“Mən İspaniyanı “Real Madrid” kimi görürəm – Deputat Azər Badamov


[r32]
Milli Məclisin deputatı Azər Badamov Rusiyada keçiriləcək Dünya Çempionatında İspaniyanın “Real Madrid” klubuna azarkeşlik edəcəyi ilə bağlı açıqlaması müzakirələrə səbəb olub. Modern.az-ın əməkdaşı açıqlamadakı yanlışlığa aydınlıq gətirməsi üçün Azər Badamovla əlaqə saxlayıb.

Deputat bu dəfə də futbolu yaxşı bilmədiyini nümayiş etdirib. O bildirib ki, bu gün İspaniya yığmasının tərkibində oynayanlar “Real Madrid”in futbolçularıdır: “Ona görə də mən dedim ki, favoritim “Real Madrid”dir. İnsanlar da götürüb bundan sensasiya yaradırlar. Burda qeyri-adi bir şey yoxdu axı. İspaniyanın “Barselona” komandasının tərkibində oynayanlar da “Real Madrid”in futbolçularıdır. “Real Madrid”in oyunçuları orada təmsil olunur”.

Azər Badamov deyib ki, “Real Madrid” İspaniyanın komandasıdır: “Mən İspaniyanı “Real Madrid” kimi görürəm. Ona görə demişəm ki, “Real Madrid” mənim favoritimdir”.

***
Milli Məclisin deputatı Azər Badamov Rusiyada keçiriləcək dünya çempionatında İspaniyanın “Real Madrid” klubuna azarkeşlik edəcək.

Bu barədə 50 yaşlı millət vəkilinin özü “Report”un sorğusuna cavab olaraq bildirib. O deyib ki, mundialın qalibi Real Madrid” olacaq: “Dünya çempionatını izləyəcəyəm. Favoritim “Real Madrid”dir. O komandanın qalib olacağını düşünürəm. Argentina və Meksika da qalib ola bilər. Amma bu, artıq sürpriz olar”.

Badamov idmanla əlaqəli şəxs – Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü olmasına baxmayaraq, dünya çempionatında klubların deyil, ölkə yığmalarının mübarizə apardıqlarını bilməyib.

Qeyd edək ki, Azər Badamov 51 saylı Qusar seçki dairəsindən deputat seçilib. Yeni Azərbaycan Partiyasının üzvü olan Badamov Milli Məclisin Regional Məsələlər, Gənclər və İdman komitələrinin, Avstraliya, Tacikistan, Yunanıstan, Portuqaliya, Rusiya və İsveç parlamentlərarası işçi qrupun üzvü, Azərbaycan-Çili parlamentlərarası dostluq qrupun rəhbəridir.

«O sözə görə, sənin başın partlayar!” – Yol polisinin hədələdiyi sürücü kimdir? + VİDEO


[r32]
Bakıda yol polisi sürücünü hədələyib!
Mətbuatda paytaxtın Üzeyir Hacıbəyov küçəsi 66 ünvanında yol polisi ilə sürücü arasında baş vermiş insident barədə məlumat yayılıb. Sürücü mətbuata təqdim etdiyi video ilə bərabər bildirib ki, polislə dialoqunu telefonla qeydə almaq istəyərkən ona qarşı yol polisi zabitinin işlətdiyi hədə-qorxu dolu və təhqiramiz ifadələr ətrafdakı insanları da şoka salıb.

Avtosfer.az sözügedən məlumatda adı çəkilən YPX əməkdaşı Elçin İsmayılovla əlaqə saxlayıb. DYP əməkdaşı bildirib ki, hadisə əslində heç də videoda göstərilən kimi deyil. Həmin sürücü Rəşid Behbudov küçəsindən sola dönərək Səbail rayon İcra Hakimiyyətinin qarşısından üzü Sahil metrosu istiqamətində hərəkətdə olarkən qarşı yola çıxaraq yolunu davam etdirib. Bu zaman həmin sürücü saxlanılıb və sənədləri tələb olunub. Lakin sürücü təxminən 10 dəqiqə ərzində sənədləri və özünü təqdim etməyib. YPX əməkdaşı avtomobilin dövlət qeydiyyat nişanını bort kompüterə daxil edərək sürücünün şəxsiyyətini müəyyənləşdirib və barəsində 100 manat, 4 bal cərimə tətbiq edib. Bundan hiddətlənən sürücü isə bildirib ki, bu gündən etibarən onun videosunu çəkərək hər gün sosial şəbəkələrdə yayacaq. “Mən ona bildirdim ki, bu qanun pozuntusudur və buna görə başın ağrıyacaq. Lakin səhvən “başın partlayacaq” ifadəsi işlətmişəm. Başqa heç bir problem olmayıb. Sürücü istənilən vaxt DYP-yə yaxınlaşıb şikayətini bildirə bilər. Həmçinin görüntülərlə tanış olub həqiqətən də qayda pozduğunu görə bilər. Mən qarşı yola çıxdığı üçün ona cərimə yazmışam.”

YPX əməkdaşı şərəf və ləyaqətinin təhqir olunduğunu bildirib və sürücünü məhkəməyə verəcəyini deyib.

“AzPolitika”ya daxil olan məlumatda isə adı açıqlanmayan sürücünün hakim Yeni Azərbaycan Partiyasının mətbu orqanlarından olan “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin sürücüsü olduğu bildirilib. Baş redaktorun Seymur adlı sürücüsü 90 AC 585 dövlət nömrə nişanlı avtomobillə qaydanı pozduğu üçün saxlanılıb. Lakin şübhəsiz ki, qayda pozuntusu DYP inspektoruna “sənin başın partlayar” deyə, vətəndaşı hədələmək üçün əsas ola bilməzdi.

Nazirlə deputatın sözləri çəpləşdi


[r32]
Maliyyə naziri Samir Şərifov Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzovun 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Modern.az xəbər verir ki, S.Şərifov deyib ki, o, Azərbaycanın dövlət büdcəsinin sosializmdən fərqlənmədiyi barədə səsləndirilən iradla razılaşmır.

S.Şərifov S.Novruzovun “Azərbaycanın milli və dini adət-ənənələrinin nəzərə alaraq, müzakirələrə dəvət olunan şəxslərə hörmətlə yanaşaq və çox da dərinə getməyək” fikirlərinə də münasibət bildirib.

Nazir deyib ki, neçə illərdir Milli Məclisə gəlir və heç zaman da burada özünü qonaq kimi hiss etmir.

“Milli Məclisdə mənim də təmsil olunduğum iqtidarın-hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri təmsil olunur. YAP üzləri Milli Məclisdə kifayət qədər çoxluq təşkil edir və dövlətin siyasətini, dövlət tərəfindən verilən təklifləri dəstəkləyirlər”.

Nazir deyib ki, o ki, qaldı Milli Məclisin büdcəsinə, Milli Məclis büdcəni özü müəyyənləşdirir. “Əgər Milli Məclis büdcəsinin artırılmasını məqsəduyğun hesab edərsə, biz məsələyə baxıb, büdcəni artıra bilərik”.

S. Şərifov onu da əlavə edib ki, iclasda Azərbaycana qarşı qara piarlarda parlamentdən başqa heç kimin sinəsini qabağa verməməsi ilə bağlı fikirlər səsləndi:

“Onu deyə bilərəm ki, son dövrlərdə Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasında təkcə Milli Məclis deyil, eyni zamanda hökumət üzvləri də sinəsini qabağa verərək, öz töhfəsini verib”.

Qeyd edək ki, S.Novruzov çıxışında deyib ki, Azərbaycanın dövlət büdcəsi sosializmdən fərqlənməlidir, yeni dəyərlər əsasında qurulmalıdır. O, gələn ilin büdcəsində deputatlar üçün maaş artımının nəzərdə tutulmamağına da etiraz edib.

“Mehriban Əliyevanın həyatında yeni dövr başlayır” Prezident İlham Əliyev – VİDEO


[r32]
“Bu gün mənim sərəncamımla Mehriban Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Mehriban Əliyeva uzun illərdir, ölkənin ictimai-siyasi, mədəni həyatında mühüm və fəal rol oynayır, Yeni Azərbaycan Partiyasının sədr müavinidir”. Bunu bu gün Təhlükəsizlik Şurasının iclasında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Yeni Azərbaycan Partiyası ölkənin aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük partiyasıdır: “Bu gün Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 700 min nəfərə yaxınlaşır. Mehriban Əliyeva 2005-ci ildən Milli Məclisin deputatıdır və deputat kimi çox böyük işlər görüb. Təmsil etdiyi dairənin sosial-iqtisadi problemlərinin həlli işində çox mühüm addımlar atıb, seçicilərlə daim təmasdadır. Eyni zamanda deputat kimi çox geniş beynəlxalq fəaliyyəti də var. Bu fəaliyyət nəticəsində müxtəlif ölkələrdə qazandığımız dostların sayı artıb. Mehriban Əliyeva 2004-cü ildən Heydər Əliyevin adını daşıyan Fondun prezidentidir. Fond onun rəhbərliyi altında nəinki Azərbaycanın, regionun ən böyük və nüfuzlu ictimai təşkilatına çevrilib. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Fondun təşəbbüsü ilə bir çox önəmli layihə, proqram həyata keçirilib. Onların arasında xüsusilə “Yeniləşən Azərbaycana yeni məktəb Proqramı” qeyd edilməlidir. Məhz bu Proqram nəticəsində son 13 ildə ölkəmizdə 3 mindən çox məktəb əsaslı təmir olunub, yaxud yenidən tikilib.

Bu çoxşaxəli fəaliyyət, eyni zamanda uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynayıb. Eyni zamanda Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, həm də çox xeyirxah insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona çox böyük sevgi və rəğbətlə yanaşır. Bütün bu sadaladığım amilləri nəzərə alaraq, mən bu qərara gəldim”.

Prezident İlham Əliyev qeyd edib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə minlərlə insan tibbi müalicə ilə təmin edilib: “Bir çox halda bu məsələlər ictimaiyyət üçün açıqlanmır. Fondun fəaliyyəti məhz bu məqsədi güdür ki, ehtiyacı olan insanlara yardım etdin, imkan daxilində ən az müdafiə olunan vətəndaşlara öz dəstəyini göstərsin. Fondun mədəniyyətlə, incəsənətlə bağlı layihələri mədəni, ənənəvi, tarixi irsimizin qorunması işində əvəzolunmaz rol oynayıb. Milli sərvətimiz olan muğamın yenidən inkişafı və beynəlxalq arenaya çıxması Fondun və Mehriban Əliyevanın şəxsi təşəbbüsü sayəsində mümkün olub. Azərbaycanda keçirilən muğam müsabiqələri artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Muğam bizim mədəni sərvətimizdir və gənc nəslin tərbiyə olunmasında milli-mənəvi dəyərlər xüsusi rol oynayır. Bu baxımdan belə təşəbbüslər çox böyük ictimai məna daşıyır. Eyni zamanda dünya miqyasında muğamın məhz Azərbaycan sənəti kimi təqdim olunmasında Heydər Əliyev Fondunun böyük rolu olub”.

Dövlət başçısı nəzərə çatdırıb ki, Heydər Əliyev Fondu dünyada Azərbaycanlı bağlı çoxsaylı təqdimat, tədbirlər keçirib: “Çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti Azərbaycanın müasir, dinamik inkişaf edən ölkə, eyni zamanda Azərbaycan xalqının öz tarixi köklərinə çox bağlı xalq olmasını daha da anlayıb. Mehriban Əliyeva Milli Olimpiya Komitəsinin üzvü və İcraiyyə Komitəsinin üzvüdür. Onun bu fəaliyyəti də təqdirəlayiqdir. Ölkəmizdə keçirilmiş bir neçə qlobal tədbirin təşkilində Mehriban Əliyeva xüsusi rol oynayıb. 2012-ci ildə “Eurovision” Mahnı Müsabiqəsinin yüksək səviyyədə keçirilməsi məhz onun yüksək təşkilatçılığı ilə mümkün olub. 2015-ci ildə Birinci Avropa Oyunlarının da yüksək səviyyədə keçirilməsi Təşkilat Komitəsi və Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyevanın fəaliyyəti nəticəsində mümkün olub. Bu Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək böyük nailiyyətdir. Birinci Avropa Oyunları tarixdə ən yüksək səviyyədə keçirilmiş mötəbər idman oyunu kimi qalacaq. Təsadüfi deyil ki, bu il IV İslam Həmrəylik Oyunlarının keçirilməsi də Mehriban Əliyevaya həvalə edilib, Təşkilat Komitəsinin sədri odur. Əminəm ki, İslam Həmrəylik Oyunlarını da yüksək səviyyədə keçirəcəyik”.

Prezident vurğulayıb ki, Mehriban Əliyevanın beynəlxalq aləmdə yüksək nüfuzu var: “Məhz öz fəaliyyəti nəticəsində o, bir çox ölkənin ən yüksək dövlət mükafatları və ordenləri ilə təltif edilib. 10 ildən artıqdır ki, YUNESKO və İSESKO-nun xoşməramlı səfiridir. Dünyada ikinci belə şəxs yoxdur ki, bu iki mötəbər təşkilatın xoşməramlı səfiri olsun. Bu, eyni zamanda onun dinlərarası, mədəniyyətlərarası dialoqa verdiyi töhfə ilə bağlıdır. Bu töhfə ölkəmizin siyasətinin təzahürüdür. Çünki bu gün Azərbaycan sivilizasiyalararası dialoqa ən çox töhfə verən ölkələrdən biridir. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri kimi Mehriban Əliyeva bu işə çox önəmli töhfələr verir. 2015-ci ildə Birinci Avropa Oyunlarının keçirilməsində göstərdiyi xidmətə görə Mehriban Əliyeva Azərbaycan dövlətinin ən ali mükafatı olan Heydər Əliyev ordeni ilə təltif edilib.

Bu çoxşaxəli fəaliyyət, eyni zamanda uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynayıb. Eyni zamanda Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, həm də çox xeyirxah insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona çox böyük sevgi və rəğbətlə yanaşır. Bütün bu sadaladığım amilləri nəzərə alaraq, mən bu qərara gəldim. Bu gün Mehriban Əliyevanın həyatında yeni dövr başlayır. Əminəm ki, o, bundan sonra da ölkənin inkişafına öz dəyəli töhfəsini verəcək. Bu təyinat münasibəti ilə onu təbrik edir və yeni-yeni uğurlar arzulayıram”(apa).

Azadlıq.az

YAP: Xalq cənab prezidentə etimad göstərdi

eliehmedov“Referendum baş tutdu, xalqın böyük əksəriyyəti səs verdi”.

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibi-sədr müavini, baş nazirin müavini Əli Əhmədov bu gün keçirilən ümumxalq səsverməsi (referendum) ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, bu fikirləri YAP-ın müşahidəçilərinin verdiyi məlumat əsasında söyləyir: “Xalq cənab prezidentə etimad göstərdi. Bu, ümumxalq etimadının testi idi. Bu test kifayət qədər uğurlu oldu”.

Ə. Əhmədov bildirib ki, bu gün referenduma çıxarılan məsələlər Azərbaycan prezidentinin apardığı uğurlu siyasətin hüquqi bazasının daha da möhkəmləndirilməsi məqsədi daşıyır: “Referendum bundan sonra bu siyasətin daha da uğurlu aparılmasına kömək edəcək. Referendum təkcə Azərbaycan xalqı tərəfindən dəstəklənməyib. Bu, beynəlxalq təşkilatlar tərəfindən də maraqla qarşılanıb. Bizə çatan məlumat ondan ibarətdir ki, beynəlxalq müşahidəçilər də referendumun tam demokratik keçirilməsi qənaətindədirlər. Bugünkü referendum demokratik sahədə atılan uğurlu addımdır”.

Əli Həsənov: “Günahkarlar cəzasını alacaq” – Müsahibə

elihesenov1Bu həftə Mir Şahinin qonağı prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov olub. Azadliq.az ANS TV-yə istinadən həmin müsahibəni təqdim edir:

– Əli müəllim, seçki ərəfəsi ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz? 

– Hesab edirəm ki, bütün dövrlərdə olduğu kimi Azərbaycanda bu dəfəki seçki qabağı vəziyyət sabitdir, cəmiyyətin vətəndaş təşəbbüsləri kifayət qədər aktivdir. İctimai-siyasi institutlar arasında dialoq və anlaşma mühiti mövcutdur. Bu mühitlə də Allah qoysa, bu ilki seçkiləri başa vuracayıq. İnşallah!

– Azərbaycanda vəziyyət, hətta təəccüb doğuracaq dərəcədə sakitdir. Adama elə gəlir ki, seçki 6-7 aydan sonra olacaq? 

– Əlbəttə ki, bu sakitliyin də əsasları var. Əsas odur ki, cəmiyyətdə bir barış mühiti mövcutdur. Həm siyasi partiyalarla, həm qeyri-hökumət təşkilatları ilə, həm mətbuatla, həm də bütövlükdə daxili və xarici qurumlarla Azərbaycan hökumətinin yürütdüyü siyasət kifayət qədər konstruktivdir. Və bu konstruktivlik platformasında da münasibətlər sabit və barış əhval-ruhiyyəlidir.

– İndi bu beynəlxalq dostlarımız, müşahidəçilər nə deyirlər? Gələcəklər seçkiyə baxmağa, yoxsa…? 

– Bizim seçkinin əsas qiymət meyarı Azərbaycan seçicisidir, Azərbaycan xalqıdır. Biz seçkini də ona görə keçiririk ki, bu xalqın istək və arzusu ilə həyata keçirilir. Xalq öz vəkilini, prezidentini, eləcə də özünü idarəetmə qurumu olan bələdiyyə sədrini seçir. Və hər dəfə seçki keçirəndə biz ilk növbədə Azərbaycan xalqının rəyinə, iradəsinə və onun bu sahədə nümayiş etdirdiyi mövqeyə sökənirik. Amma Azərbaycan beynəlxalq aləmin bir ayrılmaz tərkib hissəsidir. Biz beynəlxalq aləmdə – BMT-dən başlayaraq, Türk Dövlətləri Birliyinə qədər müxtəlif regional və beynəlxalq qurumlarda təmsil olunuruq, tərəfdaşlarımız var.

Bizimlə beynəlxalq aləmdə dünya siyasətin formalaşdıran strukturlar var. Ona gərə də biz yürütdüyümüz siyasəti, keçirdiyimiz seçkiləri, xüsusən də ümummilli mahiyyət kəsb edən məsələləri istəyirik ki, beynəlxalq aləm də görsün, müşahidə eləsin və öz qiymətini versin. Biz hansı səviyəyə gəlib çatmışıq, nəyimiz yaxşıdır, nəyimiz çatmır, nələrə hələ də üzərində işləməliyik. Odur ki, biz dəvət etmişik və eləcəyik. Azərbaycanın qanunvericiliyinə müvafiq olaraq MSK, Milli Məclis və digər qurumlar öz tərəfdaşlarını bu seçkiyə dəvət edəcəklər. Hesab edirəm ki, onlar da bu dəvəti qəbul eləcəklər və Azərbaycanda keçirilən seçkilərə öz qiymətini verəcəklər. Bir daha qeyd edirəm ki, bizə ilk növbədə Azərbaycan xalqının rəyi maraqlıdır, amma eyni zamanda beynəlxalq rəydən də biz imtina etmək fikrindən deyilik.

– Mətbuata sızan bəzi məlumatlara görə, guya ki, ölkənin əsas siyasi, əslində hərəkətverici qüvvəsi olan Yeni Azərbaycan Partiyasının seçkilərə getmək üçün lazım olan siyahısı hazır deyil. 

– Düşünmürəm ki, bunun əsası var. Yeni Azərbaycan Partiyası (YAP) əvvəla öz sıralarında kifayət qədər sabit münasibətlər formalaşdıra bilib. Bu münasibətlərdən çıxış edərək, onun həyata keçirdiyi hər bir aksiya, bir qayda olaraq, ciddi təlatümlər törətmir, əksinə sosial anlayışla qarşılanır, cəmiyyət tərəfindən müvafiq olaraq dəyərləndirilir. Yeni Azərbaycan Partiyasının bu dəfəki seçki siyahısı da müvafiq olaraq partiya sturukturları tərəfindən artıq hazırlanıb. Partiyada idarəçilik demokratik normalara sökənir. Aşağı təşkilatlardan namizədlərin irəli sürülməsi ali quruma qədər, partiyanın idarə heyətinə qədər mərhələlər üzrə müzakirə olunur. Bundan sonra partiyanın idarə heyəti bu qərarı verir. Qərar veriləndən sonra elan olunur. Və elan olunandan sonra artıq bütün cəmiyyət üçün bu namizədlərin üzərində işləmə prosesi başlayır. Həmin siyahı partiyanın idarə heyətində səsə qoyularaq cəmiyyətə təqdim olunacaq. Hesab etmirəm ki, bunu əsasında narahatlıq və yaxud da hansısa, panika yarada biləcək bir məqam var.

– Seçki ilində adətən müxtəlif təbəddülatlar baş verir, kataklizmlər olur, daxildə nələrisə tərpətmələrə cəhdlər, meyllər olur. Etiraf edək ki, Mingəçevridə kütləvi etiraz aksiyası baş verdi və cənab prezident də bu hadisəni törədən səbəbləri öz nəzarəti altına götürdü. Əslində, orda nə baş vermişdi və indi bu saat orda gedən prosesləri siz necə qiymətləndirirsiz?

– Əlbəttə, könül açan hadisə deyildi. Bir vətəndaşın onun hüquqlarını müdafiə edən cəmiyyətdə asayişi bərqərar eləyən və asayişin keşiyində duran qurumun ofisində həlak olması, dünyasını dəyişməsi hansı səbəbdən olursa-olsun, yaxşı hal deyil. İstər bunun səbəbi polis olsun, istər bunun səbəbi həmin vətəndaşın özü olsun, istər ehtiyatsızlıqdan olsun, istər məsuliyyətsizlikdən olsun, istərsə də ortada cinayət faktı olsun və yaxud olmasın. Əlbəttə, mövcud qanunvericiliyə müvafiq şəkildə araşdırma gedir və bu iş cənab prezidntin nəzarəti altındadır. Buna müvafiq qiymət veriləcək. Günahkarlar cəzasını alacaq. Əlbəttə, dünyasını dəyişmiş insanın həyatını geri qaytarmaq hələ heç kimə nəsib olmayıb. Ona görə də, düşünürəm ki, bu hadisə yaxşı hal deyildi. Bu olmamalı idi. Amma baş verib. Heç bir cəmiyyət, heç bir dövlət, heç bir insan bu tipli hallardan sığortalanamayıb. Odur ki, belə halların təkrar baş verməməsini müəyyən eləmək bu dövlətin bir nömrəli vəzifəsidir. Dövlət çalışmalıdır ki, belə hallar olmasın. Olanda da dərhal araşdırılsın və bunun səbəbləri dərhal aradan qaldırılsın. Ona görə də mən bunun hüquqi təfsilatına varmaq istəmirəm. Amma təəssüflər olsun ki, bu, hadisə baş verdi. Bu hadisədən narahatlıq da oldu. O cümlədən Mingəçevrin şəhər ictimaiyyətinin, mərhumun qohumlarının narazılığı da oldu. Bu narazılıq, əlbəttə, bəri başdan demək olmaz ki, əsassız idi. Amma sadəcə olaraq hər bir insann narazılığı, narahatlığı şəhərdə ümumi asayişin pozulmasına səbəb olmamalıdır. Digər insanların təhlükəsizliyinə təhdid yaratmamalıdır. Bir hadisənin qarşısını almaq üçün başqa hadisələrə zəmin yaratmamlıdır. Bu anlamda, əlbəttə, dəyərləndirilir, qiymətləndirilir. Cənab prezidenti nəzarəti altında Daxili İşlər Nazirliyi və prokurorluq orqanları bu araşdırmanı aparır, günahkarlar layiqli cəzalarını alacaqlar, mərhumun qohumları da bunu bilsin. Azərbaycan və Mingəçevir şəhərinin ictimaiyyəti də bilsin ki, Azərbaycanda heç bir cinayət və ya məsuliyyətsizlik, yaxud da ki, digər hadisələr izsiz və cəzasız qalmayıb. Eyni zamanda bu da qalmayacaq.

– İndi ənənəvi suala qayıdaq: Azərbaycanla Qərb münasibətlərinə. Azərbaycanla Qərb arasında çox qəribə münasibətlər var. Elə bir ki, qısaqapanmalar olur. Gah yanır-sönür, gah da qaranlıq-aydınlıq olur. İndi qaranlıqdır yoxsa aydınlıqdır? Bəzən onların nümayəndələri bura gəlib-gedəndən sonra adamda elə təəssürat yaranır ki, deyəsən hər şey düzəldi. Amma bir müddət keçəndən sonra bizim ali orqanlarımızın birində kəskin məqalə gedir və məlum olur ki, bu məqalə artıq hansısa bizim haqqımızda yazılan kəskin məqaləyə cavabdır. 

– Bir jurnalist kimi siz dəfələrlə bu mövzuya toxunmusunuz. Özünə rəva görmədiyini başqasına görməməlisən. Məsələn, Azərbaycanda bu yaxınlarda bir jurnalist döyülərək qətlə yetirildi. Qətilin iştirakçıları isə həbs olundular. Cənab prezident bu işə xüsusi olaraq müdaxilə elədi. Bir nəfər jurnalisti döydüklərinə görə, hazırda altı nəfər həbs edilib. Hələ məhkəmə prosesi zamanı nələr ortaya çıxacaq?.. Hər şey aydındır. Amma açıq ekranda ictimaiyyətin gözü önündə dünyanın ən güclü, ən təhlükəsiz, fövqəl dövləti, dünya nizamını müəyyən edən bir ölkədə canlı efir gedə-gedə bir nəfər içəri daxil olur və iki nəfər jurnalisti qətlə yetirir. Biz dəfələrlə bəyan etmişi ki, Azərbaycan daxil dünyanın heç bir ölkəsi cinayətdən sığortalanmayıb. Cinayətkarı dünyanın heç bir ölkəsi indiyə qədər tam şəkildə cəmiyyətdən təcrid eləməyib, cinayətkarlığın qarşısını yüzdə-yüz ala bilməyib. Bu, hər yerdə baş verən prosesdir. Əsas məsələ ondan ibarətdir ki, dövlət bu işə lazımi adekvat qiymət verməlidir, adekvat yanaşma nümayiş olunmalıdı, çinayətkarın axtarışı istiqaətində düzgün tədbirlər müəyyən olunmalıdır və cinayətkar tapılıb cəzalandırılmalıdır ki, növbəti belə cinayət törətməyə insanlar cəsarət etməsin. Amma təəssüflər olsun ki, bizdəki çox görünür, bütün beynəlxalq aləm dərhal bunu görür reaksiya və bəyanatlar verirlər, Azərbaycan dövlətinin, prezidentini günahlandırırlar və ilaxır. Özlərində isə eyni proseslərə göz yumurlar. Hətta günlərin birində Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin sözcüsü dedi ki, bu proseslərin dünyada heç kimə dəxli yoxdur, bunlar Amerikanın daxili işidir. Yəni polis tərəfindən jurnalistin, vətəndaşın qətlə yetirilməsi – bu, Amerikanın daxili işidir və müzakirə üçün açıq deyil. Necə olur ki, bir dövlətdə açıq olmur, amma digər dövlətdə açıq olur. Bir dövlətdə jurnalistin hansısa başına gələn oyun dərhal beynəlxalq aləmə çıxarılır digər dövlətdə olmur. Ona görə də, biz hər zaman tərəfdaşlarımızdan tələb edirik ki, özünüzə rəva görmədiyinizi bizə də görməyin. Bizə rəva gördüklərinizi özünüzə də rəva görün. Sadəcə olaraq, biz dünya dövlətlərini onun böyüklüyu-kiçikliyi ilə deyil, gücünün azlığı-çoxluğu ilə deyil, ərazisinin genişliyi-kiçikliyi ilə deyil, hər biri beynəlxalq hüququn sübyekti kimi bərabər hüququlu dəyərləndirik və istiyirik ki, hər kəsin hüququ BMT yanında bərabər olsun. Hamıya da eyni standartla yanaşsınlar. İkili standart müasir dünya siyasətinin çox təssüf ki, təhdid edir, etməkdə davam edir. Əgər bunun qarşısı alınmasa bundan sonra dünyada nələr baş verəcək? İnsanlıq çox dəhşətli facilərlə üz-üzə gələ bilər.

– Ermənistan və Azərbaycan prezidentlərinin görüşü nə vaxta planlaşdırılıb? Qarabağ mövzusunda danışıqların bərpa olunması, Azərbaycan prezidentinin Ermənistan prezidenti ilə hətta deyilənə görə, BMT 70 illiyi münasibətilə Nyu-York-da görüşü nəzərdə tutulur. Ümumiyyətlə, belə bir söhbətlər nə dərəcədə əsaslıdır?

– Danışıqlar əsasən Minsk qrupu formatı çərçivəsində davam edir. Formata uyğun olaraq hər iki ölkənin dövlət başçılarının və xarici işlər nazirliklərinin görüşü keçirilir. Eləcə də, digər nümayəndələrin apardıqları danışıqlar da. Bu formata, biz daxil, hələ də ümid bəslənilir. Amma təssüflər olsun ki, Minsk qrupunun, necə deyərlər, dişsiz fəaliyyəti, BMT Təhlükəsizlik Şurasının bu məsələyə ikili yanaşması, BMT-nin qətnamələrinə laqeyidliyi Azərbaycanı və Ermənistanı müharibəyə sürükləyir. İndiki halda bu danışıqlar belə davam eləsə, danışıqlar imitatsiyası adı altında Ermənistanın bu qeyri-konstruktiv mövqeyi davam eləsə, BMT Təhlükəsizlik Şurasının üzvləri və bütövlükdə BMT Ermənistana təziq göstərməsə, müharibə qaçılmazdır. Azərbaycanı, Ermənistanı, Cənubi Qafqazı yenidən müharibə dalğası bürüyə bilər. Çünki Azərbaycan heç bir zaman torpaqlarının itirilməsi ilə barışmayacaq. Cənab prezident dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Bu, bizim beynəlxalq hüquq normalarına sökənən milli haqqımızdır. Və biz də bu milli haqqımızı bir kimsəyə güzəştə getməmişik və getmək fikrində də deyilik.

Bələdiyyə seçkiləri başladı

623-01109264

 

Bələdiyyə seçimləri üçün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkiləri ilə bağlı mətbuat konfransı keçirib.

MSK sədri əlavə edib ki, şəffaflığı təmin etmək üçün seçki məntəqələrində veb-kameralar quraşdırılıb.
Daha sonra Azərbaycanın dövlət himni səsləndirilib və səsverməyə start verilib.

Saat 08:00-dan etibarən seçki məntəqələri seçicilərin səs verməsi üçün açıq elan edilib.

Qeyd edək ki, bu il bələdiyyə seçkilərində 1607 bələdiyyə üzrə 15 035 bələdiyyə üzvü seçilməlidir.

Seçkilər 118 dairə üzrə keçirilir. Ermənistan tərəfindən işğal olunmuş əraziləri əhatə edən rayonların aid olduğu 7 seçki dairəsi üzrə bələdiyyə seçkiləri keçirilmir.

Səsvermə 5015 məntəqədə həyata keçiriləcək. Bu məntəqələrdən 4887-si daimi, 128-i isə müvəqqəti yaradılan məntəqədir.

Bələdiyyə seçkiləri üçün 37 077 namizəd qeydə alınıb. Onlardan 13 907 nəfərin namizədliyi 8 siyasi partiya tərəfindən irəli sürülüb. Bunlar Yeni Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ümid Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat İslahatları Partiyası və Böyük Quruluş Partiyasıdır.

Namizədliyi qeydə alınan 23 061 nəfərin namizədliyi özü tərəfindən, 109 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, polis bələdiyyə seçkiləri ilə əlaqədar dekabrın 25-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq. Seçki günü ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq.

Seçimlərlə əlaqədar olaraq bu gün dekabrın 23-ü qeyri-iş günü elan olunub.

Azadliq.az