Sabiq bankir də yeni komandaya qoşuldu – Mikayıl Cabbarova yeni müşavir


[r32]
Vergilər Nazirliyində daha bir mühüm kadr təyinatı olub. Mikayıl Cabbarovun əmri ilə Ülvü Mansurov nazir müşaviri təyin olunub.

Fed.az-ın məlumatına görə, təyinat hələ 2017-ci ilin sonunda baş verib. Ü.Mansurovun təyinatından sonra Mərkəzi Bankın sabiq əməkdaşı Xəqani Abdullayev, Təhsil Nazirliyinin keçmiş işçiləri Elnur Əliyev, Camal Qasımov da yeni müşavirlər sırasında yer alıb.

Xatırladaq ki, Ülvi Mansurov 2 ay əvvəl “Azərpoçt” MMC-nin baş direktoru vəzifəsindən azad olunmuşdu. Uzun müddət “Texnikabank”ın İdarə Heyətinin sədri işləmiş Ü.Mansurov, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini, eləcə də “Kapitalbank”da sədr müavini postlarını tutub.

Ülvi Mansurov məşhur bəstəkar Eldar Mansurovun oğludur.

Onun “Azərpoçt” MMC-nin baş direktoru vəzifəsinə təyinatı, ordakı fəaliyyəti və işdən çıxarılması ilə bağlı xeyli maraqlı və ziddiyyətli məlumatlar olub. Belə ki, təxminən ay yarım əvvəl APA “Azərpoçt” MMC-dəki mənbəyə istinadla, Ü.Mansurovun öz ərizəsi ilə tutduğu vəzifədən kənarlaşdığı barədə məlumat yaymışdı: “Ülvi Mansurov oktyabr ayının 1-dən vəzifəsini öz xahişi ilə tərk edib. Hazırda onun yerinə təyinat yoxdur. Baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq Sübhan Kazımova həvalə olunub”.

Ancaq “Azərpoçt” MMC-nin mətbuat katibi Günel Gözəlova Ü.Mansurovun işdən çıxması barədə məlumatı olmadığını (?) bildirərək, xəbəri təsdiqləməmişdi. Bu zaman mətbuat katibinin öz direktoru barədə qeyri-müəyyən açıqlama verməsi mətbuatın diqqətindən qaçsa da, “AzPolitika.info”ya verilən bəzi məlumatlar bunun heç də təsadüfi omadığını göstərirdi.

Belə ki, Ü.Mansurovun “Azərpoçt” MMC-yə rəhbər təyin edilməsi xəbəri ötən ilin mart ayının 31-də verilmişdi . Bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə əmr də imzalamışdı. Amma ötən aylar ərzində “Azərpoçt” MMC-nin rəsmi veb-səhifəsində rəhbər şəxslər arasında Ü.Mansurovun adı olmadı. Bütün bu müddət ərzində qurumun rəsmi saytında Baş direktorun vəzifəsini baş nazirin müavini Əli Əhmədovun bacısı oğlu Sübhan Kazımovun icra etdiyi göstərilirdi. Baxmayaraq ki, hətta Açıq Ensiklopediya olan “wikipedia”da da Ülvi Mansurovun “Azərpoçt” MMC-nin Baş direktoru vəzifəsində çalışdığı qeyd edilirdi.

İlk baxışda bu texniki xəta və ya qurumun saytında həmin bölmənin yenilənməməsi kimi görsənsə də, özəl mənbələrimizdən əldə etdiyimiz məlumatlar əsl həqiqətin başqa olduğunu ortaya çıxarmışdı (“AzPolitika.info” hələ ötən ilin may ayının əvvəlində bu haqda məlumat vermişdi : RAMİN QULUZADƏNİN QƏRİBƏ BAŞ DİREKTOR TƏYİNATI – “Azərpoçt” MMC-də nə baş verir?).

Belə ki, Rabitə Nazirliyinə yaxın mənbələrdən “AzPolitika.info”ya daxil olan məlumatda bildirilirdi ki, Ülvi Mansurov “Azərpoçt” MMC-nin Baş direktoru təyin olunsa da, sənəd üzərində bu vəzifəni rəsmiləşdirmək mümkün olmur: “Məlumata görə, Ülvi Mansurov direktor kimi işə gəlir, göstərişlərini verir, nazirliyin tədbirlərinə qatılır, yəni faktiki rəhbərliyi həyata keçirir. Ancaq rəsmi sənədləri imzalaya, təyinatlarla bağlı öz adından qərarlar verə bilmir. Bu işlər Sübhan Kazımovun imzası ilə həyata keçirilir. Bunun səbəbi isə qanunla Ülvi Mansurovun müəyyən müddət rəhbər vəzifə tutmasına qadağanın qoyulmasıdır”.

“AzPolitika.info”nu məlumatlandıran mənbə, həmçinin, qeyd etmişdi ki, Ülvi Mansurov 2012-ci ildən 2015-ci ilə qədər “Bank Technique” İdarə Heyətinin sədri vəzifəsində işləyib: “O, 2015-ci ildən Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini vəzifəsinə gətirilib. Onu bu vəzifəyə Cahangir Hacıyevdən sonra Beynəlxalq Banka qısa müddət rəhbərlik etmiş Elmar Mənmədovun gətirdiyi xəbəri yayılmışdı. Belə görünür ki, onunla bərabər də bankdan uzaqlaşdırılıb. Mənbənin sözlərinə görə, Ülvi Mansurov vəzifədən xüsusi maddə ilə çıxarılıb. Hansı ki, bu maddə onun müəyyən müddət rəhbər vəzifə tutmasını qadağan edir. Bu üzdən də Ülvi Mansurov “Azərpoçt” MMC-nin Baş direktoru təyin olunsa da, rəsmi olaraq vəzifəsinin icrasına başlaya bilməyib”.

Bu məlumat rəsmən təsdiq olunmadı. Ancaq Ülvi Mansurovun “Azərpoçt” MMC-nin Baş direktoru kimə rəsmən fəaliyyətinə başlaya bilməməsi məlumatın həqiqəti əks etdirdiyini göstərirdi.

Bu baxımdan Ülvi Mansurovun Vergilər nazirinin müşaviri vəzifəsinə təyinatı maraq doğurur. Görünür, Ülvi Mansurovun rəhbər vəzifə tutmasına qoyulan qadağanın müddəti bitib…

QƏRİBƏ BAŞ DİREKTOR TƏYİNATI – “Azərpoçt” MMC-də nə baş verir?


[r32]
Məlum hadisələrlə bağlı Azərbaycanda diqqət mərkəzində olan nazirliklərdən biri də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. İctimaiyyət arasında daha çox Rabitə Nazirliyi adlanan bu qurumun rəhbərliyində təmsil olunanların əksəriyyəti işdən çıxarıldığından, bir hissəsi hətta həbsə alındığından yenilərilə əvəzlənir.
Rəhbəri həbsə alınan Rabitə Nazirliyinin tərkibindəki qurumlardan biri də “Azərpoçt” MMC-dir. Bu şirkətin sabiq baş direktoru Qəmbər Bəybalayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hazırda məhkəməsi gedən Qəmbər Bəybalayev korrupsiya və külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.
Ancaq maraqlıdır ki, “Azərpoçt” MMC-də belə böyük miqyaslı qanunsuzluqların baş verdiyi dövrdə qurumun rəhbərliyində təmsil olunanların əksəriyyəti öz postlarını qoruyub saxlaya biliblər. Hətta Qəmbər Bəybalayev həbs olunana qədər ona müavinlik etmiş (2004-cü ildən) Sübhan Kazımov hazırda Baş direktorun vəzifəsini icra edir. Elə bir məlumat fonunda diqqətimizi çəkən məsələ də elə budur.

Məsələ ondadır ki, bu il mart ayının 30-da Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə “Azərpoçt”un Baş direktoru vəzifəsinə Ülvi Mansurov təyin edilib. Ülvi Mansurov məşhur bəstəkar Eldar Mansurovun oğludur.

Qeyd edək ki, Açıq Ensiklopediya olan “wikipedia” da Ülvi Mansurovla bağlı məlumatda da onun 30 mart 2017-ci ildən “Azərpoçt” MMC-nin Baş direktoru vəzifəsində çalışdığı qeyd edilir. Ancaq maraqlıdır ki, “Azərpoçt” MMC-nin rəsmi vebsəhifəsində rəhbərlər arasında Ülvi Mansurovun adı yoxdur. Qurumuun rəsmi saytında hazırda Baş direktorun vəzifəsini Sübhan Kazımovun icra etdiyi göstərilir. Əlbəttə, ilk baxışda bu texniki xəta və ya qurumun saytında həmin bölmənin yenilənməməsi kimi görsənə bilər. Ancaq belə deyil.

Belə ki, Rabitə Nazirliyinə yaxın mənbələrdən “AzPolitika.info”ya daxil olan məlumata görə, Ülvi Mansurov “Azərpoçt” MMC-nin Baş direktoru təyin olunsa da, sənəd üzərində bu vəzifənin hələ də Sübhan Kazımov icra edir. Məlumata görə, Ülvi Mansurov direktor kimi işə gəlir, göstərişlərini verir, nazirliyin tədbirlərinə qatılır, yəni faktiki rəhbərliyi həyata keçirir. Ancaq rəsmi sənədləri imzalaya, təyinatlarla bağlı öz adından qərarlar verə bilmir. Bu işlər Sübhan Kazımovun imzası ilə həyata keçirilir.
Bunun səbəbi isə qanunla Ülvi Mansurovun müəyyən müddət rəhbər vəzifə tutmasına qadağanın qoyulmasıdır. “AzPolitika.info”nu məlumatlandıran mənbənin sözlərinə görə, Ülvi Mansurov 2012-ci ildən 2015-ci ilə qədər “Bank Technique” İdarə Heyətinin sədri vəzifəsində işləyib. O, 2015-ci ildən Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini vəzifəsinə gətirilib. Onu bu vəzifəyə Cahangir Hacıyevdən sonra Beynəlxalq Banka qısa müddət rəhbərlik etmiş Elmar Mənmədovun gətirdiyi xəbəri yayılmışdı. Elə görünür onunla bərabər də bankdan uzaqlaşdırılıb.

Mənbənin sözlərinə görə, Ülvi Mansurov vəzifədən xüsusi maddə ilə çıxarılıb. Hansı ki, bu maddə onun müəyyən müddət rəhbər vəzifə tutmasını qadağan edir. Bu üzdən də Ülvi Mansurov “Azərpoçt” MMC-nin Baş direktoru təyin olunsa da, rəsmi olaraq vəzifəsinin icrasına başlaya bilmir.

Qəribə və bir o qədər də gülünc olan bu fakt Azərbaycanda bir çox sahələrdə kadr siyasətinin nə qədər acınacaqlı vəziyyətdə olduğunu əyani göstərir. Təyinatların şəxslərin fəaliyyətinə, əvvəlki işlərdəki nəticələrinə görə deyil, hansısa maraqlar daxilində baş tutduğunu təsdiqləyir. Hər halda Rabitə Nazirliyinin əsas strukturlarından birinə “Baş direktor” təyinatı həyata keçirilərkən, Ülvi Mansurova rəsmən vəzifə tutmağın qadağan edilməsinin nəzərə alınmaması belə düşünməyə əsas verir.

Maraqlıdır, hörmətli nazir Ramin Quluzadə bu təyinatı imzalayarkən Ülvi Mansurovun şəxsi işini gözdən keçirməyib, yoxsa buna əhəmiyyət verməyib? Ülvi Mansurovla bağlı belə problem olduğu halda niyə məhz onun bu vəzifəyə təyinatını həyata keçirib? Problem yoxdursa, niyə Ülvi Mansurov rəsmən vəzifəsinin icrasına başlaya bilmir?

Hər halda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bu suallara aydınlıq gətirəcəyini gözləyirik.

Yeni nazir nəqliyyat nazirliyini yoxlatdırmağa başladı


[r32]
Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildikdən sonra qurumun fəaliyyəti yoxlanılır. Belə yoxlamalardan biri də keçmiş Nəqliyyat Nazirliyinə tabe Dövlət Avtomobil Nəqliyyatı Xidmətində və Bakı Beynəlxalq Avtovağzalında da aparılıb.

“Qafqazinfo” modern.az-a istinadən xəbər verir ki, bu günlərdə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə keçmiş Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətində olub.

Etibarlı mənbə bildirir ki, nazir xidmətin fəaliyyət istiqamətləri ilə bağlı detallı hesabat tələb edib. Hətta artıq xidmətin bütün qurumlarında öz adamlarını da yerləşdirib.

Əldə etdiyimiz məlumata görə dünən R.Quluzadə Bakı Beynəlxalq Avtovağzalında da olub. Yeni nazir avtovağzalın bütün ərazisini gəzib. Avtobuslar, sərnişindaşıma və xidmət sahələri ilə bağlı nöqsanları görən nazir çatışmazlıqları tənqid edib.

Bildirilir ki, R.Quluzadə cavabdeh şəxslər qarşısında şərt qoyub: ya sərnişindaşımada keyfiyyətli xidmət, səliqə-səhman yaradılmalıdır, ya da işinin öhtəsindən gələ bilməyənlər vəzifələri ilə vidalaşmalıdır.
Məlumata görə, bu tipli yoxlamalar keçmiş Nəqliyyat Nazirliyinə tabe diğər qurumlarda da aparılacaq.

Nəqliyyat nazirliyində təhvil-təslim – Ziya Məmmədov alqışlarla yola salındı


[r32]
Yeni nazir Ramin Quluzadə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayevi vəzifəsində saxlayıb
Bildiyiniz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Nəqliyyat Nazirliyi ləğv edilərək Rabitə və Yükək Texnologiyalar Nazirliyinə birləşdirilib.

Sərəncam Azərbaycanda dövlət idarəetmə strukturunu təkmilləşdirmək, habelə nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrində dövlət siyasətini və tənzimlənməsini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və səmərəliliyi artırmaq məqsədilə imzalanıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, artıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ləğv edilən nazirliyin inzibati binasına gəlib və orada nəqliyyat işçiləri ilə görüşüb. Görüşdə sabiq nazir Ziya Məmmədov da iştirak edib.

Ramin Quluzadə yeni nazir kimi nəqliyyat işçilərinin qarşısına çıxıb və onlara gələcəkdə görüləcək işlər barədə məlumat verib. Ziya Məmmədov alqışlarla yola salınıb.

Ramin Quluzadə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında ciddi göstərişlər verib. O, Xidmətin rəisi Elnur Abdullayevi də vəzifəsində saxlayıb.

Fevral ayının 20-də keçmiş Nəqliyyat Nazirliyinin strukturlarının fəaliyyəti ilə bağlı ictimayyətə geniş məlumat veriləcək.

Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Şəfa Mehmanqızı Ramin Quluzadənin nəqliyyat işçiləri ilə görüşünü təsdiq edib. O, bildirib ki, təmsil etdiyi qurum bundan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) kimi fəaliyyət göstərəcək. Qurum rəsmisi Xidmətin rəisi Elnur Abdullayevin vəzifəsində qaldığını və hər hansı bir dəyişiklik edilmədiyini də söyləyib. Bildirib ki, gələn həftənin ilk iş günü bu barədə ictimayyətə geniş məlumat veriləcək.
Azadlıq.az

Ziya Məmmədov çoxdan getməli idi – Millət vəkili Çingiz Qənizadə


[r32]
Zaman-zaman bu nazirlikdə müəyyən qüsurların olmasını dilə gətirirdik. Özbaşınalıqlar və çatışmazlıqlardan danışırdıq”.

Bunu “Qafqazinfo”ya açıqlamasında millət vəkili Çingiz Qənizadə Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu təcrübə dünyada da var: “Ona görə də sərəncamı müsbət dəyərləndirirəm. Eyni zamanda yeni gənc kadrların işə cəlb edilməsi müsbət haldır. Əvvəlki təcrübələrdə insanların narazılığına, tənqidinə səbəb olan neqativ halların çoxluğu ilə müşayiət olunan məsələlər indi yoxdur. Gənc kadrlar daha islahatçı və yenilikçi olur. Ramin Quluzadənin iki quruma rəhbər təyin olunması bu sahədə olan nöqsanların aradan qaldırılması ilə yanaşı ölkənin büdcəsinə də dividend gətirəcək”.

Millət vəkili deyib ki, birləşdirilmiş nazirliyin müəyyən strukturları işləyəcək:

“Çünki yaranmış yeni nazirliyin adında da nəqliyyat sözü var. Ola bilsin ki, bəzi şöbələr ləğv edilsin. Struktur dəyişikliyi zamanı hardasa 50-100 nəfərin işsizliyinə görə islahatları dəstəkləməsək bu da başa düşülən olmaz. Vaxtilə bu nazirlikdə paralel, lazımsız şöbələr fəaliyyət göstərirdi. Burada işləyənlərin çoxu da qohum-əqrəbadan formalaşırdı. Ona görə də neqativ məqamlara cəmiyyətdə etiraz var idi. Hesab edirəm ki, Ziya Məmmədov çoxdan getməli idi. Bu qəbildən olan başqa qurumların da rəhbərləri var. Amma bu məsələ cənab prezidentin səlahiyyətinə aid olduğuna görə biz onu sərəncamını gözləyirdik”.
Azadlıq.az

Nəqliyyat nazirliyi rabitə nazirliyinə birləşdirildi! – Ziya Məmmədov vəzifəsindən getdi


[r32]
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında Sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

AzərTac xəbər verir ki, Sərəncam Azərbaycanda dövlət idarəetmə strukturunu təkmilləşdirmək, habelə nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrində dövlət siyasətini və tənzimlənməsini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və səmərəliliyi artırmaq məqsədilə imzalanıb.

Sərəncama əsasən Nazirlər Kabineti Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin layihəsini, habelə Nazirliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini iki ay müddətində hazırlayıb Prezidentə təqdim edəcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar Prezidentinin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflər iki ay müddətində hazırlanıb dövlət başçısına təqdim olunacaq. Həmçinin Nazirlər Kabinetinin normativ hüquqi aktlarının uyğunlaşdırılması üç ay müddətində təmin edilib Prezidentinə məlumat veriləcək.

Bundan başqa, Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat verməlidir.

Sərəncama əsasən Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Nəqliyyat Nazirliyinin ləğv ediləcəyi uzun müddət idi ki, gözlənilirdi. Nazirliyin demək olar ki, bütün səlahiyyətləri digər qurumlar arasında bölünmüşdür. Ancaq hansısa səbəbdən Ziya Məmmədov nazir postunda saxlanılırdı. Uzun müddət idi heç bir səlahiyyəti olmayan, “portfel nazir” statusunu qoruyub saxlayırdı. Hətta bunu, bir qədər qeyri-ciddi səslənsə də, ABŞ prezidenti Donald Trampla Ziya Məmmədovun oğlunun biznes şərikliyi ilə bağlayanlar da var idi.

Prezidentin son fərmanı ilə, bu söz-söhbətlərlə yanaşı Ziya Məmmədovun səlahiyyətsiz nazir statusuna da son qoydu.
Azadlıq.az

Təyin olunan 39 yaşlı nazir kimdir?

ramin_guluzade_181215sqwXəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyevin sərəncamı ilə Ramin Namiq oğlu Quluzadə rabitə və yüksək texnologiyalar naziri təyin olunub.

Azadliq.az xəbər verir ki, bu vəzifəyə qədər o, ötən ilin noyabrında nazirin birinci müavini təyin olunmuşdu.

Ramin Quluzadə həmin vəzifəyə qədər Heydər Əliyev Fondunda İşlər departmentinin direktoru vəzifəsində çalışıb. 2004-cü ildən Fondda fəaliyyət göstərən Ramin Quluzadə bu qurumun təşkilati işlərində, respublika daxilində və xarici ölkələrdə sosial, humanitar layihələrin həyata keçirilməsində iştirak edib.

Ramin Quluzadə Azərbaycan Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini magistr dərəcəsi ilə bitirib. Ailəlidir, 2 övladı var.

Xatırladaq ki, eks-Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov noyabrın 12-də vəzifəsindən azad edilmişdi.