Bu il xaricde yeni il keçirmek isteyenler sevinecek

16:30 xeber – Bakıdan Tiflisə yeni İl qatarı açıla bilər.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Azərbaycan Dəmir Yolları QSC Yeni İli Gürcüstanda qeyd etmək istəyən turistlər üçün Bakıdan Tiflisə xüsusi qatarın xəttə buraxılması barədə turizm şirkətlərindən müraciət gözləyir.

Azərbaycan Dəmir Yollarının mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun sözlərinə əsasən, qurum hər il yeni il qabağı turizm şirkətlərinə öz təklifini edir: “Yeni ildə əvvəlcədən turizm şirkətləri bizə müraciət edib, xüsusi qatar ayrılmasını istəsələr, biz onların müraciətini yerinə yetirib, onlara turistlər üçün xüsusi qatarlar ayıra bilərik. Lakin qatarın gediş-dönüş vaxtını və xidmətləri turizm şirkətləri özləri müəyyənləşdirirlər. Sifarişə uyğun bütün ödənişləri də şirkətlər özləri həyata keçirirlər”, – deyə Nadir Əzməmmədov bildirdi.


Nadir Əzməmmədov – Azərbaycan Dəmir Yollarının mətbuat xidmətinin rəhbəri

Bakıda fəaliyyət göstərən turizm şirkətlərinin birinin baş müdiri İrana Stepanova yeni il qabağı sərnişinlərə güzəştlərdən danışdı: “Bizim şirkətdə əsas güzəştlər Dubayadır. Belə ki, bu istiqamətdə biletlərə 30-40% endirimlər nəzərdə tutulub. Ümumiyyətlə, insanlar daha çox isti ölkələrə üz tuturlar, bir də Rusiya və Fransaya. Həmin istiqamətdə də 30%-ə qədər endirimlər nəzərdə tutulur”, – deyə xanım qeyd etdi.

Avropanın ən ucuz şəhər turlarının qiymətləri də artıq məlumdur.

AZAl-ın mətbuat xidmətinin katibi Paşa Kəsəmənski də yeni il qabağı biletlərdə endirimlərin olacağını bildirdi:

“Aksiya Avropa şəhərləri,həmçinin Nyu-York, Pekin, Təl-Əviv və s. kimi bir neçə marşrutlar üzrə həm aviabiletlərə və həm də AZAL MILES Proqramına şamil olunacaq. Təxmini endirim 20 faiz təşkil edəcək, AZAL MILES proqramı üzrə isə ikiqat ballar hesablanacaq”, – deyə Paşa Kəsəmənski əlavə etdi.

Azərbaycanın Turizm Assossiyasından isə bu addımları müsbət qiymətləndirsələr də vətəndaşlarımızın yeni ili ölkəmizdə keçirmələri üçün bir sıra addımların atılmalı olduğunu bildirirlər. Bura yeni il qabağı şənliklərin təşkili, müxtəlif güzəştlərin tətbiqi və s aid edilə bilər. Eyni zamanda istirahət məkanlarında əhaliyə göstərilən xidmətlərin keyfiyyəti artırılmalıdır. Həmçinin Azərbaycana gələn turistlərin daha da artması üçün otellərdə və istirahət mərkəzlərində sərfəli qiymətlər təklif olunmalıdır.

mənbə :
anspress