“Sübut edin, 10 milyonu ödəyim…” – “Vidadi Zeynalov paket alan olub, verən yox” – Məhkəmə


[r32]
Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.Musavat.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərdən Emin Məmmədovun vəkili çıxış edib. Vəkil Rabitə Nazirliyindən daxil olan məktubu elan edib. Məktubda bildirlir ki, təqsirləndirilən Emin Məmmədov, Namazalı Məmmədov və Səhrab Hümbətov Rabitə Nazirliyinə vurulmuş maddi ziyanı tam olaraq ödəyiblər və hazırda nazirliyin adıçəkilən şəxslərə qarşı mülki iddiası yoxdur.
Hakim Əfqan Hacıyev deyib ki, hazırda nazirliyin nümayəndəsi prosesdə iştirak etmədiyi üçün bu məsələyə növbəti prosesdə baxılacaq. Prosesin davamında hakim məhkəməyə gələn məktubları həmçinin vəkillərin ötən prosesdə verdikləri vəsatətləri elan edib. Elan edilən məktublardan biri həbsdə olan Bakı Telefon Rabitə İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynovun qardaşı Ramiz Hüseynovundur. Məktubda Ramiz Hüseynov qeyd edir ki, qardaşının əmlaklarına həbs qoyulan zaman onun da mülkinə həbs qoyublar. O, Şamaxıda olan evinin, Nizami rayonundakı torpaq sahəsinin qardaşına aidiyyatı olmadığını və üzərindən həbs görürülməsini məhkəmədən xahiş edib.
Məhkəmədə nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalovun vəkilləri Elxan Süleymanov və Ceyhun Yusifov məhkəmədən müdafiələrini tam olaraq qurmaq üçün məhkəmədən vaxt istəyiblər. Ceyhun Yusifov bildirib ki, ittihamın mahiyyəti tam olaraq hələ də onlara məlum deyil: “İttihamı 74 dəfə oxumuşam. 1-ci səhifədə yazılan məbləği 4 səhifədə özləri təkzib edirlər. Biz ona görə vaxtında vəsatətlər verdik ki, həmin məbləğləri hesablayan şəxslər gəlib məhkəmədə ifadə versin. Çünki hesablanan məbləğlər şişirdilib. Siz təsəvvür edin verilən 153 milyonluq ittihama ƏDV-də salıblar. Tam olaraq 23 milyon manat ƏDV-dir. Vəsatətlərimiz var ki, ekspertiza keçirilsin və pullar düzgün hesabalansın. İttiham veriblər ki, Vidadi Zeynalov hər şeyin başındadır. Zeynalov paket alan olub, paket verən yox”.

Həbsdə olan BTRİB-in sabiq baş mühasibi Anar Mustafayevin vəkili Gülşən Salmanova da məhkəmədə çıxış edib. Vəkil deyib ki, müvəkkilinə verilən ittihamda məbləğ şişirdilib: “867 min manatlıq ittiham verilib. Başa düşmürəm ki, bu məbləğ haradan çıxıb və necə hesablanıb. Ekspertiza keçirilməlidir ki, bu məsələlər araşdırılsın”.

BTRİB-in sabiq rəisi Beytulla Hüseynov məhkəmədən söz istəyərək çıxış edib. O, bildirib ki, istintaqa verdiyi ifadələr təhrif olunub: Mən danışdıqlarımı yox, özləri istəyənləri yazıblar. Səmimi deyirəm, mənə 10 milyon mənimsəmə yazıblar. Mənə bu məbləği sübut eləsinlər, mən həmin dəymiş ziyanı ödəyim. Rəqəmləri elə şişirdiblər ki, sanki nazir mən olmuşam”.

Bildirək ki, Beytulla Hüseynov sabiq nazir Eldar Mahmudovun qohumudur. Bütün vəkillər ekspertiza keçirilməsi ilə bağlı vəsatəti dəstəkləyiblər. Dövlət ittihamçısı Fərid Nağıyev isə ekspertiza keçirilməsi ilə bağlı vəsatətin təmin olunmamasını istəyib. Hakimlər müşavirəyə gedərək vəsatəti müzakirə ediblər. Məhkəmənin qərarı ilə ekspertiza ilə bağlı vəsatətlər təmin edilməyib.

Daha sonra Vidadi Zeynalovun vəkili Bəylər Məmişov çıxış edib. O, bildirib ki, Vidadi Zeynalovla bağlı ittiham 74 səhifədən və bir cümlədən ibarətdir: “Sonda 7 milyon, 10 milyon və 153 milyon kimi ittihamlar səsləndirilir. Bunların hansı Vidadi Zeynalova aiddir? Aydın deyil ki, hansı ziyanı ödənsin, hara ödəsin? O zaman dövlət ittihamçısı hesablasın və yekun məbləği çıxarsın”.
Məhkəmədə hakim Vidadi Zeynalova ifadə verməyi təklif edib. Bildirək ki, bütün təqsirləndirilən şəxslər ifadə versə də V.Zeynalov ifadə verməyib. Vidadi Zeynalov ifadə vermək istəməməsini belə izah edib: “Təzyiqim var. İfadə vermək üçün vaxt verilməsini istəyirəm. Bir məsələni də qeyd edim ki, müstəntiq cinayət işində yazıb ki, Vidadi Zeynalov birinci gün istintaqa kömək edib. Məhkəmədə dolaşıq olan şeyləri mən sizə deyirəm”.
Təqsirləndirilən sabiq baş mühasib Anar Mustafayev məhkəməyə etiraz edib. O, bildirib ki, Maliyyə Nazirliyi 153 milyon ziyanla bağlı akt yazdığı üçün bu məsələ araşdırılmalıdır: “Niyə gəlmirlər? Onlara suallarım var. 20 gün ərzində 84 müəssisəni yoxlayıblar. 4 müəssisədə 154 adda məhsulun yoxlanması ilə bağlı akt var. Bu, fiziki cəhətdən qeyri-mümkündür. Bütün rekordları qırıblar. Yazıblar ki, 51 faiz şişirtmə var. Onların yazdığı ilə hesablayanda mal qalır gömrükdə… Türkiyə bizə havayı mal verirdi? Bəs müəssisənin mənfəəti hanı?”

Hakim isə bildirib ki, rəqəmləri sonda məhkəmə hesablayıb qərar verəcək: “Bunun üçün ekspertizaya ehtiyac yoxdur. Məhkəmə çətinlik çəkəndə ekspertiza təyin edir”.
Növbəti məhkəmə prosesi mayın 3-nə təyin edilib.
Qeyd edək ki, ittihama görə, Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

“Eldar Mahmudovdan çəkindim…”Əli Abbasovun ŞOK ifadesi

“Beytulla Hüseynovun xidməti otağında 34 ədəd telefon yuvasının olmasından xəbərsizəm. Onun otağındakı yuvalar ATS-lərin “Kross”una birləşdirilibsə, istənilən şəxsi dinləyə bilib”

[r32]
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin ikinci dəstə generalları – Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mürvətova və əməkdaşlarının cinayət işləri üzrə məhkəmə prosesi başlamaq ərəfəsindədir.
Generalların ittiham olunduğu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yüksək vəzifəli şəxslərindən hər ay külli miqdarda rüşvət alınması epizodu üzrə keçmiş nazir Əli Abbasov ifadə verib.
Ə.Abbasov şahid qismində dindirilərək MTN generalları S.Qurbanov və T.Quliyevə hər ay “paket” verdiklərini etiraf edib, bunun səbəbi kimi isə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovdan qorxduğunu deyib.
Əli Abbasov E.Mahmudovla 2002-ci ildən tanış olduğunu bildirib: “Mən İqtisad Universitetinin rektoru vəzifəsində işlədiyim vaxt Eldar Mahmudov bacısı qızının bizim universitetdəki təhsil problemi ilə bağlı mənə müraciət etmişdi. Ondan sonra şəxsən tanış olduq. 2004-cü ildə Eldar Mahmudov Milli Təhlükəsizlik naziri təyin olunduqdan sonra bir dəfə onun təşəbbüsü ilə xidməti otağında görüşüb daxili və xarici rabitənin təhlükəsizliyinin təmin edilməsi, rabitə kanallarının yenidən qurulması məsələlərini müzakirə edib razılığa gəldik. Təxminən 2006-2007-ci illərdə yenə onun xahişi ilə xidməti otağında görüşüb beynəlxalq rabitə kanallarının təhlükəsizliyi ilə bağlı müzakirələr apardıq. Müzakirənin əsas predmeti ölkəyə daxil olan və çıxan danışıqların təhlükəsizliyinin qorunması, eyni zamanda zərurət yaranacağı təqdirdə danışıqlara MTN tərəfindən qulaq asılmasının mümkün olması təşkil etdi. Eldar Mahmudovla bir neçə dəfə görüşüb birlikdə müəyyən məsələləri müzakirə etsək də, onun mənim işlərimə müdaxilə etmək cəhdlərini görüb yaxın münasibət saxlamamağa çalışdım”.

Ə.Abbasov özünün təyin etdiyi adamı E.Mahmudovun “müxalifətçi” elan etdiyini və məcburən geri addım atdığını deyib: “Mən 2004-cü ildə Rabitə və Yüksək Texnologiyalar naziri vəzifəsinə təyin olunduqdan sonra Bakı telefon rabitəsi istehsalat birliyinin baş direktoru vəzifəsinə Nəriman Salmanovu təyin etdim. Bundan sonra Eldar Mahmudovla görüşlərim zamanı bir neçə dəfə bu təyinatdan narazılığını bildirdi. Mənə dedi ki, Nəriman Salmanov onların əməliyyat təminatı üçün müəyyən çətinliklər yaradır. Sonradan Eldar Mahmudovun ölkə rəhbərliyinə Nəriman Salmanovun guya hansısa müxalifət liderləri ilə yaxın əlaqələrinin olması ilə bağlı məlumat çatdırdığını bildim. Mən də məcburiyyət qarşısında qalıb 2005-ci ildə Nəriman Salmanovu vəzifədən azad etdim”.

Bundan sonra isə rabitə naziri baş çekistin əmrlərini icra etməyə başlayıb: “Ardıyca da Eldar Mahmudovun təkidi ilə Beytulla Hüseynovu Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru vəzifəsinə təyin edilməsi ilə bağlı əmr verdim. Təxminən 6 ay sonra Beytulla Hüseynovun təşkilatçılığı ilə Eldar Mahmudovla ona məxsus “Kristal Plazada” yerləşən restoranda görüşüb birlikdə yemək yedik. Daha sonra Eldar Mahmudovun xahişi ilə əmisi oğlu Mahmud Mahmudovu 2008-ci ildə “Azərpoçt MMC”-nin tərkibində olan “Mərkəzi xüsusi rabitə idarəsinin” direktoru vəzifəsinə təyin etdim. Eyni zamanda beynəlxalq rabitə kanalları ilə əlaqənin bilavasitə Eldar Mahmudovun xahişi ilə onun təklif etdiyi “Catburg” şirkəti vasitəsilə həyata keçirildi”.

Sabiq MTN nazirinin növbəti tələbi isə aylıq xərac ödənilməsi olub: “2012-ci ildə Eldar Mahmudovun xahişi ilə beynəlxalq rabitənin təhlükəsizliyinin təminatı ilə əlaqədar xərclərinin bir qisminin ödənilməsi üçün həmin vaxtdan 2015-ci ilin oktyabr ayınadək MTN-nin baş idarə rəisi Sübahir Qurbanova hər ay 100.000 ABŞ dolları məbləğində pul verilməsi barədə nazirliyin aparat rəhbəri Vidadi Zeynalova göstəriş verdim. Vidadi Zeynalov da hər ay Sübahir Qurbanovun sürücüsünə 100 min dollar verirdi. 2013-cü ilin ortalarında Vidadi Zeynalov mənə dedi ki, MTN-nin baş idarə rəisi Teymur Quliyevə də xərclərinin qarşılanması üçün aylıq pul verməliyik. Teymur Quliyevə hər ay 50.000 dollar verilməsinə razılıq verdim.

Hər ay nazirliyin tabeliyində olan müxtəlif təşkilatlardan aylıq 800-900 min manat pul yığılırdı, həmin pullar hamısı Vidadi Zeynalovda toplanırdı, Sübahir Qurbanov və Teymur Quliyevə də həmin vəsaitlərdən pul verilirdi. Sübahir Qurbanovu 2012-ci ildə sabiq nazir Eldar Mahmudovun xahişi ilə xidməti otağımda qəbul etdikdən sonra tanımışam, onunla cəmi bir dəfə görüşmüşəm. Rabitə və Yüksək Texnologiyalar Nazirliyində əməliyyat təminatı onun rəhbərlik etdiyi baş idarənin kuratorluğunda idi. Teymur Quliyevin idarəsi ilə bizim nazirlik arasında ümumi fəaliyyət olmasa da, gələcəkdə bizim işimizə ciddi problemlər yaratmamaları üçün ona da pul verilməsinə razılıq verdik”.

Əli Abbasov Eldar Mahmudovdan qorxduğu üçün xərac verməyə razıl olduğunu etiraf edib: “Eldar Mahmudovun tələb etdiyi pul vəsaitini verməməklə özümüzə əlavə, lüzumsuz intriqa yaradacağımızı düşündük. Eldar Mahmudov mənim və rəhbərlik etdiyim nazirliyin fəaliyyəti ilə əlaqədar süni şəkildə nöqsanlar yaradıb ölkə rəhbərliyinə məruzə edə bilməsindən və ya mövcud olan hər hansı xırda nöqsanı ictimailəşdirməklə nüfuzuma xələl gətirə bilməsindən ehtiyat etdiyim üçün onunla prinsip, qarşıdurma yaratmaq istəmədim və hər ay MTN-ə pul verməyə məcbur oldum.

MTN əməkdaşları bizə müraciət etmədən də avtomatlaşdırılmış telefon şəbəkələrində danışıqlara qulaq asa bilirdilər. Amma paytaxtın təxminən 60 faizi avtomatlaşdırıldığı üçün digər şəbəkələrdəki telefon danışıqlarına qulaq asılması üçün mütləq ATS əməkdaşları fiziki müdaxilə etməli idi. Amma bununla bağlı iki nazirlik arasında rəsmi müqavilə imzalanmamışdı. Qovşaqların “Kross” sexində MTN əməkdaşları tərəfindən danışıqlara qulaq asılması haqda məlumatım yoxdur. Beytulla Hüseynovun xidməti otağında 34 ədəd telefon yuvasının olmasından xəbərsizəm. Onun otağındakı yuvalar ATS-lərin “Kross”una birləşdirilibsə, istənilən şəxsi dinləyə bilib”.

Qeyd edək ki, E.Mahmudov 2015-ci il oktyabrın 17-də, Ə.Abbasov isə həmin ilin noyabrın 12-də tutduqları vəzifədən azad olunublar. Ə.Abbasovun barəsində danışdığı “Cartburg” şirkəti E.Mahmudovun oğlu Anar Mahmudova məxsus olub.(qafqazinfo)

“Sankt-Peterburqda razılığa gəlinib, 5 rayon qaytarılır” – Prezidentlərin görüşünün detalları açıqlandı

Rəsmi Bakı ilk dəfə prezidentlərin Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ probleminin həllində tərəflərin razılığa gəldiyi məqamları açıqlayıb.sar
Bu barədə prezident administrasiyası rəhbərinin müavini Novruz Məmmədov ANS TV-yə danışıb.
Onun sözlərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunub.

“Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibarilə razılığa gəldilər”, – deyə administrasiya rəhbərinin müavini bildirib.
Ermənistan xarici işlər naziri Eduard Nalbandyan isə bəyan edib ki, “Sankt-Peterburq sammitində problemin tənzimlənməsinə dair hər hansı razılıq əldə olunmayıb”.
Eduard Nalbandyan Novruz Məmmədovun heç vaxt, o cümlədən, Sankt-Peterburq danışıqlarında iştirak etmədiyini qeyd edərək, bu görüş zamanı Novruz Məmmədovun “yalnız işçi naharda” iştirak etdiyini bildirir.
Nahar əsnasında isə, Ermənistan XİN başçısının sözlərinə görə, “müstəsna olaraq insidentlərin araşdırılması mexanizmlərinin yaradılması və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi komandasının sayının artırılması məsələləri müzakirə olunub
Ermənistan xarici işlər nazirinin açıqlamasının ardından Novruz məmmədov Facebook səhifəsində cavab yazıb.

“Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll variantını dərhal paket variantı etdi.
Nalbandyan əvvəlki ampluasındadır. Mərhələli həll variantını dərhal paket variantı elədi. Görəsən, görüşün digər iştirakçıları qarşısında yalanına görə utanacaqmı?
Mənim görüşdə iştirakıma gəldikdə isə – bəs düz qarşımda oturan o deyildi? Cənab nazir, yalan-yalan, bu lap ağ eləmək oldu axı”.

İyunun 20-də isə Sankt –Peterburqda Rusiya dövlət başçısı Vladimir Putin-in iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub. Bu görüşdə atəşkəsin gücləndirilməsi məqsədilə ATƏT müşahidəçilərinin sayının artırılması haqda razılıq əldə edildiyi bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Separatçı Dağlıq Qarabağ və Ermənistan qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafında yerləşən daha 7 rayonu işğal ediblər.

Azadlıq.az