Anatoli Banişevski milliyətcə rus (deməyə dilim gəlmir – müəl.) olub. Azərbaycan boyda AZƏRBAYCANLININ 20 yanvar hadisələrindən sonra dedikləri:
“Mən siyasətbazlığı öz ləyaqətimdən aşağı sayıram, siyasətlə həqiqi mənada məşğul olmaq isə mənim imkanlarım xaricindədi. Amma qanlı yanvar günlərində ürəyimdən bir hiss keçdi: “Bu çətin dövrdə hətta məni qovan da olsa, Bakıdan getməyəcəyəm”. Heç kəsə deməmişəm, indi sizə deyirəm: hətta bir gün Azərbaycan SSRİ-dən ayrılsa, mən yenə də bu respublikanın vətəndaşı olaraq qalacağam… Kiminsə xoşuna gəlmək üçün demirəm: mən Azərbaycanın çörəyi ilə böyümüşəm, elə xaraktercə də azərbaycanlıyam… Mən “Neftçi”ni ölkədə heç bir kluba, Bakını isə heç bir şəhərə dəyişməmişəm, dəyişmərəm də. Mən köklü bakılıyam: burda doğulmuşam, burda da öləcəyəm…”
Dünən eşitdim. Sən demə İqor Ponomaryov Azərbaycanı mühacir kimi tərk edib. İsveç məhkəməsinə verdiyi izahatda “mən milliyətcə rusam, Azərbaycanda yerli əhali məni milli mənşəyimə görə narahat edir, həyatım təhlükədədir” deyib.
Bu sözləri özünə rəva görən rusu hamı tanıyıb və sevib. Ah çəkməmək mümkün deyil. Bizim milliyətcə rus olan milli qəhrəmanlarımız, Qarabağ, 20 yanvar şəhidlərimiz, indi də hərb sahəsində külüng çalan slavyan kökənli həmvətənlərimiz, Banişevskimiz var. Kim buna inanar? İsveçdə inanıblar, hətta vətəndaşlıq da veriblər. Qısaca deyim – Azərbaycan adına yalan danışıb, ləkə gətirib.
Səbəb bilirsiz nə idi? Fərarilik. 29 yaşlı gənc İqor Qarabağ münaqişəsinə görə, milyonların sevimlisi olan, 1960-cı ildən “vətənim” dediyi ölkəni milli ayrıseçkilikdə suçlayıb.
Sonra nə oldu?
O oldu ki, Bakıya bəh-bəhlə qayıtdı, 50 illiyinə təmtəraqlı yubiley keçirildi, Olimpiya ordeni, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olundu.
Keçmiş futbolçu kimi Ponomaryovun dosyesini mükafata hazırlayan qurum AFFA-dı. Təbii ki, Rövnəq Abdullayev gəlib İqora təqdimat hazırlayası deyildi. İcraçı Elxan Məmmədov isə “sərrast penaltistin” Azərbaycana atdığı şəri nəzərindən qaçırıb, deyək. Dövlət başçısının masasına gedən dosyedə bu cür saxtakarlığa necə yol verə bilərsən? Adını səhlənkarlıq qoyaq. Çünki bir azərbaycanlı olub, buna göz yummaq ondan betər olmaqdı.
Yadıma Maşallah Əhmədovun məhkəməsində olanlar düşür. Hökm oxuyan hakim təxminən belə bir söz deyib: “Əhmədov uşaqlığımın kumiri olub, ona hökm oxumaq çətindi”. Təsiredicidi. Görəsən Elxan Məmmədov eşidib? Demirəm ki, Əhmədovun günahı varsa, bağışlansın. Hər nə edibsə, cəzası var. Demirəm ki, futbol federasiyası Maşallahın borcunu ödəsin. Sadəcə narahat olsun, düşünsün, ictimaiyyətə göstərsin ki, veteranlardan narahatam. Keçmiş futbolçunun cinayətinə, bomj olmasına, evində sahibsiz ölməsinə, öləndən sonra Odessada dəfn olunmasına AFFA cavabdeh deyil. Amma gözlə görünməyən, əllə tutulmayan vicdan var, sızlamalıdı. Sızladı deyə yazdım…
Mən Ponomaryova görə, Maşallah Əhmədova görə və Sizə görə narahtam. Mən AFFA-da komanda qurub, qohum-əqrabasını, dost-tanışını, katibələri futbolumuzun idarəçiliyinə pazlayanlardan narahatam. Mən Azərbaycan futboluna xəyanət edənlərdən, milyonları havaya sovuranlardan narahatam. Hamımızdan yaxşı, diplomlu, medallı, ev-eşikli azərbaycanlı olacaqlarından narahatam. Bu qədər çirkabın, ağ yalanın, saxtakarlığın içində vicdanımı itirəcəyimdən narahatam.
Mən özümdən narahatam!
Əli Sahib
Fanat.Az