“Dövlət başçısından əvf diləyirəm” – Vidadi Zeynalov


[r32]
Bakı Apellyasiya Məhkəməsində “Rabitə işi” üzrə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti əsasında məhkəmə iclası davam etdirilib.

APA-nın verdiyi məlumata görə, hakim Qədim Babayevin sədrlik etdiyi iclasda Vidadi Zeynalov çıxış edib. V. Zeynalov bildirib ki, özünü yalnız dövlət başçısının qarşısında günahkar bilir və ondan əfv diləyir:
“Alnı açıq, üzü ağam. Cəzam varsa, qanuni cəza təyin edin. Kimlərinsə tapşırığını icra etməyin. Hökmü oxusanız istintaqdakıların ölənlərinə rəhmət oxuyarsınız. Bacanağımın mənə nə dəxli var ki, ona məxsus əmlaka həbs qoyublar? Qohumumdurlar deyə küçədə qalmalıdırlar? Haqq, ədalət gec-tez yerini tapacaq. Bu ölkənin sahibi var. Əgər günahım varsa, ən ağır cəzaya razıyam. Heç kimin haqqını yeməmişəm. Heç kimə pislik etməmişəm. İttihamda yazılanlara görə buradakılar ancaq mənimsəmə ilə məşğul olublar. Hər kəs öz arşını ilə ölçür. Hansı vəsaiti mənimsəmişik? Mən rəhbərliyin verdiyi tapşırıqları sədaqətlə yerinə yetirmişəm. Vəsait tərəfimizdən ödənilib, yenə cəza almışıq”.

İclasda Anar Mustafayev və vəkili Gülşən Salmanova, Cəlil Cəfərov və vəkili Sünbülə Əliyeva , Namazəli Məmmədov və vəkili Könül Əliyeva da çıxış edərək bəraət hökmünün çıxarılmasını istəyiblər.

Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı Vüqar Babayev isə apellyasiya şikayətlərinin təmin edilməməsini istəyib. Bildirib ki, hökm ədalətlidir.

Proses oktyabrın 31-də davam edəcək.

Xatırladaq ki, təqsirləndirilən şəxslər apellyasiya şikayətlərində barələrində bəraət hökmü çıxarılmasını istəyiblər.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və ailə üzvləri apellyasiya şikayətində mülkləri və əmlakları üzərindən həbsin götürülməsini istəyiblər.

Təqsirləndirilən şəxslərdən Qəmbər Bəybalayev apellyasiya şikayəti verməyib.