Seyid Camal: “Hezreti Hüseynin adını istismar etmek onun mübarek davasına heqaretdir”


07.11.2015 / 16:18 xeber –

“Mən, birmənalı olaraq, dindarların adı ilə bağlı bir neçə gün əvvəl baş verən prosesləri qətiyyətlə pisləyirəm. Azərbaycanın dövlət və milli maraqlarını din adı altında xarici kəşfiyyat orqanlarına qurban vermək imansızlığın bariz nümunəsidir”. Bunu Lent.az-a Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli deyib. Onun sözlərinə görə, bizim mücadiləmiz Qarabağ torpaqlarının işğaldan azad olunmasından keçir: “Digər tərəfdən də Azərbaycan dövlətinin bütövlüyü bizim prinsiplərimizin əsası olmalıdır. Hər bir inanclı Azərbaycan vətəndaşı “vətəni sevmək imandandır” prinsipinə sahibdirsə, dövlətinə, bayrağına xidmət yolunda başqa vətəndaşlardan fərqlənməlidir. Məhərrəm ayı müsəlman dünyasında sevgili peyğəmbərin sevimli nəvəsinin hüzn ayıdır. Şəcərəsi, əməli bəlli əhli beyt mənsubu olaraq məni ən çox hiddətləndirən şey bu ayda həzrəti Hüseynin adını istismar etmək və onun prinsiplərini kənara qoyub, onu şəxsi, nəfsani istəklərə qurban vermək cəhdləridir. Bu, həzrəti Hüseynə və onun mübarək yoluna, davasına qarşı bir həqarətdir”.

 

Seyid Camal Əzimbəyli dövlətin yanında olacaqlarını, bu cür halların, proseslərin baş verməməsi üçün nə gərəkdirsə, əhli beytin tərəfdarlarının da onu edəcəyini deyir: “Açıq şəkildə bəyan edirəm ki, hər hansı inanclı bir şəxs hakimiyyətdən, hər hansı bir məmurdan narazı ola bilər. Amma bütövlükdə Azərbaycanın dövlət və milli maraqlarını başqa ölkədə oturub ölkəmizdə aranı qatmaq istəyən dırnaqarası liderlərə qurban vermək olmaz! Bir araşdırmaçı kimi hər zaman hadisələrin fövqündə olan, bir gündə onlarla şəhidi məzara qoyan şəxs kimi də deyirəm ki, bizim Qarabağ boyda faciəmiz var. Bu gün hansısa beynəlxalq güclər, hansısa dövlətlər Azərbaycanı Suriya, İraq, Yəmənin gününə salmaq istəyir. Çünki Azərbaycanda olan xoşgörü, tolerantlıq dünyanın heç bir ölkəsində yoxdur”.

 

Onun sözlərinə görə, bu gün rəhbərlik etdiyi “Qarabağ Seyid Ocaqları” İB-nin təşkilatçılığı ilə toplantı keçirilib: “Toplantıda qərara alınıb ki, əhli beyt adı istismar edənlərin ifşası üçün biz dövlətin yanında olacağıq. Bəzi dəyərli dostlarımız bu proseslərlə bağlı analitik yazılar yazarkən, şərhlər verərkən digər əhli beyt tərəfdarlarını da qatmaqla özləri də bilmədən əlavə problem yaradırlar. Yazırlar ki, Məşədi Dadaş məscidində də belə problem var. Yüz minlərlə insanlara Azərbaycan dövlətçiliyinə sevgi və sayğı aşılanmasında o məscidin axundu Hacı Şahinin xidmətləri var. Dəyərli jurnalist dostlarımıza da demək istəyirəm ki, prosesləri bir-birinə qatmasınlar. Əhli beytin adından istifadə edənləri isə həzrəti Hüseynə və onun yoluna qarşı nalayiq hərəkətlərdən geri çəkilməyə çağırıram”.  

 

Qeyd edək ki, noyabrın 5-də Sabunçu rayonu ərazisində ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətlərinə yol verdiklərinə görə Bakı şəhər sakinləri Elçin Qasımov və Sahib Həbibov rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Bundan dərhal sonra, özlərini dini hərəkatın tərəfdarları adlandıran və ümumi sayı 60 nəfərədək olan bir qrup şəxs həmin polis orqanının inzibati binasının qarşısında toplaşaraq onların azad edilməsi tələbi ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstəriblər.

mənbə :
lent.az