xeber –
Bu gün Dilçilik İnstitutunda televiziyaların dili ilə bağlı monitorinqin nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilib. Lakin əməkdaşımız bizdə qüsur axtaranların, heç özlərinin də şəffaf olmadığını üzə çıxarıb.
Televiziyaların dili ilə bağlı monitorinqi Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu keçirir. Eləcə, öz arzusu ilə yox. Dilçiliyin inkişafı məqsədilə hələ 2013-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə instituta iki milyon manat vəsait ayrılıb. Bu vəsaitlə institut rəhbərliyi qloballaşma şəraitində dilin qayğısına qalmalı, dilçiliyin inkişafına öz töhfələrini verməliydi.
İnstitut bunu bacardımı və yaxud nə qədər bacardı? Bir az mübahisəli məsələdir. Çünki təxminən bir müddət əvvəl Dilçilik İnstitutu ətrafında əməlli başlı qalmaqal yarandı. İnstitutun kollektivi direktor Fəxrəddin Veysəllini prezidentin ayrıdığı iki milyon manatı talamaqda günahlandırdı və məlum oldu ki, sən demə direktor əslində hər birinin dəyəri 300 manat olan çoxlu kompüter, noutbuk, musiqi mərkəzi filan alıb və onları sənədlərdə hər birini 1700 manatdan rəsmiləşdirib. Beləliklə, direktoru işdən çıxartdılar və bununla da necə deyərlər o, bizim dilimizin qayğısına qala bilmədi.
İndi institutun təzə direktoru Tofiq Hacıyev yerdə qalan pulu xeyirxah işə həsr etmək istəyir. O, vaxtaşırı televiziyaların monitorinqini aparır. Etsin. Hər halda, onları deyə bilmərik, amma bu bizim xeyrimizədir. Ona görə də ilk sualım bu kimi monitorinqlərlə televiziyalarda nəyisə dəyişməyin mümkünlüyü ilə bağlı oldu.
“Biz qüsurları bəyan edirik. Tövsiyələrimizi veririk. İndi onu kim nə dərəcədə nəzərə alır, o baxır onların öz insafına” – deyə AMEA-nın Dilçilik İnstitutunun direktoru Tofiq Hacıyev fikrini açıqlayıb.
Qüsurlar xüsusilə 400-dən artıq olub. Bəlkə də daha artıq ola bilərdi, sadəcə dövlət televiziyasını da bu sıraya daxil etsəydilər. Amma nədənsə, etməyiblər və soruşanda da dedilər ki, onlar üçün ayrı monitorinq keçirəcəyik. Nə isə… Televiziyaların monitorinqi üzrə qrup rəhbəri Şahlar Məmmədlinin məlumatından aydın oldu ki, bunlar xüsusilə leksik, fonetik, qrammatik normaya aid dil qüsurlarıdır.
Aparıcıların nitqindəki üslub səhvləri, titr səhvləri xüsusilə vurğulandı. O da məlum oldu ki, ədəbi dil normaları ən çox “Lider TV”də, qrammatik normanın pozulma halları ən çox “Xəzər TV”də müşahidə olunub.
Fonetik normanın tələblərinə ən çox “İctimai TV”, ən az “ATV” riayət edib. Leksik üslub normalar isə ən çox “ANS” və “ATV”də gözlənilib.
Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli isə deyir ki, qüsurları aradan qaldırmaq hər kəsin öz əlindədir:
“Çox təəssüf ki, bizim repartyorlarımız, bir çox aparıcılarımız çox bəsit baqajları ilə tamaşaçı qarşısına çıxırlar. Bunların fikirləri də, düşüncələri də çox məhdud olur. Yəni onu ifadə edən dil də bəsit görünür”.
Əlbəttə, haqlı iraddır. Dili bilmək, dili qorumaq xüsusilə biz jurnalistlərin üzərinə düşür. Məncə nəticə çıxarmaq lazımdır.
Mənbə : Anspress.com