“Ayfon” ve “Ayped” resmen Azerbaycan diline

15:20 xeber – Azərbaycan dilinə rəsmi olaraq 2500 yeni termin daxil edilir.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova “Trend”ə bildirib ki, həmin terminlər yeni hazırlanan və artıq çap olunma ərəfəsində olan izahlı dilçilik lüğətinə daxil edilib.

Lüğətdəki terminlər son 2-3 il ərzində dilimizə yeni daxil olan və dilin daxili imkanları hesabına yaranan sözlərdir. Terminlər müxtəlif sahələr – informatika, iqtisadiyyat, riyaziyyat, kimya, tibb sahələri üzrədir. Yeni terminlərin sırasında informatika sahəsi üzrə olan sözlər çoxluq təşkil edir.

S.Sadıqova əlavə edib ki, yeni terminlər indiyədək Azərbaycan dilinin orfoqrafiya, eləcə də izahlı lüğətinə daxil edilməyib.

Trend yeni terminlərin bir neçəsini oxuculara təqdim edir:

AYFON – Səs, rabitə və görüntü imkanlarını özündə birləş­dirən simsiz multimedia qurğusu.

AYPƏD – İnternetə fərdi qoşulma cihazı; klaviaturasız noutbuk.

BİOPSİYA – Xəstəliyin xarakterini mikroskopla müəyyən etmək üçün canlı orqanizm toxumasından kiçik bir parçanın kəsilib müayinə edilməsi.

CAKUZİ – Suyun xüsusi sistem üzrə dövr etdiyi və yüksək təzyiqlə vurulduğu vanna.

CEKPOT – Lotereyada böyük məbləğli uduş.

ÇAT – İnternet şəbəkəsi dialoq rejimində qısa mətn məlumatları ilə mübadilənin təşkili. Bu halda dialoq iştirakçıları klaviatura vasitəsilə sorğu göndərir və displeyin ekranında cavabı alır.

ÇAT SEANS – İnternet şəbəkəsində qarşılıqlı dialoqun əsas forması.

ÇİLƏYİCİ HOVUZ – Su dövranlı basqılı boru kəmərləri sistemi ilə təchiz olunmuş açıq çən.

ÇİP – 1. Mürəkkəb siqnal elementi. Bu siqnalın uzunluğu informasiyalı simvolun uzunluğundan dəfələrlə azdır. 2. Bir kristal üzərində yarımkeçirici mikrosxem.

ÇİP SÜRƏTİ – Geniş skeptrli sistemdə siqnalların verilmə sürəti. Takt tezliyi giriş siqnalın tezliyindən dəfələrlə çoxdur.

ÇİPS – Lay-lay doğranmış və yağda qızardılmış kövrək, xırçıldayan kartof dilimləri.

ÇİZBURQER – İsti qəlyanaltı; ikiyə bölünmüş və arasına kotletlə pendir qoyulmuş ədviyyatlı dairəvi kökə.

DATA KART – İnformasiya əməliyyatlarını yerinə yetirmək üçün elektron kart.

DAYCEST – Rəqəmli imza rolunu oynayan qısa şifrələnmiş məlumat. Bu rabitə kanallarında şifrə edilməmiş məlumatlar birgə ötürülür.

DEBET – Müəssisənin (bankın) borclarının miqdarını göstərən, mühasibat hesablarının sol tərəfidir. Aktiv hesablarda debet sayılan məbləğin artmasını, passiv hesablarda isə azalmasını göstərir. Bütün iqtisadi hesablaşmalar bir hesabın debetinə və digər hesabın kreditinə yazılır.

DEBET NOT – Bu və ya digər səbəblərə görə ödənilməli olan, sonuncu müəyyənləşdirilmiş məbləğin debet hesabına yazılması barədə bir tərəfin o biri tərəfə göndərdiyi bildiriş.

DEBET KARTI – Alıcının cari hesabından onun tərəfindən alınmış mal və xidmətlərə görə pul silinməsini həyata keçirən mikroprosessor kartoçka.

DEBİTOR – Kredit (borc) verilmiş hüquqi və ya fiziki (borclu) şəxslərdir.

DEBİTOR BORCLARI – 1. Debitorlardan, yəni hüquqi və ya fiziki şəxslərdən müəssisəyə çatacaq borcun məbləğidir. Debitor borcu iqtisadi fəaliyyətin normal prosesi və ya maliy­yə, yaxud ödəmə intizamının pozulması ilə əlaqədar ola bilər. Debitor borcu xammal və materialların alınması üçün dövriy­yə vəsaiti çatışmazlığında vaxtsız ödəmə hallarında, müəssisə dayanarkən işçilərə əmək haqqının verilməsində müəssisənin dövriyyəsindən vəsaitin ayrılmasını əks etdirir. 2. Şirkətin gəlir­lərinin ümumi məbləğinin qeyri-müəyyənliyi nəticəsində, hələ­lik üçüncü şəxs tərəfindən daxilolmaların hesaba yazılmamış gəlirləridir.

DEBURS – Qaytarıla bilməyən ticarət və digər xərclər.

DEVALVASİYA – Pul vahidinin, qızıl məzənnəsinin rəsmi azalması, yaxud milli valyutanın qızıla, gümüşə, xarici valyu­taya görə məzənnəsinin aşağı düşməsi deməkdir. İnflyasiya, tədiyyə balansının defisiti (kəsiri) pul dövriyyəsinin pozulması nəticəsində digər ölkələrin valyutası ilə müqayisədə bir ölkənin valyutasının dəyişmə məzənnəsinin birdəfəlik aşağı düşməsi,qiymətdən düşməsidir. Devalvasiya zamanı ixrac olunan mallar ucuzlaşır, idxal olunan mallar isə bahalaşır.

DƏRƏCƏ PROFİLİ – Təhsil proqramı və ya ixtisaslaşma xüsusiyyətlərinin təsviridir. Bu tanıdıcı, təhsil proqramının məxsusi məqsədlərinə əsaslanan proqramın əsas xüsusiy-yətlərini, tədris olunan fənlərin akademik xəritəsinə və ya tematik təlimlərə necə uyğunlaşmasını və peşəkar ictimaiyyətə nə dərəcədə aid olmasını göstərir. Cəmiyyətin və konkret fənn sahəsinin birgə ehtiyaclarının, o cümlədən sözügedən təhsil proqramının təsis edilməsi üçün tələb olunan maliyyə və kadr resurslarının təhlili prosesinin nəticəsində yeni dərəcə profili təsis edilə bilər.

DİCEY – Səsyazma daxil edilməklə, şərh, zarafat və reklamla müşayiət olunan musiqili verilişin və ya əsasən, musiqi üzərində qurulmuş radio proqramının aparıcısı.

DİSKRESİON SİFARİŞ – Qeydiyyatdan keçmiş nüma­yəndəyə və ya digər broker firmasına qiymətli kağızların seçil­məsi, qiymətli kağızların miqdarı və həmçinin alqı-satqı haq-qında müştəri adından xüsusi qərarlar qəbul edilməsinə səla­hiyyət verən sifarişdir.

DİSKRESYA SİYASƏTİ – Qanunverici və icraedici orqanın qərarında daha çox dəyişən iqtisadi vəziyyətə nəzərdə tutulan çevik siyasətdir.

DİSKRETLƏŞDİRMƏ – Fasiləsiz analoq siqnallarının diskret impulslar ardıcllığına çevrilməsi prosesi.

DİSKRET İSTEHSAL – Məhsulların fasilələrdə istehsal edildiyi metoddur. Məsələn, avtomobillərin, kompüterlərin və s-nin istehsalı.

DİSKRET KƏMİYYƏTLƏR – Müxtəlif qiymətli tapşırıqlara verilmiş fasiləsiz ölçülərin əksi olan kəmiyyətlər. İqtisadiyyatda üstünlük təşkil edən diskret anlayışlardan, göstəricilərdən istifadə edilir. Onlar qeydə alınır, ölçülür, müəyyən vaxt və müxtəlif anlarda hesablanır (saat, gün, həftə, ay, rüb, il, bir neçə il).

mənbə :
anspress

Tercüme Merkezi “Azerbaycan dilinin orfoqrafiya lüğeti”nden istifade etmir


17.10.2015 / 10:21 xeber –

 

"Bu kitab dilimizə, leksik mədəniyyətimizə yad söz və ifadələrlə doludur"

 

Nazirlər Kabineti Yanında Tərcümə Mərkəzinin Elmi-Bədii Şurasının  iclası keçirilib. Mərkəzdən APA-ya verilən məlumata görə, iclasda “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 6-cı nəşri, ölkə üzrə dil və tərcümə işinin təkmilləşdirilməsinə dair hazırlanmış Dövlət Proqramının layihəsi müzakirə olunub.

 

İclası giriş sözü ilə mərkəzin sədri Afaq Məsud açaraq, Azərbaycan dilinin tətbiqi, düzgün işlədilməsi və tərcümə işinin təşkili ilə bağlı Mərkəz tərəfindən aparılmış araşdırmaların nəticələri barədə fikirlərini bildirib.

 

A.Məsud qeyd edib ki, il ərzində mərkəz dövlət qurumlarında dil və tərcümə işinin təşkili ilə bağlı yoxlamalar aparıb. 67 qurum üzrə aparılan yoxlamalar nəticəsində bu sahədə ağır durumun yaşandığı, rəsmi və beynəlxalq yazışmalarda Azərbaycan dilinin və tərcümənin norma və qaydalar üzrə tətbiq edilmədiyi və bu səbəbdən yolverilməz anlaşılmazlıqlar və yanlışlıqlar yaratdığı aşkarlanıb: “Mövcud durumu yaradan səbəblər dərin və müfəssəl şəkildə araşdırılarkən, dil və tərcümə sahəsində yaşanan bu mənzərənin bir sıra subyektiv və obyektiv amil və səbəblərdən qaynaqlandığı üzə çıxıb.

 

Dilin ilkin təyinatçısı və göstəricisi olan, Azərbaycan dilinin söz ehtiyatını və yazılış qaydasını müəyyən edən müvafiq nəşrlər bu sahədə əngəllər yaradır. Söhbət, yaxın illərdə işıq üzü görən “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən gedir. Bu gün rəsmi yazışmalarda, dərslik və tədris vəsaitlərinin hazırlanmasında, kino, efir və dublyaj və s. mətnlərinin tərtibində, həmçinin geniş xalq kütləsinin hər sahədə istinad və istifadə etdiyi, yararlandığı bu kitab, təəssüflə bildirməliyəm ki, dilimizə, leksik mədəniyyətimizə yad, çox vaxt yazılış qaydası, sanki qəsdli şəkildə təhrif olunan söz və ifadələrlə doludur.

 

Mərkəz dil və tərcümə sahəsinə nəzarətedici dövlət qurumu olaraq, indiki halda bu nəşrdən istifadəni məqsədəuyğun saymır. O səbəbdən ki, aparılan təhlil, kitabda yer alan 50 000-dən çox sözün ədəbi dil qaydalarına uyğun tərtib edilmədiyini, sözlərin yazılış qaydasının pozulduğunu, yüzlərlə terminoloji, qəliz ərəb, fars və ara sözlərinin, şivə və dialektlərin əlavə olunduğunu aşkar edib.

 

Kitabın tərtibində yol verilmiş ən böyük xəta lüğət spesifikliyinin, sahə formatının nəzərə alınmaması, müxtəlif sahəli lüğətlərdə yer almalı olan sözlərin bir araya gətirilərək, söz xaosu yaratmasıdır. Kitabda yüzlərlə dərman adlarının, kimyəvi element adlarının, tibb, coğrafiya, hüquq, iqtisadiyyat, astrologiya və s. sahələrdə işlədilən spesifik terminlərin yer alması da təəccüb doğurur. Bu sözlərin öz lüğətləri var. Terminoloji, izahlı lüğətlər, sahələr üzrə, hüquq terminləri, iqtisadi terminlər lüğəti və s. və ilaxır. Digər təəccüb doğuran məqam, lüğətdə yüzlərlə izahı olmayan, dilimizdə işlədilməyən əcaib sözlərin yer almasıdır. Məsələn, “ağu”, “ağulu”, “ağvalideyn”, “ağyağız”, “ağzıbütün”, yaxud, “alaçalnov”, “axartı”, “alahı”, “alafa”, “alaqandan”, “alaban”, “alabayraq”, “alacanlandırma”, “alacahöyük” və s. Saymaqla bitmir. Və ən faciəli olanı – kitabda yer alan bütün sözlərin, bu naməlum sözlər də daxil olmaqla, inkar və təsdiq, zaman və məsdər formasında və ismin bütün hallarında yüzlərlə ekvivalenti ilə birgə verilməsidir. Kitabın digər bəlası nə ədəbi dildə, nə də şifahi danışıq dilində işlədilməyən ara sözlərlə, əcaib şivə və dialektlərlə dolu olmasıdır. Şivə və dialektlərin dilimizi zənginləşdirməsini inkar etmirik, lakin burada yer alanları dialekt, ya şivə adlandırmaq da olmur: “ağzıheyvərə”, “ağzımavay”, “ağzıolaqlı”, “ağzıharfa”, “alax-bulax”, “alaxana-balaxana”, “ax-tüf”, “axtarmamotal” və s. Dialekt və şivələr lüğəti ayrı olmalıdır. Bu, dünya praktikasında da belədir. Əgər biz “orfoqrafiya lüğəti” deyiriksə, burda sırf ədəbi dilin bazasından istifadə edilməlidir.

 

Bir yazıçı kimi, mənim üçün ən ağrılı məqam isə “Azərbaycan dilinin orfoqrafiya lüğəti” adlanan bu kitabın fars sözü olan “ab”la başlamasıdır. Bəli, dilimizə çox sayda ərəb, fars mənşəli söz və ifadələr qarışıb, lakin, dilimizdə işlədilməyən “ab” (su) sözünün Azərbaycan dili kitabının ilk sözü kimi təqdim edilməsi, düşünürəm ki, nə dilimizə, nə də mənliyimizə şərəf gətirir. Sözügedən lüğət Dilçilik İnstitutu tərəfindən hazırlanmış 6-cı nəşrdir”.

mənbə :
lent.az