Türkiyədə qadını diri-diri basdıranların cəzaları təsdiqləndi

rize
2008-ci ildə qeydə alınmış bu görüntülərə görə həbs edilən Turqayın cəzası azaldıldı
Türkiyənin Rizə şəhərində 2008-ci ildə qeydə alınmış bu görüntülərə görə azadlıqdan məhrum edilən 6 nəfərin cəzası yuxarı instansiya məhkəməsi tərəfindən də təsdiq edilib. Məlum olub ki, azadlıqdan məhrum edilən şəxslər “insan ticarəti, fahişəlik etdirmək və narkotik satmaq” kimi əməllərlə yanaşı, fahişəlik etdirdikləri qadınların ailələrinə də hədə-qorxu gəliblər.

Bizimyol.info xəbər verir ki, 2008-ci ildə Rizə şəhərində otel, restoran və barlara polis basqını nəticəsində “insan ticarəti, fahişəlik etdirmək və narkotik satmaq” iddiası ilə 14 nəfər həbs edilmişdi. Polis onların arasında 42 yaşlı İnqa adlı Gürcüstan vətəndaşının telefonundan dəhşətli görüntülər tapmışdı. Videoda görünür ki, bir nəfər əlindəki kürəklə məzar qazır. O daha sonra kənarda dayanan bir gürcü qadını məzara salır. Qadın ağlayaraq nə qədər aman diləsə də, ona məhəl qoyulmur.

Məhkəmə zamanı həbs edilən şəxslərə və fahişəliyə məcbur edilən 44 gürcü qadına suallar ünvanlanıb. Məlum olub ki, Adnan, Turqay, Salim, Qalia və Nihat, bu görüntüləri fahişəliklə məşğul olmaq istəməyən qadınlara da göstərərək, onları qorxudublar. Məhkəmədə ifadə verən Nadya və İnqa bildirib ki, onların ailələrini öldürməklə təhdid ediblər: “Gürcüstanda olan ailəmi öldürməklə təhdid etdilər. Nina, Natya, Kristina və məni də götürüb bir hotelə apardılar, bizi döydülər. Mən “Pəncərədən özümü ataram” dedikdən sonra mənə işgəncə verməkdən əl çəkdilər.”

Uzun məhkəmə proseslərindən sonra Adnana 24 il, Turqaya 21 il, Salim və Osmana 12 il, Qaliaya 5 il, Samiyə və Nihata isə 3 il müddətinə azadlıqdan məhrum etmə cazası verilib. Dünən isə yuxarı instansiya məhkəməsi (Yargıtay məhkəməsi) Turqayın cəzasının 21 ildən 15 ilə endirilməsi ilə bağlı qərar verib və digər məhkumlara verilən cəzalar da təsdiq edilib.

Azadliq.az