Hakim: “Ali Məhkəmə özünə görə bir kişidir, mən də özümə görə bir kişiyəm”

“Hakim deyir ki, nə olsun Ali Məhkəmənin qərarı var? Ali Məhkəmə özünə görə bir kişidir, mən də özümə görə bir kişiyəm”

[r32]

Azadliq.az “Azpolitika.info”-ya istinadən xəbər verir ki, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun cinayətkar dəstəsinin qurbanlarından olan iş adamı Maqsud Mahmudov MTN-dəki cinayətkar şəbəkə ifşa edildikdən sonra əlindən alınan əmlakını geri qaytarmaq məqsədilə məhkəmələrə üz tutub. İş adamları arasında da ilk olaraq məhz Maqsud Mahmudov keçmiş MTN-nin sahibkarların başına gətirdiyi oyunlar haqda danışan şəxs olub. O, danışmaqla dayanmayıb, əlindən şantaj yolu ilə alınan əmlakın geri qaytarılması üçün hüquqi yollarla mübarizəsini aparıb.

Maqsud Mahmudovun iddialarından biri ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) müstəntiqi Cavid Quluzadə və Azad İsmayılova qarşı olub. Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edən iş adamı qeyd edib ki, Bakı-Sumqayıt yolunda yerləşən “Las Veqas” restoran kompleksi və “Mercedes C 300″ markalı, qara rəngli, Az 90 ZD 650 nömrə nişanlı maşını MTN əməkdaşları tərəfindən ondan zorla alınıb. Maşını müstəntiq Cavid Quluzadə əvvəlcə öz adına keçirib.

İşin mahiyyəti budur ki, 2015-ci ilin əvvəlində iş adamı Maqsud Mahmudov “Texnikabank”a müraciət edərək 1 milyon 500 min manat kredit alıb və özü də bilmədən cinayətkar şəbəkənin diqqət mərkəzinə düşüb. İş adamı həmin kreditin alınması üçün Bakı-Sumqayıt yolunda yerləşən “Las Veqas” restoran kompleksini girov qoyub. Kreditin alınmasından 3 ay sonra M.Mahmudovu “Texnikabank”ın Müşahidə Şurasının sədri vəzifəsini icra edən Ayaz Gərayzadə və müavini, Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin bacısı oğlu Cəmin Hacıyev çağırıblar. Biznesmendən tələb ediblər ki, 2020-ci ilədək geri qaytarmalı olduğu krediti 3 günə geri ödəsin. 3 gün sonra isə o, MTN-in istintaq şöbəsinin müstəntiqi Cavid Quluzadənin müşayiəti altında “Texnikabank”a, Cəmin Hacıyevin hüzuruna aparılıb. İş adamı MTN-ə aparılmaqla təhdid edilib, başına oyun açılacağı deyilib. Bundan sonra iş adamı pulu ödəmək iqtidarında olmadığını söyləyib. Onu MTN-çi müstəntiq və digərlərinin əhatəsində təhdid altında Sumqayıt şəhərində yerləşən notariuslardan birinə aparıblar. Orada “Las Veqas” restoran kompleksini özləri ilə gətirdikləri Azad İsmayılovun adına rəsmiləşdiriblər. Cəmin Hacıyev bununla da kifayətlənməyib, iş adamına hesabına 115 min dollar köçürtdürüb. Bundan başqa, M.Məmmədovun qardaşı oğlunun adına olan “Mercedes C 300″ markalı, qara rəngli, Az 90 ZD 650 nömrə nişanlı maşın müstəntiq Cavid Quluzadənin adına rəsmiləşdirilib.

2015-ci ilin oktyabrında MTN-də məlum “təmizləmə”lərdən sonra iş adamı məhkəməyə üz tutub. O, restoranının, maşınının və əlindən alınan 115 min dolların geri qaytarılması iddiası ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Nərimanov Rayon Məhkəməsinin hakimi Abbas Əliyeviddianı araşdırıb və təmin edib. Beləcə “Las Veqas” restoranının M.Mahmudovun adından A.İsmayılovun adına rəsmiləşdirilməsi haqda müqavilə ləğv olunub. Müstəntiq Cavid Quluzadə barəsində xüsusi qərardad çıxarılaraq Baş Prokurorluğa göndərilib.

Həmin hökmlə 2015-ci il sentyabrın 17-də M.Mahmudovun qardaşı oğluna məxsus avtomaşının C.Quluzadənin adına keçirilməsi haqda müqavilə də qanunsuz hesab edilərək ləğv olunub. 2017-ci ilin iyulun 30-na qədər davam edən məhkəmə çəkişmələrinə Ali Məhkəmədə nöqtə qoyulub – iş üzrə Nərimanov rayon Məhkəməsinin çıxardığı hökm qüvvəsində saxlanılıb.

Bir neçə gün əvvəl isə Nərimanov Rayon Məhkəməsinin hakimi Rəşid Səmədov Azad İsmayılovun iş üzrə yeni bir iddiasını icraata qəbul edib. Bununla da iş adamının “Las-Veqas” restoranı üzərinə yenidən həbs qoyulub. M.Mahmudovun vəkili Səyyad Məmmədov deyir ki, hakim iddianı icraata qəbul edə bilməzdi. Çünki qanun buna yol vermir: “Bu iş üzrə Ali Məhkəmənin qərarı var. İyulun 31-də Ali Məhkəmə qərar çıxarıb. Ayaz İsmayılovun mülki iddiası pul tələbinə dairdir. Maqsud Mahmudovla guya aralarında alqı-satqı olub. Guya Maqsud Mahmudova verdikləri pul geri qayıtmayıb. Qaldırdıqları iddiada da yazırlar ki, pul bizə deyil, banka qaytarılsın. Ali Məhkəmə həmin alqı-satqının etibarsız olmasını təsdiqləyib. Etibarsız hesab olunması haqda qərar da ona əsaslanır ki, “Las Veqas” restoranı alqı-satqı olunarkən Maqsud Mahmudova pul ödənilməyib. Bu iddia ümumiyyətlə icraata qəbul edilməməli idi. Yeganə məqsəd odur ki, işi uzatsınlar, Ali Məhkəmənin qərarı icra olunmasın”.

Vəkil deyir ki, iddianın icraata qəbul olunması hakimin qərəzliyindən xəbər verir. İş üzrə hazırlıq iclası avqustun 10-na təyin olunub. İddia məhkəməyə daxil olan kimi restoranın üzərinə həbs qoyulub.

İş adamı Maqsud Mahmudov isə bildirir ki, ümidləri qanunlara və qanunların qarantı olan Prezidentədir: “Nə qədər ki, Cavid Quluzadə orada qalıb işləyir, bizim başımıza oyun açmaqda davam edəcək. O, Eldar Mahmudovun, Akif Çovdarovun ”vuran əli” olub. Dırnaqarası iddiaçı Azad İsmayılov Cavid Quluzadənin 2 bazarını işlədir. Cavid Quluzadənin bundan başqa 3 beton zavodu var. Bu adam dövlətin gücündən bizə qarşı istifadə edir. Onun rəisi Vüsal Ələkbərov 13 il cəza aldı. O da mənim kimi iş adamlarına qarşı cinayətlər edirdi. Mən Cavid Quluzadə ilə “Texnikabank”da ləğv olunmuş MTN polkovniki Ayaz Gərayzadənin otağında tanış olmuşam. Ayaz Gərayzadə “Texnikabank”da törətdiyi cinayətlərə görə hazırda axtarışdadır. Bu adamlar biz iş adamlarına qənim kəsilib. Mal-mülkümüzü Eldar Mahmudovun dövründə əlimizdən almışdılar. Dövlət başçısı Eldar Mahmudovu işdən qovdu. 2015-ci ilin oktyabrında Eldar Mahmudov vəzifədən qovulanda ən çox sevinən təbəqə biz sahibkarlar olduq. Başımıza gətirmədikləri oyun qalmamışdı. Qanunsuz həbs edirdilər, pulumuzu, varımızı əlimizdən alırdılar. 2-ci ildir ki, Eldar Mahmudov vəzifədə deyil, amma əlaltıları bizim başımıza oyun açmaqda davam edir. Ali Məhkəmənin qərarı əlimizdədir. Həmin qərarla mal-mülkümüzü özümüzə qaytardılar. Ali Məhkəmə 1 həftə əvvəl qərar verdi, bizim haqq-ədalətə, Azərbaycan məhkəmələrinə inamımız artdı. 1 həftə sonra Nəsimi Rayon Məhkəməsinin hakimi Rəşid Səmədov böyük bir qanunsuzluq elədi. Eyni iş üzrə yenidən qondarma, heç bir əndazəyə sığmayan iddianı icraata götürdü. Hakimlə təmasım olub. Deyir ki, nə olsun Ali Məhkəmənin qərarı var? Ali Məhkəmə özünə görə bir kişidir, mən də özümə görə bir kişiyəm. Biz sahibkarlar pul qazanmışıq ki, Rəşid Səmədov kimi şəxslərin əli ilə bir anda əlimizdən alsınlar? Bu harada görünüb ki, Ali Məhkəmənin çıxardığı qərara rayon məhkəməsi qulp qoyur? Nə edək? Biz iş adamları hara gedək? Bu adamlar bizneslə məşğul olurlarsa, dövlətin işindən çıxsınlar, adamların taleyi ilə oynamasınlar”.

M.Mahmudov Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. O, müraciətində qeyd edib ki, ümidi yenə də ölkə rəhbərliyinədir: “Biz iş adamlarının sığındığı yer ölkə rəhbərliyidir. Cavid Quluzadənin Akif Çovdarovla qohumluğu var. Adam qalıb DTX-da işləyir. Bir tərəfdən də böyük biznesi var. Bu adamları vəzifədən azad etsinlər ki, dövlətin gücündən biz iş adamlarına qarşı istifadə edə bilməsinlər. Məhkəmələrə təzyiq edə bilməsinlər. Azərbaycan Prezidenti daima sahibkarları müdafiə edib, onların yanında olduğunu addımları ilə göstərib. Ancaq təəssüflət olsun ki, sahibkarları hələ də incidənlər var. Mən ümid edirəm ki, dövlətimizin başçısı bu məsələnin ədalətli həlli üçün bizə dəstək göstərəcək”.