"Güneşli"deki yanğından SON GÖRÜNTÜLƏR


16.12.2015 / 18:37 xeber –

Dekabrın 4-də "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş verən yanğın davam edir.

 

APA-nın əməkdaşı bu gün hadisə yerində olub, son vəziyyəti və yanğınsöndürmə prosesini lentə alıb.

 

Yataqdakı quyulardan birində yanğın artıq söndürülüb, digər quyularda yanğının söndürülməsi üçün tədbirlər davam etdirilir.  Yanğının söndürülməsinə FHN-in gəmiləri cəlb olunub.

 

Dekabrın 4-də baş verən qəza nəticəsində 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb. İtkin düşənlərin axtarışları da davam etdirilir.

mənbə :
lent.az

"Güneşli"deki yanğın bir quyuda tam söndürülüb


15.12.2015 / 20:17 xeber –

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Günəşli"  yatağındakı 10 saylı dərin özüllündəki baş verən yanğın bir quyuda tam söndürülüb. Bu barədə APA-Economics-ə SOCAR-dan məlumat verilib. Məlumata görə, quyunun təhlükəsizliyi üçün lazım gələn bütün önləyici tədbirlər görülüb.

 

Qeyd olunub ki, söndürülən quyu neft quyusudur. Quyudan dənizə neftin dağılması təhlükəsinin qarşısı tamamilə alınıb.

 

Qeyd edək ki, yanğın üç quyuda baş vermişdi, onlardan biri neft quyusu, digərləri qaz quyusudur. Hazırda yanğınsöndürmə tədbirləri davam etdirilir.

 

Xatırladaq  ki, dekabrın 4-də saat 17.40 radələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə güclü yanğın baş verib.

 

Hadisə baş verən zaman özüldə 63 nəfər olub.

 

Yanğın nəticəsində 2 nəfər həlak olub, 29 nəfər itkin düşüb. İtkin düşənlərdən 6-nın meyiti dünən tapılaraq sudan çıxarılıb, 23 nəfərin axtarışı davam edir. 

 

Qeyd edək ki, qəzanın nəticələrinin aradan qaldırılması üçün FHN-nin “Vixr-5” və “Vixr-8” tipli 2 gəmisi yanğının söndürülməsi, 2 helikopteri və “B-200ÇS” təyyarəsi itkin düşənlərin axtarışını aparır.

 

Həmçinin, nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri sahilboyu müşahidə işləri aparır.

mənbə :
lent.az

Biz ne haydayıq, onlar ne hayda?..

01:49 xeber – Milli Televiziya və Radio Şurası (MTRŞ) “Günəşli” neft yatağının 10-cu platformasında baş verən və insan tələfatı ilə nəticələnən faciə ilə bağlı elan edilmiş matəm günündə bəzi telekanalların qanunvericiliyin tələblərini pozması barədə arayış hazırlayıb. MTRŞ bununla bağlı televiziya və radio kanallarına məktub da göndərib.

Televiziya və radio kanalları həmin məktubda matəm günü reklam verməkdə ittiham olunur. Onların arasında ANS ÇM radiostansiyası da var.

Radionun baş direktoru Elman İsayev isə virtualaz.org saytına müsahibəsində bu ittihamlarla nəinki razılaşmadı, hətta özü qarşı tərəfi ittiham etdi.


Elman İsayev – ANS ÇM radiosunun baş direktoru

– Elman müəllim, MTRŞ bir sıra qurumlarla bərabər ANS ÇM-i də matəm günü reklam verməkdə günahlandırır…

– Əvvəlcə faciədə yaxınlarını itirmiş insanlara dərin hüznlə başsağlığı verir, Allahdan hamımıza səbr diləyirik. Məsələ burasındadır ki, matəm günü elan edilməsi ilə bağlı sərəncam rəsmən saat 13:00-da elan edildi. Bununla da ANS TV həmin günün tələblərinə uyğun olaraq tam matəm rejiminə keçdi. Hər birimiz gözəl bilirik ki, qanunvericiliyin pozulub-pozulmamasına matəmin elan olunduğunu təsdiqələyən sənədin qüvvəyə minməsi anından yanaşılmalıdır. Bu sənəd isə saat 13:00-da qüvvəyə minib. Mənim sahəm olmasa da dəqiq bilirəm ki, ANS TV-də bu tələblər tam və artıqlaması ilə qorunub. Niyə artıqlaması ilə? Ona görə ki, ANS TV hələ bir gün əvvəldən qeyri-rəsmi olaraq matəm rejiminə keçmiş, bütün əyləncəli layihələri efirdən yığışdırmışdı.

ANS ÇM-lə bağlı məsələyə gəlincə isə bildiyiniz kimi, dekabrin 6-sı bazar günü idi, yəni iş günü deyildi. Mən özüm valideynimin ağır xəstə olması səbəbindən Bakıda deyildim. Amma matəm günü olduğundan radionu hüzn əhval-ruhiyyəsinə keçirmək barədə texniki heyətə müvafiq tapşırıqlar verdim. Onlar da bunu dərhal icra etdilər və mənə daha nə etmək lazım olduğu barədə suallar verdilər. Məsələn, çarxlarla (bu, həm də reklam çarxlarına aiddir) nə etmək lazım olduğunu soruşdular. Mən onlara dedim ki, radionun yayım strukturu spesifikdir, burada müəyyən incəliklər var, ona görə də MTRŞ ilə əlaqə saxlasınlar.

– Hansı incəlikdır, onlar MTRŞ-dan nəyi soruşmalı idilər? Matəm elan olunub və dediniz ki, bundan xəbəriniz var idi…

– Elədir. Amma burada dərhal nəyisə dəyişmək mümkün deyil. Proseslər demək olar ki, bütünlüklə rəqəmsal şəkildə cərəyan edir. Elə proseslər var ki, onları dəyişmək üçün azı 6 saat vaxt lazımdır. Bu, xüsusuilə reklamların yerləşdirilməsi sahəsinə aiddir. Yəni avtomatlaşdırılmış proqram sistemində radio-məhsullar rotasiya qaydası ilə 1 həftə əvvəli proqramlaşdırır. Və bu sistemdəki proqramda dəyişiklik azı 6 saat ərzində icra edilir. Proses avtomatlaşdırılmış şəkildə həyata keçirildiyindən ora əl müdaxiləsi demək olar ki, qeyri-mümkündür. Əks təqdirdə radionun bütün fəaliyyəti dayanar.

Bu mürəkkəb vəziyyətdə nə etmək lazım olduğunu isə MTRŞ-dan soruşmaq istəyirdik. Orada isə, təkrar edirəm ki, heç kimi tapmadıq, heç kim cavab vermədi… Ümumiyyətlə, bu qurum sanki işlədiyi şirkətlərin fəaliyyətini mükəmməl öyrənmək istəmir. Heç buna cəhd etmək də istəmir. Şəxsən neçə ildir ki, ANS ÇM-in direktoruyam, hələ bir dəfə də olsun bu qurumun təmsilçiləri ilə görüşməmişəm, nə onlar məni tanıyır, nə də mən onları… Onların bizimlə, kollektivimizlə, işlədiyimiz avadanlıqla maraqlandığının şahidi olmamışam. Hadisələrin gedişi, yəni MTRŞ-nin bu toplantısı və qəbul etdiyi sənəd bir daha göstərdi ki, bu qurum koordinasiya etdiyi sahəni bilmir. Yoxsa heç olmasa, gec də olsa, bizim nə işlə məşğul olduğumuzu soruşardılar, daha iki gün keçəndən sonra birdən özlərini yada salmazdılar.

– Gəlin mövzudan yayınmayaq…

– Yayınmırıq, əslində elə həmin mövzuda danışıram. Məsələ burasındadır ki, bizim MTRŞ-ya verdiyimiz suallar elə bu anlaşılmazlığı ortaya çıxardı. Biz MTRŞ sədri Nuşirəvan Məhərrəmli, aparatının digər əməkdaşları ilə əlaqə saxlamağa çalışdıq. Dəfələrlə zəng vurduq, təəssüf ki, cavab verən olmadı. İş o yerə çatdı ki, əməkdaşlarımız MTRŞ-nın yerləşdiyi ünvana yollanmalı oldular. Mühafizəçilər bildirdilər ki, bu gün iş günü deyil, sabah əlaqə saxlayın.


Nuşirəvan Məhərrəmli – MTRŞ sədri

Beləliklə, suallarımız cavabsız qaldı, araşdırma apardığımız, soruşmaq istədiyimiz məsələlərə itirdiyimiz vaxt ərzində isə bəzi reklam spotları efirə gedib. Amma bizcə, MTRŞ-nın heç bir kanalı bunda günahlandırmağa haqqı yoxdur! Çünki onlardan fərqli olaraq ANS ÇM, həmçinin digər TV və radiostansiyalar iş başında olublar. Biz nə haydayıq, onlar nə hayda… Ayıb deyil? Niyə MTRŞ Azərbaycanı dünyaya hətta matəm günündə pul qazanmaq istəyən insanların dövləti, xalqımızı belə aşağı mənəviyyatlı bir xalq kimi tanıtmaq istəyir? Bu ağır günlərdə xalqımızın hər bir üzvü kimi ANS ÇM də, elə ATV, “Xəzər”, “Lider”, “Space” və başqa kanallar da dərd içindədir. İki gün gözləyib birdən ortaya çıxan və qəflətən hansısa qanunları xatırlayan MTRŞ bu yanaşma ilə bütün milləti təhqir edir. Yaponiyada sunami olanda bütün yaponlar birlikdə dərd çəkir, bacardıqlarını edirdilər. Daha bu ölkənin MTRŞ-sı hansı radionun reklam verib-vermədiyini axtarmırdı.

Nuşirəvan Məhərrəmlidən xahiş edərdik ki, axtarılanları bir tutuşdursun. Bu saat dövlət bütün Xəzər boyu onlarla itmiş vətəndaşını axtarır. Bəs MTRŞ? ANS-in əməkdaşları 4 gündür ki, xüsusi rejimdə çalışır. Hər bir kanal əlindən gələni edir ki, ağır kədərin altında qəddi əyilən insanların dərdi yüngülləşsin. Belə bir vaxtda MTRŞ-nı görün nə maraqlandırır. MTRŞ matəm elan olunan gün ya işdə olmalı, ya da kanal rəhbərlərini yazılı şəkildə xəbərdar etməli idi. Bütün bunlar isə baş verməyib. İndi isə hansı haqla kanallar günahlandırılır? “Kimsə reklamdan pul qazanıb”, “matəm günü qanunvericiliyin tələbləri pozulub” və s. bu kimi iddiaların əsası yoxdur. Hamının başı işə qarışıb. MTRŞ-da soruşmağa heç kim olmayıb. Bütün bunları kanalların üzərinə atmaq olmaz! Əksinə, burada günahkar varsa, o da MTRŞ-dır. Şura həmin gün heç olmasa mətbuat konfransı keçirməli, ya da kanal rəhbərlərini dəvət etməli idi. Hətta bunlara vaxtı və həvəsi yox idisə, telefonoqram göndərməli idi…

Lap elə tutaq ki, MTRŞ qanun pozuntularını müşahidə edib. Bəs onda niyə dərhal həmin qurumların rəhbərlərinə zəng vurub bu barədə xəbərdar etməyib? Niyə bütöv bir gün gözləyib? Gözləyib ki, qanun pozuntuları davam etsin… Nə məqsədlə? 4 gündür ki, fasiləsiz rejimdə çalışan televiziya və radio kanallarının əməyini arxa plana keçirmək və özlərinin də mövcud olduğunu xatırlatmaq üçünmü? Axı yada salmağın başqa yolu var. Biz təkif edə bilərik. Məsələn, ANS ÇM-in kollektivi həmin gün reklamdan gələn gəliri faciədən zərər çəkmiş şəxslərə yardım kimi verəcək. Qoy MTRŞ də öz bir günlük əməkhaqqından keçsin.

– Bundan sonra nə etmək fikrindəsiniz?

-Neyləyəcəyik?! Yenə öz işimizlə məşğul olacağıq. Çalışacağıq ki, bir daha MTRŞ-ya xalqımızın mənəvi dəyərlərini dünyaya neqativ şəkildə təqdim etmək üçün provakativ əsas verməyək.

***

Azadlıq.az xəbər verir ki, ans tv-nin Proqram Departamentinin rəisi Sevda Həsənova da məsələyə münasibətini bildirib.

S.Həsənova da virtualaz.org saytına açıqlamasında MTRŞ-nin ittihamlarını əsassız adlandırıb: “Dekabrın 4-dən bütün Azərbaycanı kədər bürüyüb. Amma deyəsən, bu faciə ən az MTRŞ-ya toxunub. Belə olmasaydı, onlar ilin-günün bu vaxtı kanallarda nə qədər reklam getdiyini ölçməz və bu faciənin ortasında xalqa xəbər çatdırmalı olan kanalları toplantıya yığıb ən azı birgə fəaliyyətin gələcəyini, xalqa informasiya çatdırmaq üçün müştərək addımları müzakirə edərdi. Daha reklam haqq-hesabı çəkməzdi”.


Sevda Həsənova – Azadlıq.az xəbər verir ki, ans tv-nin Proqram Departamentinin rəisi

Azadlıq.az xəbər verir ki, ans tv-nin prezident İlham Əliyevin ölkədə matəm elan olunması barədəki 6 dekabr tarixli sərəncamını əsas götürdüyünü bildirən S.Həsənova əlavə etdi ki, ANS TV faciəli şəkildə həlak olan vətəndaşlara yas tutub: “Ondan bir gün əvvəl də televiziyalar arasında ilk olaraq ANS TV proqram şəbəkəsinə dəyişiklik etmiş, əyləncə xarakterli bütün verilişləri yayımdan çıxarmışdı.

Digər tərəfdən, ölkə ərazisində matəm elan edilməsi barədə sərəncam prezidentin rəsmi saytında saat 13:00-da yerləşdirilib. Hörmətli MTRŞ boş-boşuna sosial şəbəkələrdə özünü vətənpərvər, qanun keçikçisi kimi göstərməkdənsə qanuna riayət edəydi. Bizdən ötrü ölkə prezidentinin sərəncamları əsasdır. Əgər sərəncam saat 13:00-da verilibsə, MTRŞ ANS TV-ni saat 11-12-də reklam verməklə qanunları pozmaqda necə “günahlandıra” bilər? Bu qurum belə vətən və qanun sevəndirsə, gözünü zillədiyi və kiçicik səhv tapanda sevindiyindən az qala uçduğu kanallarla niyə danışmadı, niyə “tövsiyə”lər vermədi? Heç olmasa, xarici təcrübələrə əsaslanmaq olardı. 2013-cü ildə Yaponiyada sunami nəticəsində 20 min adam öləndə onların analoji qurumları gözlərini TV-yə, qulaqlarını radiolara dikməmişdilər. Bütün qurumlar xalqın arasında idi. Onlar öz kanallarını reklam verib-verməməkdə günahlandırmırdı. Onlar xalqın dərdini bölüşür, onlara dəstək olurdu…”

S.Həsənovanın sözlərinə görə, ANS TV bu bir neçə gündə fasiləsiz rejimdə işləməklə etibarlı informasiya mənbəyi olduğunu növbəti dəfə sübut etdi: “Biz ən sıravi əməkdaşımızdan tutmuş rəhbərliyimizədək dəqiq məlumatları gecə-gündüz bilmədən Azərbaycan xalqına çatdırdıq. Şəxsən mən hesab edirəm ki, ANS TV bu sınaqdan üzüağ çıxdı!

Hörmətli MTRŞ nəzərə alsın ki, ANS TV bu hadisə baş verəndə həmişəki kimi ən operativ işləyən yeganə kanal idi. Bu ölkədəki bütün TV-lərdən fərqli olaraq ANS hadisə ilə bağlı bütün məlumatları dərhal tamaşaçıya çatdırırdı. Məsələn, SOCAR-ın gün ərzində keçirdiyi bütün mətbuat konfranslarını yalnız ANS TV birbaşa yayımladı və bu gün də yayımlayır. Amma buna sevinmirəm. Çünki indi Azərbaycan xalqı olaraq kədər içindəyik…”

PS. 1. (ANS PRESS redaksiyasından) MTRŞ-nın adı gedən toplantısında çıxış edərkən Şura sədri Nuşirəvan Məhərrəmli şəxsən bəyan etdi ki – “…mənə matəm haqqında heç kim məlumat verməmişdi və mənim heç xəbərim yox idi…”

PS. 2. Məlumatımıza görə, heç bir TV və ya Radio şirkəti MTRŞ tərəfindən təlimatlandırılmamışdı və məlumatlandırılmamışdı. Matəm elan olunan gün ümumiyyətlə iş başında MTRŞ-nın heç bir əməkdaşı yox idi.

mənbə :
anspress

“Su soyuq olsa da, üzüb çıxa bildik – Qalanları isə …”

neftciler“Platformadakı yanğın güclü küləkdən baş verdi. Qəfildən güclü partlayış oldu. Bizə əvvəlcədən xətlərlə bağlı xəbərdarlıq edilməmişdi”.

Azadliq.az virtualaz.org-a istinadən xəbər verir ki, bu sözləri “Günəşli” neft yatağındakı 4 dekabr dəhşətini yaşayan, hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunan energetik Ənvər Əliyev deyib.

Ə.Əliyevin sözlərinə görə, neft-qaz platformalarında belə hadisələrin baş verməsi əslində o qədər də təəccüblü deyil: “Çünki neftçi işinin xüsusiyyəti budur. Bu sahədə iş prosesi çətindir. Amma xoşbəxtlikdən o vəziyyətdə ölənlərin deyil, xilas olanların sayı çox oldu”.

Güclü külək və yanğının xilasetmə işlərini çətinləşdirdiyini deyən şahid həmin anları belə xatırlayır: “Biz rezin qayığa mindik, amma az sonra külək qayığı aşırdı. Bu zaman iki nəfər boruların üstünə yıxıldı. Qayıq cırıldı. Həmin vaxt qayıqda çox adam vardı. Qayıq parcalananda iki nəfər xilas oldu. Biz iki nəfər isə suya düşdük. Su soyuq olsa da üzüb çıxa bildik. Qalanları isə yəqin ki, batdı. Mənim daha sonra onlardan xəbərim olmadı”.

Ə.Əliyev necə xilas edilməsindən də söz açdı: “Bizi “Topaz” firmasının gəmisi xilas etdi. O gəmidəki uşaqlar suya tökülüb bizi xilas etdilər. Onlar gəlməsəydilər, biz ölərdik. Həmin məqamda xilasetmə işləri çox riskli idi. Güclü külək əsirdi, su soyuq idi, hündür dalğalar vardı. O uşaqlar özlərini niyə təhlükəyə atmalarının səbəbini sonradan açıqladılar. Dedilər ki, biz neftçilərin başına gələn hadisəni izlədik və dözə bilmədik”.

Ə.Əliyev öldü-qaldısı hələ də bilinməyən neftçi həmkarlarının taleyinə görə çox narahat olduğunu dilə gətirir:

“Suya düşənlərin sağ qalma ehtimalı azdır. Çünki hava şəraiti pisdir. Su dondurucu dərəcədə soyuqdur, dalğalar xilasetməyə mane olur”.

Digər neftçi, dəhşətli hadisənin baş verdiyi 10-cu özüldə operator işləyən Mais Abbasov da hadisənin qəfil baş verdiyini dedi: “Yanğın əslində texniki səbəblərdən yox, güclü küləkdən baş verdi. Partlayış baş verən kimi bütün heyət üzvləri qaçıb qayıqlara doluşduq”.

Qəza baş verən zaman platformada 60-dan çox adamın olduğunu güman etdiyini deyən M.Abbasovun sözlərinə görə, qayıq cırılmasaydı, tələfat az olardı: “Həmin dəhşətli vəziyyətdə xilas olmağın özü bir möcüzədir. Baş verənlərə hələ də inana bilmirəm”.