Namiq Əliyevin adı Vergilər Nazirliyində müavinlər siyahısından çıxarılıb


[r32]
Vergilər nazirinin müavini Namiq Əliyevin bir müddət öncə istefa ərizəsi yazdığı haqda məlumat vermişdik.

O zaman Modern.az saytını bilgiləndirən mənbənin sözlərinə görə, eks-nazir Fazil Məmmədov işdən kənarlaşdırılandan sonra vəzifəsində qala bilməyəcəyini anlayan Namiq Əliyev kabinetindəki əşyalarını toplayaraq, nazirlikdən ayrılmışdı.

Son məlumatlara görə, Namiq Əliyevin işdən çıxarıldığı artıq rəsmiləşib. Hətta bu gündən onun adı və şəkli Vergilər Nazirliyinin rəsmi internet səhivəsindəki “Rəhbərlik” bölümündən – nazir müavinlərinin siyahısından çıxarılıb.

Bununla da Namiq Əliyevin vəzifəsindən kənarlaşdırıldığı təsdiqlənib. Vergilər Nazirliyinin rəsmi saytında qeyd olunan məlumata görə, hazırda yeni vergilər naziri Mikayıl Cabbarovun 3 müavini var: 1-ci müavin Sahir Məmməxanov, müavinlər Sahib Ələkbərov və İlkin Vəliyev.

Vergilər Nazirliyindən bildirilib ki, Namiq Əliyevin vəzifədən çıxarılması barədə sərəncam yanvarın 12-də verilib.

Namiq Əliyev 2004-cü ilin fevralından vergilər nazirinin müavini işləyirdi. Onun sabiq vergilər naziri Fazil Məmmədova yaxın kadr olduğu, onları qudalıq əlaqələrinin bağladığı söylənilir. Məlumata görə, keçmiş nazirin qızı eks-nazir müavininin oğlu ilə ailə qurub.