimkan tədbiri və digər şəxslərin barəsində isə isə başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.
Həmin şəxslər Cinayət Məcəlləsini 179.3.1-ci (mənimsəmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə),213.2.1-ci (vergi ödəməkdən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) 32.4,308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ilə ələ alma) və 32.4,309.2-ci (vəzifə səlahiyyətlərini aşma ilə ələ alma) maddələri ilə ittiham olunurlar.
Hazırda təqsirləndirilən şəxslərin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Əhməd Quliyevin sədrliyi ilə baxılır.
Xatırladaq ki, ötən il “Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Azadlıq.az

Hökumət maaşları vermək üçün 500 Milyon borc alır – Maliyyə naziri saziş imzaladı


[r32]
Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı (AİB) respublikann iqtisadi inkişafına dəstək məqsədilə 500 mln. məbləğində kredit sazişi imzalayıb. Bu barədə bankın Bakı ofisindən məlumat verilib.
“Kredit sazişini maliyyə naziri Samir Şərifov və AİB-in Bakı nümayəndəliyinin rəhbəri Nəriman Mannapbekov imzalayıblar”, – deyə bankın nümayəndəsi bildirib.
Qeyd edək ki, AİB dekabrın 7-də Azərbaycana 500 mln. dolla məbləğində kreditin ayrılmasını təsdiqləyib. Bu kredit Azərbaycanda sosial xərclərə yönəldiləcək, yeni iş yerlərinin açılması və neftin ucuzlaşmasının mənfi təsirlərinin yumşaldılması üçün iqtisadiyyatın diversifikasiyasına xərclənəcək.
Vəsait AİB ölkələrinə dəstək üzrə antiböhran proqramı (Countercyclical Support Facility, CSF) çərçivəsində ayrılıb.
Azərbaycan hökuməti kredit vəsaitini 1,4 mlrd. Dollar dəyərində qiymətləndirilən antiböhran tədbirlər paketinin reallaşdırılmasına yönəltməyi planlaşdırır. Antiböhran planına büdcədən maliyyələşən təşkilatlarda işçilərin əməkhaqqının, pensiya və sosial yardımın məbləğinin artırılması, əhalinin həssas təbəqəsinə dəstək göstərilməsi daxildir. Plan 3,7 mln. nəfəri və ya respublika əhalisinin 1/3 hissəsini əhatə edəcək.
AİB vurğulayır ki, son iki ildə neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatı üçün çətinliklər yaradıb. Bankın qiymətləndirmələrinə görə, neft və qazın satışından əldə olunan gəlir ÜDM-in 30%-ni, dövlət büdcəsi gəlirlərinin 60%-ni, ixracdan əldə olunan gəlirlərin 90%-dən çox hissəsini formalaşdırır. Belə vəziyyət iqtisadiyyatda resessiyaya, manatın devalvasiyasına, əhalinin real gəlirlərinin azalmasına səbəb olub.

AİB, həmçinin islahatların hazırlanmasına dəstək məqsədilə Azərbaycana 1,2 mln. Dollar məbləğində texniki yardım göstərir. (İnterfaks-Azərbaycan)

Hacı İbrahim yenə də təəccübləndirir

haci
“Mən yas yerinə də “Stefano Ricci” geyinirəm”

“Mənim bütün geyimim “Stefano Ricci”, “Zilli”, “Rioni” və “Bitton” kimi tanınmış 4 brenddəndir”. Bu fikirləri ölkə.az-a açıqlamasında “Avesta” konserninin prezidenti İbrahim Nehrəmli geyimi barədə danışarkən bildirib. Son vaxtlar müflisləşən iş adamı bu brendlərin məhsullarından istifadə etdiyini deyib: “Bu brendlərin arasında isə ən çox “Stefano Ricci”-dən geyinirəm. Geyimimi özüm seçirəm. Hər zaman çalışıram ki, zövqlə geyinim. Geyimi hər zaman özüm almağı sevirəm. Geyindiyim paltarları isə həm xaricdən, həm də Azərbaycandan alıram. Hara getsəm də “Stefano Ricci”, “Zilli”, “Rioni” və “Bitton” mənim üçün geyimlər saxlayır. Bu firmaların yeni nə isə malı gələndə də zəng edib mənə xəbər edirlər. Misal üçün, zəng edib deyirlər ki, filan gödəkcədən 4 ədəd gəlib, biri də sənindir. Yəni, mən hər zaman bu cür geyinirəm”.

İbrahim Nehrəmli bahalı saatlar taxmağı xoşladığını da vurğulayıb: “Saatlarım “Vacheron Constantin” kimi dünyanın tanınmış brend firmalarındandır”.

Nehrəmli yas yerinə də tanınmış firmalardan geyindiyini söyləməklə isə, necə deyərlər, əsl “gül vurub”: “O gün bir yas yerinə getmişdim, başdan ayağa “Stefano Ricci”-dən geyinmişdim. Ayaqqabımın da üzərində “Stefano Ricci” yazılmışdı. Hamı mənə baxırdı, dedilər ki, Hacı İbrahim yenə də təəccübləndirir. Yəni, mən yas yerinə də “Stefano Ricci” geyinirəm”.

Qeyd edək ki, “Hacı” İbrahim mifik və fırıldaq “Xəzər adaları” layihəsini reallaşdırmaq adı ilə Beynəlxalq Bankdan 100 milyonlarla dollar (bəzi məlumatlara görə, 850 milyon dollar) kredit götürüb. Ümumilikdə onun kredit borclarının məbləğinin 1 milyard dollara yaxın olduğu deyilir. Ancaq özünün etiraf ediyinə görə, Beynəlxalq Bankdan 450 milyon manat kredit götürüb. Halbuki, daha əvvəllər israrla bildirirdi ki, kredit borcu cəmi 57 milyon manatdır. Bu baxımdan onun dediklərinə inanmaq olmur.

Hər halda borcu çox olduğundan bir müddət əvvəl “Bandotdel” tərəfindən həbs olunub, “podvalda” saxlanmışdı. Sonra bəzi ödənişlər etdiyindən və pulu qaytarmaq vədi verdiyindən buraxıldı. Ondan sonra müxtəlif adlarla dəfələrlə ölkədən çıxmağa cəhd etsə də, buraxılmadı.

Qeyd edək ki, İbrahim Nehrəmli banklardan belə böyük kreditləri utopik layihəyə xərcləmək adı ilə aldığını özü də etiraf edib: “Xarici işlər naziri israillilərə demişdi ki, bu layihə xülyadır. Yüksək rütbəli məmur belə dedikdən sonra mən nə edə bilərəm ki?!

İbrahim Nehrəmlinin mifik bir layihə üçün aldığı vəsaitlərin böyük hissəsini isə özünə şəxsi təyyarə, bahalı maşınlar, nəvələrinə Londonda evlər, 14 min dollara ayaqqabı, katibəsi üçün yüz min dollarlıq “cip”, minlərlə dollarlıq ətirlər almağa və s. bu kimi dəbdəbələrə xərclədiyi bildirilir. İndi bunu özü də etiraf edir.

Hətta həmin ayaqqabılarla yas yerinə getməsinə dair əttökən açıqlamalar da verir. Əlbəttə, dövlətin 100 milyonlarını hansısa mifik layihə üçün belələrinə verəndə maliyyə böhranı da yaranar, iqtisadi tənəzzül də…
(AzPolitika.info)

Kredit  almaq isteyen telebeler üçün ŞAD XƏBƏR

04.10.2016 / 10:01 xeber –

 

"Maarifçi" Tələbə Kredit Fondu təhsil krediti almaq istəyən tələbələr üçün növbəti elan sessiyasına start verib. Bu elan 2016-2017-ci tədris ili üzrə təhsil alan və aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub. Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, kreditlər üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidirlər. Belə ki, fonda Azərbaycan Respublikasının vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər. "

 

Təhsil kreditlərinin növləri və şərtləri, seçim meyarları və müraciət forması ilə bağlı ətraflı məlumat fondun rəsmi saytında ( www.maarifci.az) qeyd olunub.

 

 

 

Portalda elektron (onlayn) müraciət pəncərəsi yaradılıb ki, bu da kreditlər üçün müraciət prosesində şəffaflıq və operativliyin təmin olunması məqsədlərinə xidmət edir. Müraciət prosesi, uyğunluq meyarları və tələb olunan sənədlərin siyahısı haqqında məlumatları da portalın müvafiq səhifələrindən rahatlıqla tapmaq mümkündür.

 

 

Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.

 

 

Qeyd edək ki, birinci elan sessiyasında fondun seçim meyarları çərçivəsində 55 elektron müraciətə baxılıb, meyarlara cavab verən 22 tələbə ilə kredit müqaviləsi imzalanıb.

 

Müraciətlər oktyabrın 31-dək qəbul ediləcək.

 

mənbə :
lent.az

Samir Şərifov – Elman Rüstəmov savaşında yeni mərhələ – Zərbə banklara dəyəcək

maliyye
Yüksək faizli istiqrazlar bankları əmanətsiz qoya bilər

Xəbər verdiyimiz kimi aprelin 5-də Bakı Fond Birjasında keçirilən hərraca Maliyyə Nazirliyinin 15 milyon manat dəyərində qısamüddətli istiqrazları çıxarılıb. Nazirlik məlumat yayıb ki, investorların hökumətin borc kağızlarına marağı təklifi qat-qat üstələyib. Onların təqdim etdikləri sifarişlərin nominal üzrə ümumi məbləği 56,5 milyon manat olub.
Nəticədə 15 milyon manat məbləğində dövlət istiqrazların gəlirliyi illik 12.1455 faiz müəyyən olunub. Onların dəyəri 3 aydan sonra odəniləcək.
Bu istiqrazların ödənilmə qaydası belədir ki, investor onu nominal qiymətindən ucuz alır, ödəniş vaxtı gələndə isə tam dəyərini alır.
Bu il keçirilən hərraclarda Maliyyə Nazirliyinin istiqrazlarının ən yüksək gəlirlilik faizi 17,7 faiz olub.
Nazirlik həm manat (400 milyon manat), həm də ABŞ dolları (500 milyon dollar) nominallı istiqrazlar buraxıb. Hələ ki, onların az bir hissəsi investorlara satılıb.
İstiqraz satışı iki maliyyə bossu arasında gedən mübarizənin nəticəsi kimi meydana gəlib. Ikinci devalvasiya zamanı manatın dollara münasibətdə kursunun 1.10-1.20 müəyyənləşdirilməsinin tərəfdarı olan MB rhbəri Elman Rüstəmov istəyinə nail olmayıb. Nəticədə maliyyə naziri Samir Şərifovun təkidi ilə manatın dollara münasibətdə kursu 1.55 civarında təyin olunub. Əlbətdəki burada S.Şərifovun hədəfi E.Rüstəmovdur. Çünki E.Rüstəmov ölkədə inflyasiyaya cavabdehdir. Amma devalvasiyanın yüksək olması maliyyə nazirinin maraqlarına uyğundur. Çünki devalvasiya istənilən halda qiymətlərin artımı deməkdir. Bu da büdcənin dolmasını təmin edir.

Elman Rüstəmovla Samir Şərifovun məzənnə savaşı

Dekabr devalvasiyasından sonra baş verən proseslərə də diqqət yetirək. Rəsmi məlumatlara görə ikinci devalvasiyadan sonra banklardan 2.3 milyard manat vəsait çıxarılıb. Bu banklara olan etibarın azalmasından qaynaqlanır. Belə bir ərəfədə maliyyə naziri Samir Şərifov bəyan edir ki, əgər əhali banklara inanmırsa, o zaman dövlətin bir müddət sonra buraxacağı istiqrazlara pul yatırsın. Dövlət istiqrazlar buraxdı və ilkin olaraq 15 milyon manatlıq istiqraz alındı. Amma burada da diqqət çəkən məqamlar az deyil. Istiqrazlar 14 faizlə verilir. Bu göstərici isə bankların manat üçün verdiyi faizdən artıqdır. Ekspertlərin fikrincə, bu cür vəziyyətin yaranması iqtisadiyyat üçün təhlükəlidir. Çünki iqtisadiyyatın investisiyası dayana bilər. Çünki banklar da əhaliyə kredit verməkdə maraqlı olmayacaq. Banklar əmanətlərdən götürdüyü vəsaiti istiqraz alaraq fəaliyyətlərini davam etdirə bilərlər.

İsitiqrazlar iqtisadiyyata yatırımı azaldacaq

Nəticədə 3 diqqət çəkən məqam yaranır. Birinci məqam odur ki, istiqrazlar daha cəlbedici olacaq. Çünki, istiqrazlara zəmanəti dövlət banklara yatırılan əmanətlərə isə zəmanəti bank verir. Bankların reytinqinin aşağı düşməsi istiqrazları daha cəlbedici edir.
İkinci mühüm məqamlardan biri budur ki, əmanətlər üçün faizi banklar verməlidir. Istiqrazların faizini isə dövlət qarşılayacaq. Bu da dövlətin ziyana düşməsi deməkdir.
Nəhayyət sonuncu məqam budur ki, qeyd etdiymiz kimi istiqrazlar üçün verilən 14 faiz bankları iqtisadiyyata yatırımdan uzaqlaşdıra bilər. Çünki problemli kreditlərin daha da artdığı bir zamanda banklar üçün yeni risklərə girmək arzuolunan deyil.
İqtisadçı Oqtay Haqverdiyev bildirdi ki, maliyyə nazirliyinin buraxdığı istiqrazlar banklara marağı azaldacaq. Maliyyə Nazirliyinin büdcənin doldurulması baxımından siyasət yürütdüyünü deyən O.Haqverdiyev vurğuladı ki, bu düzgün siyasətdir: “Məncə, Mərkəzi Bankın oyunlarındansa Maliyyə Nazirliyinin addımları düzgündür. Çünki Mərkəzi Bank istəyir ki, inflyasiya olmasın, manat stabil qalsın. Bu da iqtisadiyyata zərbədir. Dövriyyədəki manat kütləsi ciddi şəkildə azalıb. Hazırda dövriyyədə 4 milyarddan bir qədər artıq manat var. Belə bir şəraitdə iqtisadiyyat necə kreditləşdiriləcək. Ona görə qərar verildi ki, bir ay ərzində dollarla kreditlər verilməsin”.(azadıq.info)

Azərbaycanda ipoteka kreditlərinin məbləği artırlacaq

ipotek
Azərbaycanda ipoteka kreditlərinin məbləği artırlacaq.

Azadliq.az azvision.az-a istinadən bildirir ki, bu barədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib.

`Faizlərin aşağı salınması istiqamətində hansı addımların atılacağı ilə bağlı bir söz deyə bilmərəm. Çünki bu, yeni qurumun səlahiyyətində olacaq. Sosial ipotekanın məbləğində dəyişiklik olmayacaq. Bu, sosial xarakterli ipotekadır. Kommersiya ipotekası ilə bağlı bazardakı reallığa uyğun olacaq qərar qəbul olunacaq. Burada prinsipial məqam ondan ibarətdir ki, yeni statuslu İpoteka Fondu dövlətdən vəsait gözləməsin. Eyni zamanda özünün qiymətli kağızlarını buraxmaqla bazardan vəsaitlər cəlb etsin`, -deyə baş bankir vurğulayıb.
Azadliq.az